Məhkəmə qərarları › İş №2(3-8)-402/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-402/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-402/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdeh İbrahimov Emin Vaqif oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə İddiaçı İddiaçı ASC-nin cavabdeh İbrahimov Emin Vaqif oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və İbrahimov Vaqif Yunus oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı kredit müqaviləsindən görünür ki, İbrahimov Vaqif Yunus oğluna 1 il güzəşt müddəti olmaqla, illik 1 faizlə 5 il müddətinə 5718,60 manat məbləğində kredit verilmişdir.

2. ##.##.2025-ci il tarixli “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdə ölmüş İbrahimov Vaqif Yunus oğlunun vərəsəsi İbrahimov Emin Vaqif oğludur.

3. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İbrahimov Vaqif Yunus oğlunun banka 5715,16 manat əsas, 1,12 manat faiz borcu olmaqla, cəmi 5716,28 manat borcu qalmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İbrahimov Emin Vaqif oğlundan iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı müqaviləyə əsasən 5715,16 manat əsas, 1,12 manat faiz borcu olmaqla, cəmi 5716,28 manat və ödənilmiş 78 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İbrahimov Vaqif Yunus oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı müqaviləyə əsasən 5715,16 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum İbrahimov Vaqif Yunus oğlunun 5716,28 manat banka borcu vardır. İbrahimov Vaqif Yunus oğlu ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon regional “Asan Xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu İbrahimov Vaqif Yunus oğlunun vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmiş, İbrahimov Emin Vaqif oğlundan kredit müqaviləsinə görə 5715,16 manat əsas, 1,12 manat faiz borcu olmaqla, cəmi 5716,28 manat və ödənilmiş 78 manat dövlət rüsumunun əvəzi iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 445.1, 445.2, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh İbrahimov Emin Vaqif oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin İbrahimov Emin Vaqif oğlundan kredit müqaviləsinə görə 5715,16 manat əsas, 1,12 manat faiz borcu olmaqla, cəmi 5716,28 manat və ödənilmiş 78 manat dövlət rüsumunun əvəzi iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsini, İbrahimov Emin Vaqif oğlundan kredit müqaviləsinə görə 390.59 (üç yüz doxsan manat əlli doqquz qəpik) manat və ödənilmiş 6.83 (altı manat səksən üç qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin tam təmin edilməsinə hər hansı əsasların mövcud olması halı məhkəmə tərəfindən sübut edilməmişdir. Belə ki, miras əmlak “xxxx” ASC-nin Sumqayıt filialının ##.##.2021-ci il tarixli, *** nömrəli məktubuna əsasən İbrahimov Vaqif Yunus oğlunun (doğum tarixi: ##.##.1955, FİN: 4AUXQ75) 390.59 AZN (üç yüz doxsan manat əlli doqquz qəpik) pul məbləğindən ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il Qərarında qeyd olunduğu kimi cavabdeh İbrahimov Emin Vaqif oğlunun vərəsə olaraq məsuliyyətinin həddi ilə 390.59 manat həcmi ilə məhdudlaşır. Deməli məhkəmə İbrahimov Emin Vaqif oğlundan ancaq 390.59 manat məbləğində borc və təmin olunan hissənin 6.83 faiz olduğunu nəzərə alınmaqla ödənilmiş dövlət rüsumundan 5.32 manat tutmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 29. Mülkiyyət hüququ VII. Dövlət vərəsəlik hüququna təminat verir;

14. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;

20. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar;

21. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;

22. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;

23. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC ilə İbrahimov Vaqif Yunus oğlu arasında ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 1 il güzəşt müddəti olmaqla, illik 1 faizlə 5 il müddətinə 5718,60 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.

34. İşdən görünür ki, borcalan İbrahimov Vaqif Yunus oğlu ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc tam ödənilməmiş, bank hazırda mövcud borcun mərhum İbrahimov Vaqif Yunus oğlunun vərəsəsi İbrahimov Emin Vaqif oğlundan tələb edir.

35. ##.##.2025-ci il tarixli “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdə ölmüş İbrahimov Vaqif Yunus oğlunun vərəsəsi İbrahimov Emin Vaqif oğludur.

36. İlk olaraq mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir.

37. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

38. Mülki Məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

39. Kollegiya qeyd edir ki, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

40. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışda miras əmlak kimi yalnız “xxxx” ASC-nin Sumqayıt filialının ##.##.2021-ci il tarixli, *** nömrəli məktubuna əsasən İbrahimov Vaqif Yunus oğlunun (doğum tarixi: ##.##.1955, FİN: 4AUXQ75) 390.59 AZN (üç yüz doxsan manat əlli doqquz qəpik) pul məbləğinin göstərilməsi miras əmlak kütləsinin yalnız bu əmlakdan ibarət olması demək deyildir.

41. İşdən görünür ki, cavabdeh tərəf mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İbrahimov Vaqif Yunus oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı kredit müqaviləsinə görə İbrahimov Vaqif Yunus oğlunun borcu onun vərəsəsi olan İbrahimov Emin Vaqif oğlundan tutulmalıdır. Ona görə də ##.##.2019-cu il tarixli, FR/*****/**/** saylı kredit müqaviləsi üzrə 5715,16 manat əsas, 1,12 manat faiz borcu olmaqla, cəmi 5716,28 manat borc cavabdeh İbrahimov Emin Vaqif oğlundan tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

43. Kollegiya həmçinin qeyd edir ki, tutulmalı olan borcun məbləği 5716,28 manat məbləğində müəyyən edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 78 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar