Məhkəmə qərarları › İş №2(3-8)-598/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-598/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-598/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Zeynalova (Əlizadə) Sevanə Firdovsi qızının cavabdeh «xxxx Residence» MTK-ya qarşı mülki iş üzrə (Açar söz: borcun silinməsi və maliyyə arayışının verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Zeynalova (Əlizadə) Sevanə Firdovsi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Zeynalova (Əlizadə) Sevanə Firdovsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx Residence» MTK tərəfindən ona hesablanmış 2644 manat borcun silinməsi və mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı X2 iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh “xxxx” Yaşayış Kompleksi MMC ilə aralarında bağlanmış olan müqavilə əsasında həmin kompleksin ** saylı evin ** saylı mənzilində ev əldə etmişdir. Eyni zamanda o, cavabdeh ilə ##.##.2015ci il tarixdə çoxmənzilli tikinti işlərinin aparılması ilə bağlı müqavilə də bağlamışdır. Beləliklə, həmin mənzilə dair sahiblik və istifadə hüququ əldə etmişdir. Eyni zamanda həmin müqavilələr əsasında, uzun müddətdir ki, həmin mənzilə sahiblik edir. Ona məxsus nömrəyə SMS bildiriş gəlmiş və bildirilmişdir ki, onun 2644 manat borcu vardır. Qeyd edir ki, onun hər hansı bir borcu yoxdur. Ona bu qədər borcun olması, niyə və hansı əsaslarla olması qeyri-müəyyəndir. Hər hansı bir əsas olmadan ona qanunsuz və əsassız hesablanmış 2644 manat borcu silinməsi ilə əlaqədar pretenziya məktubuna cavab verilməmişdir. Hesab edir ki, o, hər hansı bir müqavilə üzrə bu qədər məbləğin yığılması barədə hər hansı bir öhdəlik götürməmişdir. Bu əsasla da ona evin alınması ilə bağlı cavabdeh tərəfindən onamaliyyə arayışı da verilməmişdir. Öhdəliklər onun tərəfindən tam yerinə yetirilmişdir. Cavabdehə olan mənzilə görə bütün borclar onun tərəfindən ödənilmişdir.

3. «xxxx» MTK-nın sorğuya cavabından görünür ki, X2 2016-cı il tarixdən 2025cü il tairxədək kommnal və istilik ödənişləri üzrə heç bir ödəniş etməmiş, 2025-ci ilin sonuna yaranmış borc məbləği 2770 manat təşkil edir.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X2 “xxxx Yaşayış Kompleksi” MMC ilə aralarında binalara kommunal xidmətlərin göstərilməsi barədə bağlanmış ## ###### 2015-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən hər ayın sonunda MMC tərəfindən ona göstərilən kommunal xidmətlərin xərclərini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tərəf “xxxx” Yaşayış Kompleksi MMC-nin ** saylı evin ** saylı mənzili ilə bağlı ona hesablanmış 2644 manat borcun əsassız olduğunu və cavabdeh MTK-ya hər hansı bir borcunun olmamasını bildirsə də iddia ərizəsində qeyd edilən halları sübut edə bilməmiş, həmçinin borcun silinməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddianın bu hissədə əsaslı olmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə iddia tələbinin mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı X2 iddia ərizəsində ona evin alınması ilə bağlı cavabdeh tərəfindən maliyyə arayışının verilmədiyini, halbuki cavabdeh ilə bağlanmış müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini və mənzilə görə сavabdehə olan bütün borclarını ödədiyini bildirsə də iddia ərizəsinə cavabdeh şirkətdən ona təqdim edilməsini tələb etdiyi maliyyə arayışının surətini də əlavə etmişdir. Beləliklə, iddia ərizəsində qeyd edilən bu xüsusat da təkzib olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135, 136-cı maddələrinə, MPM-nin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı X2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzli aldıqdan sonra həmin ünvanda yaşamamış, istilik enerjisindən istifadə etməmişdir. Həmin kompelksdə bütün evlərin təbi qazı olmadığı üçün ümumi istilik enerjisindən istifadə edilməkdədir. Məbləğlərin bir çox hissəsi də məhz bu hala görə yaranmışdır. Ev alındığı gündən istilik enerjisinin verilməsi hələ ev təmir edilməmişdən əvvəl quraşdırılır. Ev alınan zaman məcburi olaraq müqavilə bağlanılır. Bu halda özlüyündə onu məcbur etmişdir. Ancaq o, həmin istilikdən istifadə etməmiş, ancaq bu qədər borc yaranmışdır. Bunun kommunal xərclə heç bir bağlılığı yoxdur. Cavabdeh tərəf həqiqətəndə onun və ailə üzvülərinin orda yaşamamasını təsdiq edən halları müəyyən etməmişdir. Məhkəmə mühüm əhəmiyyətli olan halı yəni, onun həmin evdə yaşamamağını müəyyən etməmişdir. bu hala ümumiyyətlə toxunmamışdır. Ev onun sahibliyinə keçdiyi vaxtda etibarən həmin evdə bir gün belə yaşamamış, hər hansı bir komunal xidmətdən o cümlədən istilik enerjisindən istifadə etməmişdir. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmamışdır. Belə olduğu halda mülkiyyət hüququna aid edilən hallar ona aid edilə bilməz. Onu da qeyd edir ki, evin ümumi təbii qaz verilmədiyi üçün binaya mərkəzi isitmə sistemi ilə təchiz olunmuşdur. Bu xərclərində çox hissəsi məhz buna görə yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

11. «xxxx» MTK ilə sifarişçi X2 arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında ## ###### 2015-ci il tarixli, ***/**** nömrəli müqavilənin surətindən görünür ki, podratçı «xxxx» MTK sifarişçi X2 bu müqaviləni əsas tutaraq sifariş etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, ** №-li yaşayış binasında, 1c blokda, 6c mərtəbədə yerləşən, ümumi sahəsi 73,6 kv.m olan 2 otaqlı, ** №-li mənzilin tikintisini və müqavilədə göstərilən bütün şərtləri icra edib sifarişçi X2 mənzilin daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi, sifarişçi X2 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

12. «xxxx» MTK tərəfindən verilmiş payçılıq vəziyyəti barədə ## ###### 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, sifarişçi X2 «xxxx» MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən MTKya üzv olmuşdur və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «xxxx» МТKуа məxsus yaşayış kompleksində ** №-li binada, 1c blokda, 6c mərtəbədə 2 otaqlı, sahəsi 73,6 kv.m olan ** saylı mənzil almışdır. Sifarişçi mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur.

13. “xxxx Yaşayış Kompleksi” MMC ilə X2 arasında bağlanmış ## ###### 2015-ci il tarixli müqavilələrdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi- 1 ünvanında “xxxx Yaşayış Kompleksi” MMC-yə aid binalarda təmir işlərinin aparılması və həmin binalara kommunal xidmətlərin göstərilməsi üzrə xidmət xaqlarını ödəməyi öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, işin müəyyən edimiş hallarına əsasən «xxxx» MTK ilə iddiaçı Zeynalova (Əlizadə) Sevanə Firdovsi qızı arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında ## ###### 2015-ci il tarixli, ***/**** nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, ** №-li yaşayış binasında, 1c blokda, 6c mərtəbədə yerləşən, ümumi sahəsi 73,6 kv.m olan 2 otaqlı, ** nömrəli mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı pay haqqını tam ödəməklə, həmin evə mülkiyyət hüququnu əldə etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edimişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği kommunal xidmətlərə görə və çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanmasına görə ödənilməli olan haqq olmuşdur. Belə ki, “xxxx Yaşayış Kompleksi” MMC ilə X2 arasında bağlanmış ## ###### 2015-ci il tarixli müqavilə bağlanaraq, iddiaçının mənzilinin yerləşdiyi çoxmənzilli binada təmir işlərinin aparılması və həmin binalara kommunal xidmətlərin göstərilməsi barədə müqavilə üzrə o, xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçı həmin mənzildə yaşamadığını iddia edərək borcun silinməsini tələb etmişdir. Hərçənd ki, yuxarıda istinad olunan Mənzil Məcəlləsinin tələbinə əsasən mənzil-tikinti kooperativi üzvlərinin mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Digər tərəfdən isə iddiaçı məhkəmə iclalarına gəlməmiş, mübahisəli mənzildə yaşamamasına, kommunal xidmətlərdən istifadə etməməsinə dair mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir.

19. Mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması hissəsi ilə bağlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 iddia ərizəsində ona evin alınması ilə bağlı cavabdeh tərəfindən maliyyə arayışının verilmədiyini, halbuki cavabdeh ilə bağlanmış müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini və mənzilə görə сavabdehə olan bütün borclarını ödədiyini bildirsə də iddia ərizəsinə «xxxx» MTK-dan ona təqdim edilməsini tələb etdiyi maliyyə arayışının surətini əlavə etmişdir. Digər tərəfdən isə hazırkı iş üzrə cavabdeh müqavilə əsasında çoxmənzilli binanın ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri, habelə kommunal xidmətlərin göstərilməsi ilə məşğul olan şəxs olmuşdur ki, belə olan halda qeyd olunan tələb üzrə iddiaya cavab verməli olmayan şəxs olmuşdur.

20. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində, mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının rədd ediməsi hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar