Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-388/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3972.61 manat əsas, 492.71 manat faiz, 32.88 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4498.20 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 65.39 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % ödəmək şərtilə 4950 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə “xxxx” ASC-yə 3972.61 manat əsas, 492.71 manat faiz, 32.88 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4498.20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3972.61 manat əsas, 254.79 manat faiz, 7.1 manat cərimə borcu olmaqla, cəmi 4234.50 manat borc pul vəsaiti və ödənilmiş 62.34 manat dövlət rüsumu iddiaçı “xxxx” ASC xeyrinə tutulması, ödənilmiş 3.05 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında ona məhkəmə bildirişi göndərilməmişdir. Göndərilsə belə ona çatdırılma olmamışdır. Məhkəmə tərəfindən iddiaya münasibəti öyrənilmədən, işin həqiqi halları aşkara çıxarılmamış, iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsi onun ünvanına poçt vasitəsilə göndərilmiş və ##.##.2026-cı il tarixdə təhvil almışdır. Eyni ünvana məhkəmə bildirişləri məhkəmə tərəfindən qəsdən göndərilməmişdir ki, işdən xəbəri olmasın. Bankdan kredit götürülərkən onun əqli psixi vəziyyəti normal olmamış, tanışları Rəhimov Ramiz və Səfqulu Səfquliyev ondan istifadə edərək adına kredit götürmüşlər. O, müharibə veteranı və müharibə əlilidir. Müharibədə aldığı travma ilə əlaqədar uzun müddət psixiatrik yardım almış və müəyyən müddət stosionarpsixiatriya müəssisəsində müalicə almışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim psixiatrı Farid Məmmədov tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa əsasən o, şizofreniya xəstəliyindən əziyyət çəkir (həmin arayışı şikayətinə əlavə edir). İddiaçı bankdan kredit götürülərkən də onun əqli fəaliyyəti məhdud olmuş, imzaladığı sənədin məzmunu izah edilmiş, yanındakı şəxslər onu başqa sənəd adı ilə aldadaraq kredit müqaviləsinə imza etdirmişlər. Həmin müqavilə etibarlı sayıla bilməz. Kredit götürülən zaman yanında olmuş və pulları mənimsəyən X1 barəsində müraciəti əsasında CM-nin 178.2.4-cü maddinə əsasən cinayət işi açılmış, həmin şəxs həbs edilmişdir. Hal-hazırda istintaqı davam edir. Məhkəmənin diqqətinə çatdırır ki, o şəxsən iddiaçı banka kredit üçün müraciət etməmişdir. Onu aldadaraq qanunsuz olaraq kredit götürmüşlər. İddiaçının istinad etdiyi ##.##.2023-cü il tarixli kredit müqaviləsi etibarsız olmuşdur. Çünki həmin müqavilənin bağlanmasına onun heç bir iradə ifadəsi olmamış, həmin vaxt psixi xəstəlikdən (şizofreniya) əziyyət çəkmişdir. İndi də müalicə alır. Beləkliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı və onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Halbuki, Mülki Məcəllənin 337ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə ona rəsmi qaydada bildiriş göndərməmiş və ya göndərilsə belə ona bildiriş çatdırılmamışdır. Məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçı məhkəməyə yalan məlumatlar təqdim etmiş, çəkişmə prinsipi təmin edilməmiş, ən əsası iştirakı olmadan barəsində qanunsuz qətnamə çıxarılmışdır. Götürülmüş kreditin ona aidiyyəti olmamış, cinayətkar şəxslər tərəfindən mənimsənilmişdir. Onun psixi xəstə vəziyyətindən istifadə edilmişdir. Bununla da ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmiş, məhkəmə icraatında heç bir formada iştirakı təmin edilməmişdir. Heç bir bildiriş ona çatdırılmamışdır. Halbuki iştirak etsəydi, lazımi sübutları məhkəməyə təqdim edəcəkdir. Məhkəmə qətnaməsi obyektiv olmayan və həqiqəti əks etdirməyən iddiaçının mənafeyini əsas götürərək, münasibəti öyrənilmədən əsassız olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Məhkəmə tərəfindən iddia tələbinə münasibəti öyrənilmədən qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işın həqiqi halları aşkara çıxarılmamış, düzgün olmayan nəticəyə gəlmişdir. İşin həqiqi hallarına əhəmiyyət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı “xxxx” ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” ASC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
23. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir.
26. Cavabdeh ilə iddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***nkXRD/** saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-dən illik 25 % ödəmək şərtilə 60 ay müddətinə 4950 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan halıdır.
27. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
28. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi borcverən tərəfindən tələbdə göstərilən məbləğ cavabdehə verilmiş və sonuncu onu Ramil adlı şəxsin aldatdığını, pulları mənimsədiyini həm apellyasiya şikayətində, həm də apellyasiya baxışında bildirmişdir.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 743, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin bildirişin məhkəmə tərəfindən qəsdən ona göndərilməməsi barədə şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə bildirişi cavabdehin ünvanına göndərilmiş, lakin cavabdeh ünvanda olmadığından çatdırılma mümkün olmamışdır. Lakin həmin ünvana məhkəmənin göndərdiyi qətnamə isə cavabdeh tərəfindən təhvil alınmışdır.
31. Cavabdehin krediti özünün iradəsi ilə deyil, başqaları tərəfindən aldadılaraq götürülməsi barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, cavabdeh bu halları təsdiq edən hər hansı bir tutarlı sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
33. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
37. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.