Məhkəmə qərarları › İş №2(3-8)-482/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-482/2026

19.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-482/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin iddiaçıya verdiyi yanlış və yarımçıq informasiya, habelə göstərdiyi qüsurlu xidmət nəticəsində iddiaçıya ayrı-ayrılıqda 4255 manat (tur-paketin qiyməti) və 450 manat (özünün aldığı geri dönüş bileti) olmaqla, ümumilikdə 4705 manat maddi ziyan və 10000 manat dəyərində mənəvi zərər və 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə “xxxx” MMC-yə turizm xidmətləri almaq məqsədilə müraciət etmişdir. İddiaçı “xxxx” MMC-nin rəsmi əlaqə nömrəsi ilə votsapp mobil tətbiqində yazışmış və bu zaman iddiaçı “xxxx” MMC-nin əməkdaşına öz istədiyi otellərdə boş yer olub-olmaması ilə bağlı suallar vermiş, əməkdaş isə öz növbəsində həmin otellərdə boş yer olmadığını, əvəzinə başqa otellər təqdim edə biləcəyini qeyd etmişdir. Əməkdaşın təqdim etdiyi otellərin siyahısında Türkiyə Respublikasının Antalya şəhərində “X4” oteli və bir neçə başqa otellər olur. İddiaçı həmin başqa otellər haqqında soruşduqda əməkdaş israrla iddiaçıya Türkiyə Respublikasının Antalya şəhərində “X4” otelini məsləhət görür, həmin otelin 5 ulduzlu yüksək keyfiyyətli otel olduğunu, hər kəsin bu oteldən məmnun qaldığını, lakin burada yalnız bir dəniz mənzərəli otağın qaldığını deyərək iddiaçını bu oteli seçməkdə təşviq edir və iddiaçı həmin əməkdaş tərəfindən təklif edilən Türkiyə Respublikasının Antalya şəhərində 5 ulduzlu “X4” otelində dəniz mənzərəli delüks otaqda (X1SİDE - tərcümə: delüks dənizgörünüşlü otaq) tək nəfərlik 06 gecə 07 gün müddətinə (##.##.2025-##.##.2025-ci il arasında) qalmağa razılaşmaqla “xxxx” MMC-yə 4255 manat pul vəsaiti ödəmişdir. Lakin iddiaçı ##.##.2025-ci il tarixdə “xxxx MMC”-nin onu göndərdiyi Türkiyə Respublikasındakı “X4” otelinə daxil olduğu andan oteldə anti-gigiyenik şəraitlə qarşılaşmış, otel personalı tərəfindən ona heç bir istiqamət göstərilməmiş, köməklik edilməmişdir. Yalnız öz səyləri nəticəsində adına bron edilmiş otağı tapmışdır. Daha sonra həmin otağa daxil olduqda isə həmin otağın heç bir dəniz mənzərəsinin olmadığını, otaqdakı yataq dəstlərinin işlənmiş və çirkli vəziyyətdə olduğunu, divar və güzgülərdə çətin gedə bilən qalın yağ ləkələrinin olduğunu, hamam xalatının və əl üz dəsmalının olmadığını, hər tərəfin toz içində olduğunu, otaqdakı mini-barın, demək olar ki, boş və alt hissədən çürümüş, paslanmış olmasını, habelə taxt formasında çarpayı olmalı olan otaqda iki təknəfərlik çarpayının yanyana qoyulması ilə yaradılmış “süni taxt” çarpayını görmüşdür. Habelə otelin restoranında verilən yeməklərinin, xüsusən də iddiaçının yediyi ət yeməyinin çiy olduğunu görəndə daha da qəzəblənmiş, bütün bu antisanitar vəziyyəti öz mobil telefonu vasitəsi ilə video qeydiyyata almışdır. Bundan sonra iddiaçı “xxxx” MMC ilə təkrar əlaqə saxlamış və onlardan verdiyi vədə uyğun, yəni beynəlxalq 5 ulduzlu otel standartlarına müvafiq şəkildə otaqla və xidmətlə təmin olunmasını tələb etmişdir. Həmçinin otağının və ya otelinin dəyişdirilməsini istəmişdir. Lakin “xxxx” MMC müxtəlif bəhanələrlə bunu etməmiş əvəzinə isə “onsuz da tur vaxtınız azdır, gedin həyətdə gəzin, axşamdan-axşama yatmağa gələrsiniz otağa” deyə cavab vermişdir. Habelə MMC-nin Nəzrin və Firəngiz Əsədova adlı əməkdaşları iddiaçının probleminin həll edilməsi istiqamətində heç bir hərəkət etməmiş, otelinin dəyişdirilməsi üçün isə əlavə yüksək məbləğdə pul tələb etmişdirlər. İddiaçı yenə də təmkinlə MMC-yə özünün Azərbaycana geri-dönüş biletini ən yaxın tarixə dəyişdirərək ölkəsinə qaytarılmağı təklif etsə də MMC bunu da etməmiş, ən yaxın tarixə guya aviabilet olmadığını qeyd etmişdir. Bundan əsəbləşən iddiaçı həmin qeyri-insani şəraitdə qalmaqdan imtina edərək öz şəxsi vəsaiti hesabına Türkiyədən Azərbaycan 450 manat qarşılığında geri dönüş bileti alaraq səyahətinin 2-ci günündə, yəni ##.##.2025-ci ildə Bakıya qayıtmışdır. Azərbaycan Respublikası Dövlət X16 2023-ci il # ### tarixli, *-**/*-*-*KQ/** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”-dan və UNWTO (X10) - ISO standartlarındanda aydın görünür ki, bu cür keyfiyyətsiz xidmət heç bir 5 ulduzlu oteldə ola bilməz. Burdan tam aydın olur ki, “xxxx” MMC iddiaçıya keyfiyyətli xidmət göstərməmiş, təqdim etdiyi oteli araşdırmamış, standartlara uyğunluğunu yoxlamamış, habelə bu səhvini düzəltmək və keyfiyyətli xidmət göstərmək məqsədilə də heç bir digər hərəkət etməmişdir. Bu hadisə iddiaçıda dərin mənəvi sarsıntıların, depresiyaların yaranmasına səbəb olmuşdur. Habelə bu hadisənin yay fəslinin sonlarında baş verməsi iddiaçının təkrar ideal yay səyahəti etmək imkanını əlindən alır, çünki hava şəraiti getdikcə daha da soyuyur. İldə bir həftə özünə yay səyahəti hədiyyə etmək istəyən iddiaçı buna nail ola bilməmiş, burdan keçirdiyi neqativ hislər ən azı gələn ilki yay səyahətinə qədər onun depersiyasını və mənəvi sarsıntısını daha da şiddətləndirəcək. Beləliklə, “xxxx” MMC-nin iddiaçıya verdiyi yanlış və yarımçıq informasiya, habelə göstərdiyi qüsurlu xidmət nəticəsində iddiaçıya ayrı-ayrılıqda 4255 manat (tur-paketin qiyməti) və 450 manat (özünün aldığı geri dönüş bileti) olmaqla, ümumilikdə 4705 manat maddi ziyan və 10000 manat dəyərində mənəvi zərər dəymişdir.

3. Cavabdeh cavabdeh “xxxx” MMC tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, iddiaçının Türkiyənin Antalya şəhərinə səyahəti çərçivəsində cavabdeh iddiaçının ##.##.2025-də təyyarə ilə Antalyaya gedişini, iddiaçının hava limanından otelə transferini, “X4” 5 ulduzlu oteldə 1 otaqlı nömrənin ayrılmasını, iddiaçının ##.##.2025-ci ildə təyyarə ilə Bakıya qayıdışını öhdəsinə götürmüş və sonuncu bənd istisna olmaqla öhdəliklərini tam icra etmişdir. Belə ki, iddiaçı öz seçimi və öz qərarı ilə vaxtından əvvəl Bakıya qayıtdığı üçün cavabdehin onu ##.##.2025-ci ildə təyyarə ilə Bakıya qaytarması mümkün deyildi. Bu baxımdan iddiaçının maddi və mənəvi ziyanın tutulması tələbi faktiki və hüquqi əsaslardan məhrumdur. “X4” 5 ulduzlu otel iddiaçının şəxsi iradəsi və seçimi əsasında müəyyən edilmişdir. Cavabdeh yalnız mümkün variantları və qiymət təkliflərini təqdim etmiş, seçimdə məcburiyyət və ya yanlış yönləndirmə etməmişdir. Otelin rəsmi 5 ulduz statusu isə müvafiq sertifikat və arayışla təsdiq olunur. Qanunvericiliyə əsasən öz vəzifələrini icra edərkən tərəflərdən hər biri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Bu prizmadan da baxıldıqda məlum olur ki, cavabdeh qanunvericiliyə uyğun olaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etmişdir. Otelin 5 ulduz statusu xidmətin keyfiyyətsiz olmasını istisna edir. İddiaçının narazılığını həll etməyə cəhd etmiş otel işçiləri iddiaçıya ayrılmış otağı iki dəfə təmizləmiş, buna baxmayaraq, iddiaçı onlara divarda cızıq olduğunu əsas gətirib oteli tərk etmək istədiyini bildirmişdir. Bu fakt otelin verdiyi məlumatda öz əksini tapmışdır. Bundan başqa cavabdeh iddiaçıya alternativ həll yollarını təklif etsə də iddiaçı buna da razı olmamış, məsələnin həlli üçün cavabdehlə birgə hərəkət etməmiş və öz iradəsi ilə oteli tərk etmişdir. Halbuki qanunvericiliyə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddiaçı tərəfindən göstərilən iradlar (otaqda cızıqların olması, şəxsi narazılıq və s.) subyektiv xarakter daşıyır və obyektiv hal kimi qiymətləndirilə bilməz. Bu subyektiv yanaşma otelin kateqoriyasına uyğun olmayan hal olduğunu sübut etmir, texniki ekspertiza, rəsmi akt və ya üçüncü müstəqil qurumun rəyi ilə də təsdiqlənmir. Halbuki qanunvericiliyə əsasən xidmətin qüsurlu olması müvafiq qaydada sübut edilməlidir. Bundan başqa özbaşına edilmiş xərclər də cavabdehin məsuliyyətini yaratmır. Belə ki, qanunvericiliyə əsasən mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Cavabdeh hüquqa zidd heç bir əməl etməmiş, əksinə olaraq öz öhdəliklərini vaxtında, tam və vicdanla icra etmiş, iddiaçıya alternativ həll yollarını otaq dəyişimi, daha yüksək kateqoriyalı otelə keçid variantını, digər otellər üzrə qiymət təkliflərini təqdim etmişdir. Lakin iddiaçı bu təkliflərin heç birini qəbul etməmiş və cavabdehi əvvəlcədən məlumatlandırmadan oteli öz iradəsi ilə tərk etmişdir. Bu isə qanunvericiliyə əsasən zərərin artmasına şərait yaradan tərəfin məsuliyyətini istisna edən haldır. İddia edilən mənəvi zərər tələbi də əsassızdır. Belə ki, qanunvericiliyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı işlərdə zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı mənəvi zərərin nədən ibarət olduğunu, hansı hüququnun pozulduğunu və bu pozuntunun hansı intensivlikdə baş verdiyini konkretləşdirməmişdir. Xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün sübutetmə yükü zərərçəkənin öhdəsinə, MPM-ə əsasən isə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı xidmətin qüsurlarına, iddia etdiyi maddi və mənəvi zərərin vurulmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, otel çox böyük olduğuna görə otaqdan tam görünmür, lakin dəniz mənzərəli otaqdır. Otel təklifini Sadiq bəyə o etmişdir. Otaq söhbətindən sonra otel təklifi olmuşdur. Onlar digər şirkətin agenti olaraq vasitəçi kimi vətəndaşlarla işləyirlər. Yazışma barədə məlumatı yoxdur. Odur ki, iddiaçı X5 iddiasının bütünlüklə rədd edilməsi, hüquqi yardıma görə vəkillə ödənilmiş 1525 manat iddiaçıdan alınaraq cavabdehə verilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasını, cavabdehin təqsiri ucbatından iddiaçının əlavə 450 manat xərcə düşdüyünü, 10000 manat mənəvi zərərə məruz qaldığını sübut edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından, bununla da iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi həmin halları sübuta yetirmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının öz seçimi əsasında “seaview” - dəniz görüntüsü deyil, “seaside” - dəniz kənarı mənzərə olan xidməti seçdiyini, onun yaşadığı çətinliklə bağlı cavabdeh tərəfindən göstərilmiş səyləri, iddiaçının oteldə qalaraq xidmətlərdən istifadə etdiyini, daha sonra isə cavabdeh tərəfindən yeni otaq, həmçinin alternativ otellər təklif edilməsinə baxmayaraq, iddiaçının öz seçimi əsasında öz hesabına bilet alaraq geri qayıtmasını, burada isə cavabdehin təqsirinin öz təsdiqini tapmamasını nəzərə alır. Bundan əlavə iddiaçının iddia tələbində və izahatında qeyd edilənlərdən görünür ki, iddiaçı bilavasitə getdiyi oteldən və onun xidmətlərdindən narazıdır, belə ki, otelin 5 ulduz standartına uyğun olmadığını, nöqsanlı olduğunu bildirir. Belə olduqda bu xüsusat üzrə cavabdeh kimi iddiaçının narazı olduğu otel ola bilər. Hazırki vəziyyətdə isə cavabdehin iddiaçı ilə aralarındakı razılaşma üzrə hər hansı öhdəliyini pozması müəyyən edilmir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 787.1, 787.2-ci maddələrinə, “Turizm haqqında” ##.##.2021-ci il tarixli, ***-VIQ saylı Azərbaycan Respublikasının Qanununun 1.1.13, 8.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə qoşma olaraq təqdim etdiyi CD Disk məhkəmədə tədqiq edilməmişdir. Məhkəmə həmin CD diskin guya nasaz vəziyyədə olduğunu demiş, qarşılıqında həmin CD Diskdəki sübutları flashcardda təqdim etsə də məhkəmə əsassız olaraq qəbul etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin baxış iclasında təqdim etdiyi “X4” otelinin ##.##.2026-cı il tarixli möhürsüz məktubunu əsassız olaraq sübut kimi qəbul etmiş, lakin cavabdehin hazırlıq iclasında bu sübutu təqdim etməməsini əsaslandıra bilməmişdir. Bundan başqa həmin məktubun möhürsüz olmağı onun yaranma mənbəyinə və mötəbərliliyinə əsaslı şübhələr salmasına və buna etiraz etməyinə baxmayaraq məhkəmə burada da obyektiv qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “Məhkəmə bu nəticəyə gələrkən iddiaçının öz seçimi əsasında “seaview” - dəniz görüntüsü deyil, “seaside” - dəniz kənarı mənzərə olan xidməti seçdiyini, onun yaşadığı çətinliklə bağlı cavabdeh tərəfindən göstərilmiş səyləri, iddiaçının oteldə qalaraq xidmətlərdən istifadə etdiyini, daha sonra isə cavabdeh tərəfindən yeni otaq, həmçinin alternativ otellər təklif edilməsinə baxmayaraq, iddiaçının öz seçimi əsasında öz hesabına bilet alaraq geri qayıtmasını, burada isə cavabdehin təqsirinin öz təsdiqini tapmamasını nəzərə alır” Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, “Verdikləri otaq dəniz mənzərəli otaq olmamışdır. Daha yaxşı otaq verəcəklərini təklif etmiş, lakin iddiaçı başqa otelə keçmək istəyirdi.”. Burada sual yaranır ki, əgər iddiaçı dəniz mənzərəli otaq sifariş etməyibsə” onun otağını niyə dəniz mənzərəli otaqa dəyişməyi iddiaçıya təklif edirlər...” Bu fakt birdaha sübut edir ki, iddiaçı dəniz mənzərəli otaq istəmişdir. Belə ki, məhkəmə bu ziddiyəti aradan qaldırmadan əsassız qəti mövqe irəli sürmüşdür. ##.##.2026-cı il tarixli yekun məhkəmə iclasında cavabdehin vəkili iştirak etməməsinə rəğmən məhkəmə qətnamədə həmin vəkilin iştirak etdiyini qeyd edib. Belə ki, video qeydlərə baxsanız bu faktın yalan olduğunu görərsiniz. Bu da bir daha məhkəmə baxışının qeyri-peşəkar aparıldığını tam təsdiq edir. ##.##.2026-cı il tarixli iclasda o, cavabdehin dediklərinə cavab olaraq, məhkəməyə bütun sübutları təqdim etmişdir Möhtərəm hakim xahiş edirəm iş materiallarına baxın deyəndə hakim ona cavab olaraq istehza ilə “gərək hazırlıqlı gələrdiz” cavabını verdi. Bu da bir daha məhkəmənin işə qeyri obyektiv yanaşdığını tam təsdiq edir. Məhkəmə qətnaməsində qeyd edir ki,

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, videolardan görünür ki, oteldə antisanitar vəziyyət hökm sürür, otaq çirklidir, qapıları xarabdır, otağa qalxmazdan öncə 1 saat otağın təmizlənməsini gözləmişdir, buna baxmayaraq otaq çirkli olub. Şirkət rəhbəri ərinin dostudur, ona görə də həmin tur şirkətinə müraciət etmişdir. Dəfələrlə əməkdaşın ona tövsiyə etdiyi otel barədə sualları olub, bildiriblər ki, məsəhətli oteldir, çox yaxşıdır, müştərilər həmin oteldən razı qalıblar. Hətta bildirmişdir ki, bəzən şəkillərlə gerçək görüntü arasında fərqlər olur, otelə getdiyi zaman belə bir problemlə qarşılaşmayacağını, orada istirahət edən müştərilərin məmnun qaldıqlarını bildiriblər. ona bir neçə otel tövsiyəsi olunub, sonda qiymət meyarına görə 3 otel arasında qalmış, seçdiyi oteli isə tur şirkətinin əməkdaşının tövsiyəsinə əsasən seçmişdir. Ödənişi otelə yox, tur şirkətinə etmişdir. Eyni zamanda, geri qayıtmaq istəmiş bildirmişdir ki, 1 günün ödənişini çıxaraq pulunu geri qaytarsınlar, yaxud bileti dəyişsinlər, lakin bileti dəyişə bilməyəcəklərini bildirmişlər. Ona görə də əlavə ödəniş edərək özünə bilet almış və geri qayıtmışdır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində təqdim etdikləri disk sübut olaraq tədqiq edilməmişdir. Həmin diskdə şahid Nəzrin Məmmədovanın xanımın səs yazıları mövcuddur. İkinci dəlili ondan ibarətdir ki, otel tərəfindən cavabdeh şirkətə məktub ünvanlanmış, həmin məktub məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki məktubun üzərində heç bir möhür, ştamp olmamış, məktubun haradan göndərilməsi qeyrimüəyyəndir. Digər məsələ isə “seeside” və “seeview” ilə bağlıdır. Cavabdeh şirkət iddiaçının öz istəyi ilə “seeside” otaq seçdiyini bildirsə də onlarda olan səs yazılarından görünür ki, əməkdaş dəniz mənzərəli (seeview) cəmi bir otaq qaldığını, digər dəniz mənzərəsi olmayan otaqların isə tamamilə dolu olduğunu bildirmişdir. Cavabdehin vəkili ##.##.2026-cı il tarixli iclasda iştirak etməsə də qətnamədə qanunsuz olaraq həmin tarixdə keçirilmiş iclasda vəkilin iştirak etdiyi göstərilmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirr. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. “xxxx” MMC Turizm Şirkəti və sifarişçi İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, **** saylı müqavilə-sifarişdən görünür ki, sifarişçi 6 gecə 7 günlük (##.##.2025- ##.##.2025), nəqliyyat xidməti olaraq Azerbaijan Airlines (AZAL) aviaşirkəti ilə uçuş, X1 Side (SNG) tipli 1 otaqlı yerləşmə daxil olan tur paketi üçün ümumilikdə 2495 USD - 4255 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

14. ##.##.2025-ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırığından, həmçinin *********** saylı qəbzin surətindən görünür ki, “xxxx” MMC-yə tur ödənişi təyinatı ilə 2755 manat ödəniş edilmişdir.

15. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 412755 seriya nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə tur paket ilkin ödəniş üçün 1500 manat ödəniş edilmişdir.

16. ##.##.2025-ci il tarixli, *********** saylı qəbzin surətindən görünür ki, 450 manat ödəniş edilmişdir.

17. İş materillarına əlavə edilmiş “Whatsapp” yazışmaları və disk material tədqiq edilmişdir.

18. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Sadıq İsa oğlu ifadəsində bildirmişdir ki, cavabdehin direktoru Vüqar adlı şəxsi idmanla məşğul olduğu zaldan tanıyır. Onunla əlaqə saxlamış, daha sonra yoldaşı “xxxx” MMC əməkdaşları ilə danışıb razılaşmışdır. O oteldə olmamışdır. Nəzrin xanım etikadan kənara çıxaraq bəzi sözlər yazdığına görə ona qarşı adekvat ifadələr işlətmişdir. Yoldaşına otağın dəyişilməsi 1 gündən sonra onun təkidlərindən sonra təklif edilmişdir. Alternativ olaraq 4-5 ədəd otel təklif edilmiş, qiymətlər yüksək olduğuna görə razılıq əldə oluna bilməmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçının nömrəsi ona yönləndirilmiş, bir neçə otel təklif edilmiş, sonda iddiaçı özünün istədiyi oteli seçmişdir. Lakin iddiaçı otelə çatdıqdan sonra otağı bəyənmədiyini bildirmiş, ona otağı dəyişdirmək təklif edilmişdir. Daha sonra iddiaçının yoldaşı onun sözlərini pis başa düşüb onu təhqir etmişdir. Verdikləri otaq dəniz mənzərəli otaq olmamışdır. Daha yaxşı otaq verəcəklərini təklif etmiş, lakin iddiaçı başqa otelə keçmək istəyirdi. İddiaçıya alternativ otellər təklif edilmiş sonraki gün resepsiyondan xəbər vermişlər ki, xanımı iddiaçını tapa bilmirlər. Otağı oteldəkilər verir. Otağı dəniz mənzərəli deyil, lakin çox yaxşı otel olmuşdur. İddiaçı, ümumiyyətlə, oteli bəyənməmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçını tanımır. Nəzrin xanım problem olduğunu bildirmiş, daha sonra o iddiaçı ilə əlaqə saxlamışdır. O da öz növbəsində otelin baş meneceri ilə əlaqə saxlamış, xanımın xırda nöqsanlara ilişdiyini bildirmişlər. Oteldən bildirmişlər ki, iddiaçı oteli bəyənmir, heç bir problem yoxdur. İddiaçının otağı üçün işçiləri dəfələrlə çağırmışdır. Sonra iddiaçıya otağı dəyişməyi təklif etmişlər, həmçinin iddiaçı da bunu təklif edirdi. Otelin baş meneceri sonraki gün otağı dəyişə biləcəklərini qeyd etsə də, sonraki gün iddiaçı oteldən çıxış etmişdir. Danışıq zamanı aralarında dəniz mənzərəli olması ilə bağlı danışıq olmamışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur.

23. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.13. Turagent turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmçinin həmin qərarda göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25.Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçının və nümyəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılşaraq əlavə olara qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının tapşırığına əsasən cavabdeh hüquqi şəxs onun Türkiyə Respublikasının Antalya şəhərinə səyahəti çərçivəsində təyyarə ilə Antalya şəhərinə gedişini, iddiaçının hava limanından otelə transferini, “X4” 5 ulduzlu oteldə 1 otaqlı nömrənin ayrılmasını və Bakı şəhərinə qayıdışı ilə bağlı tapşırığı icra etməyi öhdəsinə götürmüş və bununla əlaqədar olan bütün işləri yerinə yetirmişdir. Lakin iddiaçı otelə çatdıqdan sonra otağın natəmizliyini, dəniz mənzərəli olmamasını və xidmətin keyfiyyətli olmamasını əsas gətirərək növbəti gün geri qaytımışdır. İş materiallarında olan səs yazılarından və “whatsapp” tətbiqindəki yazışmalardan da göründüyü kimi cavabdeh otel seçimi ilə əlaqədar olaraq cavabdehin nümayəndəsindən məsləhət almış, cavabdehin nümayəndəsi isə mümkün variantları və qiymət təkliflərini iddiaçıya təqdim etmiş, iddiaçının seçiminə uyğun olaraq da cavabdeh təşkilat seçilmiş otel üzrə tapşırığını icra etmişdir. Cavabdehin nümayəndəsinin təqdim edilmiş otellərdən onlara şikayətlərin və narazılıqların daxil olmaması ilə bağlı iddiaçıya məlumat verməsi, iddiaçının isə otelin və onun xidmətlərinin 5 ulduz standartına uyğun olmaması ilə bağlı fikirləri tapşırığın kifayət qədər vicdanla icra etməməsi anlamına gəlməməkdədir. Hərçənd ki, yazışmalardan və danışıqlardan da görüdüyü kimi cavabdeh tərəfindən otel seçimində qəsdən yanlış yönləndirmə edilməmişdir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının narazılığı oteldən və onun xidmətlərindən ibarət olmaqla, cavabdeh həmin tələblər üzrə cavabdeh olmayan şəxs olmuşdur. Belə ki, cavabdeh turizm xidməti sahəsində vasitəçi qismində iddiaçının tapşırıqlarını icra etmiş, tapşırığı icra edərkən isə onun hərəkətlərində vicdanlılığı istisna edən hər hansı bir hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab etmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar