Məhkəmə qərarları › İş №2(3-8)-546/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-546/2026

19.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-546/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər “AAAF İnşaat” MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh1, onun nümayəndəsi və vəkili nümayəndə3, cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər “AAAF İnşaat” MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “AAAF-İnşaat” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış ##.##.2021-ci il tarixli, M-**** saylı təmirsiz mənzilin alğı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivindəki ** saylı küçəsində inşa edilən bina 8, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 68 kv.m ibarət, 2 otaqlı, ** №li mənzili təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı, komendant X3 və X2 tərəfindən tərtib edilərək imzalanmış və “AAAF İnşaat” MMC tərəfindən möhürlənmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilə su axıntısı nəticəsində mətbəx və qonaq otaqlarının tavanı, döşəməsi və divarlarının yararsız vəziyyətə düşdüyü, otaqların divar kağızlarının islanaraq korlanması, otaqların elektrik xəttlərinin zədələnməsi və nasaz vəziyyətə düşməsi, döşəmədə laminatın islanaraq şişməsi, həmçinin mətbəx mebelinin zədələnməsi, islanmış və bəzi hissələrinin şişməsi, həmin mənzilə su sızıntısının 52 və ** saylı mənzillərdən baş verməsi, ** saylı mənzilin cavabdeh2, ** saylı mənzilin isə cavabdeh1 aid olması aşkar edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İddiaçı cavabdehlər “AAAF İnşaat” MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə vurulmuş zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin və 70,56 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, “AAAF-İNŞAAT” MMC ilə bağlanmış ##.##.2021-ci il tarixli, M-**** nömrəli mənzilin alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki ** saylı küçədə inşa edilmiş, * saylı yaşayış binasında 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 68 kv.metr olan 2 otaqdan ibarət ** nömrəli mənzil ona məxsusdur, yəni onun istifadəsi və sərəncamındadır. Həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Hazırda qonşu mənzillərdən axıdılan su nəticəsində ** nömrəli mənzilə ziyan dəymiş və ziyan vurulması davam etməkdədir. Belə ki, ##.##.2024-cü il tarixdə həmin yaşayış binasının 52 və 54-cü mənzillərindən axan su nəticəsində onun mənzili yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanın görüntüsünü əks etdirən video diski ərizəyə əlavə etmişdir. Nəticədə mətbəx, qonaq otaqlarının tavanı, döşəməsi və divarları yararsız vəziyyətə düşmüş, otaqların divar kağızları islanaraq korlanmış, qopmuş və saralmış, otaqların elektrik xətləri rütubətlilik nəticəsində zədələnmiş, döşəmənin laminatı islanmış və bəzi yerlərdə şişməyə başlamışdır. Eyni zamanda mənzildə olan mətbəx mebeli də zədələnmiş, saralmış və bəzi hissələri qabarıq şəkildə şişmişdir. Mənzilin hazırki vəziyyəti yaşayış üçün yararlı deyildir, çünki mənzildə su axıntısından rütubətlilik dərəcəsinə görə havalanma ağırlaşmışdır. Bununla bağlı dəfələrlə “AAAF İNŞAAT” MMC-yə müraciət etmiş, binanın komendantı tərəfindən baxış keçirilmiş, müvafiq akt tərtib edilmişdir. Sonrakı hadisələrə isə MMC müdaxilə etməmişdir. Cavabdehlər tərəfindən ona dəymiş ziyanın əvəzi ödənilmədiyinə və ziyan vurulması davam etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 11720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,20 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, qonşusu cavabdeh1 mənzilində çalışan ustaların səhvi nəticəsində digər qonşusu cavabdeh2 mənzilindən onun mənzilinə su sızmış və nəticədə mənzilə xeyli ziyan dəymişdir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “AAAF İnşaat” MMC-nin nümayəndəsi nümayəndə2 iddia tələbini “AAAF İnşaat” MMC-yə aid hissədə qəbul etməyərək, digər hissələrdə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, mübahisə ilə bağlı iddiaçının izahatı ilə eyniməzmunlu izahat vermişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş “AAAF-İnşaat” MMC-nin ##.##.2025-ci il tarixli, HŞ/***/**** saylı məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə komendant X3 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə su sızıntısı aşkar edilmiş, həmin mənzilə baxış keçiriln zaman yuxarı mərtəbələrdə yerləşən 52 və ** saylı mənzillərə də baxış keçirilmiş, ** saylı mənzilin sahibi həmin su sızıntısının 52 və ** saylı mənzillərdən baş verdiyini bildirmiş, həmin mənzilin ustaları ilə söhbət etdiyini də qeyd etmiş, ** saylı mənzilə dəymiş ziyanla bağlı fotoşəkillər və videogörüntü əlavə edilməklə akt tərtib edilmiş və ** saylı mənzilin sahibi İddiaçı təqdim edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, cavabdehə məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığından iddiaçıya məxsus mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, iş üzrə iddiaçı tərəfindən naturada təqdim edilən, cavabdehə məxsus mənzilin su borularında faktiki olaraq qüsur aşkar edilmədiyindən iddiaçıya məxsus mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

11. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, PQ-S-**/**** saylı hesabatdan görünür ki, iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın və usta xərclərinin ümumi məbləği 11720 manat müəyyən edilir. Qiymətləndirmə xərci olan 500 manat iddiaçı tərəfindən tam ödənilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, cavabdeh1 İddiaçı xeyrinə 11720 manat, ödənilmiş dövlət rüsumuna görə 125,16 manat və iş üzrə mütəxəssis tədqiqatının dəyəri olan 500 manat pul tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (100+100) manat pul cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə cavabdeh cavabdeh2 məxsus ** saylı mənzildən iddiaçının evinə su axması təsdiq etsə də, onun cavabdehlik daşımamaması nəticəsinə gəlmişdir. Halbuki iddiaçının tələbində onun evinə 52ci mənzildən su axmasını göstərmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, cavabdehə məxsus ** saylı mənzilinin borusunda faktiki qüsur aşkar edilməmişdir. Belə olan halda iddiaçının evinə suyun necə sızması müəyyən edilməmişdir. Məhkəmə “AAAF-İnşaat” MMC-nin əsassız arayışına əsaslanaraq hesab etmişdir ki, güya (əsası olmayan fakta) cavabdeh1 məxsus mənzildə işləyənin suyu səhv açması nəticəsində iddiaçının evinə su axmışdır. Yuxarı mərtəbədən hər hansı boruda nasazlıq olmadığı halda aşağı mərtəbəyə necə su axması ekspertiza və məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı heç bir qanuni əsas olmadan əsassız varlanmaq niyyətilə mətbəx, divar kağızının saralması, mətbəx mebelinin cuzi bir hissəsində sarımtıl rəngin olması faktını, halbuki bu hal 200-300 manat məbləğdə pul ilə əvvəlki vəziyyətinə gətirilə biləcəyi halda, tələb etdiyi məbləğdə müstəqil ekspert tərəfindən rəy çıxardıraraq məhkəməni aldatmışdır. Eyni zamanda məhkəmə onun iştirakını təmin etməyərək onun qanunla qorunan hüquq və vəzifərini pozmuş, çəkişmə prinsipinin ədalətli aparılmasına mane olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1, onun nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “AAAF İnşaat” MMC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)

23. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

24. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (...)

25. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

37. İşin mübahisəsiz hallarına görə iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə su sızmış və o, maddi zərərə məruz qalmışdır. ** saylı mənzilin sahibi cavabdeh1dır və həmin vaxt onun mənzilində təmir işləri aparılmışdır. Bina yeni tikili olduğundan mənzillər arası mərtəbələrdə yaşayış olmamış və təmir işləri aparılmamışdır.

38. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə su sızma hadisəsi baş verərkən cavabdeh cavabdeh1 məxsus mənzildə təmir işləri həyata keçirilmişdir. Həmin mərtəbədə həmin vaxt təmir edilən yalnız onun mənzili olmuşdur. Mənzillərə daxil olan su xəttlərinin sayğacları və ümumi kranları mərtəbənin girişində ümumi istifadədə olan ərazidə olmuşdur. ** saylı mənzildə təmir zamanı ** saylı mənzilə gedən su xəttinin kranının səhvən açılması nəticəsində cavabdeh cavabdeh2 məxsus ** saylı təmirsiz mənzilin su borusunun açılması nəticəsində iddiaçıya məxsus ** saylı mənzilə su sızmışdır.

39. İşdə olan iddiaçı İddiaçı, binanın komendantı X3 və mənzildə yaşayan X2 tərəfindən tərtib edilmiş və “AAAF İnşaat” MMC tərəfindən möhürlə təsdiqlənmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilə su axıntısı nəticəsində mətbəx və qonaq otaqlarının tavanı, döşəməsi və divarlarının yararsız vəziyyətə düşdüyü, otaqların divar kağızlarının islanaraq korlanması, otaqların elektrik xəttlərinin zədələnməsi və nasaz vəziyyətə düşməsi, döşəmədə laminatın islanaraq şişməsi, həmçinin mətbəx mebelinin zədələnməsi, islanmış və bəzi hissələrinin şişməsi, həmin mənzilə su sızıntısının 52 və ** saylı mənzillərdən baş verməsi göstərlmişdir. Müvafiq olaraq video görüntü və fotoşəkillər akta əlavə edilmişdir.

40. Göründüyü kimi iddiaçı baş vermiş su sızma hadisəsi ilə əlaqədar dərhal binanın komendantına məlumat vermiş, hadisənin səbəbi araşdırılmış və hadisə ilə bağlı müəyyən edilən hallar video və foto görüntüyə alınmaqla bərabər aktla rəsmiləşdirilmişdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

42. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

43. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

44. Cavabdeh cavabdeh1 ziyanın onun tərəfindən vurulmasını qəbul etməsə də, iddiaçının mənzilinə su sızma baş verərkən onun mənzilində təmir işlərinin aparılması, həmin vaxt mənzillər arası mərtəbələrdə yaşayışın olmaması və təmir işləri aparılmaması işin mübahisəsiz halı olmuşdur. Cavabdehə birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun əksini təsdiq edə bilən sübut növünü məhkəməyə təqdim etməmişdir.

45. Halbuki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

48. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, PQ-S-**/**** saylı hesabatdan görünür ki, iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış kompleksi, küçə 28, bina 8, ** saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın və usta xərclərinin ümumi məbləği 11720 manat müəyyən edilir. Qiymətləndirmə xərci olan 500 manat iddiaçı tərəfindən tam ödənilmişdir.

49. Rəydən həmçinin görünür ki, ekspert su sızması nəticəsində dəymiş ziyanın məbləğini hesablayarkən iddiaçının mətbəx mebelinin dəyərini də (1800 manat) vurulmuş zərərin məbləğinə hesablamışdır.

50. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

51. Beləliklə cavabdeh tərəfindən iddiaçının əmlakına ziyan vurulması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, lakin iddiaçı mətbəx mebelinin tamamilə yararsız hala düşdüyünü sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etmədiyindən, kollegiya hesab edir ki, dəymiş zərərin əvəzi olaraq rəydə mətbəx mebeli üçün müəyyən edilmiş qiymət (11720-1800 manat) nəzərə alınmamalı, cavabdeh cavabdeh1 9920 manat tutularaq iddiaçıya verilməlidir.

52. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq həmçinin hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ödənilmiş dövlət rüsumuna görə müvafiq olaraq 106 manat, iş üzrə mütəxəssis tədqiqatının dəyərinə görə 425 manat cavabdeh cavabdeh1 alınaraq iddiaçı İddiaçı xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 200 manat pul vəsaitinin 170 manatı cavabdeh cavabdeh1, 30 manatı isə iddiaçı İddiaçı alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı xeyrinə vurulmuş zərərə görə 9920 manat, ödənilmiş dövlət rüsumuna görə 106 manat və iş üzrə mütəxəssis tədqiqatının dəyəri olan 425 manat, cəmi 10451 (on min dörd yüz əlli bir) manat tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 170 (bir yüz yetmiş) manatı cavabdeh1, 30 (otuz) manatı isə iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar