Məhkəmə qərarları › İş №2(3-8)-431/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-431/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-431/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsaməddin oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı İsaməddin oğlunun cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı İsaməddin oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 2100 (iki min yüz) manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Fərzəlioba kəndi ərazisindən 1.30 ha torpaq sahəsini bələdiyyədən icarəyə götürərək həmin ərazidə fındıq bağı salmışlar. Sonradan digər şəxs İbrahimov Siyavuş Elşad oğlu qeyd olunan torpaq sahəsini alaraq 2024-cü ilin may ayında onun əkdiyi 250 ədəd fındıq ağacını kəsərək çıxardaraq məhv etmişdir. Nəticədə ona küllü miqdarda ziyan dəymişdir. Faktla əlaqədar Xaçmaz rayon polis şöbəsindən araşdırma aparılarkən özünü vəkil kimi təqdim edən cavabdeh Cavabdeh müraciət etdikdə bildirmişdir ki, təzminat almaq üçün mülki qaydada iddia qaldıraraq məhkəməyə müraciət etmək üçün və işi həll etmək üçün 1000 manat pul lazımdır. Tələb etdiyi pulu ##.##.2024-cü il tarixdə onun bank hesabına köçürmüşdür. Bundan sonra ondan hissə-hissə 1100 manat da əlavə pul almışdır. O, cümlədən ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 150 manat və ##.##.2024-cü il tarixdə 50 manat pulu onun bank hesabına köçürmüşdür. Onun bank hesabına ümumilikdə 1750 manat pul köçürmüşdür. Bundan başqa güya baş prokurorluqda işləyən hansısa tanışına işi düzəltmək adı ilə ondan 300 manat pul almış və deməsinə görə həmin 300 manat pula müxtəlif ərzaq məhsulları alaraq həmin şəxsə çatdıracaqdı. Bundan başqa 50 manat da yol pulu adı ilə ondan almışdır. Beləliklə cavabdeh onu aldadaraq 2100 manat pulunu ələ keçirmişdir. Özü də bildirmişdir ki, məhkəmədə kimlərləsə danışıb, pul lazımdır, məsələ həllini tapır onun xeyrinə yüksək məbləğdə təzminat kəsdirəcək. Lakin sonradan məlum olmuşdur ki, hər hansı məhkəmə prosesi olmamış, cavabdeh Cavabdeh isə vəkil adından istifadə edir, əslində isə vəkil deyildir. Cavabdehdən dəfələrlə ondan aldığı 2100 manat pulu geri qaytarmağı tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmır. Bununla əlaqədar Xaçmaz rayonu polis şöbəsinə müraciət etmişdir. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısının ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cavabdeh Cavabdeh barədə cinayət işi başlanması rədd edilmiş, ona isə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Cavabdeh onun hesabına 2100 manat məbləğində varlanmışdır və həmin məbləği ona qaytarmalıdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Şıxmuradov Samir İsaməddin oğlunun Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə Cavabdeh ilə aralarında olan torpaq sahəsi ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək huququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Şıxmuradov Samir İsaməddin oğlu onun işlədiyi ofisə yaxınlaşaraq, fındıq ağaclarının kəndçiləri tərəfindən kəsilərək, torpaq sahəsinin traktorla şümlandığını bildirmişdir. Onu dinlədikdən sonra isə Samir ona bir bu işinin yox dörd işinin olduğunu bildirmişdir. 10000 manat civarında bir nəfərə, 8000 manat isə başqa bir nəfərə borclu olduğunu, oğlunun həbs olunduğunu və oğlunun buraxılması üçün ərizələr yazılmalı olduğunu bildirmişdir. Beləliklə, Samir ilə razılaşaraq ona bildirmişdir ki, bağ sahəsinin qırılması ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı vardır, odur ki, öz adından yox ananın adından iddia qaldıraraq məhkəməyə müraciət edə bilərsən. Samir isə ona bildirmişdir ki, bağın qırılması və şümlanması ilə bağlı Xaçmaz RPŞ-nə müraciət etmişdir, lakin müraciəti ilə bağlı məhkməyə müraaciət etməsi bildirilərək, cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Samir ona Xaçmaz rayonu * saylı Notariusundan etibarnamə vermişdir və o, Samir olmadan onun yerinə ərizələri imzalayaraq məhkəməyə təqdim etmişdir. X8 şəhər hərbi məhkəməsi tərəfindən həbs olunduğundan Samir ona bildirmişdir ki, ilk növbədə oğlunun həbsdən çıxarılmasında ona köməklik göstərsin, qalan işləri mərhələ-mərhələ həll edər. Bu səbəbdən o, Samirin həyat yoldaşının adından Azərbaycan Respublikası Heydər Əliyev fondunun X9 müraciət ünvanlamışdır. Samirin oğlunun məhkəməsinə isə anası ilə birlikdə getmiş, işə baxan hakim bildirmişdir ki, “Gəncə Apellyasiya məhkəməsindən adam tapıb, 5000 manat hakim ilə dövlət ittihamçısına verirdim buraxdılar.” Samirin onunla bağladığı * saylı notariat müqaviləsinə əsasən 100 manat, 300 manat, 50 manat və yenidən 50 manat onun kartına göndərmişdir, bundan başqa isə ona 2500 manat pul göndərməmişdir. Samirə borcunun olmadığını bildirmişdir. Samir oğlunun həbsindən sonra onun ofisinə gələrək özünə məxsus sənədlərini ondan alaraq görüləcək işlərdən imtina etmişdir. Könüllü olaraq ona verdiyi pulları geri istədikdə isə o, Samirə bildirmişdir ki, onun ərizələrini tərtib etmiş, məhkəmə rüsumlarını ödəsin icraata keçir. Samir isə imtina etmişdir. Samirə isə borcunun olmadığını bildirmişdir.

5. Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, ##.##.2024-cü il tarixdə 100 manat (Qəbz № ***********), ##.##.2024-cü il tarixdə 50 manat (Qəbz №************), ##.##.2024-cü il tarixdə 150 manat, (qəbz nömrəsi 12821094956), ##.##.2024-cü il tarixdə 50 manat (qəbz nömrəsi 12897711188), ##.##.2024-cü il tarixdə 400 manat və ##.##.2024-cü il tarixdə 1000 manat ödəniş həyata keçirmişdir.

6. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 41 manat rüsum ödənilmişdir.

7. Məhkəmənin verdiyi sorğuya əsasən alınmış “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyətində 4098 **** **** **** nömrəli kart üzrə ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək həyata keçirilmiş əməliyyatlar barədə məlumatları disk daşıyıcıda təqdim edilmiş, həmin disk daşıyıcıdan olan cədvələ əsasən 4098**** ******** nömrəli kart üzrə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1750 manat məbləğ köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1750 manat məbləğində pul və 37.50 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı İsaməddin oğluna verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ondan Xaçmaz RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddiaçını aldadaraq 2100 manat pulunu mənimsəmiş, bununla da iddiaçının şikayəti Xaçmaz RPŞ-də araşdırma aparılaraq ona atdığı böhtan təsdiqini tapmamış, iddiaçının ərizəsi rədd edilmişdir. Məhkəmə onun iştirakı olmadan, onda olan subutları məhkəməyə təqdim etmədən, iddiaçının iddiasını qismən qəbul edərək 1750 manat pulun və 37.50 manatı onun tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. O, iddiaçını ilk öncə tanımamış, icarəyə aldığı ofisdə olduğu zaman Xaçmaz RPŞdən onun mobil telefonuna zəng gələrək bildirilmişdir ki, mülki qaydada bir vətandaşın işi var gəl ona münasibət bildir və o, Xaçmaz RPŞ-nə getmiş, işə baxdıqda bildirmişdir ki, bu iş çox vaxt aparacaq iddiaçı onunla PŞ-də razılaşaraq polis əməkdaşı ilə ayrı-ayrılıqda maşınları ilə onun işlədiyi ofisə gəlmişlər. İddiaçı ona bildirmişdir ki, onun bir işi yox, dörd işi vardır, vacib olan oğlu, Şıxmuradov İsaməddin Samir oğlunu, Gəncə Apellyasiya məhkəməsindən buraxılmasıdır, o, iddiaçını dinləyib bildirmişdir ki, oğlu İsaməddin əsassız yerə həbs edilibsə, lazımlı yerlərə ərizə ilə müraciət edərlər, Baş prokurorluğa, birinci xanım Mehriban Əliyevaya iddiaçının yoldaşı X2 adından ərizələr ünvanlamış və ## ######## 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçının oğlu buraxılmışdır. İddiaçının oğlunun buraxıldığı 3 gündən sonra onun yanına gələrək bildirmişdir ki, qalan işlərini dayandırır, sənədlərini geri qaytarsın, o da iddiaçının sənədlərini onunla * saylı notariusda bağlanmış müqaviləsini də geri qaytarmışdır. Ödənilmiş rüsumlar məcburi olmamışdır. İddiaçının öz könlü ilə ödənilmiş rusumlar olmuşdur. Hakim bunlara qiymət verməmişdir. Hakim çıxardığı qətnamədə qeyd edir ki, o, iddiaçıya 1750 manat verməlidir. Amma araşdırma aparmır ki, iddiaçı cavabdehə iş məhkəmənin icraatına daxil olmamış necə 2100 manat pul verə bilər. Cavabdehin ödədiyi pullar dövlət rüsumları idi, qəbzləri də özündə saxlamışdır. Hakim iddia ərizəsinin ##.##.2024-cü il tarixli 400 manat pulun, ##.##.2024-cü il tarixli 1000 manat pulun, qəbzlərinin nömrələrini niyə qeyd etməməsi maraq oyadır. O, Xaçmaz RPŞ-də izahat verdiyi zaman bildirmişdir ki, iddiaçı könüllü onun işlədiyi ofisə yaxınlaşaraq ona hüquqi yardım göstərməsini xahiş edib və o, iddiaçıya bildirmişdir ki, onda hüquqi yardım özəldir və pulludur. İddiaçı da buna razılaşaraq, umumilikdə rüsumları ilə birlikdə 750 manat pul könüllü olaraq hissə-hissə hesaba vurmuşdur. Qeyd edir ki, onun iddiaçıya borcu yoxdur. O, iddiaçıdan xahiş etməmişdir ki, gəlsin onun hansısa məsələsi üzrə ərizələr tərtib etsin, iddiaçıya qaytarası pulu da yoxdur. Hesab edir ki, Apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə onun hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, məhkəmə işə obyektiv yanaşmamışdır. Məhkəmə onun heç bir fikrini dinləməmişdir, çünki o, məhkəmədə iştirak etmədən qətnamə qəbul edilmiş, iddiaçıya hansı məbləği, qaytaracağı məbləği düzgün məyyən etməmişdir. İddiaçı evinə xərclədiyi, maşınına tökdüyü yanacağı, Gəncə şəhərinə, Bakı şəhərinə, gedib-gəldiyi pulları da umumilikdə hesab edərək ondan tələb edir, onun tərtib etdiyi ərizələri hakim nəzərə almayaraq iddianı qismən təmin edir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Onu məhkəməyə çağırmadan qarşı tərəfin əsası olmayan mülahizələri əsasında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilən hallara və təqdim edilən sübutlara görə deyil, qarşı tərəfin arzuları və onların istəyinə uyğun əsaslandırmışdır. Hakim tərəfindən ona bir neçə bildiriş gəlməsinə baxmayaraq o, xətəliyi ilə bağlı məhkəmənin iclaslarında iştirak edə bilməmişdir. Çıxarılmış qətmamədə qeyd olunur ki, onun kart şifrəsinin disqeti çıxarılmış və iddiaçının dedikləri məbləğ disqetdə müəyyən edilmişdir. Bildirmək istəyir ki, həmən ərəfələrdə onun kartına müxtəlif yerlərdən, müxtəlif vaxtlarda, müxtəlif insanlar tərəfindən pul köçürmələri olmuşdur. Belə ki, iddiaçı da ona ödənilmiş ödəniş qəbzlərini əldə edərək subut kimi təqdim edib, hakim də yalnış subutlara inanaraq qətnamə qəbul etmişdir. Məhkəmə ədalətli qətnamə qəbul edirdisə niyə iddiaçının Foto sinomkalarnın çıxarılması barədə sorğu verərək Disqet əldə etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

18. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh özünü vəkil kimi təqdim edərək hüquqi yardım göstərilməsi adı ilə iddiaçıdan 2100 (iki min bir yüz) manat pul almışdır. İddiaçı cavabdeh tərəfindən aldadıldığını, hüquqi yardım göstərilmədiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 8/.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin plastik bank kartına hüquqi əsas olmadan ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 50 manat və ##.##.2024-cü il tarixdə 50 manat məbləğdə vəsait köçürülmüşdür. Cavabdeh məhkəmə iclaslarına gəlməyərək iddia tələbinə şifahi və ya yazılı şəkildə etiraz bildirməmiş və məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 2100 manat məbləğdə pul verdiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən və məhkəmənin qərarına əsasən müvafiq bank tərəfindən verilmiş cavabdehin “ödəniş kartı üzrə çıxarış”dan müəyyən edilmişdir ki, iddiaçının bank hesabından cavabdehin bank hesabına ümumilikdə 1750 manat məbləğdə vəsait köçürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1750 manat məbləğdə pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

22. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

24. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində etirazı əsaslandığı hallara dair heç bir sübut təqdim etməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar