Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-409/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Qurbanov İmran Beybud oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Qurbanov İmran Beybud oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Qurbanov İmran Beybut oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qurbanov İmran Beybut oğlundan borclu olduğu 5.000 (beş min) manat və ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qurbanov İmran Beybut oğlu tanışıdır. 2022-ci ilin fevral ayında cavabdeh ondan 5.000 manat pul istəmiş və 5 aya qaytaracağına dair söz versə də, qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də zənglərini açmır, çağırışlarından yayınır. Hazırda da cavabdeh telefon zənglərinə, rəsmi müraciətinə baxmayaraq, pulu ödəməkdən yayınır və borclu olduğu pulu ödəməkdən imtina edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. Quba Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddiaçı İddiaçı cavabdeh Qurbanov İmran Beybut oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 107, 119.1, 216-220, 227, 233-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
6. Quba Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, onun iddiasının təmin edilərək, cavabdeh Qurbanov İmran Beybut oğlundan 5000 (beş min) manat borcun alınaraq ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, borcun Qurbanov İmran Beybut oğlundan alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Orada bir neçə məhkəmə iclası keçirilsə də, İmran məhkəməyə gəlməmişdir. Amma məhkəmə qətnaməsini oxuyanda görmüşdür ki, orada göstərilir ki, guya Qurbanov İmran Beybut oğlu məhkəməyə gələrək, iddia tələbini qəbul etmədiyini bildirmiş və guya onun 5-6 ay onun evində qaldığını, guya ondan 200 manat pul istədiyini, ona pul vermədiyi üçün onu təhqir etdiyini, ondan pul almadığını bildirmişdir. Bir daha qeyd edir ki, İmran heç bir məhkəmə iclasına gəlməmiş, onun adından yazılanların haradan götürüldüyü ona məlum deyil. Hesab edir ki, Quba Rayon Məhkəməsinin göstərilən qətnaməsi qanuni və əsaslı deyil, Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Hazırkı işdə cavabdeh Qurbanov İmran Beybut oğlu ondan aldığı 5000 manat borcu qaytarmağa borcludur. İddiaçı olaraq o, 5000 manat borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Hazırkı işdə məhkəmə işə baxarkən onun yaşını, hüquqi savadının olmadığını nəzərə alıb, ona daha diqqətlə yanaşmalı, hüquqlarının həyata keçirilməsinə kömək etməli idi. O, Qurbanov İmran Beybut oğluna 5000 manat borcu iş yoldaşı X1 yanında vermişdir. Məhkəmə ona izah etməyib ki, onu şahid kimi məhkəməyə dəvət etsin. Apellyasiya məhkəməsindən həmin şəxsi şahid kimi dindirməyi xahiş edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh məhkəməyə gəlmədiyi halda məhkəmə onun adından guya məhkəməyə gəlib borc almasını inkar etməsi barədə izahat yazmışdır. Məhkəmə qətnaməsinin qanuni və əsaslı olması barədə tələbə əməl edilməmiş, nəticədə qeyri-qanuni və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnaməsi məhkəmə iclasında tədqiq edilməmiş, cavabdehin uydurma izahatı ilə əsaslandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələblərinə əməl etmədiyi və ona prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmədiyi üçün o, borcun verilməsinin şahidi olmuş X1 məhkəməyə gətirməmişdir. Əgər həmin şahid dindirilsəydi, iddia subut edilməmək əsası ilə rədd edilə bilməzdi. Birinci instansiya məhkəməsi iddianı sübut edilmədiyi əsası ilə təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. İş üzrə cavabdeh İmran Beybud oğlu Qurbanov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
16. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı İddiaçı cavabdeh Qurbanov İmran Beybut oğluna 5000 manat borc verdiyini iddia edərək həmin borc məbləğinin qaytarılmasını tələb edir.
18. Cavabdeh iddiaya etiraz edərək iddiaçıdan heç bir məbləğdə borc almadığını bildirmişdir.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir /bax bənd 4/.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.
21. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayətinin dəillərindən görünür ki, apellyator cavabdehin birinci instansiya məhkəməsindəki araşdırmada iştirak etmədiyini, cavabdehin iddianı qəbul etməməsi barədə məhkəmə qətnaməsində göstərilənlərin doğru olmadığını, eləcə də sübutların təqdim edilməsi ilə bağlı hüquqlarının məhkəmə tərəfindən pozulduğunu mübahisələndirmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir.
24. Belə ki, mülki iş materialları və məhkəmə iclaslarına dair videodisk yazıları məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş, cavabdeh Qurbanov İmran Beybut oğlunun birinci instansiya məhkəməsindəki araşdırma zamanı ## ####### 2024-cü il tarixli məhkəmə iclasında iştirak etdiyi və iddia tələbini qəbul etmədiyinə dair izahat verdiyi müəyyən edilmişdir.
25. Göründüyü kimi apellyatorun bu barədə göstərdikləri iş materialları ilə təkzib olunmaqla əsassızdır.
26. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının prosessual hüquqlarının pozulmasına dair dəlili ilə də razılaşmır.
27. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi, prosessual hüquqları, o cümlədən sübutların təqdim edilməsi, sübetmə vəzifəsi izah edilmişdir.
28. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
31. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbini əsaslandığı hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
33. Apellyasiya araşdırması zamanı da iddiaçı tərəf sübutların təqdim edilməsini, şahidlərin dindirilməsini mübahisələndirsə də, daha sonra şahidin iştirakının təmin edilməsinin mümkün olmadığını bildirdi, məhkəmə kollegiyasına mübahisələndirilən hallara dair heç sübut təqdim edilmədi.
34. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və ya dəyişdirilməsi, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
36. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.