Məhkəmə qərarları › İş №2(3-8)-61/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-61/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-61/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X78 və X18 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X10 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 (Abşeron rayonu, Xırdalan şəhəri, X53 küçəsi 33) ünvanında yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilən 0,10172 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 868 kv.m olan qeyri-yaşayış sahəsi hal-hazırda Cavabdeh ASC-nin mülkiyyətindədir. 2005-ci ildə o, ailə üzvləri ilə birlikdə Cavabdeh ASC-nin qarajına (Fizuli rayonu) məcburi köçkün kimi məskunlaşıb, orada yaşamağa başlamışlar. Həmin vaxt cavabdeh təşkilatın direktoru Ramiz Kətanov adlı şəxs olmuşdur. Həmin vaxt həmin mənzil üçün Ramiz Kətanova 7000 manat pul vermişdir. Daha sonra həmin qarajın həyətində 2 divarı olan yarımtikilinin davamı olaraq 2 otaqlı ev tikmişlər və indiyə qədər orada yaşayırlar. Qeyd edilən tikiləyə görə ailəsi 50000 manat pul xərcləmişdir. Cavabdeh ASC onu və digər məcburi köçkünləri Abşeron Rayon Məhkəməsinə müraciət edərək ordan çıxarılmaqları ilə bağlı iddia irəli sürmüşdür. 20 ildir ki, cavabdeh şirkətin razılığı ilə orda məskunlaşmış və bütün kommunal xərclər də onun tərəfindən qarşılanmış və heç vaxt borclu olmamışdır. Bu səbəbdən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh vaxtıilə məcburi köçkün düşmüş iddiaçıya və onun ailə üzvlərinə hümanislik edərək yarımçıq tikilidən ibarət yer vermiş, iddiaçı həmin tikilini yaşayış üçün öz hesabına təmir edərək yaşayış səviyyəsini yaxşılaşdırmış, uzun illər həmin yaşayış evindən istifadə edərək yaşamışdır. Hazırda isə məhkəmə qərarı əsasında həmin qeyri-yaşayış sahəsindən çıxarıldığını görüb iddia tələbi ilə qeyri-yaşayış sahəsin çəkdiyi xərci cavabdehdən tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının öz yaşayış evinin yaxşılaşdırması üçün cavabdehdən qeyri-yaşayış sahəsinə çəkdiyi xərcin tələb etməsində haqlı deyildir. Belə ki, cavabdeh ona məxsus olan qeyriyaşayış sahəsini müvəqqəti olaraq qalması üçün iddiaçı və onun ailə üzvlərinə vermiş, həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təmir edilməsi barədə razılığa gəlməmiş və yaxud hər hansı öhdəlik qoymamışdır ki, təmir xərclərinə görə öhdəlik daşısın. Cavabdeh mülkiyyətçidir və onun icazəsi olmadan edilmiş təmir, inşa işlərinə görə məsuliyyət daşımır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bu isə iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüququnun olmadığını göstərir. Beləliklə, iddiaçı iddia tələbində Cavabdeh ASC-dən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də həmin pulun cavabdehdən tutulması əsaslarına dair sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün subyektiv mülahizələrinə əsaslanmışdır.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı X10 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 (Abşeron rayonu, Xırdalan şəhəri, X53 küçəsi 33) ünvanında yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilən 0,10172 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 868 kv.m olan qeyri-yaşayış sahəsi hal-hazırda Cavabdeh ASC-nin mülkiyyətindədir. 2005-ci ildə o, yoldaşı və övladı ilə birlikdə Cavabdeh ASC-nin qarajına ( Fizuli rayonu) məcburi köçkün kimi məskunlaşıb, orada yaşamağa başlamışlar. Həmin vaxt cavabdeh təşkilatın direktoru Ramiz Kətanov adlı şəxs olmuşdur. Vaxtı ilə həmin mənzil üçün Ramiz Kətanova 7000 manat pul ödəmişdir. Daha sonra həmin qarajın həyətində 2 divarı olan yarımtikilinin davamı olaraq o və ailəsi 2 otaqlı ev tikmişlər. Bu günə qədər də orada yaşayırlar. Qeyd etdiyi tikiliyə ümumilikdə 50000 manat pul xərcləmişdir. 20 ildir cavabdeh şirkətin razılığı ilə orada ailəsi ilə birlikdə məskunlaşmışdır və kommunal xərclər də tərəfindən qarşılanmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X39, X11, X19, X58, X59, X40, X41, X60, X42, X43, X44, X45, X61, X12, X27, X13, X46, X28, X6, X4, X7, X3, X8. X20, İbrahimova Z\ysel Elşad qızı, X29, X21, X62, X30, X63, X64, X14, X47, X48, X49, Ələkbərov Şahlar Əkbər oğlu, X22, X23, Ələkbərov Hicran Şahlar oğlu, X1, X79, X50, X80, X31, X24, X81, X9, Quluzadə Hicran Afiq qızı, X65, X66, X15, X51, X67, X68, X69, X70, X32, X33, X5, X16, X52, X25, X34, X35, X36 və X2 Abşeron rayonu. Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 (Abşeron rayonu, Xırdalan şəhəri, X53 küçəsi, 33) ünvanında yerləşən 0,10172 ha torpaq sahəsində inşa edilrpiş 868 kv.m ümumi sahəli, seriya RX, № 0581805, reyestr № **********1-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh ASCyə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, 33 ünvanında yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilən 0,10172 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 868 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh ASC-nin mülkiyyətində olmaqla, cavabdeh 2006-cı ildə həmin tikilidə məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən həmin tikilidən çıxarılmasını əsas gətirərək, dövlət mülkiyyətində olan və cavabdehin istifadəsinə verilən torpaq sahəsində özbaşına inşa etdiyi iki otaqdan ibarət tikiliyə çəkdiyi xərci, cavabdehin əmlakını yaxşılaşdırması qismində tələb etmişdir.

17. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, əvvəla iddiaçı dövlət mülkiyyətində olan və cavabdehin istifadəsinə verilən torpaq sahəsində özbaşına iki otaqdan ibarət tikili inşa etdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə alınmışdır ki, həmin ünvanda iddiaçı tərəfindən iki otaqdan ibarət özbaşına tikilinin inşa edilməsi qəbul edildiyi halda belə iddiaçının cavabdehdən həmin tikiliyə görə çəkdiyi xərcin tutulması əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçının mübahisəli ünvanda cavabdehin razılığı ilə məskunlşaması və tikinti işlərini aparması sübut olunmamaqla, əksinə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində cavabdehin nümayəndəsinin verdiyi izahata əsasən iddiaçı, o cümlədən həmin ünvanda məskunlaşmış digər şəxslər cavabdehin razılığı olmadan həmin tikilidə məskunlaşmaqla, onların qanunsuz sahibliyində olmuşdur. Mülki qanunvericiliyə əsasən isə yalnız vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

18. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4761/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar