Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-511/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki iş üzrə ( mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, əsassız varlanma – sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) dəyərində olan qızıl-zinət əşyalarının, 330 (üç yüz otuz) manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusu, həm də qohumumdur. 2024-cü ilin sentyabr ayında onun yaşadığı evdə təmir işləri görüldüyü üçün və həmin vaxt Cavabdeh yaşadığı evdə olan qızıl-zinət əşyalarını saxlamaq üçün ona verməyi təklif etdi. İddiaçı evdə ustalar işlədiyi üçün ən etibarlı yer Cavabdeh evinin olmasını düşünərək, ona məxsus olan 6000 (altı min) dəyərində olan qızıl-zinət əşyalarını iki ədəd boyunbağı klon ilə birlikdə, iki ədəd nişan üzüyü, bir ədəd qolbağı, üç ədəd komplekt sırğaları ilə və 330 AZN pulu saxlaması üçün Cavabdeh vermişdir. Aradan təxminən 3 ay keçdikdən sonra saxlaması üçün Cavabdeh verdiyi qızıl-zinət əşyalarını və verdiyi müəyyən əşyaları Arzudan istəsə də, Cavabdeh ona məxsus olan əşyaları qaytarmış, qızıl-zinət əşyalarını və 330 AZN pulu qaytarmamışdır. Cavabdeh dedi ki, həmin qızıl-zinət əşyaları və 330 manat pul Bakı şəhərində anasının evindədir. Dəfələrlə istəməyinə baxmayaraq, hər dəfə Arzu müxtəlif bəhanələrlə yola verirdi. Ona görə də məcbur olub qızıllarını və 330 manat pulu Cavabdeh geri almaq üçün polisə müraciət etmişdir. Hal-hazırda Cavabdeh pulu və qızıl-zinət əşyalarını vermək istəmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
3. Cavabdeh Cavabdeh iddiaya etiraz ərizəsi ünvanlayaraq onunla iddiaçı arasında əvvəllər ailəvi münasibət olduğunu, iddiaçının onun eltisi sayıldığını, bu səbəbdən aralarında etimad, inam, yaxınlıq və ailə içi hörmət mövcud olduğunu və o, müəyyən vaxtlarda şəxsi və ailə problemləri ilə bağlı ona müraciət etdiyini bildirmişdir. Yoldaşının telefonunu əlindən alması, aralarındakı gərginliklər, mübarizələri haqqında paylaşmışdır. Hətta dəfələrlə özünə qəsd edəcəyini, ailəsinin, yəni anası və qardaşının ona kömək etmədiyini söyləmişdir. Cavabdeh insan münasibət və mərhəmət hissi ilə ona kömək etdiyini, dəfələrlə onu telefonunu istəyib anası ilə danışacağını söyləmişdir. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçı gizli şəkildə başqa bir kişi ilə (öz ərinin dayısı oğlu ilə) danışır. Bu şəxslərin arasında olan vatsap yazışmaları əlində mövcud olmasını və yazışmada onlar “evdən çıx, əsas qızıllardır” “onsuz evdə heç kəs olmayanda çıxacaqsan”, “əsas Z” dir. Bu kimi ifadələr iddiaçı ilə həmin şəxs arasında olan yazışmalardır. “Z” adını tam çəkmirlər, söhbət iddiaçının ərindən gedir. Şübhələnməsin kimi ifadələrlə qızıldan və evdən çıxma planı barədə danışırlar. Sonradan aydın olmuşdur ki, bu planın məqsədi Cavabdeh qarşı böhtan qurmaq və qızılları mənimsəmiş kimi göstərmək imiş. Çünki, həmin yazışmalarından sonra Gülçin evini gizli tərk etmiş və anasını evinə getmişdir. Həmin müddətdə əlaqələrinin olmasını və yaxın münasibətin də davam etdiyini qeyd etmişdir. Lakin sonradan iddiaçının evini tərk edib və onun gizli şəkildə başqa şəxslə danışması ailə üzvlərinə aydın olmuşdur. Məhz, buna görə də cavabdeh o, getdikdən sonra onun danışdığı mesajları çıxarıb baldızına və qaynanasına təqdim etmişdir ki, onlar görsün ki, onun heç bir qızılı onda olmayıb və bilsinlər ki, gələcəkdə bu məsələ onun üstündə qalmasın. Eyni zamanda o, iddiaçının öz anası Xatirə Məmmədovaya zəng etmiş və bildirmiş ki, qızı başqa şəxslə onun telefonuyla danışmış və qızılları ona vermiş və ona məxsus heç bir qızılın olmadığını qeyd etmişdir. Hətta yazışmaları ona təqdim edə biləcəyini bildirmişdir. Bu hadisədən sonra Gülçinin baldızı və qaynanası, Gülçinin evinə getmiş həmin mesajları Gülçinin anası Xatirə Məmmədovaya və qardaşı Elxan Məmmədova göstərmişdir. Gülçin isə hər şeyi öz üzərindən ataraq Hüseyn adlı şəxslə danışmadığını, həmin mesajların cavabdehə aid olduğunu demişdir. Elxanın adı baldızı Kəmalənin dəfələrlə danışdıqları arasında keçmişdir. Bütün bunlara baxmayaraq israrla hər şeyi boynundan ataraq böhtan atmışdır. Bütün bu hadisələrdən açıq görünür ki, bu plan onu üzərində qurulmuşdur. Onların arasında yalnız onun ərindən gizli şəkildə saxlamaq üçün müvəqqəti əmanət etdiyi 330 manat pulu var idi. O da vəziyyət gərginləşəndə və böhtanları eşidəndə həmin 330 manatı dərhal onun qaynanası Kifayət Məmmədovaya təhvil verdiyini, bu faktı qayınanasının da təsdiqləyə biləcəyini və buna dair sübutları olduğunu, həmin sübutları məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir ki, işdən görünür ki, cavabdeh iddianı qəbul edərək iddiaçıya məxsus olan qızılzinət əşyalarının və 330 manat pulun onda olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edib ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 6000 manat məbləğində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyalarının verilməsi mümkün olmadıqda onun dəyəri olan 6000 manat və 330 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayır. Bununla bağlı məhkəməyə rəsmi orqanın arayışını təqdim edərək, mülki işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin, işə baxmış məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş və mülki işi aidiyyəti üzrə baxılması üçün digər məhkəməyə göndərməmişdir. Bundan başqa, mülki işin baxılması zamanı məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Həmin sübutlardan iddiaçının başqa şəxslə danışıqları, həmçinin 330 manat pulun iddiaçının qayınanasına verməyini təsdiq edən qəbz təqdim etmişdir. Lakin, məhkəmə bu sübutları nəzərə almamış, qətnamə qəbul edərkən onun iddianı etiraf etməyinə əsaslanmışdır. Halbuki, ilk dəfə iddiaçı polis orqanına şikayət edən zaman o, izahatında da həmin əşyaların onda olmadığını və bunun iddiaçının uydurmasından başqa bir şey olmadığını bildirib. Həmçinin, iddia ərizəsinə etirazda da buna münasibət bildirmişdir. Qeyd olunanlarla baxmayaraq, heç bir etirafı olmadığı halda, nədənsə işə baxmış məhkəmə etirazı etiraf kimi qiymətləndirmişdir. İşə baxılması zamanı məhkəməyə iddiaçının başqa şəxslə yazışmaları təqdim edilmişdir. Həmin yazışmalarda iddiaçının qızıl zinət əşyaları ilə bağlı danışıqları aşkar müəyyən edilir. Lakin, məhkəmə bu faktlara qiymət verməmişdir. İddiaçı məsuliyyəti başqasında deyil, onun üzərində qurmağa çalışır. Məhkəmə onun bu niyyətini pərdələmiş və nəticədə sözügedən qətnaməni qəbul etmişdir. Buna görə də hesab edir ki, məhkəmə bu hissədə əhəmiyyətli halları dəqiq araşdırmadan yekun qərar qəbul edib. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəməyə qəbz təqdim etmişdir. Həmin qəbzdən görünür ki, iddia olunan 330 manat miqdarında vəsait iddiaçının qayınanası tərəfindən qəbul edilmişdir. Görünən odur ki, iddiaçı bu faktı da bildiyi halda, yenə bu məsuliyyəti onun üzərinə atmağa çalışmış və buna məhkəmə vasitəsilə nail ola bilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həqiqətdir. Cavabdehlə onun qohumluq münasibətləri vardır. İddia tələbində qeyd olunan pulu və əşyalarını tələb etməkdə haqlıdır. O, heç zaman olmayan hadisəyə istinad edərək əsassız şəkildə başqasının əmlakını tələb etməz. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Onun isə iddiasının əsasına dair səs yazıları, sübutları vardır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin əsassız olması bildirilərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, evlərində usta işlədiyindən həmin dönəmdə qızıl-zinət əşyalarını müvəqqəti saxlamaq üçün cavabdehə vermişdir. Cavabdeh özü ona deyirdi ki, evinizdə usta işləyir, qapılar açıqdır, qızıl-zinət əşyalarını saxlaya bilər. Bundan sonra qızıl-zinət əşyalarını saxlamaq üçün cavabdehə vermiş və müəyyən zaman sonra alacağını bildirmişdir. Qızıllarını cavabdehə verdikdən bir neçə ay sonra istəmiş, o isə cavabında narahat olmamasını, qızıl-zinət əşyalarını saxlamaq üçün Bakıda yaşayan anasıgilə verdiyini bildirmişdir. Cavabdeh ondan icazə almadan qızıl-zinət əşyalarını Bakıya aparıb anasına verib. Bir müddət sonra yenidən qızıllarını istədikdə cavabdeh ona Bakıya getmədiyini, uşaqlarının xəstələnməsi ilə əlaqədar vaxt tapa bilmədiyini, habelə kartının bloklandığını, bu səbəbdən 330 manat pulu qaytara bilmədiyi kimi müxtəlif bəhanələr səsləndirmişdir. Aralarındakı danışıqlara dair səs yazılarını əks etdirən CD disk vardır. Həmin səs yazılarında cavabdeh öz adını qeyd edir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, hər dəfə məhkəməyə ərizə ünvanlayaraq müxtəlif səbəblərdən işin təxirə salınmasını xahiş etmişdir. Kollegiya, birinci iclas zamanı ərizəni nəzərə alsa da, sonrakı ərizəni işin süni şəkildə yubadılması kimi qiymətləndirir və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 14 AR Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətində apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğvini xahiş etmişdir.
16. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfin izahatı və işdə olan sənədlərlə əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Apellyasiya şikayətinin dəlilləri əsasən sübutlara düzgün qiymət verilməməsi, işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
19. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin prosessual normaların pozulması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Cavabdeh hal-hazırda Gəncə şəhəri ərazisində qeydiyyatdadır. Sonuncu şəxsiyyət vəsiqəsinin verilmə tarixi isə ##.##.2025-ci ilə təsadüf edib. Yenə elektron sistemdən çıxarışa əsasən cavabdehin bundan əvvəlki qeydiyyat ünvanı Abşeron rayonu, Xırdalan şəhəri olmuşdur (##.##.2021-ci il tarixli şəxsiyyət vəsiqəsi). Hazırkı iddia ərizəsi isə məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur.
20. MPM -in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
21. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
22. Göstərilən prosessual hüquq normalarının tələbləri yuxarıda sadalanan hallarla paralel təhlil edildikdə aydın olur ki, iddia ərizəsi ilkin olaraq Abşeron Rayon Məhkəməsinin icraatına düzgün olaraq qəbul edilmiş və baxılmışdır.
23. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbi iddiaçıya məxsus qızıl-zinət əşyalarının (və ya dəyərinin) və pulun qaytarılması barədədir.
24. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət, özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir
25. Kollegiya qeyd edir ki, bu xarakterli mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır.
26. Həmçinin o da nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyasının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun, həmçinin cavabdeh tərəfindən qaytarılmadığını sübut edilməsidir.
27. Baxılan iş üzrə iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının və pulun cavabdehdə qalması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşmüşdür. Bu istiqamətdə araşdırmanı aparan məhkəmə kollegiyası qeyd edir ki, həm iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, həm də hazırkı mülki iş materiallarında olan apellyasiya şikayətində apellyator özü etiraf edir ki, iddiaçının qeyd etdiyi 330 manat məbləğində pul ona verilib və o da öz növbəsində həmin pulu iddiaçının qayınanasına təhvil vermişdir. Bu barədə qəbzi iş materiallarına əlavə edib.
28. Bundan əlavə, apellyasiya icraatı zamanı kollegiya iddiaçı tərəfin təqdim etdiyi “CD” diskə məhkəmə iclas zalında dinləmə keçirməklə, əlaqəli şəkildə müqayisəli təhlil aparmışdır. Dinlənilmə zamanı iddiaçı tərəf audio-səs yazılarının cavabdehə məxsus olmasını bildirmişdir.
29. Həmin səs yazısının mətni – “...Gülçin, öz qızıllarımı və sənin qızıllarını verdim mamaya saxlamağa. Onun evi yaxşıdır. .... Çıxıb gedirik Bakıya bu həftə, ona görə mamaya verdim, dedim yoldu gedirəm-gəlirəm..... Gedib qayıdacam, ölüb qalmayacam ki... həmin qızılları etibar edib heç kimə verə bilmərəm, lap sənin tanışın olsun.....Məsuliyyət mənim üzərimdədir. Nətər səndən götürmüşəm elə də gətirib özünə verəjəm. mən də rahat olum....Az şey deyil qadan alım, məsuliyyət mənim üzərimdədir. Gülçin neynirsən, səslərinə indi qulaq asdım.... qadan alım yükün məsuliyyəti, ağırlığı məndədi. Bakıdan bura qalmaq üçün gəlməmişdik. Ona görə özümkünü də səninkini də saxlamağa mamaya verdim. Heç mamam bilmir qızıllar kimindir, elə bilir mənim qızıllarımdı..... Yəni qadan alım, bajı narahat olma.......Aparanda sənə dedim... mənim məsuliyyətimi bilirsən. ....Sən məni tanıyırsan da, deyərsən, ay Arzu, burda filan şeylər də var idi, indi baxıram yoxdu. O da mənə ölümdü, ölümdən betərdi..... kart düzələn kimi sənin 330 manatını verəjəm kartdan... kartımı düzəldən kimi, narahat olma, 330 manatı atajam....”
30. Beləliklə, tədqiq olunan “CD” diskdəki yazışmadan göründüyü kimi, cavabdeh Cavabdeh iddiaçıya məxsus olan qızıl-zinətin və 330 manat pulun onda olmasını inkar etməmiş, sadəcə həmin qızılları saxlamaq üçün öz anasına təhvil verdiyini, anasından götürüb qaytaracağını etiraf etmişdir.
31. Kollegiya tədqiq edilən “CD” diskdəki səsin kimə məxsusluğuna da diqqət yetirmiş və bu zaman həmin yazışmadakı səsin cavabdehə məxsusluğunu təkzib edən hal müəyyən edilməmiş, əksinə cavabdeh “...ay Arzu burda filan şeylər də var idi” deməklə öz adını çəkmişdir. Bununla da həmin səsin cavabdeh tərəfindən iddiaçıya göndərilməsində şübhələr qalmamışdır.
32. Cavabdeh mübahisələndirilən 330 manatı da kartındakı problemlə əlaqələndirməyə çalışmış və kartı düzələn kimi həmin pulu da qaytaracağını bildirmişdir. Bu isə cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına varlanması halıdır.
33. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin 330 manat məbləğdə pulun iddiaçı tərəfindən ona verilməsinin etirafı, iddiaçının iddia ərizəsində qeyd olunan münasibətlərin mövcudluğu, habelə bu zəmində, göstərilən qızıl-zinət əşyalarının da pulla birlikdə cavabdehə müvəqqəti saxlanca verilməsi ehtimalını qüvvətləndirir.
34. Cavabdehin almış olduğu 330 manat məbləğində pulu iddiaçıya deyil, onun qayınanasına qaytarması barədə təqdim etdiyi qəbz, onu iddiaçı qarşısında pulun qaytarılması öhdəliyindən azad etmir. Çünki aralarında yaranan ailədaxili problemlər həmin pulun qeyd olunan formada qaytarılmasına əsas vermir. Bu mənada iddiaçının pulun qaytarılması tələbi əsaslıdır və bu nəticəyə gələn məhkəmənin mövqeyi işin hallarına uyğundur.
35. Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə əsasən, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs həmin əmlakı və ya onun dəyərini qaytarmağa borcludur.
36. Məhkəmə kollegiyası obyektiv həqiqətə nail olmaq məqədilə cavabdeh tərəfin məhkəmə iclasında iştirakını zəruri hesab etmiş və onun birinci iclas zamanı göndərmiş olduğu ərizəsini nəzərə alaraq məhkəmə iclasını təxirə salmış, ona təkrarən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat vermişdir. Lakin sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu bildirsə də, məhkəmə iclasında iştirak etməmiş, əksinə müxtəlif bəhanələrlə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, cavabdehin bu cür hərəkətləri mübahisənin daha ətraflı araşdırılmasında maraqlı olmadığının göstəricisidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Apellyasiya kollegiyası sonda onu da qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qiymətləndirilməsi meyarı kimi pul tələbi (330 manat), qızıl-zinət əşyalarının dəyərinə münasibətdə isə ## ### 2026-cı il tarixli mütəxəssis rəyindəki məbləğ (8470 manat) nəzərə alınmalıdır. Belə olan halda iddia tələbinin mübahisələndirilən hissədə məbləği 5000 manatdan yuxarı olduğundan cavabdeh tərəfin qətnamədən kassasiya şikayəti hüququ istisna edilmir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.