Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-549/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Mustafayev İlqar Ələkbər oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi İmamhüseyn İlyas oğlu Şirinovun, Cavabdeh İlqar Ələkbər oğlu Mustafayevin iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Mustafayev İlqar Ələkbər oğluna qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Şirinov İmamhüseyn İlyas oğlu cavabdeh Muradov İlqar Ələkbər oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2695 (iki min altı yüz doxsan beş) manat pulun tutularaq müəssisəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək iddiaçı kimi İddiaçı qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı nümayəndəsi Şirinov İmamhüseyn İlyas oğlu iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, ## #### 2024-cü ildə saat (05:20) radələrində Alıc-Qışlaq kənd sakini Mustafayev İlqar Ələkbər oğlu müəssisəyə aid buğda və yonca əkini sahəsinə öz şəxsi qoyun quzusunu buraxaraq yedizdirmiş, 1.2 ha toxumluq taxıl və 0.5 ha yonca sahəsini tapdaq altına qoyaraq tamamilə məhv etmişdir. İlqar Mustafayev bu hadisədən əvvəllər də qoyunlarını gecə vaxtı sahələrə buraxaraq qəsdən ciddi ziyan vurmuşdur. Sahənin içərisində 55 başdan yuxarı qoyun və quzusunu otararkən gözətçi briqadir Tale Dəmirov İlqarın qoyunlarla birlikdə şəklini çəkmişdir. İlqar gözətçini hədələmiş bundan sonra da belə edəcək deyərək aralarında mübahisə yaranmışdır. Onlar Xaçmaz rayon D.A.İ.M-dən mütəxəssislər dəvət edərək dəymiş ziyanın müəyyən etmişlər. Həmin sənədləri Xaçmaz rayon Polis şöbəsinə göndərmişlər. Xaçmaz R.P.Ş-nin İ.B-nin müstəntiqi Mətləb İsmayılov cinayət işini rədd etmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. Müstəntiqin təhqiqatlarını nəzərə alaraq dəymiş ziyana görə Mustafayev İlqar Ələkbər oğlundan 2695 manat tutularaq müəssisəyə ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcqışlaq kənd sakini Muradov İlqar Ələkbər oğlu Müəssisənin Alıc kəndi ilə qonşuluqda olan taxıl sahələrinə və yonca sahəsinə gecələr qoyun quzusunu buraxaraq yedizdirir. Dəfələrlə ona xəbərdarlıq etmələrinə baxmayaraq o evinin yaxınlığından istifadə edərək qəsdən sahələri otarmaqla bərabər tapdaq altına qoyaraq məhv etdirir. ## #### 2024-cü ildə səhər saat 05:20 radələrində gözətçi briqadiri Tale Dəmirov İlqarı sahənin içərisində qoyunlarla birlikdə tutmuş və şəkilini telefonuna çəkmişdir. İlqar telefona çəkilişi görüb briqadirlə mübahisə etmiş və bildirmişdir ki, o bu vaxtadək belə etmiş, bundan sonrada belə edəcək. 2023-cü ilin eyni dövründə llqarın taxıl sahələrinə vurduğu ziyanın şəkilləri vardır. Onlar Xaçmaz rayon DAİM-dən mütəxəssislər dəvət edərək dəymiş ziyanı müəyyən etmişlər.
5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
6. Xaçmaz rayon D.A.İ.M-nin Bitkiçilik Sektorunun aparıcı mütəxəssisi Harunov İlqar Əhməd oğlunun, Azərbaycan-Türkiyə T.A.T.O.M-nin İ.E.Ş müdiri İmamhüseyn Şirinov İlyas oğlunun, Müəssisənin baş aqranomu X6, Müəssisənin İ.E.Ş baş mütəxəssisi X4, gözətçi briqadiri X5 iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, Alıc-Qışlaq kəndində toxumluq taxıl sahələrinə və yonca sahəsinə baxış keçirərkən aşağıdakıları müəyyən etmişlər. 1. Alıc-Qışlaq Ağyazı-Buduq yolunun alt sahələrində toxumluq taxıl sahələrində 1.2 ha toxum sahəsi qoyuna yedizdirilmiş sahə tapdanaraq məhv edilmişdir. Odur ki, 1.2 ha sahənin hər hektarından 35 sentner məhsul olmaqla 4200 kq x 0.60= 2520 manat. 2. Məhv edilən yonca sahəsi 0.5 ha olub hər hektardan 100 kip (pres) 0.5 ha x 100 pres =50 kip (pres) x 3.5 man =175 man; Cəmi: 2695 (iki min altı yüz doxsan beş) manat Muradov İlqardan tələb olunaraq Müəssisənin bank hesabına ödənilməlidir.
7. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və Şirinov İmamhüseyn İlyas oğluna İddiaçı dəymiş madid ziyanla əlaqədar Mustafayev İlqar Ələkbər oğlundan pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda izahatı alınmış Mustafayev İlqar Ələkbər oğlu göstərmişdir ki, onun 55 baş qoyun və quzusu vardır, həmin heyvanları otarıb gününü keçirir. Alıc-Qışlaq kəndində örüş yerləri olmadığına görə qoyunları taxıl və yonca sahələrinin aralarında olan kanalın yanlarında otarır. ## #### 2024-cü il tarixdə səhər saat 05 radələrində havanın sərin vaxtı olduğu üçün qoyunları çıxarıb Alıc-Qışlaq kəndi ərazisində olan yonca və taxıl sahələrinin arasında olan su kanalının yanında otarmışdır. Qoyunları otaran zaman qoyunlardan bir neçəsi kanalı keçib yonca sahəsinə keçmişdir. Qoyunların bir neçəsi keçən kimi digər qoyunlar da istiqamətini dəyişib onlar da digərlərinin arxası ilə yonca sahəsinə keçmişlər. O, yonca sahəsinə ziyan vurmasınlar deyə tez qaçaraq qoyunları oradan çıxarmağa başlamışdır. Qoyunları sahədən çıxaran zaman yonca sahəsinin gözətçisi Tale adlı şəxs gəlmiş və sonuncu mobil telefonunu çıxarıb fotoşəkillər çəkməyə başlamışdır. Onun fotoşəkil çəkməsi xoşuna gəlməmiş, ona görə də Taleyə irad bildirib şəkil çəkməməsini demiş, ancaq Talenin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bundan sonra qoyunları oradan uzaqlaşdırmışdır. Onun qoyunları taxıl və yonca sahələrinə məktubda göstərilən miqdarda, yəni 2695 manat dəyərində maddi ziyan vura bilməz, həm də o, qoyunları həmin yerə qəsdən salmamışdır. Onun barəsində yazılanlar tamamilə şər və böhtandır. Əvvəllər isə onun qoyunları orada olan taxıl və yonca sahələrinə girməmişdir.
8. Foto şəkillərdən buğda və yonca əkini sahəsində heyvanların otarılması müəyyən edilir.
9. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 47 manat rüsum ödənilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin ## ##### 2025- ci il tarixli */****-*/***** nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Xaçmaz rayonu Alıc-Qışlaq kəndində heyvanlar tərəfindən əzilmiş və tapdalanmış 1,20 hektar sahədə, cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngli, “Alekseiç” sortlu toxumluq taxıl əkilmiş ərazidən 1 hektara 25-27 sentner buğda məhsulu götürülməsi mümkündür. Tədqiqata təqdim edilmiş Xaçmaz rayonu Alıc-Qışlaq kəndində heyvanlar tərəfindən əzilmiş və tapdalanmış 0,5 hektar sahədə “Bilensoy” sortlu, 1 hektar sahədən 75-90 kip olmaqla, bir ədəd kipin ortalama kütləsi 16-18 kq olmaqla, 1 hektar sahədən birinci biçimdə ortalama 75-90 kip alına bilər.
11. Mütəxəssis rəyindən görünür ki, qiymətləndirici - mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı cavabdeh Mustafayev İlqar Ələkbər oğluna qarşı “dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə 1,20 hektar torpaq sahəsindən cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngli, “Alekseiç” sortlu toxumluq taxılın bir sentnerinin (1 hektara 25-27 sentner məhsul yığılmasının mümkünlüyü nəzərə alınmaqla), 0,5 hektar torpaq sahəsindən “Bilensoy” sortlu yoncanın bir ədəd kipinin ortalama kütləsi 16-18 kq olmaqla (1 hektar sahədən 75- 90 kip yonca yığılması nəzərə alınmaqla) ## ####### 2025-ci il tarixinə bazar dəyəri: Taxıl üzrə: 1404,0 (bir min dörd yüz dörd) manat, Yonca (kip şəklində) üzrə: 164,0 (bir yüz altmış dörd) manat, ümumi olaraq 1568,0 (bir min beş yüz altmış səkkiz) manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Mustafayev İlqar Ələkbər oğlundan 1200 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 70 manat məbləğində pulun Mustafayev İlqar Ələkbər oğlundan alınaraq X12, kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN 1700326621 AZ34JTRE**********0002088501 hesabına keçirilməsi, Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 300 manatın cavabdeh Mustafayev İlqar Ələkbər oğlundan alınaraq (VÖEN: 1502606231, Hesab № AZN: AZ68IBAZ35090019447981193205, Bank: ABB ASC, VÖEN: 9900001881, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWIFT: IBAZAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1, 1110-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 103.1, 119.1, 217.4, 216-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh Mustafayev İlqar Ələkbər oğlu Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı iş üzrə çıxardığı qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, məhkəmə iclas zalında iddianı qəbul etməmişdir. Məhkəməyə bildirmişdir ki, ona məxsus qoyunlar arxın üstündə otlamışdır, arxın üstü iddiaçıya aid deyildir. İddiaçı tərəfin bildirdiyi yonca sahəsinə daxil olmamışdır. İddiaçının çəkdiyi fotoşəkillər tamamilə ona aid torpaq sahəsi deyildir. Onu da bildirmək istəyir ki, iddiaçı həmən fotoşəkilləri çəkməmiş, onun ilə qərəzli olan adam həmən fotişəkilləri çəkmiş və iddiaçıya bildirmişdir ki, güya o, iddiaçıya məxsus yonca sahəsində qoyun otarır. İddiaçı onunla qərəzli olan adamın sözlərinə inanmış, onu Xaçmaz Rayon Məhkəməsinə vermişdir. İşə baxmış Məhkəmə ona qarşı qərəzli mövqedən çıxış edərək iddiaçının əsassız tələbini təmin etmişdir. Məhkəmə qaməsində sübut kimi fotoşəkillərə istinad etmiş, heç bir araşdırma aparmamışdır. Nəticə etibarı ilə iş üzrə tamamilə qanunsuz qətnamə qəbul etmişdir. İşə baxmış məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozaraq işdə tərəflərin bərabərlik prinsipini pozmuş, işə onun iştirakı olmadan baxmaqla, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh İlqar Ələkbər oğlu Mustafayev apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçının nümayəndəsi İmamhüseyn İlyas oğlu Şirinov apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh İlqar Ələkbər oğlu Mustafayev verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayonunun Alıcqışlaq kənd sakini Mustafayev İlqar Ələkbər oğlu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi AzərbaycanTürkiyə Toxumçuluq və X9 Müəssisəsinin Alıc kəndi ilə qonşuluqda olan taxıl sahələrinə və yonca sahəsinə qoyun-quzusunu buraxaraq yedizdirmiş, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq, o evinin yaxınlığından istifadə edərək qəsdən sahələri otarmaqla bərabər tapdaq altına qoyaraq məhv etmişdir. İddiaçı qeyd edilən əsaslardan çıxış edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh iddianı qəbul etməyərək, etirazını bildirmişdir.
26. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 12/.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus yonca və taxıl sahəsinə heyvanların otarılması nəticəsində maddi ziyan dəymişdir. Cavabdeh qeyd olunan ərazidə heyvanları otarmadığını, maddi ziyanının onun tərəfindən vurulmadığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə cavabdehin ona məxsus heyvanları həmin ərazidə otardığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilmişdir.
28. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində dəymiş ziyanın məbləğinin 2695 manat olduğunu qeyd etsə də, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyinə əsasən dəymiş ziyanın məbləğinin 1568 manat olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçı tərəf güzəşt olaraq, cavabdehdən 1200 manat məbləğdə maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Mustafayev İlqar Ələkbər oğlundan 1200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
29. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Mustafayev İlqar Ələkbər oğlu apellyasiya şikayəti vermişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.
32. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin etirazı iş materialları ilə təkzib olunmaqla, bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Mustafayev İlqar Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.