Məhkəmə qərarları › İş №2(3-8)-87/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-87/2026

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-87/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh maddi zərərin əvəzi kimi 550 manat pulun, mənəvi zərərin əvəzi kimi 250 manat pulun və rüsum kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qonşudur. Uzun müddətdir cavabdeh və onun iki övladı ilə ciddi problemləri var. Cavabdeh bu zamana qədər ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, cavabdeh evinin kondisinerinin borusunu kəsərək 50 manat ziyan vurmuşdur. Daha sonra cavabdeh evin elektirik naqillərini kəsərək 200 manat ziyan vurmuşdur. Bu azmış kimi cavadeh dəfələrlə ona aid mənzilin qapısını qırıb və bununla da ona 200 manat ziyan vurub. Hətta cavabdehin qapını qırması nəticəsində 1 gün evdən çıxa bilməmiş, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri əraziyə gələrək polis əməkdaşları ilə birlikdə onu mənzildən çıxarmışlar. Cavabdeh 2024-cü ildə onunla mübahisə edərək əlini qapı arasında qoymuşdur. Bunun əsasında onun əli xəsarət almışdır. Bununla bağlı həkimdən rəy alınmışdır. Həmin xəsarət nəticəsində 100 manat ziyan dəymişdir. Cavabdehin çirkin əməlləri bununla da bilmir. Cavabdeh və onun övladları daima onu təhqir edir və ona sakinlərin arasında nalayiq sözlər deyirlər. Daima mənzilinin qapısını murdarlayırlar. Bütün baş verənlərlə bağlı dəfələrlə Sumqayıt şəhər 3-cü Polis Bölçəsinə şikayətlər etmişdir. Cavabdeh, bu zamana kimi etdiyi hərəkətlərə əsasən sonda məhkəmə qərarı əsasında cərimələnmişdir. Cavabdeh və onun övladlarının hərəkətləri qanuna ziddir və cərimələnsə belə öz əməllərindən əl çəkmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, X4 (AZEMİS məlumatlarına görə cavabdehin oğlu) Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

5. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı X1 (cavabdehin qızı) haqqında etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

6. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh haqqında etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1 -ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" ## #### 2007-ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002- ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır, ləğv edilməlidir. Cavabdehin qonşuluq hüququnu pozaraq ona maddi zərər vurması barədə məhkəməyə fotoşəkillər təqdim edilib. Əgər məhkəmə yerində baxış keçirərək onun mənzilinə vizual baxsa idi, tələbində haqlı olduğunun şahidi olardı. Bundan başqa, maddi zərərin yetirilməsi ilə bağlı ona bildirilsə idi, bu hərəkətlərin şahidlərini də iclasa çağırardı. Pozulmuş hüquqlarının bərpa olunması üçün ona 550 manat vəsait lazımdır, bu isə real zərər deməkdir. Məhkəmənin iddiaçı tərəfə deyil, cavabdeh tərəfə üstünlük verməsi ədalətli məhkəmə müdafiəsindən səmərəli istifadə olunmasının qarşısını alır və məhkəmələrə inamı azaldır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd etmək istəyir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qonşudurlar və eyni binada yaşayırlar. Onların arasındakı münasibətlər olduqca pisdir və iddiaçı cavabdeh, habelə onun övladları barəsində bir neçə dəfə hüquq-mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Məhkəmə heç bir ekspertiza keçirməmiş, şahidlərin olub-olmamasını araşdırmamış, dəymiş maddi zərərin cavabdehin təqsirli hərəkətləri sayəsində vurulmasını nəzərə almamış, tələsik qanunsuz nəticəyə gəlmişdir. O, şəhid ailəsi üzvüdür, bu ahıl yaşında kiməsə qərəzli davranmaz. Qonşusu olan cavabdehin iddia ərizəsində göstərilən hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Bu barədə fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Bundan başqa, bu hərəkətlər nəticəsində həssas təbəqəyə məxsus olaraq ona mənəvi zərər də vurulmuşdur. Bu hallar isə ümumiyyətlə araşdırılmamışdır. Cavabdehin və onun uşaqlarının ona qərəzli davranmaları, ona ziyan vurmaları işdə olan sənədlərlə tam sübuta yetirilsə də, məhkəmə buna əhəmiyyət verməmiş, nətəcədə isə səhv qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, guya o, iddia tələbini sübuta yetirə bilməmişdir. Bu tamamilə yalandır. Ən azından o, mənzilə dəymiş zərərin nəticələrini özündə əks etdirən fotoşəkilləri təqdim etmişdir. Polis və məhkəmənin qərarları ilə cavabdehin və onun övladlarının ona olan mənfi davranışları öz təsdiqini tapır. Bu qədər sübutlar olduğu təqdirdə iddianın rədd edilməsi məhkəmənin qanunsuz mövqe sərgiləməsinə əsas verir. Bu isə prosessual qanunvericiliyə ziddir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər qonşu olmaqla, iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən ona məxsus kondisiner borusunun, elektirik naqillərinin kəsildiyini, mənzilin qapısının qırıldığını, bununla da ona maddi zərər dəydiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət tetmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir /bax bənd 7/.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

23. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzinin tutulması hissəsinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, iddiaçıya dəymiş maddi zərərdə cavabdehin təqsiri sübuta yetirilmədiyindən, ondan mənəvi zərərin əvəzinin tələb edilməsi də əsassızdır. İddiaçı cavabdehin hüquqa zidd əməlləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş və buna görə də iddia bu hissədə də rədd olunmalıdır.

24. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

27. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

28. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı,tələbi mötəbər sübutlarla subuta yetirə bilməmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar