Məhkəmə qərarları › İş №2(3-8)-371/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-371/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-371/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx ASC-nin xeyrinə 3181,69 manat əsas borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 198 manat faiz borcu olmaqla, cəmi 3379,69 manat borcun və ödənilmiş 53,79 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, 108.LN.1675.300719.***** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 5130,11 manat məbləğində verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən cavabdeh Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 7.1.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar, Bank tərəfindən cavabdeh Cavabdeh ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və ##.##.2025-ci il tarixli məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdirlər

3. Cavabdeh Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş məhkəmə bildirişi ##.##.2025-ci il tarixdə saat 15:22-də cavabdeh Cavabdeh rəsmi qaydada çatdırılmışdır. Cavabdeh Cavabdeh tərəfindən vəsatətlə məhkəməyə müraciət olunmuş və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh etirazını iddiaçı Bankın ləğv olunması ilə əlaqədar hazırkı iddia ilə çıxış edə bilməməsi ilə əsaslandırmışdır. Qeyd olunan vəsatətdə iddia tələbinin əsassızlığı ilə bağlı əlavə heç bir hal qeyd edilməmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Qürar Abasov) iddia təmin edilmiş, 3181 manat 69 qəpik əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198 manat faiz borcu olmaqla, cəmi 3379 manat 69 qəpik pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 53 manat 79 qəpik pulun cavabdeh Cavabdeh tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442,445.1, 445.2.1, 448.1, 462.1, 743.1, 743.2, 742.5.2-ci maddələrinə istinad edərək iddianı təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildə həmin bankdan 5130 manatı həqiqətən nəğd pul krediti kimi götürüb. O vaxt razılaşmışlar ki, hər ay kredit pulları onun əlillik pensiyasından tutulacaqdır və həmin aylıq ödənişlər vaxtında icra edilirdi. Lakin 2021-ci ildə qeyri-qanuni olaraq 2-ci qrup əlillik dərəcəsi ləğv edildiyinə görə ailəlikcə çox pis vəziyyətə düşüb. Eyni zamanda ## ### 2020-ci il Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə xxxx ASC-nin lisenziyası ləğv edildi. Odur ki, hətta o, müflis olmasaydı belə, aylıq kreditlə ödəyə bilməyəcəkdi. Çünki AG Bank bağlanmışdı. Yalnız 2025-ci ilin mart ayında ləğv prosesində olan xxxx adlı iddiaçı ortaya çıxmışdır. Halbuki, xxxx ASC, Azərbaycan Mərkəzi Bankının ##.##.2020-ci il tarixli qərarı ilə bağlanmışdır. Belə bir Bank yoxdur. Ona görə də Şamaxı Rayon Məhkəməsin mübahisənin mahiyyətinə keçmədən vəsatətlə müraciət edib yazmışdır ki, iddiaçı kimi "ləğv prosesində olan xxxx" yazılması özü qeyri-qanuni haldır. İddiaçının yerinə müvəqqəti olaraq başqa səlahiyyətli müəssisə və ya qurum yaradılmışdırsa, iddia yalnız həmin yeni səlahiyyətli orqan tərəfindən məhkəməyə ünvanlana bilər. Beləliklə, İddiaçı adlı iddiaçı ləğv olduğundan onlar tərəfindən ona yönəlmiş iddia tələbi təmin edilməməlidir. Elə bil ki, bir adam ölüb və dəfn olunub – amma onun adından iddia ərizələri məhkəmələrə təqdim edilir, bu isə mümkün ola bilməz. Məhz buna görə iddiaya əsaslandırılmış etiraz və həmin etirazın dəlillərini qeyd etməyi lazım bilməyib. Odur ki, mövcud olmayan bir iddiaçının adından belə ərizəyə məhkəmədə baxılmasını çox etik və mədəni surətdə rüsvayçılıq adlandırıb ki, bu məsələyə baxılmasın. Məhz buna görə, əsaslandırılmış etiraz və onun dəlillərini yazmayıb. Yoxsa ki, tam bilir ki, cərimə borcu “0” manat, faiz borcu “0” manat yazmaqla onu aldatma yolu seçilmişdir. Əvəzində guya “3379,69” manat borcu olması çox şişirdilərək belə dolayı yolla ona artıq pul yüklənmişdir. Əlbəttə ki, bunun araşdırılmasına ekspertiza rəyi lazımdır. Belə qeyri-müəyyənlik üsulu ilə ondan eyni pul məbləğini bir neçə il keçdikdən sonra yenidən tələb edə bilərlər. Ona görə də ləğv olunmuş xxxx-ın hüquqi varisi müəyyən olunmalı, yalnız bundan sonra həmin hüquqi varis ona qarşı hər hansı iddia tələbi ilə müraciət edə bilər. Aşkar görünür ki, Şamaxı Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsində maddi və prosessual hüquq normalar başdan-ayağa tam pozulmuş və mövcud olmayan bir Bankın iddiası ilə qətnamə çıxarılmışdır. Odur ki, bu qətnamə tamamilə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə olan sübutlar

10., İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, 108.LN.1675.300719.***** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 5130 manat 11 qəpik məbləğində kredit və k/x ödənilməsi üçün kredit verilmişdir.

11. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixinə Cavabdehnın kredit üzrə cəmi borcu 3379 manat 69 qəpik təşkil edir. Bundan 3181 manat 69 qəpik əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198 manat faiz borcu təşkil edir.

12. İş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bank tərəfindən cavabdeh Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

14. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktmı məhkəmə təsdiq edir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş müəyyən edilmiş hallarından görünür ki, ##.##.2019-cu il tarixli, 108.LN.1675.300719.***** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 5130,11 manat məbləğində borc pul verilmiş, müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka 3181,69 manat borcu qalmışdır. Cavabdeh borc məbləğinin artıq olduğunu iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürməmişdir.

20. Məhkəmə kollegiyası bankın ləğv edildiyi, bu səbəbdən hazırda ləğv edilmiş bank tərəfindən müqavilə üzrə pulun tələb edilə bilməməsi barədə şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad olunan Mülki Məcəllənin və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən göründüyü kimi hüquqi şəxsin ləğvinə dair qərarın qəbul edilməsi onun mövcudluğuna dərhal son qoymamaqla, ləğvedicinin təyin edilməsi ilə ləğvetmə prosesi başlanması ilə nəticələnir. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Hazırkı iş üzrə də kredit müqaviləsi üzrə borc verən bank ləğv etmə prosesində olmaqla, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmiş, ləğvedici də ləğv edilən bankın ləğvecisi qismində “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu 71.7.5-ci maddəsinin tələbinə müvafiq olaraq iddia qaldırmışdır.

21. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar