Məhkəmə qərarları › İş №2(3-8)-594/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-594/2026

19.08.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-594/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Balayev İlham Arif oğlunun cavabdeh Cavabdeh qarşı gediş-gəliş yolunda olan maneələrin aradan qaldırılması və qanunsuz tikintilərin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh Cavabdeh, cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı Balayev İlham Arif oğlunun cavabdeh Cavabdeh qarşı gediş-gəliş yolunda olan maneələrin aradan qaldırılması və qanunsuz tikintilərin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Balayev İlham Arif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun və ailəsinin mülkiyyətində olan Quba rayonu Alpan kəndində olan həyətində yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törətdiyi maneələrin aradan qaldırılması və qanunsuz tikintinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən atası X1 adına Quba rayonu Alpan kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hal-hazırda ailəsi lə birlikdə həmin evdə yaşayır. Cavabdeh Cavabdeh onun qonşusudur, həyətinə olan giriş-çıxış yoluna müdaxilə edərək özünə aid olmayan torpaqda tikinti işləri aparmış onun bağına və həyətinə gedən yolu tam bağlamış, həyətinə gedən yolun 10-15 metrə hissəsini zəbt etmişdir. O, dəfələrlə cavabdeh Cavabdeh qanunsuz hərəkətlərinə, tikinti işləri aparmasına dair xəbərdarlıq etməyinə baxmayaraq öz qanunsuz hərəkətlərinə son qoymağdan imtina etmişdir. O, cavabdeh Cavabdeh qanunsuz hərəkətləri barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciət etmişdir. Alpan bələdiyyəsi Cavabdeh xəbərdarlıq etməsinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu barədə Alpan bələdiyyəsində ## ### 2024-cü il tarixdə akt tərtib etmişdir. İddia ərizəsinə əlavə etdiyi ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan aşkar olur ki, mərhum atası X1 adına Quba rayonun Alpan kəndində 0.07 ha həyətyanı torpaq sahəsi olmuş, Quba Regional “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinin ## #### 2024-cü il tarixli məktubuna əsasən, o, ##.##.1999-cu il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəsidir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən biri gediş-gəliş yolunun cavabdeh Cavabdeh müdaxilə etməzdən əvvəlki vəziyyəti, digər fotoşəkildə hal-hazırda cavabdeh Cavabdeh tikinti işləri apardığından sonrakı vəziyyəti əks etdirir. Həmin fotoşəkillərdən sübut olunur ki, cavabdeh Cavabdeh yola müdaxilə edərək qanunsuz tikinti işləri aparmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərtib etdiyi ## ### 2024-cü il tarixli aktdan da, aşkar olur ki, cavabdeh C.Nuriyev ümumi gediş yolunu zəbt edərək həmin yolda qanunsuz tikinti işləri aparmışdır. Cavabdeh onun evinə gedən yolda qanunsuz tikinti işləri apararaq yolu zəbt etmiş və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Əgər iş üzrə ekspertiza keçirilərsə məlum olacaqdır ki, cavabdeh həqiqətən onun evinə gedən yolu zəbt edərək qanunsuz tikinti işləri apararaq onun gediş-gəlişinə maneə törədir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən sərbəst istifadə edə bilmir.

3. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim N.Xəlilova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçı Balayev İlham Arif oğluna və ailə üzvlərinə Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törədilən maneələr aradan qaldırılması və qanunsuz tikintinin sökülməsi, məhkəmə-tikintitexniki ekspertizasının xərci olan 100 (yüz) manat cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X14, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ01360100000000003944 SFİFT BİK CTREAZ** saylı hesabına köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini mübahisəli ərazidə cavabdeh tərəfindən hasar və dəmir qapının quraşdırılmasını, ## ### 2024-cü il tarixli aktı, fotoşəkilləri və məhkəmə tikinti-texniki ekspertizasının rəyini nəzərə alaraq cavabdehin iddiaçının gedişgəlişinə maneə yaratdığı qənaətinə gəlməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi işin materiallarına düzgün istinad etmədən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarıldığından qanunsuz və əsasızlığına görə ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Tikinti- Texniki Ekspertizasının ##.##.2025-ci il tarixli rəyi kifayət qədər aydın və ya tam olmadığına görə əlavə ekspertiza təyin edilməli olduğu halda təyin edilməmişdir. Həmin ekspertiza dəqiq yoxlama apardığı halda cavabdeh Cavabdeh tərəfindən maneə yaradılmadığı müəyyən olunardı. Halbuki, apellyasiya şikayətinə əlavə edilmiş fotoşəkildən göründüyü kimi Balayev İlham Arif oğlunun mülkiyyətində olan torpaq sahəsində giriş-çıxışa heç bir maneə yaradılmamışdır. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatında həyətinə gedən yolun 10-15 metrə hissəsini zəbt edildiyini bildirməsi yuxarıda qeyd etdiyi fotoşəkildən göründüyü kimi əsassızdır. Eləcə də, məhkəmə kifayət qədər araşdırma aparmadan, cavabdehin dəlillərini yoxlamadan, ekspertin kifayət qədər aydın olmayan rəyinə əsaslanıb əsassız olaraq iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməyə və ümumilikdə mülkiyyət hüququna mane olduğu qənaətinə gəlmişdir. İddiaçı X1 adına Quba rayonu Alpan kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsinin olduğunu bildirsə də, real olaraq 0.10 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdeh Cavabdeh iddia edir ki, məhkəmə ekspert rəyi ilə razılaşmayaraq əlavə ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Ağarıza adlı ekspertə tapşırmış, lakin ekspert rəyi məhkəməyə daxil olmadan qətnamə qəbul etmişdir. Bundan başqa, sözügedən qətnamədə Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən bələdiyyə aktına istinad olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh tərfindən X1 məxsus torpaq sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Halbuki, Cavabdeh bələdiyyədən razılıq aldıqdan sonra tikinti işləri aparmışdır. Lakin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sədri X5 rəhmətə getdikdən sonra X2 kənd İƏD üzrə icra nümayəndəliyində işləyən qohumu vasitəsi ilə bələdiyyə tərəfindən qanunsuz yeni akt qəbul edilməsinə nail olmuşdur. Lakin, ## #### 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən torpaq zəbti olmamış və Arif Balayevin istifadəsində olan torpaq sahəsinə maneə yaradılmamışdır. Habelə,Quba rayonu Alpan bələdiyyəsi tərəfindən ##.##.2023-cü il tarixli, ***/** saylı sorğuya cavab olan bildirişdə göstərilmişdir ki, Cavabdeh verilmiş torpaq sahəsindən istifadəyə dair dövlət və bələdiyyə orqanları tərəfindən həbs, qadağa və ya digər məhdudiyyət yoxdur və vətəndaş Cavabdeh həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun başlanğıcında həmin şəxsin özünə məxsus həyət qapısının qoyulmasına Alpan Bələdiyyəsi etiraz etmir. Bununla da, məhkəmə qətnaməsini tərəflərin təqdim etdiyi bütün sübutlara, izahatlara və sənədlərə əsaslanaraq, obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirməsini tələb edir. Lakin məhkəmə real maddi vəziyyətini və iqtisadi imkanlarını təhlil etmədən, şəxsi mülahizələrinə və formal göstəricələrə əsaslanaraq qərar verib. Bu yanaşma prosessual ədalətin təmin olunması prinsipinə ziddir və təqdim olunan sübutların obyektiv şəkildə qiymətləndirilməməsi nəticəsində qərarın etibarlılığı və tərəflərin hüquqlarının tam təmin olunması pozulub. Beləkilə, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd оlmaqla, qanuni və əsaslı deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı Balayev İlham Arif oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən həmin hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

17. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini mübahisəli ərazidə cavabdeh tərəfindən hasar və dəmir qapının quraşdırılmasını, ## ### 2024-cü il tarixli aktı, fotoşəkilləri və məhkəmə tikinti-texniki ekspertizasının rəyini nəzərə alaraq cavabdehin iddiaçının gedişgəlişinə maneə yaratdığı qənaətinə gəlməsi ilə əsaslandırmışdır.

18. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmadığını, quraşdırılmış darvazanın hazırkı vəziyyəti iddiaçının hər hansı hüquq və qanuni mənafeyini pozmadığını və onun həyətyanı sahəsinə gediş-gəliş imkanını məhdudlaşdırmadığını, əksinə öz həyətinə sərbəst daxil ola bildiyini, digər kənd sakinlərinin ümumi gediş-gəliş yollarına, o cümlədən iddiaçının öz evinə gedən yola hər hansı maneə yaratmadığını, mövcud ekspert rəyinin iddiaçının gediş-gəlişinin faktiki olaraq bağlanmasını təsdiq etmədiyini, məhkəmənin isə sübutları tam və hərtərəfli araşdırmadan düzgün olmayan nəticəyə gəldiyini bildirmişdir.

19. İşdən görünür ki, iddiaçı cavabdehin onun Quba rayonu, Alpan kəndində yerləşən həyətyanı torpaq və bağ sahəsinə gedən yolu tam bağlayaraq özünə aid olmayan torpaqda tikinti işləri aparmaqla, yolun müəyyən hissəsini zəbt etdiyini, xəbərdarlıqlara baxmayaraq qanunsuz hərəkətlərinə son qoymasından imtina etdiyini, nəticədə onu öz əmlakından sərbəst istifadə etməsinə maneə yaratdığını bildirərək, yaranmış maneələrin aradan qaldırılmasını və qanunsuz tikilinin sökülməsini tələb etmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının istinad etdiyi hüquqi müdafiə vasitəsinin hüquqi mahiyyəti və onun tətbiqi şərtləri müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən həmin hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Sözügedən hüquq norması mülkiyyət hüququnun pozuntudan müdafiəsinin üsullarından birini nəzərdə tutur. Həmin normanın tətbiqi üçün təkcə cavabdehin müəyyən hərəkət etməsi və ya mübahisəli ərazidə hər hansı tikinti, hasar və ya qapı quraşdırması kifayət etmir. Mülkiyyətçinin həmin müdafiə üsulundan istifadə edə bilməsi üçün konkret olaraq onun əmlaka sahiblik, istifadə və ya sərəncam hüququnun həyata keçirilməsinə real və faktiki maneənin mövcudluğu müəyyən edilməlidir.

23. Başqa sözlə, Mülki Məcəllənin 157.4-cü maddəsi əsasında iddianın təmin edilməsi üçün iddiaçı bir tərəfdən, müdafiə olunan hüququnun mövcudluğu, digər tərəfdən isə məhz cavabdehin hərəkətləri nəticəsində həmin hüququn həyata keçirilməsinə konkret və davam edən maneənin yaradılması sübuta yetirilməlidir. Cavabdehin müəyyən tikinti aparması və ya öz istifadə etdiyi ərazidə darvaza qoyması, həmin hərəkətin iddiaçının hüquqlarının həyata keçirilməsinə faktiki maneə yaratdığı müəyyən edilmədiyi halda, özlüyündə Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş hüquq pozuntusunun mövcudluğu kimi qiymətləndirilə bilməz.

24. Nəzərə alınmalıdır ki, bu maddədə nəzərdə tutulan müdafiə mexanizminin tətbiqi üçün mülkiyyətə qəsd və başqa maneənin real və konkret olması tələb olunur. Bu norma abstrakt narahatlığın və ya ehtimal olunan məhdudiyyətin aradan qaldırılmasına deyil, artıq mövcud olan hüquq pozuntusunun qarşısının alınmasına və ya davam edən pozuntunun aradan qaldırılmasına yönəlmişdir.

25. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslarından biri iş üzrə keçirilmiş ## ###### 2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi olmuşdur. Həmin rəydən isə, ilk növbədə, cavabdehə aid torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə iddiaçının istinad etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Ekspert, həmçinin, iddiaçının gediş-gəliş yolu kimi göstərdiyi torpaq sahəsindən faktiki olaraq cavabdehin istifadə etdiyini və həmin ərazidə hasar və dəmir qapının quraşdırıldığını bildirmişdir.

26. Lakin həmin rəydə cavabdehin iddiaçının gediş-gəliş yolunu bağlaması və ya iddiaçının öz bağ və həyətyanı sahəsinə daxil olmasının faktiki olaraq mümkün olmaması barədə nəticə yoxdur. Ekspert rəyində yalnız müəyyən ərazidən faktiki istifadə edilməsi və həmin ərazidə hasar və dəmir qapının mövcudluğu göstərilmişdir.

27. Deməli, ekspert rəyinin məzmunundan iddiaçının mülkiyyət və ya istifadə hüququnun həyata keçirilməsinə Mülki Məcəllənin 157.4-cü maddəsinin tətbiqinə əsas verən konkret maneənin yaradıldığı nəticəsi çıxmır.

28. Aşağı instansiya məhkəməsi isə ekspert rəyində müəyyən edilmiş “hasar və dəmir qapının mövcudluğu” halını iddiaçının gediş-gəlişinə maneənin yaradılmasının sübutu kimi qiymətləndirmişdir. Halbuki, həmin iki hal hüquqi və faktiki baxımdan eyni məzmun daşımır. Mübahisəli ərazidə hasarın və ya qapının mövcud olması hələ həmin hasarın və ya qapının iddiaçının fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə girişini bağlaması və onun əmlakından istifadə imkanını məhdudlaşdırması demək deyildir.

29. Məhkəmə kollegiyası məhz bu halın müəyyən edilməsi üçün apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerli baxış keçirmiş və ərazinin faktiki vəziyyəti bilavasitə müşahidə edilmişdir. Yerli baxışın gedişində aparılmış videoçəkilişdə də mübahisəli ərazinin və tərəflərin həyətyanı və bağ sahələrinə giriş-çıxış imkanlarının faktiki vəziyyəti qeydə alınmışdır.

30. Xüsusilə qeyd olunmalıdır ki, yerli baxış məhkəmənin mübahisəli ərazinin faktiki vəziyyətini birbaşa müşahidə etməsinə imkan verən sübutetmə vasitəsidir. Hazırkı işdə iddia tələbinin əsasını təşkil edən əsas faktiki məsələ məhz iddiaçının bağ və həyətyanı sahəsinə giriş-çıxış imkanının cavabdehin məhdudlaşdırılıb-məhdudlaşdırılmaması olduğundan, yerli baxış zamanı müəyyən edilmiş hallar mübahisənin həlli üçün xüsusi əhəmiyyət daşıyır.

31. Yerli baxış zamanı iddiaçının apellyasiya şikayətində və iddia ərizəsində istinad etdiyi əsas faktiki hal, yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçının bağ və həyətyanı sahəsinə gediş-gəlişinin bağlanması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyasının birbaşa müşahidəsi zamanı iddiaçıya məxsus həyətyanı sahəsinə faktiki istifadə edə bilən giriş qapısının olduğu, həmin darvazanın cavabdeh tərəfindən quraşdırılmış darvazadan təxminən 10 metr aralı məsafədə yerləşməsi, cavabdehin yaşadığı evin giriş-çıxışı üçün istifadə etdiyi yolda (dalan) yerləşən darvazasının əvvəlki yerindən təxminən 8 metr irəli çəkməsi, iddiaçının öz həyət və bağ sahəsinə gediş-gəlişinə heç bir fiziki maneə yaratmadığı, əksinə iddiaçının kəndə gələn əsas yoldan həyətinə birbaşa dönməklə sərbəst şəkildə daxil olmağa imkan verən, təxminən 3,5 metr enində böyük darvazasının olması, ona istər piyada, istərsə də avtomobillə sərbəst hərəkət imkanı verir.

32. Həmçinin o da müəyyən edilmişdir ki, iddiaçı öz hasarına bitişik inşa etdiyi qeyriyaşayış sahəsi ilə ona məxsus fərdi yaşayış evi arasında kifayət qədər enli piyada keçidinin olması iddiaçıya həmin keçid vasitəsilə evin arxa və bağça hissəsinə sərbəst keçmək imkanı yaradır. Bu hal yerli baxış zamanı bilavasitə müşahidə edilmiş və aparılmış videoçəkilişlə qeydə alınmışdır.

33. Göründüyü kimi mübahisəli darvazanın mövcud vəziyyətinin iddiaçının həyətyanı və bağ sahəsinə giriş və çıxışı faktiki olaraq mümkünsüz etdiyi və ya əhəmiyyətli dərəcədə çətinləşdirdiyi müəyyən olunmur.

34. Qeyd olunmalıdır ki, yerli baxış nəticəsində müəyyən edilmiş faktiki vəziyyət iddiaçının cavabdehin hərəkətləri nəticəsində öz fərdi yaşayış evinə, eləcə də evin arxasında yerləşən bağ sahəsinə daxil olmaq imkanından məhrum edilməsi barədə dəlillərini təsdiq etməmişdir.

35. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının yalnız cavadehə xidmət edən yola (dalana) sonradan açdığı əlavə kiçik əl qapısından istifadə etməsi onun yaşayış evinin arxa və bağça hissəsinə keçməsi üçün yeganə və zəruri giriş vasitəsi deyildir. Əksinə, iddiaçının özünə məxsus əsas giriş darvazasından həyətə daxil olmaqla, həyətin daxilində yerləşən yaşayış evi ilə qeyri-yaşayış sahəsi arasındakı mövcud keçiddən istifadə etməklə evin arxa və bağça hissəsinə sərbəst keçməi imkanı mövcuddur.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının mübahisəli əraziyə (dalana) sonradan açdığı kiçik əl qapısından istifadə etməsinin zəruri xarakter daşıması iş materialları və yerli baxış zamanı müəyyən edilmiş faktiki vəziyyətlə təsdiq olunmur.

37. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçının sonradan açdığı kiçik əl qapısından istifadə etməsi onun üçün daha əlverişli və ya qısa keçid hesab edilə bilər. Lakin şəxsin müəyyən keçiddən istifadə etməsinin daha rahat olması həmin keçidin hüquqi baxımdan zəruri olması və başqa keçidin mövcudluğunun mümkünsüzlüyü anlamına gəlmir. Hazırkı iş üzrə iddiaçının öz yaşayış sahəsinə əsas yoldan daxil olmasına imkan verən geniş avtomobil darvazasının mövcudluğu, həmin darvazadan həyətə sərbəst girişin təmin edilməsi, habelə həyətin daxilindən evin arxa və bağça hissəsinə keçməyə imkan verən kifayət qədər enli keçidin mövcudluğu yerli baxış zamanı öz təsdiqini tapmışdır.

38. Beləliklə, iddiaçının mübahisəli əraziyə (dalan) sonradan açdığı əlavə əl qapısından istifadənin onun üçün yeganə və zəruri keçid olması müəyyən edilmədiyindən, həmin qapıya münasibətdə yaranmış hər hansı məhdudiyyətin onun mülkiyyət hüququnun və ya qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən darvazanın əvvəlki yerindən təxminən 8 metr irəli çəkildiyi ərazi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla, bələdiyyə tərəfindən irəli sürülmüş tələbdən də imtina edilmiş və sonuncunun mövqeyinə əsasən, sözügedən torpaq sahəsindən cavabdehin istifadə etməsi onun mülkiyyət hüququna, habelə ərazidə yaşayan kənd sakinlərinin, o cümlədən iddiaçının hüquq və qanunla qorunan mənafelərinə toxunmur.

40. Belə olan halda, iddiaçının “gediş-gəliş yolunun bağlanması” barədə iddiası məhkəmə kollegiyasının birbaşa apardığı müşahidə nəticəsində öz təsdiqini tapmamışdır.

41. Lakin cavabdehin iddiaçının istifadə etdiyi gediş-gəliş yoluna maneə yaratdığını qənaətinə gələrək iddianın təmin olunması barədə nəticəyə gələn aşağı instansiya məhkəməsi həmin maneənin konkret olaraq nədən ibarət olduğunu və iddiaçının öz əmlakından hansı formada istifadə edə bilmədiyini kifayət qədər əsaslandırmamış, eləcə də iddiaçının gediş-gəliş imkanının məhdudlaşdırılması barədə gəldiyi nəticə faktiki vəziyyətlə uyğunluq təşkil etmir.

42. Digər tərəfdən, iş üzrə ## ### 2024-cü il tarixli aktın mövcudluğu da iddiaçının hazırkı tələbinin təmin edilməsi üçün kifayət edən və həlledici sübut kimi qəbul edilə bilməz. Həmin aktda cavabdehin ümumi istifadədə olan yola müdaxilə etməsi və hasar çəkilməsi üçün qazıntı işləri aparması barədə məlumatı özündə əks etdirir. Aktın mövcudluğu, özlüyündə, cavabdehin konkret olaraq iddiaçının həyətyan və bağ sahəsinə giriş-çıxışın bağladığını və iddiaçının Mülki Məcəllənin 157.4-cü maddəsi ilə müdafiə olunan hüquqlarının faktiki olaraq pozulduğunu sübuta yetirmir. Hazırkı mübahisədə araşdırılmalı olan əsas məsələ cavabdehin hərəkətlərinin ümumi şəkildə qanunsuz olub-olmaması deyil, məhz iddiaçının subyektiv hüququnun pozulubpozulmadığı və həmin pozuntunun aradan qaldırılması üçün mülki-hüquqi müdafiə vasitəsinin tətbiqinə əsasın olub-olmamasıdır.

43. Məhkəmənin özünün istinad etdiyi hüquqi mövqedən də belə nəticə çıxır ki, məhkəmə, ilk növbədə, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğunu və həmin hüququn cavabdeh tərəfindən pozulması faktını müəyyən etməlidir. Yalnız bu iki hal müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə qaydasında müdafiəsinə yol verilə bilər.

44. Hazırkı halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hüququn cavabdeh tərəfindən faktiki olaraq pozulması sübuta yetirilməmişdir.

45. İddiaçı tərəfindən irəli sürülən tələb mülkiyyət hüququnun və ya istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması barədədir. Belə tələb üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü, ilk növbədə, onun hüququnun hansı konkret hərəkətlə və hansı formada pozulduğunu göstərməkdən ibarətdir. İddiaçının cavabdehin müəyyən ərazidə hasar və darvaza quraşdırmasına istinad etməsi həmin hasar və darvazanın məhz onun həyətinə giriş-çıxışı bağladığını və onun əmlakından istifadə imkanını aradan qaldırdığını sübut etmir.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.4-cü maddəsi hər hansı tikintinin və ya qurğunun sırf iddiaçı tərəfindən arzuolunmaz hesab edilməsi əsasında sökülməsini nəzərdə tutmur. Həmin norma yalnız mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə qəsd və ya başqa real maneə törədildiyi halda belə maneənin aradan qaldırılmasına yönəlmişdir.

47. Hazırkı iş üzrə isə cavabdehin öz ünvanına gedən yolda quraşdırdığı hasar və dəmir qapının iddiaçının həyətinə və evinin arxasında yerləşən bağçasına giriş-çıxışını bağladığı, iddiaçını öz əmlakından istifadə etmək imkanından məhrum etdiyi və ya onun mülkiyyət hüququnun həyata keçirilməsinə başqa formada faktiki maneə yaratdığı öz təsdiqini tapmır.

48. Odur ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquqi şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, gediş-gəliş yolunda olan maneələrin aradan qaldırılması və qanunsuz tikintilərin sökülməsi barədə iddia tələbi təmin edilə bilməz.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsində toplanmış və apellyasiya baxışı zamanı araşdırılmış sübutları, tərəflərin izahatlarını, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyini, habelə mübahisəli əraziyə məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxışın nəticələrini birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

50. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

52. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

53. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı Balayev İlham Arif oğlundan birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X14, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Balayev İlham Arif oğlunun cavabdeh Cavabdeh qarşı gediş-gəliş yolunda olan maneələrin aradan qaldırılması və qanunsuz tikintilərin sökülməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı Balayev İlham Arif oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X14, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar