Məhkəmə qərarları › İş №2(3-8)-467/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-467/2026

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-467/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları 1.Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2.7520 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 1819009660 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə qeydə alınmışdır. 2.Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.8552 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 1819009661 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə qeydə alınmışdır. 3.Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.9999 ha torpaq sahəsi Cavabdeh, X2, X3 və X1 adına ümumi birgə payları müəyyən edilməklə ********** qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə qeydə alınmışdır. 4.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni 0.9999 ha torpaq sahəsindən çıxarılma tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh, X2, X3 və X1 ümumi birgə mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 0.9999 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. 5.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 6.##.##.2025-ci il tarixli aktdan görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini İddiaçı və digər qonşu pay torpaq sahiblərinin kollektiv müraciəti əsasında ünvan 1ndə yerləşən həmin vətəndaşlara məxsus pay torpaq sahələrində dürüstləşmə işlərinin aparılması məqsədilə faktiki istifadələrində olan sahəyə baxış keçirilmişdir. Həmin sahədə GPS aləti vasitəsilə ölçü işi aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, həmin sahədə faktiki istifadə ilə elektron uçot məlumat bazasında uyğunsuzluqlar var. Lakin ərazidə bəzi vətəndaşların narazı olması, məhkəmə predmetlərinin olması səbəbindən uyğunsuzluqların aradan qaldırılması və elektron uçot məlumat bazasında müvafiq düzəlişlərin edilməsi mümkün olmamış, bu barədə məlumatlar vətəndaşlara bildirilmişdir. 7.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2021ci il tarixli, **** nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 5-ci bəndində nəzərdə tutulmuş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların dəqiqləşdirilməsi məqsədilə “xxxx” publik hüquqi şəxsinin tabeliyində “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərindən ibarət işçi qrupu ünvan 1nə ezam olunmuşdur. Dürüstləşmə işləri çərçivəsində sözügedən məsələ Əmlak Məsələləri Dövlət Xidmətinin, “xxxx” publik hüquqi şəxsinin yerli qurumlarının, habelə yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Qaradağlı kəndi ərazisində iddiaçıya məxsus olan pay torpaq sahələri və həmin massivdə yerləşən digər mülkiyyətçilərin pay torpaq çöl-ölçmə işləri aparılmışdır. Aparılan ölçü işlərinin nəticələri araşdırılarkən məlum olmuşdur ki, həmin massivdə yerləşən mülkiyyətçilərin, o cümlədən iddiaçının da hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan uyğunsuluğunun aradan qaldırılmasına razılıq verməməsi səbəbindən işlər yarımçıq saxlanılmış və bu barədə mülkiyyətçilərin iştirakları ilə akt tərtib edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətdə qaldırılan məsələnin məhkəmə predmeti olması səbəbindən uyğunsuzluqların aradan qaldırılması və torpaqların elektron uçotu informasiya sistemində müvafiq düzəlişlərin edilməsi mümkün olmamışdır. Bununla bağlı ərazidə akt tərtib edilən zaman iddiaçıya və digər mülkiyyətçilərə qanunvericiliyin tələbləri izah edilmişdir.

8. Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə 2160 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 41.60 (qırx bir manat 60 qəpik) hissəsinin pul əvəzi, cəmi 2201.60 (iki min iki yüz bir manat 60 qəpik) məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 13700 (on üç min yeddi yüz) manat pul vəsaitinin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh ona qarşı maddi və mənəvi ziyan tələbinə dair Kəlbəcər Rayon Məhkəməsində iddia qaldırmış, iddia tələbi qismən təmin edilərək ondan 2160 manat pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Qeyd edir ki, ünvan 1ndə mülkiyyətində 3.61 ha torpaq sahəsi var. Sözügedən torpaq sahəsini 2013-cü il tarixdə X10, X11, Abdullayev Əlövsət İsmayıl oğlu və X8 adlı şəxslərdən notarial qaydada, alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları DƏDRX-də ##.##.2019-cu il tarixdə, müvafiq olaraq 1819009660 və ********** saylı qeydlərlə qeydə alınmışdır. Uzun illər həmin torpaqdan istifadə edərək əldə etdiyi gəlirdən ailəsini dolandırmışdır. 2022-ci ildə heç vaxt həmin kənddə yaşamamış, üzünü görmədiyi Cavabdeh adlı şəxs ona qarşı torpaqdan çıxarılma tələbi ilə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş və onun mülkiyyətində olan 0.3 ha torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehə məxsus 0.99 ha torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə onun verdiyi kassasiya şikakayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehə məxsus torpaq şahəsindən çıxmışdır. Qeyd etməyi zəruri hesab edir ki, o, heç kəsin torpaq sahəsini özbaşına tutmamışdır. 2013-cü il tarixdə aldığı torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Cavabdeh onun torpaqdan çıxarması onun da, onunla sərhəddə yerləşən qonşuları da mülkiyyətində olan torpaq sahəsindən çıxarılma barədə iddia qaldırmağa vadar etmişdir. Beləliklə, 20-dən yuxarı qonşular biri-birini torpaqdan çıxarma barədə iddia qaldırmaq məcburiyyətinə qalmışdır. Cavabdeh burada yaşamadığından və torpaq sahəsinin yerini bilmədiyindən onlara qarşı iddia qaldırmış, nəticədə bütün kənd sakinlərinin torpaqlarının yenidən bölünməsinə və koodinatlarının müəyyən edilməsinə səbəb olmuşdur. Bildirir ki, torpaq sahəsini alarkən satıcı tərəfindən torpağın sərhədləri ona tanıdılmış və qonşularla heç bir mübahisə olmadan 2013-cü ildən başlayaraq xeyli miqdarda pul sərf edərək yararsız halda olan torpaq sahəsini münbit hala gətirmişdir. Belə ki, hər il 0.99 ha torpaq sahəsinə iki ildən bir 16 laped peyin səpdirmişdir. Nəzərə alınsa ki, peyinin lapedə yüklənməsi 30 manat, daşınması 40 manat təşkil edir. Onda torpaq sahəsinin peyinlənməsinə sərf edilmiş vəsait 16 laped x 70 manat = 1120 manat orta illik 560 manat təşkil edir. Bundan başqa, torpağın dırmıxlanması 30 manat, traktorla səpmə 20 manat, əkmə 60 manat, kəltəndoğrayan 60 manat, malalama 150 manat, 2 ildən bir lazerləmə 1100 manat, ortalama 1 ilə böldükdə orta illik 366 manat hesabı ilə, ötən illər ərzində o, torpağın münbitləşməsinə ümumilikdə hər il 30 + 20 + 60 + 150 + 550 = 810 manat + 560 = 1370 ( bir min üç yüz yetmiş) manat xərc çəkmişdir. Ümumilikdə mübahisəli torpaq sahəsinə son 10 il ərzində 10 il x 1370 manat = 13.700 (on üç min yeddi yüz) manat vəsait xərcləmişdir. Hesab edir ki, çəkdiyi xərclər Cavabdeh tutularaq ona ödənilməlidir. 11.Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ona qarşı «sərf edilmiş pul vəsaitinın geri qaytarılması» tələbinə dair mülki iş vardır. İddianı qəbul etmir. Belə ki, Təsərrüfatların kolxoz və sovxozların torpaqlarında aparılan islahatla əlaqədar Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli Qərarı əsasında kənd təsərrüfati məqsədilə ailə üzvlərinə ünvan 1ndə sahəsi 0.9999 ha olan pay torpağı ayrılmışdır. Torpaq sahəsi onlara ayrılarkən konturları dəqiq müəyyən edilmiş və yerində ölçülərək ona təhvil verilmişdir. Bununla əlaqədar onlara “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ №li reyestrdən Çıxarış verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi idarəsi tərəfindən ona AA seriyalı, ****** saylı «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Uşaqlar kiçik olduğundan, torpağı tək əkib becərə bilmədiyindən Sumqayıt şəhərinə köçmüşdür. İddiaçı Bərdə rayonuna məcburi köçkün gəldiyi vaxtdan onların 0.9999 hektar torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Dəfələrlə onların torpaqdan çıxmağı tələb etsə də, torpaqdan çıxmamışdır. 2021ci ildə məcbur olub məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-*** saylı qətnaməsi ilə İddiaçı ona və ailə üzvlərinə verilmiş 0.30 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalaraq apellyasiya şikayəti ilə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-*** saylı qətnaməsi ləğv edilmiş, İddiaçı onların 0.9999 ha torpaq sahələrindən çıxarılması qət edilmişdir. İddiaçı onların torpaqdan çıxmaq əvəzinə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, lakin Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il larixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı taxıl əkdiyini bəhanə edərək torpaqdan çıxmaqdan imtina etmişdir. Hər dəfə xüsusi mülkiyyətində olan torpağına gedərkən iddiaçı və ailə üzvləri tərəfindən təhqirlərə məruz qalmış, stress, iztirablar keçirmiş, əsəb xəstəliyinə tutulmuş və uzun müddətli iynədərman müalicələri almışdır. Dəfələrlə polis idarəsinə müraciət etmiş, yuxarı təşkilatlara şikayət ərizələri yazmışdır. Onun mülkiyyətində olan torpağa gedərkən iddiaçı və onun yaxın adamları ona – 69 yaşlı qadına basqın etmişlər. Üstünə it salmışlar. Ona hücum edənlərin içərisində özünü şəhid anası adlandıran qadın hücum edib vurmaq istəyəndə polislər onun əlindən almışlar. Sonradan ona həmin qadının cavabdehin arvadı olduğu məlum olmuşdur. İddiaçı onların torpağını əkin üçün yararlı vəziyyətə gətirməkdən ötrü 10 il ərzində 13700 manat xərc çəkdiyini bildirir. İddiaçı onların torpağını zəbt etmişdir. O, iddiaçıdan xahiş etməmişdir ki, onun torpağını zəbt etsin, ona xərc çəksin, gəlir götürsün və çəkdiyi xərci ondan tələb etsin. Torpağın onların olmasını bilmədən zəbt etməsi belə, ona həmin torpağa xərc çəkməsinə və həmin xərci ondan tələb etməsinə haqq vermir. Əgər iddiaçı 10 il ərzində torpağa 13700 manat xərc çəkibsə, deməli həmin məbləğin 10 və ya daha çox qatı qədər gəlir götürmüşdür. Qapısında olan hədsiz sayda yonca tayları və s. buna sübutdur. Bu illər ərzində dövlətdən subsidiya almışdır. İddiaçı illərlə onun xüsusi mülkiyyəti olan torpaq sahəsini zəbt edərək gəlir götürməsi faktı danılmazdır. İddiaçı onun mülkiyyətini zəbt edərək orada müxtəlif tikililər inşa edərək mal-qara saxlamış, torpağı əkibbecərmişdir. Əkilib-biçilməsi ən bəsit olan bitkinin əkilməsi ilə ona dəymiş ziyan mütəxəssis tərəfindən hesablanmış, xərclər çıxıldıqdan sonra ailəsi ildə 2160 manat gəlir əldə edə bilərdi. İddiaçının təqsiri üzündən həmin faydadan məhrum olunmuşlar. Ona dəymiş maddi ziyan tələbi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalaraq Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı 2013-cü ildə Qaradağlı kənd sakinlərindən müxtəlif yerlərdə-onun pay torpaqlarından kənarda torpaq sahələri almışdır. İddiaçı bilərəkdən onların torpaqlarını zəbt etmiş və uzun illərdir icarə haqqı ödəmədən gəlir əldə edir. İddiaçıya onun tərəfindən deyil, iddiaçı tərəfindən ona maddi və mənəvi ziyan dəymişdir. Ona görə də iddiaçının tələbi əsassız və qanunsuz olduğundan rədd olunmalıdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Pərvin İmamverdiyeva).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təsdiq edən hallar qismində fotoşəkil və videolar təqdim edilmişdir. Həmin maddi sübutlara baxış zamanı iddiaçının göstərdiyi torpaq sahəsinin əkilib-becərilməsi üçün xərc çəkməsi (peyinlənmə, dırmıxlanma və s.) müəyyən edilmişdir. Lakin əvvəla, qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsində işə baxılarkən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*- **/**** nömrəli ekspert rəyinə əsasən TEKUİS məlumat bazasına əsasən ünvan 1ndə yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli çıxarışla Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsinin İddiaçı tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etmişdir. İddiaçı bu halı cavabdehin torpaq sahəsinə ümumiyyətlə baş çəkməməsi, torpaq sahələrinin faktiki koordinatlarının üst-üstə düşməsi kimi hallarla əsaslandırsa da, bu hallar onun digər mülkiyyətçinin torpağından istifadə etməsinə haqq qazandırmır. Belə ki, iddiaçı etiraf edir ki, o, cavabdehə məxsus torpaq sahəsini “münbitləşdirmiş” və buna xərc çəkmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, iddiaçı həmin torpağı titulsuz, yəni hüquqi əsas olmadan zəbt etmişdir. İddiaçı faktiki olaraq öz qanunsuz hərəkətindən (başqasının mülkiyyətindən icazəsiz istifadə) yaranan “xərcləri” cavabdehə yükləməyə çalışır. Mülki hüququn universal prinsipinə görə, heç bir şəxs özünün qanunsuz hərəkətindən mənfəət əldə edə və ya bu əməli başqasına qarşı tələb kimi irəli sürə bilməz. Odur ki, iddiaçının iddia tələbinin əsaslandırdığı hallarla tələb etdiyi maddi ziyan arasında heç bir səbəbli əlaqə, cavabdehin həmin ziyanın vurulmasında təqsiri, həmçinin delikt məsuliyyətinin digər cəhətləri müəyyən olunmur. Ümumiyyətlə, iddiaçı məhz cavabdehin ona 13700 manat məbləğində maddi ziyan vurmasını, bu ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulmasını, bu məbləğdə ziyanla cavabdehin iddia edilən qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və cavabdehin göstərilən məbləğdə ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3ci, 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 448.2-ci, 567-ci, 572.1-ci, 572.2-ci, 573.1-ci, 573.2-ci, 646.1ci, 646.2-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci, 1096.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini Süleymanovlar ailəsindən 2012-ci ildə almışdır. Məhkəməyə təqdim etdiyi sənəddə həmin torpaqla qonşu mülkiyyətçilərin də adları göstərilmişdir. Həmin sənəddə cavabdehin adı ümumiyyətlə yoxdur. Cavabdeh adına torpaq olmasını COVİD 19 vaxtı 190 manat yardım düzəldəndə bilmişdir. Halbuki, cavabdeh heç torpaq sahəsinin harada yerləşdiyini bilmir. Cavabdehin iddiasından sonra torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü məlum olmuşdur. Cavabdehin iddiasından sonra həmin ərazidə 20-yə yaxın şəxsin torpağı üst-üstə düşmüşdür. Hazırda onun da ərazisini Dilbari adlı xanım istifadə edir. Həmin şəxs isə qəti şəkildə bildirmişdir ki, torpağa neçə il qulluq etmişdir və torpağını verməyəcəkdir. O, qanuni sənədlə həmin torpağı almış, heç kimin torpağını zəbt etməmişdir. Mübahisəli torpaq sahəsinə 2013-cü ildən qulluq etmiş, həmin əraziyə ümumilikdə ən azı 13700 manat xərc çəkmişdir. Onun mülkiyyətində ünvan 1ndə 2.7520 ha torpaq sahəsi və 0.8552 ha torpaq sahəsi var. Mülkiyyətində 3,6 ha torpaq sahəsi ola-ola kiminsə torpağında gözüm yoxdur. Öz torpağını əkib-becərir. Öz torpaq sahəsi olduğu üçün 13.700 manat xərc çəkib torpağını münbit hala gətirmişdir. Həmin ərazi pis gündə olmuşdur. İndi hansısa məmurun səhvi nəticəsində onun bildiyi torpaq sahəsi ondan alınıbsa, qanunsuzluq etmədən öz torpağı bilib çəkdiyi xərcin əvəzini almaq istəyir.

Apellyasiya şikayətinə etiraz

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin qeyd etmişdir ki, cavabdehə məxsus 1 hektar torpaqda arpa əkini aparmış, iki ildən bir həmin torpaq sahəsində peyinə 350–400 manat xərc çəkmiş, hər il 900 manat xeyir götürmüşdür. Torpaq gücdən düşdüyünə görə iki ildən bir peyin verilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh məxsus 0.9999 ha torpaq sahəsindən uzun müddət istifadə etmiş, həmin torpaq sahəsinə müxtəlif aqrotexniki qulluq göstərdiyini və torpağın münbitləşdirilməsi üçün ümumilikdə 13.700 manat məbləğində xərc çəkdiyini bildirərək həmin vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir. Lakin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş və iddiaçı həmin torpaq sahəsindən hüquqi əsas olmadan istifadə etmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə çəkdiyi xərclər onun öz təşəbbüsü və riski əsasında həyata keçirilmişdir. İddiaçı torpaq sahəsinin başqasının mülkiyyətində olub-olmamasını və həmin torpaq üzərində hüququnun mövcudluğunu tam müəyyən etmədən istifadə etmişdir. Sonradan isə həmin torpaq sahəsinin başqa şəxsin, yəni iddiaçının mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilmişdir. Belə olan halda, iddiaçının öz qanunsuz istifadəsi nəticəsində çəkdiyi xərclərin cavabdehin üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilə bilməz.

25. Bundan başqa, iddiaçı 13.700 manat məbləğində xərc çəkdiyini mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçı öz izahatında bildirmişdir ki, cavabdehə məxsus 1 hektar torpaqda arpa əkini aparmış, iki ildən bir həmin torpaq sahəsində peyinə 350–400 manat xərc çəkmiş, hər il 900 manat xeyir götürmüşdür. Torpaq gücdən düşdüyünə görə iki ildən bir peyin verilmişdir. Göründüyü kimi, iddiaçının torpağa çəkdiyi xərclər dövri xarakter daşımaqla hər il gəlir götürməsi ilə əlaqədar olmuşdur. Buna görə iddia tələbi əsaslı hesab oluna bilməz.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar