Məhkəmə qərarları › İş №2(3-8)-579/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-579/2026

11.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-579/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğluna qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, mülkiyyət hüququnun müdafiəsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi İlham Faiq oğlu Zilfiyevin iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğluna qarşı "torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və s." tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları əsasında onun tərəfindən daş hasarın çəkilməsinə və torpaq sahəsindən istifadəyə cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması və bu hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı onun anasıdır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ##.##.2011-ci ildə iddiaçının adına torpaq sahəsinin çıxarışı və plan ölçü sənədi verilmişdir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsi olmaqla təyinat məqsədi həyətyanı torpaq sahəsidir və xüsusi mülkiyyətdədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icazə və razılaşmaları almış və həmin evin eksiz layihəsi əsasında bu torpaq sahəsində təyinatına uyğun fərdi yaşayış evinin inşasını həyata keçirmək istəyir. Lakin onun əmisi olan cavabdeh Cavabdeh hər vasitə ilə iddiaçıya bu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan vermir, torpaq sahələri arasında hasar olmadığı üçün cavabdeh iddiaçının torpaq sahəsindən istifadə edir, hətta iddiaçı cavabdehin yaşadığı ev ilə ona məxsus torpaq sahəsi arasında sərhəd, hasar çəkmək istədikdə hay-küy qaldırır, nalayiq söyüşlər söyür, hədə-qorxu gəlir. İddiaçı dəfələrlə cavabdehin bu əməlləri ilə bağlı polisə şikayət etmiş və ona izah olunmuşdur ki, həmin hasarın çəkilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə məhkəmə qərarı olmalıdır, həmin qərar olmadığı təqdirdə bununla bağlı hər hansı bir tədbir görmək mümkünsüzdür. Cavabdehin bu hərəkətləri qanunsuz olmaqla iddiaçının mülkiyyət hüquqlarına müdaxilədir və iddiaçı öz mülkündən rahat şəkildə istifadə edə bilmir. Hazırda tərəflərin arasında yaranmış bu mübahisənin yeganə həlli yolu cavabdehin iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yönələn hərəkətlərə son qoyulması və hər iki torpaq sahələrini ayıran hasarın çəkilməsidir. İddiaçıya məxsus olan torpaq sahəsinin dəqiq koordinatları bəllidir və həmin koordinatlar torpaq sahəsinə dair verilmiş plan və ölçüdə qeyd olunmuşdur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi 1611012346 qeydiyyat nömrəsi ilə, ##.##.2011-ci ildə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar əsasında iddiaçı tərəfindən daş hasarın çəkilməsinə və həmin torpaq sahəsindən istifadə edilməsinə cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması və sözügedən hərəkətlərin edilməsinin cavabdeh Cavabdeh qadağan olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ və IV bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi və 84-cü maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

7. Cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin sözü gedən qətnaməsi ilə onun maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın üzvlərinin nəzərinə çatdırmaq istəyir ki, işin mahiyyəti aşağıdakılardan ibarətdir. Abşeron aryonu, Saray qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinin alqı-satqısı 15 il əvvəl olmuş, lakin onun bacısının payı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəzərə alınmamışdır. Onun atasının adı sənədlərdə düzgün göstərilməmişdir. Bununla əlaqədar olaraq məhkəməyə eyni şəxs olması faktının müəyyən edilməsi tələbi ilə müraciət etmişdir. Müvafiq qətnamə ilə iddiası təmin edilmişdir. Daha sonra DƏDRX-nə müraciət etmiş, imtina aldıqdan sonra yenidən İnzibati Məhkəməyə müraciət edəcəkdir. Onun bacısının pay torpağında hər hansı tikili inşa edilərsə, o, həmin tikilini sökdürmək üçün bütün aidiyyatı qurumlara müraciət edəcəkdir. Hesab edir ki, sübutlar obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmamış, qətnamə qəbul edilən zaman qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun olmayan qətnamə qət olunmuşdur. Bütün bunların nəzərə alınmasını və qətnaməni apellyasiya qaydasında ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə qət edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi Zilfiyev İlham Faiq oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

11. İş üzrə cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğlu verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə daş hasarın çəkilməsinə və torpaq sahəsindən istifadəyə cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması və bu hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir /bax bənd 5/.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ##.##.2011-ci ildə iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Lakin buna baxmayaraq cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Belə ki, iddiaçı İddiaçı çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icazə və razılaşmaları almış və həmin evin eksiz layihəsi əsasında bu torpaq sahəsində təyinatına uyğun tikinti həyata keçirmək istəsə də, cavabdeh Cavabdeh iddiaçıya bu torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına və torpaq sahəsindən istifadəyə icazə verməməklə, iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr törətmişdir. Belə olan təqdirdə məhkəmə belə qərara gəlmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar əsasında iddiaçı tərəfindən daş hasarın çəkilməsinə və həmin torpaq sahəsindən istifadə edilməsinə cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmalı və sözügedən hərəkətlərin edilməsi cavabdeh Cavabdeh qadağan olunmalıdır.

22. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğlu apellyasiya şikayəti vermişdir.

23. Şikayətin dəlillərindən görünür ki, apellyator maddi və prosessual hüquqlarının pozulduğunu, həmin torpaq sahəsində bacısının payı olduğunu mübahisələndirmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır.

25. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

26. Araşdırılan iddia tələbindən görünür ki, mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.

27. Qeyd olunmalıdır ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.

29. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

30. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər formal mülahizələr olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Mübahisə mahiyyəti üzrədüzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Zilfiyev Rasim Bəgməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar