Məhkəmə qərarları › İş №2(3-8)-90/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-90/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-90/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Iddiaçı X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 18316,32 manat əsas, 1776,16 manat faiz, 583,49 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 20675,97 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 152,03 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə illik 14,9 % olmaqla 22000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ######## 2025-ci il tarixinə iddiaçıya 18316,32 manat əsas, 1776,16 manat faiz, 583,49 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 20675,97 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddianın təmin edilməsi, ## ### 2024-cü il tarixli, ****nkFIL*b/** saylı kredit müqaviləsi üzrə 18316,32 manat məbləğində əsas borc, 1776,16 manat məbləğində faiz borcu, 583,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20675,97 manat məbləğində pul vəsaiti və 152,03 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni tərəflər arasında kreditin verilməsi üzrə öhdəlik münasibətlərinin yaranması, lakin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması ilə əsaslandırmış, cavabdeh Cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X1” ASC-nin iddiası qismən təmin edilmiş və ## ### 2024-cü il tarixli ****nkFIL*b/** saylı kredit müqaviləsi üzrə 18316.32 manat əsas borc, 1776.16 manat faiz borcu, 583.49 manat cərimə borcu olmaqla cəmi 20675.16 manatın və 152.03 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutulması təmin edilmişdir. Belə ki, Qobustan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edilərkən məhkəmə iş üzrə bütün faktlar araşdırılmamış və cavabdeh olaraq onun mənafeyi pozulmuşdur. Qətnamə üzrə nəzərdə tutulan məbləği ödəməyə imkanı yoxdur. Çünki Qobustan Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsində nəzərdə tutulan əsas borc üzrə 18316.32 manat, faiz borcu üzrə 1776.16 manat, həminin 583.49 manat cərimə borcu olmaqla cəmi 20675.16 manatın və dövlət rüsumu olaraq ödənilmiş 152.03 manat məbləğində vəsaitin ödənilməsi onun üçün çətindir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Iş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir.

12. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni tərəflər arasında kreditin verilməsi üzrə öhdəlik münasibətlərinin yaranması, lakin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması ilə əsaslandırmış, cavabdeh Cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Işin mübahisə olunmayan halı ondan ibarətdir ki, SMS vasitəsilə bağlanmış müqavilədən görünür ki, ## ### 2024-cü il tarixli, ****nkFIL*b/** saylı kredit müqaviləsi ilə “X1” ASC tərəfindən Cavabdeh illik 14,9 faizlə 22000 manat məbləğində kredit ayrılmış və həmin vəsait onun kartına köçürülmüşdür.

15. Məhkəmə kollegiyası iddia tələbinin 18316,32 manat məbləğində əsas borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı müqavilə üzrə qeyd edilən məbləği cavabdehə vermiş, cavabdeh isə müqavilədə qeyd olunan müddətdə həmin borcu qaytarmamışdır. Bu baxımdan cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, müqavilə üzrə yaranmış əsas borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Iş materiallarında olan “X1” ASC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025ci il tarixli bildirişdən görünür ki, cavabdehin bankla bağladığı ##.##.2024-cü il tarixli, ****nkFIL*b/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borc üzrə 18316,32 manat, faiz borcu üzrə 986,8 manat, cərimə üzrə 182,63 manat olmaqla, cəmi 19485,75 manat təşkil edir.

18. Qeyd olunmalıdır ki, iddiaçının ##.##.2025-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

19. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.

20. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

21. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

22. Beləliklə, Cavabdeh bankla bağladığı ## ### 2024-cü il tarixli, ****nkFIL*b/** saylı kredit müqaviləsi üzrə faiz borcu 986,8 manat müəyyən edilməlidir.

23. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu ##.##.2025-ci il tarixə 986,8 manat müəyyən edilməli, ## ### 2024-cü il tarixli, ****nkFIL*b/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 986,8 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 986 (doqquz yüz səksən altı) manat 80 (səksən) qəpik müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

26. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti üzrə ləğv olunan hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından iddiaçı “X1” ASC tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDI Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 986 (doqquz yüz səksən altı) manat 80 (səksən) qəpik müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar