Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-565/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızının cavabdeh Qaraxanov İlqar Bəhmən oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçılar iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızının iştirakları ilə, İddiaçılar iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızının cavabdeh Qaraxanov İlqar Bəhmən oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Qaraxanov İlqar Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Əlyazma qəbzlərinə əsasən Qaraxanov İlqar Bəhmən oğlu iddiaçı2 ##.##.2024-cü il tarixində 4200 manat, ##.##.2023-cü il tarixində 1300 manat, ##.##.2023-cü il tarixində 2175 manat, ##.##.2024-cü il tarixində 3000 manat, ##.##.2025-ci il tarixdə 5150 manat məbləğində pul almış və həmin pulu qaytarcağına dair öhdəlik götürmüş, ərizəni öz imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat 2.İddiaçı iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12.000 manat pulun və 126 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia onunla əsaslandırılmışdır ki, Qaraxanov İlqar Bəhmən oğlu mərhum həyat yoldaşı X4 ilə neçə illərdi tanış olub, evinə gəlib-gedib, ticarətlə məşğul olmuşlar. Cavabdeh Qaraxanov İlqar Bəhmən oğlu həyat yoldaşından dəfələrlə alverə görə pul almış və vaxtlıvaxtında qaytarmışdır. Cavabdehə pul lazım olduğundan ona müraciət etdi. O, cavabdeh Qaraxanov İlqar Bəhmən oğluna pulunun olmadığını demişdir. Lakin cavabdeh İlqar onu tanıdığına görə onlar gəlib- getdiyinə görə, ona dedi ki, anasının pensiya kartını qoysun, 3 aylıq ona borc pul versin. O, qohumu İmanova Qəribə Həcəhməd qızına zəng edib cavabdehi tanıdığını, yaxşı ailə olduğunu demiş və 3 ay müddətinə cavabdeh anası X6 qoyub əl yazma yazdı. Pulu cavabdehə verdi. 2 ay cavabdehin anasının kartından 330 manat çıxarıldı. 3-cü ayda kartdan pul çıxmadı. Cavabdehə zəng etmiş, demiş ki, kartdan pul çıxmadı, cavabdeh dedi ki, bacı qızına görə cehiz almaq üçün anası bankdan pul götürüb, ona görə pul qalmıyıb, ödəyər. ##.##.2023-cü il tarixdə onlara gəlib yalvararaq dedi ki, atası əməliyyat olunub, bütün pullar əməliyyata xərclənib. Yenidən əl yazma yazaraq ona 1300 manat pul ver, hamını birlikdə qaytaracaq. O cavabdehə inanıb 1300 manat pulu vermişdir. Həmin ay yenə kartdan 330 manat pul çıxartmışdır. 2 ay yenə kartdan pul çıxmadı. Dəfələrlə zəng etmiş cavabdehə, cavabdeh dedi ki, torpağı var onu satır, evin sənədlərini banka girov qoyaraq pul alacaq anası və bacısı xəstədi, narahat olma, pulunu qaytaracaq. Yenə də ona pul lazım olduğunu deyərək ondan pul istədi. Ona dedi ki, maaş kartını da qoyur, 3000 manat pul lazımdı. Evin sənədlərini ona verib onda ona 3000 manat vermişdir. Maaş kartına pul vurulacaq deyərək onu aldatmış, kartdan pul çıxmadı, zəng etmiş cavabdehə, dedi ki, kartlar yenilənir, yenisini gətirəcək. ##.##.2024-cü il tarixdə özünə məxsus olan sosial kartı gətirərək dedi ki, hələ maaş kartı gəlmiyib, hələlik bu kartı qoysun 4200 manat da ver birdəfəlik evi, torpağı satıb verəcək, yenə əl yazma yazaraq kartı qoyub pulu aldı. Həmin kartdan da 2 ay 350 manat pul çıxartmışdır. Yenə də həmin kartdan pul çıxmadı. Zəng etmiş cavabdehə, demiş ki, adına etibarnamə çıxıb, ona görə pulu kəsiblər. Sən demə kartı blok edib, başqa adama verib, pul götürüb. 1 aydan sonra cavabdeh torpağı satmışıq dedi. 1500 manat veriblər yenə verəcəklər dedi. Maaş kartı gəlib ona 5150 manat pul ver, birdə evin sənədlərini qohumun bankdan pul alır borcu var. 5150 manat bağlayıb 2000 manat alacaq verəcək ona kartı ilə ödəyəcək deyərək onu aldadıb kartı qoydu evin sənədlərini götürdü. Sonradan eşitmiş ki, onu işdən çıxarıblar, boş kartı ona verib. Kartı götürüb dəfələrlə evlərinə getmiş. Hər dəfə bir bəhanə ilə onu aldadırdı. Bu günə kimi də pulu qaytarmır. Özü 2-ci qrup əlildir həyat yoldaşı rəhmətə gedib, bütün bunlardan cavabdeh istifadə edib. Ümumilikdə ondan 15800 manat pul alıb, həmin puldan hissə-hissə 3.800 manat qaytarıb 12000 manat qaytarmayıb. Hər dəfə evlərinə gedir pulunu qaytarsın, anası atası ona deyir ki, 8000 manat borcu var, kartları da girovdadır, torpağı satıblar daha heç kimə pul verə bilmirlər. 4.Məhkəmə iclasında iddiaçılar iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. iddiaçı2 əlavə olaraq izahatında qeyd etmişdir ki, pulun bir qismini İmanova Qəribə Həcəhməd qızında götürərək cavabdehə vermişdir. 5.İş üzrə cavabdeh Qaraxanov İlqar Bəhmən oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmiş, lakin əvvəlki məhkəmə iclasında iddiaçıya borcunun mövcud olmadığını, ödənişləri həyata keçirdiyini qeyd etmişdir. 6.Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12000 (on iki min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manatın tutularaq iddiaçı iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızının xeyrinə ödənilməsi qət edilmişdir (hakim Günel Kamilli). 7.Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 529.3, 739.1, 739.2, 882.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 8.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin dəlilləri 9.Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Qaraxanov İlqar Bəhmən oğlu apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edərək, iddia tələbinın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaraxanov İlqar Bəhmən oğlundan 12000 (on iki min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manat tutularaq iddiaçı iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızının xeyrinə ödənilsin. Qaraxanov İlqar Bəhmən oğlu Quba Rayon Məhkəməsinin qeyd edilmiş qətnaməsi ilə razılaşmır, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Quba Rayon Məhkəməsi bu iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur. Bu işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün heç bir tədbir görülməmişdir, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, Qaraxanov İlqar Bəhmən oğlu Quba Rayon Məhkəməsi tərəfindən işə baxılmasının ##.##.2025-ci il tarixinə təyin edildiyini bilərək ##.##.2025-ci il tarixində məhkəməyə rəsmi ərizə ilə müraciət edərək ezamiyyətə getdiyini bildirərək, işin baxılmasını 3 ay müddətində uzadılmasını xahiş etmişdir, lakin məhkəmə onun ərizəsini nəzərə almayaraq, məhkəmədə iştirakını təmin etməyərək onun qanunla qorunan hüquqlarını pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Qaraxanov İlqar Bəhmən oğlu iddiaçılardan 1300 manat borc pul almışdır və onlar borc pulu ona faizlə vermişlər. Belə ki, o, ##.##.2023-cü il tarixində iddiaçılardan 1300 manat borc pul alaraq qəbz yazmışdır, pulu ödəyə bilmədiyi üçün qeyd edilən 1300 manat pulun faizini hesablayaraq ##.##.2023-cü il tarixində 2175 manat borcu olduğu barəsində qəbz yaradıblar, sonradan yenə borcu bağlaya bilmədiyi üçün ##.##.2024-cü il tarixində yenə həmin 2175 manatı faizlə hesablayaraq 3000 manat borcunun olması barəsində qəbz yaradıblar, sonradan borcu tam bağlaya bilmədiyi üçün 3000 manatı faizlə hesablayaraq ondan ##.##.2024-cü il tarixində 4200 manat borc aldığı barəsində, sonradan yenədə borcu bağlaya bilmədiyi üçün ##.##.2025-ci il tarixində 4200 manatı faizlə hesablayaraq ondan 5150 manat borc alması barəsində qəbzlər yaradıblar və sonda 1300 manat borc aldığı pulu faizlərlə hesablayaraq 12000 manat borclu olduğu barədə məhkəmədə iddia qaldırmışdırlar. Qaraxanov İlqar Bəhmən oğlu müxtəlif vaxtlarda iddiaçılara 3800 manat pul qaytarmışdır. Əgər diqqət yetirilsə aşkar şəkildə məlum olacaq ki, Qaraxanov İlqar Bəhmən oğlu bir borcu tam ödəyə bilmədiyi halda ona təkrar-təkrar yüksək məbləğdə pulu borc verirlər və ona imzalatdıqları qəbzlərdə olan borc pul alması barədə olan məbləğlərdən aşkar olunur ki, pul faizlə hesablanmışdır. Qaraxanov İlqar Bəhmən oğlu bir daha qeyd edir ki, o, iddiaçılardan 1300 manat borc alıb faizlə birlikdə özlərinin etiraf etdikləri kimi 3800 manat ödəmişdir, sonradan yaradılmış borc qəbzləri 1300 manatdan faizlə hesabladıqları puldur, onu vadar edərək qəbzləri yazdırıblar, məhkəmə isə qeyd edilən hallara əhəmiyyət verməyərək qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, qeyd etdiyi əsaslara əsasən hesab edir ki, bu iş üzrə qəbul edilmiş qətnamə qanunuz olduğu üçün ləğv edilməlidir. 11.Apellyator həmçinin müddətin bərpasına dair ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı Qətnaməsindən verdiyim apellyasiya şikayətinin müddətini üzürlü səbəbdən buraxdığını nəzərə alaraq müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 12.Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadla Cavabdeh Qaraxanov İlqar Bəhmən oğlunun Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayət vermə müddəti ötürülməmiş hesab edilmiş mülki iş apellyasiya şikayıətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddiaçı2 və İmanova Qəribə Həcəhməd qızı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi(##.##.2016-cı il tarixli redaksiyada) 16.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 18.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 20.Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 21.Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 22.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 23.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslilğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asil olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 30.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 32.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, iddiaçıların izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12000 (on iki min) manat borcun və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manatın tutularaq iddiaçı İmanova Qəribə Həcəhməd qızının xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddiaçı İmanova Qəribə Həcəhməd qızının iddiası təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Belə ki, iş materiallarında olan əlyazma qəbzlərinə əsasən Qaraxanov İlqar Bəhmən oğlu iddiaçı2 ##.##.2024-cü il tarixində 4200 manat, ##.##.2023-cü il tarixində 1300 manat, ##.##.2023-cü il tarixində 2175 manat, ##.##.2024-cü il tarixində 3000 manat, ##.##.2025-ci il tarixdə 5150 manat məbləğində pul almış və həmin pulu qaytarcağına dair öhdəlik götürmüş, ərizəni öz imzası ilə təsdiq etmişdir. 36.Göründüyü kimi, cavabdeh 12000 manat məbləğində pul vəsaitini iddiaçı iddiaçı2 götürmüşdür. 37.Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməyərək, iddiaçı İmanova Qəribə Həcəhməd qızının iddiasını təmin etməklə hazırki iddianı irəli sürməyə subyektiv hüquq olmayan iddiaçı İmanova Qəribə Həcəhməd qızının xeyrinə cavabdehdən pul tutmuşdur. 38.Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 39.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 40.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. 41.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 42.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12000 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 126 manatın tutularaq iddiaçı iddiaçı2 xeyrinə tutulması” hissəsinin ləğvi üçün əsas ola bilməz. 43.Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 44.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən -“cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12000 (on iki min) manat borcun və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manatın tutularaq iddiaçı İmanova Qəribə Həcəhməd qızının xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddiaçı İmanova Qəribə Həcəhməd qızının iddiası təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən “cavabdeh Qaraxanov İlqar Bəhmən oğlundan 12000 (on iki min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manatın tutularaq iddiaçı İmanova Qəribə Həcəhməd qızının xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia İmanova Qəribə Həcəhməd qızına aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-565/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-565/2026
29.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver