Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-372/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. ##.##.2014-cü il tarixli, *********/ZM saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh2 ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur.
3. ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə ## ##### 2015-ci il tarixdə Əlavə Saziş bağlanmış, Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 4481 ABŞ dolları 52 sent dolları təşkil edir. Kreditin müddəti 23 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 25 faiz təyin edilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.
4. ##.##.2014-cü il tarixli, *********/ZM saylı zaminlik müqaviləsinə ## ##### 2015-ci il tarixdə Əlavə Saziş bağlanmış, Əlavə Sazişə əsasən ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə edilmiş ## ##### 2015-ci il tarixdə Əlavə Saziş üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur.
5. ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3627 ABŞ dolları 57 sent təşkil edir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.
6. ##.##.2014-cü il tarixli, *********/ZM saylı zaminlik müqaviləsinə ## #### 2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, Əlavə Sazişə əsasən ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə edilmiş ## #### 2017-ci il tarixdə Əlavə Saziş üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur.
7. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə ##.##.2025-ci il tarixə 125 ABŞ dolları 29 sent əsas, 122 ABŞ dolları 12 sent dolları faiz, 1548 ABŞ dolları 79 sent cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz 20 ABŞ dolları 90 sent faiz, cəmi 1817 ABŞ dolları 10 sent borcu vardır.
8. ##.##.2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh1 və cavabdeh2 kredit müqaviləsi üzrə 125 ABŞ dolları 29 sent əsas, 122 ABŞ dolları 12 sent dolları faiz, 1548 ABŞ dolları 79 sent cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz 20 ABŞ dolları 90 sent faiz, cəmi 1817 ABŞ dolları 10 sent borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
9. ##.##.2025-ci il tarixli, */**** saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında göstərilənlər və yuxarıda göstərilənləri (qalıq faiz və cərimə borcu ilə bağlı) nəzərə alaraq, həmin artıq ödənilmiş 998 ABŞ dolları 43 sent məbləğində vəsaitin cavabdehin ##.##.2017-ci il tarixli, ** saylı sazişdə göstərilən 837 ABŞ dolları 68 sent qalıq faiz borcunu tam şəkildə əhatə etdiyi, 160 ABŞ dolları 75 sent məbləğində pul vəsaitinin isə 690 ABŞ dolları 61 sent məbləğində olan qalıq cərimə borcundan silindiyi müəyyən edilib. Belə olduğu halda cavabdeh cavabdeh1 sualda soruşulan tarixə olan borcunun 529 ABŞ dolları 86 sent cərimə borcundan ibarət olduğu müəyyən olunub.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1817,10 ABŞ dolları - bundan 125,29 ABŞ dolları əsas, 122,12 ABŞ dolları faiz, 1548,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 50,90 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6440 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında *********/ZM nömrəli, ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə ##.##.2015-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 4481,52 ABŞ dolları təşkil edir. Kreditin müddəti 23 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 25 faiz təyin edilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra, həmin müqaviləyə ## #### 2017-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3627,57 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2099,28 ABŞ dolları əsas borc, 837,68 ABŞ dolları faiz borcu və 690,61 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*-D-**- ****/**** saylı ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixə kredit üzrə cəmi borcu 1817,10ABŞ dolları təşkil edir.
12. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh1 200 ABŞ dolları cərimə borcu (ödəniş gününə AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla) və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pul tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5 kod 210005 VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Qürur Abbasov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 470.1, 477.0.4, 739.1, 739.2, 743.1 və 742.5.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 115.0, 115.0.1, 119.1 və 217.4 və 218.3-cü maddələrinə, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin qismən, mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və illik 5%) ləğv edilərək iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aşağıda qeyd edilən halları qəbul etmirlər və mübahisələndirirlər. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Cavabdehlərin borcunun müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən artıq ödənilmiş 837 ABŞ dolları 68 sent qalıq faiz borcunu tam şəkildə əhatə etdiyi, 160 ABŞ dolları 75 sent məbləğində pul vəsaitinin isə 690 ABŞ dolları 61 sent məbləğində olan qalıq cərimə borcundan silindiyi müəyyən edilib. Belə olduğu halda cavabdeh cavabdeh1 sualda soruşulan tarixə olan borcunun 529 ABŞ dolları 86 sent məbləğində olan qalıq cərimə borcundan silindiyi müəyyən edilib. Odur ki, müqavilənin ləğv edilməsi tarixinə (##.##.2025-ci il) cavabdeh cərimə borcu 529 ABŞ dolları 86 sent təşkil edir.” Bundan başqa qeyd edilmişdir ki, “Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.” Bununla bağlı bildirirlər ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia tələblərini tam, hərtərəfli və obyektiv araşdırmaq əvəzinə, araşdırmanı yalnız cərimənin ödənilməsi və zaminliklə bağlı hissə ilə məhdudlaşdırmış, iddia tələbinin digər hissələrinə (əsas, faiz və illik 5% məbləğlər) isə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki iş materiallarından açıq şəkildə görünür ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər vahid hüquqi münasibətdən irəli gəlir və bir-biri ilə sıx əlaqəlidir. Buna baxmayaraq, məhkəmə yalnız cərimə və zaminlik hissələrinin araşdırılması ilə kifayətlənmiş, əsas, faiz və illik 5% borclarının mövcudluğu və məbləği, müqavilə öhdəliklərinin icra vəziyyəti, eləcə də tərəflərin qarşılıqlı hüquq və vəzifələrinin hüquqi qiymətləndirilməsini həyata keçirməmişdir. Nəticə etibarilə, qətnamə işin hallarının natamam araşdırılması əsasında qəbul edilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin digər hissələri ilə bağlı hər hansı hüquqi mövqe ifadə edilməmiş, həmin hissələrdə sübutlara qiymət verilməmiş və təmin edilməmələrinin səbəbləri göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq Məcəlləsinin əldə edir və həyata keçirirlər. Onlar əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və maddələri zidd olmayan hər hansı müqavilə şərtləri sərbəstdirlər. Bankın cavabdehdən əsas borc üzrə 125,29 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Bundan başqa məhkəmə qətnaməsində cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını nəzərə aldığını qeyd etsə də, (Qətnamə səhifə 5, abzas 5), lakin həmin hissələrdə iddianı təmin etməmişdir. Halbuki, məhkəmə tərəfindən borcun olmasının nəzərə alınması faktiki olaraq pul öhdəliyinin lazımi qaydada və müddətdə icra edilmədiyini təsdiq edir. Mülki hüquq münasibətlərinin ümumi prinsiplərinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi borclunun məsuliyyətinə səbəb olur və bu halda kreditorun tələbi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması təmin edilməlidir. Lakin buna baxmayaraq, məhkəmə həmin borcların (əsas və faiz) tutulması barədə hüquqi nəticə çıxarmamış, iddianın əsas və faiz borcuna dair hissəsini təmin etməmişdir. Qətnamənin bu cür daxili ziddiyyətli mövqeyi – yəni bir tərəfdən borcun olmasını təsbit edib, digər tərəfdən isə onun tutulmasının təmin etməsi məhkəmə aktının həm məntiqi ardıcıllığını, həm də hüquqi əsaslılığını şübhə altına alır. Belə ki, hazırki apellyasiya şikayətinə əlavə edilmiş problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan görünür ki, 2.999,70 manat cəmi hesablanmış kompensasiya məbləğinin 2.997,79 Manat məbləği mübahisələndirilən kredit müqaviləsi üzrə qalıq qalan 3.210,79 Manat əsas borca yönəldilmiş və bundan sonra əsas borc üzrə qalıq 213 Manat (213 : 1,7 = 125,29 ABŞ dolları ekvivalenti) təşkil etmişdir. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarında olan ##.##.2019-##.##.2019-cu il tarix və ##.##.201929.01.2026-cı il tarix aralığında olan əsas borc üzrə hesabdan çıxarışlara (hesabdan çıxarışlar tam şəkildə ekspertizaya da təqdim edilmişdir) nəzər yetirsək görərik ki, əsas borc üzrə dövrün sonuna olan qalıq 125,29 ABŞ dolları təşkil edir və həmin məbləğ maliyyə arayışı ilə tələb edilən əsas borcla eynilik təşkil edir. Bundan başqa iş materiallarında olan digər hesablardan çıxarışlarla cavabdehin Banka əsas borcunun 125,29 ABŞ dolları, faiz borcunun 122,12 ABŞ dolları, cərimə borcunun 1.548,79 ABŞ dolları və 5% borcunun 20,90 ABŞ dolları olması sübut edilir. Həmçinin qeyd edirlər ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bu maddə, borclu tərəfin öhdəliyini yerinə yetirməməsi halında faizlərin tətbiq edilməsi yolu ilə ona qarşı hüquqi məsuliyyətin tətbiq olunmasını nəzərdə tutur. Mülki-hüquqi məsuliyyət, əsasən öhdəliklərin pozulmasından qaynaqlanır və borclu tərəfin gecikmiş və ya icra etmədiyi öhdəlikləri üçün qarşı tərəfə maliyyə və ya digər cəzalar tətbiq olunur. Bu, razılaşmanın pozulması, yəni tərəfin öz öhdəliyini yerinə yetirməməsi nəticəsində yaranan gecikməyə qarşı bir növ kompensasiya, yəni sanksiya funksiyasını daşıyır. Müvafiq qanunvericiliyə əsasən, cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən 122,12 ABŞ dolları məbləğində faizin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda maddədə “tənasübsüz” deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Bundan başqa bildirirlər ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MM-nin 448.1-ci maddəsinə istinad etsə də, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə 1.548,79 ABŞ dolları məbləğində cərimə borcunu tam təmin etməməklə öhdəliyin tam icrа olunmaması və eyni zamanda gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də, iddia ilə tələb edilən 1.548,79 ABŞ dolları cərimə məbləğinin tam təmin edilməməsi əsaslı hesab edilə bilməz. Həmin qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin i cra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa, Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, Bank tərəfindən cavabdehə kredit ##.##.2014-cü il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 20,90 ABŞ dolları məbləğində illik 5 % borcu tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin borcun azaldılması ilə bağlı qətnaməsinin qanuna zidd olduğunu bildirərək, dəyişdirilməsini və borcun tələb edilən miqdarda tutulmasını xahiş edirik. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bildirirlər ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeydşərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur.
16. Bundan başqa bildirirlər ki, iddia ərizəsində göstərilən məbləğlərlə ekspertin tərtib etdiyi rəydəki məbləğlər arasında böyük fərqlər vardır. Ödənişlər üzrə silinmələr ekspert tərəfindən düzgün hesablanmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən təkrar məkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilsə də, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanununtələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:
31. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
32. 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
33. 477.0.3-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
34. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Apellyasiya şikayətindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin qismən, mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və illik 5%) ləğv edilərək iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
49. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Cavabdehlərin borcunun müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən artıq ödənilmiş 837 ABŞ dolları 68 sent qalıq faiz borcunu tam şəkildə əhatə etdiyi, 160 ABŞ dolları 75 sent məbləğində pul vəsaitinin isə 690 ABŞ dolları 61 sent məbləğində olan qalıq cərimə borcundan silindiyi müəyyən edilib. Belə olduğu halda cavabdeh cavabdeh1 sualda soruşulan tarixə olan borcunun 529 ABŞ dolları 86 sent məbləğində olan qalıq cərimə borcundan silindiyi müəyyən edilib. Odur ki, müqavilənin ləğv edilməsi tarixinə (##.##.2025-ci il) cavabdeh cərimə borcu 529 ABŞ dolları 86 sent təşkil edir.
50. Göründüyü kimi, cavabdehin banka olan borcun, yalnız 529,86 ABŞ dolları cərimənin təşkil etməsi ekspert rəyi ilə tam olaraq öz təsdiqini tapmışdır.
51. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.