Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-77/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 215,74 ABŞ dolları əsas, 108,37 ABŞ dolları faiz, 1307,13 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,14 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1662,38 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 48,27 manat məbləğində vəsaitin Cavabdeh tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 27 % faiz dərəcəsi olmaqla 3600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 2 nömrəli əlavə saziş bağlanmışdır. Həmçinin həmin müqvailəyə xx.xx.2017-ci il tarixli Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2680,41 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 1662,38 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsi ilə (hakim Qürur Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 43 ABŞ dolları 21 sent (ödəniş gününə Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla) faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin alınıb,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə 8 % faiz olmaq şərtilə xx.xx.2022-ci il tarixədək restrukturizasiya edilmiş kredit vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsini tələb etməkdə qismən haqlıdır. İş materiallarından və ekspert rəyindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsini icra etmiş, yalnız kiçik məbləğdə faiz borcu qalmışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən əlavə olaraq gecikdirilmiş məbləğə illik beş faizin hesablanmasına əsas vermir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinə əsasən dəbbə (cərimə, penya) pulunun hesablanmasına əsas vermir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 743.1, 743.2, 742.52.2, 445.7, 462.1, 462.2-ci maddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “İş materiallarından və ekspert rəyindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsini icra etmiş, yalnız kiçik məbləğdə faiz borcu qalmışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-c maddəsinin tələblərinə əsasən əlavə olaraq gecikdirilmiş məbləğə illik beş faizin hesablanmasına əsas vermir.” Bundan başqa qeyd edilmişdir ki, “İş materiallarından və ekspert rəyindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsini icra etmiş, yalnız kiçik məbləğdə faiz borcu qalmışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsini tələblərinə əsasən dəbbə (cərimə, penya) pulunun hesablanmasına əsas vermir.” Bununla bağlı bildirilir ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də həmin rəydə əsas borcun məbləği üzrə göstərilən nəticələrin nəzərə alınıbalınmamasının səbəblərini qətnamədə qeyd etməmişdir. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi, həmçinin qətnamənin ətraflı əsaslandırılması tələblərinin pozulmasına gətirib çıxarmışdır. Ekspert rəyinin yalnız bir hissəsinin tətbiqi, digər hissəsinə, yəni əsas borc hissəsinə heç bir izah verilməməsi prosessual qaydalarla ziddiyyət təşkil edir və qətnamənin qanunauyğunluğunu şübhə altına alır. Bankın cavabdehdən əsas borc üzrə 215,74 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır. İş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Belə ki, hazırki apellyasiya şikayətinə əlavə edilmiş Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan görünür ki, 1.706,99 manat cəmi hesablanmış kompensasiya məbləği mübahisələndirilən kredit müqaviləsi üzrə qalıq qalan 2.073,74 manat əsas borca yönəldilmiş və bundan sonra əsas borc üzrə qalıq 366,76 manat (366,76 : 1,7 = 215,74 ABŞ dolları ekvivalenti) təşkil etmişdir. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarında olan və eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2019-xx.xx.2019-cu il tarix və xx.xx.2019xx.xx.2025-ci il tarix aralığında olan əsas borc üzrə hesabdan çıxarışlara (hesabdan çıxarışlar tam şəkildə ekspertizaya da təqdim edilmişdir) nəzər yetirilsə görünür ki, əsas borc üzrə dövrün sonuna olan qalıq 215,74 ABŞ dolları təşkil edir və həmin məbləğ maliyyə arayışı ilə tələb edilən əsas borcla eynilik təşkil edir. Bundan başqa iş materiallarında olan digər hesablardan çıxarışlarla cavabdehin Banka əsas borcunun 215,74 ABŞ dolları, faiz borcunun 108,37 ABŞ dolları, cərimə borcunun 1.307,13 ABŞ dolları və 5% borcunun 124,80 ABŞ dolları olması sübut edilir. Buradan da görünür ki, kredit öhdəliyi ilə bağlı ekspertin təqdim etdiyi rəydə əsas borcun olmaması ilə yanaşı digər borcun, yəni 108,37 ABŞ dolları məbləğində olan faiz borcunun hesablanmasında da ciddi səhvlər mövcuddur və bu hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Məhkəmə qətnaməsi ilə əsas borc məbləği heç bir sübuta əsaslandırılmadan təmin edilməmişdir. Qətnamədə əsas borc məbləğinin müəyyən edilibedilməməsinin hüquqi əsasları göstərilmədiyindən, bu, qətnamənin düzgünlüyü ilə bağlı şübhələr yaradır. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Müvafiq qanunvericiliyə əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən 108,37 ABŞ dolları məbləğində faizin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi tələb olunan faiz borcu məbləğini azaldarkən, yalnız ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə “cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsini icra etmiş, yalnız kiçik məbləğdə faiz borcu qalmışdır” qeyd etsə də, məhkəmə tərəfindən “kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsi” dedikdə hansı öhdəliklərin nəzərdə tutulduğu açıq şəkildə göstərilməmişdir. Qətnamədə istifadə olunan qeyri-müəyyən və abstrakt ifadələr isə işin faktiki hallarının düzgün qiymətləndirilməsinə, həmçinin qərarın hüquqi əsaslarının başa düşülməsinə mane olur. Cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə 1.307,13 ABŞ dolları cərimə məbləğini təmin etməməklə öhdəliyin tam icrа olunmaması və eyni zamanda gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də, iddia ilə tələb edilən 1.307,13 ABŞ dolları cərimə məbləğinin təmin edilməməsi əsaslı hesab edilə bilməz. Göründüyü kimi, Bank tərəfindən cavabdehə kredit xx.xx.2014-cü il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 31,14 ABŞ dolları məbləğində illik 5 % borcu tələb etmək hüququ yaranmışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddianın təmin olunduğu hissə faiz məbləği ilə bağlı olan hissədir ki, həmin hissədə də faiz məbləğininin tutulması qismən, yəni, iddia tələbi üzrə faiz borcu 108,37 ABŞ dolları olduğu halda 43,21 ABŞ dollar təmin olub. İddia tələbi digər hissələrdə təmin olunmayıb. Məhkəmə qərar qəbul edərkən ekspert rəyinə istinad edib ki, həmin rəydə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərininin çox hissəsini icra etdiyi, yalnız kiçik məbləğdə faiz borcu qaldığı qeyd olunmuşdur. Halbuki ekspert rəyində məbləğlər düzgün hesablanmayıb. Apellyasiya şikayətinə əlavə edilmiş problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan görünür ki, 1.706,99 manat kompensasiya məbləği hesablanmış, cavabdehin qalıq borcu 366,76 manat təşkil etmişdir. Ekspert hesablanma zamanı yanlışlığa yol verib. Mərkəzi Bankın elektron portalından çıxarışdan görünür ki, cavabdehin borcu mövcuddur. Cavabdehin qalıq borcu 366,76 manatdır, həmin məbləğ dollara konvertasiya ediləndə 215,74 dollar təşkil edir. Ekspert hesablama zamanı ödənilmiş məbləğ olaraq 1706,99 manatı hesablamaq əvəzinə 2.073,74 manat ümumi borc məbləğini ödəniş olaraq nəzərə almış, beləliklə, yanlışlığa yol vermişdir. Buna görə də təkrar ekspertiza keçirilməsi tələb edilmiş, lakin məhkəmə bu barədə vəsatəti təmin etməmişdir. Ekspert təqdim etdikləri hesabdan çıxarışlara əsasən yanlış hesablama aparmışdır.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqavisləsindən görünür ki, Bank 24 ay müddətinə illik 27 % faiz faiz dərəcəsi ilə cavabdehə 3600 ABŞ dolları məbləğində kredit verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.
13. xx.xx.2015-ci il tarixli 2 nömrəli Əlavədən görünür ki, cavabdehin banka olan qalıq borcu 2388 ABŞ dolları 55 sent təşkil edir. Kreditin müddəti 21 ay, illik faiz dərəcəsi 27 faiz təyin edilir.
14. xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavədən görünür ki, cavabdehin banka olan restrukturizasiya edilmiş qalıq borcu 2680 ABŞ dolları 41 sent təşkil edir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir, illik faiz dərəcəsi 8 faiz təyin edilir.
15. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqavisləsi üzrə 215 ABŞ dolları 74 sent əsas, 108 ABŞ dolları 37 sent faiz borcu, 1307 ABŞ dolları 13 sent cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 31 ABŞ dolları 14 sent faiz borcu olmaqla, ümumilikdə 1662 ABŞ dolları 38 sent borcu yaranmışdır.
16. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh iddiaçı tərəfindən yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcun 3 iş günü müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
17. xx.xx.2025-ci il tarixli, **********68 nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 48 manat 27 qəpik dövlət rüsumu ödənilmişdir.
18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3778 nömrəli Ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı banka əsas borcunun olmaması, yalnız 43 ABŞ dolları 21 sent faiz borcunun olduğu müəyyən edilmişdir.
19. Problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh 01 mart 2019-cu il tarixə əsas kredit borcu 2073,74 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 1706,99 manat olmaqla, qalıq borc və təklif olunan restrukturizasiya məbləği 366,76 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
21. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilsin. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərə tutulur.
22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsi dəyişdirilməli Cavabdeh 366,76 manat tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ekspert rəyinə istinad edərək gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, ekspert rəyində xx.xx.2019-cu il tarixdə 1219,3 ABŞ dolları məbləğində borcun silinməsi qeyd edilsə də bu hal iş materiallarında olan hesabdan çıxarışlarla təsdiqini tapmamışdır. Belə ki, işə əlavə edilmiş hesabdan çıxarışdan (i.v.43) görünür ki, xx.xx.2019-cu il tarixdə qalıq borcdan 1706,99 manat (1275,21+431,78) manat borc silinmişdir. İşə əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh 01 mart 2019-cu il tarixə əsas kredit borcu 2073,74 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 1706,99 manat olmaqla, qalıq borcun və təklif olunan restrukturizasiya məbləği də 366,76 manat təşkil edir. Göründüyü kimi xx.xx.2019-cu il tarixdə silinməli olan borcun məbləği 1706,99 manat (1004,11 ABŞ dolları) olmasına baxmayaraq, ekspert sonuncu ödənişin problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixinə hesablanmış 2073,74 manat (1219,3 ABŞ dolları) borc məbləğini ödəniş məbləği kimi nəzərə almaqla, səhvə yol verilmişdir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyini və buna əsasən də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmişdir.
26. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən cavabdehin 01 mart 2019-cu il tarixə əsas kredit borcu 2073,74 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 1706,99 manat olmaqla, qalıq borc və təklif olunan restrukturizasiya məbləği 366,76 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin silinməsi nəzərədə tutulsa da iddiaçı bank tərəfindən borc üzrə cərimə və faizlərin silinməsi təmin edilməmiş, əsassız olaraq qalıq borca cərimə və faiz borcu tələb edilmişdir.
27. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 366,76 manat borc məbləği və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 10 manatı tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1202/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 366,76 manat borc məbləği və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 10 manatı olmaqla, cəmi 376,76 (üç yüz yetmiş altı manat, 76 qəpik) tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.