Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-604/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Kərimova İlhamə Rafiq qızına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Kərimova İlhamə Rafiq qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Kərimova İlhamə Rafiq qızına qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Kərimova İlhamə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Kərimova İlhamə Rafiq qızı ##.##.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində İddiaçı məxsus 400 manat dəyərində müşahidə kamerasını qəsdən sındıraraq ona maddi zərər vurmuşdur. Həmin faktla bağlı Kərimova İlhamə Rafiq qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə ## #### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərimova İlhamə Rafiq qızından 400 manat maddi, 3000 manat mənəvi zərər və 55 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Kərimova İlhamə Rafiq qızı anası Naxış Kərimova birlikdə Sizəyan rayonu, Beşdam kəndində qeydiyyatda olsalar da, faktiki olaraq Stansiya Sumqayıt qəsəbəsində qonşuluqda olan fərdi evdə yaşayırlar. Onlar uzun müddətdir ona və ailə üzvlərinə qarşı qərəzçilik edirlər, qəsdən onlara şər-böhtan atır, DİN-nin “102” Qaynar xəttinə şikayətlər edirlər. Cavabdehin və anasının şər-böhtan xarakterli şikayətlərinə görə təqsirsizliyini sübut etmək üçün yaşadıqları evin ətrafında şəxsi vəsaiti hesabına müşahidə kameraları quraşdırmağa məcbur olmuşdur. Yaşadıqları həyətdə onun evindən başqa, oğulları Rizvana və Əfqana məxsus fərdi yaşayış evləri də var. ##.##.2024-cü il tarixdə axşam saatlarında oğlu Əfqana məxsus evdə olarkən kameralara qoşulmuş evdəki monitora baxan zaman qonşuluqda yaşayan İlhamə Kərimova ilə anası Naxış Kərimovanın küçə qapısının qarşısına gələrək evin hasarına quraşdırdıqları kameraları əlindəki taxta ilə qırmağa başladığını və sındırdığını görmüşdür. Bundan sonra, İlhamə Kərimova dalbadal çöl qapıya möhkəm vuraraq onların evdən çıxmalarını tələb etmiş, evdən çıxmadıqları halda evi başlarına yıxacağını, qapını qıraraq içəri daxil olacağı və onları öldürəcəyi ilə hədələyərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Cavabdeh İlhamə Kərimovanın qanunsuz hərəkətləri barədə polisə müraciət etmiş və ona dəymiş maddi ziyanın məbləği 400 manat müəyyən edilərək cavabehin barəsində “cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” qərar qəbul edilərək İlhamə Kərimovanın Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi (qəsdən əmlakı məhv etmə) ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. Həmin qərar əsasında Kərimova İlhamə Rafiq qızı barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə İlhamə Kərimova Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 400 manat ziyanın bir misli miqdarında, yəni 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan İlhamə Kərimovanın verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, cavabdeh İlhamə Kərimova tərəfindən əmlakına 400 manat maddi ziyan vurulması tam sübut olunur. Hesab edir ki, cavabdeh qəsdən əmlakını məhv edərək ona maddi ziyan vurmuş, nəticədə həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Cavabdeh Kərimova İlhamə Rafiq qızının qanunsuz hərəkətləri nəticəsində hüquq mühafizə orqanlarına, məhkəmələrə get-gələ düşdüyünə, habelə bununla bağlı əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara görə də, mənəvi ziyana görə kompensasiya ödəməlidir. Cavabdehin mənəvi cəhətdən ona vurduğu ziyanın məbləğini 3000 manat miqdarında dəyərləndirir.
4. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Kərimova İlhamə Rafiq qızından 400 manat məbləğində maddi və 200 manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş 55 manat dövlət rüsumunun 18%-i, yəni 10 (on) manatının cavabdeh Kərimova İlhamə Rafiq qızından tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və qalan 45 (qırx beş) manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə maddi ziyanla bağlı iddia tələbini təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh İlhamə Kərimova tərəfindən iddiaçı İddiaçı əmlakına 400 manat maddi zərər vurması halı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiqini tapdığından və qeyd edilən əmələ görə cavabdeh barəsində inzibati tənbeh tədbiri tətbiq edildiyindən həmin məbləğin təmin edilməsi barədə iddia 400 manat maddi ziyanın tutulması hissəsində əsaslıdır.
6. Məhkəmə mənəvi ziyanla bağlı iddia tələbini qismən təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qəsdən iddiaçıya məxsus kameraları sındırmış, nəticədə iddiaçı polisə müraciət etmiş, dəfələrlə inzibati və mülki iş üzrə polis bölməsinə və məhkəmələrə gedib-gəlmişdir ki, bu halda iddiaçı dərin stress, əsəb və mənəvi sarsıntı keçirmişdir. Məhkəmə bu mənəvi zərərin həcmini 200 manat məbləğində müəyyən etmişdir.
7. Məhkəmə maddi ziyan tələb hissəsində iddia tələbinə hüquqi qiymət verdikdə Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə, mənəvi ziyanla bağlı iddia tələbinə qiymət verdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Plenum Qərarının delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinin baxılması ilə bağlı müvafiq bəndləri ilə əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə qanunsuz və əsassız hessab edir edir. Çünki məhkəmə iş üzrə sübutları düzgün və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Kərimova İlhamə Rafiq qızı izahatında bildirdi ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış kameralar onun tərəfindən sındırılmışdır, buna görə barəsində inzibati bənbeh tətbiri tətbiq edilmişdir və bu əməlindən heç də peşman deyildir. Onunla qonşuluqda yaşayan iddiaçı tərəflə uzun müddət məhkəmə mübahisələri gedir və aralarında münaqişələr davam etməkdədir. Kameraların qiymətinin şişirdildiyini və 400 manat cəriməsini ödədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Plenum qərarının 4.17-ci bəndinə əsasən delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən dispozisiya şərtlərinin yoxlanılması ardıcıllığı bu qərarın 4.12-ci bəndində göstərilən qaydada həyata keçirilməlidir.
14. Həmin Qərarın 4.12-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. Həmin Qərarın 4.10-cu bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Həmin Qərarın 4.18-ci bəndinə əsasən hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Həmin Qərarın 4.26-cı bəndinə əsasən delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. Həmin Qərarın 4.27-ci bəndinə əsasən hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Həmin Qərarın 4.34-cü bəndinə əsasən növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır. Həmin Qərarın 4.35-ci bəndinə əsasən həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır. Həmin Qərarın 2.6-cı bəndində mənzil toxunulmazlığı hüququna geniş anlayış verilmişdir. Belə ki, 2.6.1. Mənzil toxunulmazlığı hüququ - şəxsin yaşadığı yerə (mənzilə) hüquqazidd müdaxilədən qorunması hüququdur. Bu hüquq insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq, öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və hüquqazidd müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur. 2.6.2.Bu hüquq Konstitusiyanın 33-cü maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktları ilə qorunur. 2.6.3. Mənzil Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 2024-cü il ## ###### tarixli Qərarında əks olunmuş meyarlara cavab verən, şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil 17 etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. 2.6.4. Mənzil toxunulmazlığı hüququ yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş və digər qanunla müəyyənləşdirilmiş əsaslarla məhdudlaşdırıla bilər. Məsələn, cinayət mühakimə icraatı zamanı axtarış, baxış və digər istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, mənzildə köməksiz vəziyyətdə olan şəxsin xilas edilməsi və ya yanğının söndürülməsi məqsədi ilə mənzilə daxil olma. Həmin Qərarın 5.4-cü bəndinə əsasən mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Həmin Qərarın 5.9-cu bəndinə əsasən mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Həmin Qərarın 5.11-ci bəndinə əsasən zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 7.1-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Həmin Qərarın 7.2-ci bəndinə əsasən maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Həmin Qərarın 7.4-cü bəndinə əsasən təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.
15. Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il ## #### tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il ## ###### tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
16. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il ## #### tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. İddiaçı İddiaçı Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsindən apellyasiya şikayəti verməmişdir.
19. Cavabdeh Kərimova İlhamə Rafiq qızı həmin qətnamənin iddianın təmin edilmiş 400 manat maddi və 200 manat təmin edilmiş mənəvi zərərin tutulması hissəsindən apellyasiya şikayəti vermişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi 400 manat maddi və 200 manat təmin edilmiş mənəvi zərərin tutulması hissəsindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı mülki iş üzrə maddi və mənəvi zərərin baş verməsi, yəni iddiaçının hazırki iddia tələbi ilə irəli sürməsinin əsası cavabdehin hüquqazidd əməli olmuşdur.
23. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Kərimova İlhamə Rafiq qızı ##.##.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində iddiaçı İddiaçı məxsus 400 manat dəyərində müşahidə kamerasını qəsdən sındıraraq ona maddi zərər vurmuşdur. Həmin faktla bağlı Kərimova İlhamə Rafiq qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə ## #### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar əsasında Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Kərimova İlhamə Rafiq qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir.
24. Beləliklə, cavabdeh Kərimova İlhamə Rafiq qızının iddiaçıya məxsus müşahidə kamerasını qəsdən sındıraraq əmlaka zərər vurması faktı, həmin əmələ görə təqsirli olması, vurulmuş zərərin məbləği, eləcə də cavabdehin hərəkətləri ilə yaranmış zərər arasında birbaşa səbəbli əlaqənin mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Başqa sözlə, hazırkı mülki mübahisə üzrə cavabdehin hüquqazidd davranışının mövcudluğuna dair qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur və həmin qərar qüvvədədir.
25. Məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus 400 manat dəyərində müşahidə kamerasının sıradan çıxması məhz cavabdehin qəsdən törətdiyi hüquqazidd əməlin birbaşa nəticəsidir. Bu səbəbdən dəymiş zərər ilə cavabdehin davranışı arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu şübhə doğurmayan şəkildə sübuta yetirilmişdir.
26. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kamerların dəyərinin 400 manat olmaması barədə cavabdehin mövqeyi əsassızdır. Belə ki, kamerların dəyərinin araşdırılması predmeti qanuni qüvvəsini almış ##.##.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı olmuşdur. Bu halda isə cavabdehin mövqeyinə uyğun olaraq həmin dəyərin yenidən araşdırılması qanuna zidd olacaqdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt öhdəliklərini tənzimləyən normalarına əsasən zərərin əvəzinin ödənilməsi üçün hüquqazidd əməl, zərərin mövcudluğu, təqsir və səbəbli əlaqə kimi hüquqi məsuliyyətin zəruri elementləri müəyyən edilməlidir. Belə ki, cavabdehin hərəkətləri hüquqazidd xarakter daşıyır, iddiaçıya maddi zərər vurulmuşdur, zərər cavabdehin hərəkətlərinin nəticəsində yaranmışdır və cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir.
28. Bununla da, iddiaçının əmlakına vurulmuş zərərin mövcudluğu və həmin zərərə görə cavabdehin məsuliyyət daşıması məsələsi artıq sübut olunmuş hesab edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuş halların yenidən sübut edilməsinə ehtiyac yoxdur və həmin hallar hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir.
29. Odur ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə tələb əsaslıdır və birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddia tələbini təmin etdikdə düzgün nəticəyə gəlmişdir.
30. İddia tələbinin digər hissəsi isə iddiaçının mənəvi zərər tələbindən ibarətdir ki, cavabdehin qəsdən törətdiyi hüquqazidd əməl nəticəsində iddiaçının şəxsiyyət hüquqlarına və psixoloji tarazlığına vurulmuş zərərin mövcudluğu ilə əsaslandırılır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Plenum Qərarının yuxarıda qeyd olunan məzmunundan göründüyü kimi, mənəvi zərərin mövcudluğunun müəyyən edilməsi üçün əsas meyar hüquqazidd əməl nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsidir. Bu zaman məhkəmə yalnız formal pozuntunu deyil, həmin pozuntunun insanın daxili emosional vəziyyətinə, psixoloji rahatlığına və həyat keyfiyyətinə təsirini qiymətləndirməlidir.
32. Həmin yanaşmaya uyğun olaraq, hazırkı işdə cavabdehin iddiaçıya məxsus əmlakı qəsdən sındırması faktı iddiaçı üçün sırf maddi zərər yaratmaqla məhdudlaşmır, eyni zamanda onun mənzil toxunulmazlığı barədə hüququ poxulduğundan mənəvi vəziyyətinə birbaşa təsir göstərmişdir. Belə ki, şəxsin mülkiyyətinə qarşı qəsdən yönəlmiş hərəkət onun özünü hüquqi və sosial baxımdan müdafiəsiz hiss etməsinə, narahatlıq və həyəcan keçirməsinə, cavabdehin təqsirli əməli nəticəsində hüquq mühafizə orqanlarına gedib-gəlməsi və hadisəni uzun müddət psixoloji gərginliklə xatırlamasına səbəb olur. Bu hallar isə mənəvi zərərin mövudluğu kimi qiymətləndirilməlidir.
33. Plenum Qərarında nəzərdə tutulan yanaşmaya görə, mənəvi zərərin mövcudluğu yalnız ümumi iddialarla deyil, konkret faktiki hallarla əsaslandırılmalıdır. Hazırkı işdə həmin hallar cavabdehin qəsdən törətdiyi hərəkətin xarakterindən, yəni əmlaka yönəlmiş bilərəkdən və qəsdən ziyan vurma davranışından və bunun iddiaçının psixoloji vəziyyətinə göstərdiyi təsirdən irəli gəlir.
34. Eyni zamanda, Plenum Qərarında vurğulanan ədalətlilik və mütənasiblik meyarları baxımından mənəvi zərərin kompensasiyası yalnız simvolik xarakter daşımamalı, zərərçəkmiş şəxsin keçirdiyi psixoloji sarsıntının real şəkildə müəyyən qədər bərpasına xidmət etməlidir. Çünki mənəvi zərər pul ifadəsində tam ölçülə bilməsə də, onun kompensasiyası hüququn bərpaedici funksiyasının mühüm tərkib hissəsidir.
35. Beləliklə, cavabdehin qəsdən törətdiyi hüquqazidd əməl nəticəsində iddiaçının psixoloji rahatlığının pozulması, narahatlıq və mənəvi sarsıntı keçirməsi faktiki olaraq mənəvi zərərin mövcudluğunu təsdiq edir. Bu səbəbdən iddiaçının mənəvi zərərin əvəzi olaraq tələb etdiyi 3000 manat pul tələbinin 200 manat həcmində təyin edilərək cavabdehdən tutulması barədə tələbi də əsaslıdır.
36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
37. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti (400 manat maddi və 200 manat mənəvi zərər olmaqla) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Kərimova İlhamə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.