Məhkəmə qərarları › İş №2(3-9)-110/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-110/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-110/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “20 Yanvar” filialı ilə Cavabdeh arasında bağlanmış 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əsasən (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 25 iyun 2025-ci il tarixə banka 18549.78 (on səkkiz min beş yüz qırx doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas kredit borcu, 1680.75 (min altı yüz səksən, yetmiş beş) AZN məbləğində faiz borcu, 418.12 (dörd yüz on səkkiz, on iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 20648.65 (iyirmi min altı yüz qırx səkkiz, altmış beş) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 18549.78 (on səkkiz min beş yüz qırx doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas kredit borcunun, 1680.75 (min altı yüz səksən, yetmiş beş) AZN məbləğində faiz borcunun, 418.12 (dörd yüz on səkkiz, on iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 20648.65 (iyirmi min altı yüz qırx səkkiz, altmış beş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 151.95 (yüz əlli bir, doxsan beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, Cavabdeh 18549.78 (on səkkiz min beş yüz qırx doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas kredit borcu, 1680.75 (min altı yüz səksən, yetmiş beş) AZN məbləğində faiz borcu, 418.12 (dörd yüz on səkkiz, on iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 20648.65 (iyirmi min altı yüz qırx səkkiz, altmış beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 151.95 (yüz əlli bir, doxsan beş) AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: İddiaçı QSC-nin “20 Yanvar” filialı ilə Cavabdeh arasında bağlanmış 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində kredit verilmişdir. 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində kredit borcunu illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. Hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. OUT-2025/06/25-38 saylı, 25 iyun 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 25 iyun 2025-ci il tarixə banka 18549.78 (on səkkiz min beş yüz qırx doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas kredit borcu, 1680.75 (min altı yüz səksən, yetmiş beş) AZN məbləğində faiz borcu, 418.12 (dörd yüz on səkkiz, on iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 20648.65 (iyirmi min altı yüz qırx səkkiz, altmış beş) AZN məbləğində kredit borcu mövcuddur. 25 iyun 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı QSCyə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. ********** saylı, 15 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 151.95 (yüz əlli bir, doxsan beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin “20 Yanvar” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 743.1, 746.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsinin tam ləğv edilərək, əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanması üçün ekspertiza təyin edilməsi və müəyyən olunmuş əsas borc, mütənasib faiz məbləği və cərimə borcuna uyğun yekun qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Sözügedən kredit müqaviləsi üzrə müəyyən məbləğdə ödəniş edilmişdir. Belə olduğu halda əsas borc, faiz borcu və cərimə borcunun məbləği ilə razı deyil. Hesab edir ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və məhkəmə əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanmasına nail olmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən işə tərəflərin iştirakı olmadan baxılmışdır. Məhkəmə tərəfindən iş materialları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Cavabdeh elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, səhhətində yaranan problemi təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir və odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsinin tam ləğv edilərək, əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanması üçün ekspertiza təyin edilməsi və müəyyən olunmuş əsas borc, mütənasib faiz məbləği və cərimə borcuna uyğun yekun qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki mübahisəni iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin “20 Yanvar” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, apellyasiya şikayətinin ilkin və əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və məhkəmə əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanmasına nail olmalı idi. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə razılaşmır. İş materiallarında olan İddiaçı QSC-nin “20 Yanvar” filialı ilə Cavabdeh arasında bağlanmış 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində kredit verilmişdir. Hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 005A********** saylı, 10 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 19950 (on doqquz min doqquz yüz əlli) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. OUT-2025/06/25-38 saylı, 25 iyun 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 25 iyun 2025-ci il tarixə banka 18549.78 (on səkkiz min beş yüz qırx doqquz, yetmiş səkkiz) AZN məbləğində əsas kredit borcu, 1680.75 (min altı yüz səksən, yetmiş beş) AZN məbləğində faiz borcu, 418.12 (dörd yüz on səkkiz, on iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 20648.65 (iyirmi min altı yüz qırx səkkiz, altmış beş) AZN məbləğində kredit borcu mövcuddur. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi ekspertizanın məhkəmə tərəfindən təyin edilməsi imperativ xarakterli norma olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza keçirilməsinə zərurət görmədiyindən iddiaçı tərəfindən verilmiş sənədləri mötəbər sübut kimi qəbul edərək, qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, apellyator ekspertiza keçirilməsinin zəruruliyini əsaslandıra bilməmiş, bu barədə məhkəmə tərkibinə hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi hazırkı apellyasiya mərhələsində ekspertiza keçirilibkeçirilməməsinin mümkünlüyü məsələsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki cavabdeh tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Məlum olur ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasına dair bildirişi (işin 42-ci səhifəsi) xx.xx.2025-ci il tarixdə Cavabdeh yaşayış ünvanında təqdim edilmiş və onun yoldaşı Mayisə Vəliyeva tərəfindən qəbul olunmuşdur. Həmçinin, xx.xx.2025-ci il tarixli məhkəmə iclası bildirişi (işin 55-ci səhifəsi) xx.xx.2025-ci il tarixdə cavabdehin yaşayış ünvanında təqdim edilmiş və onun qızı Məmmədli Nilufər tərəfindən təhvil alınmışdır. Bundan əlavə, iş materiallarında mövcud olan SMS bildirişlərdən müəyyən edilir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar cavabdehin şəxsi istifadəsində olan və apellyasiya şikayətində də göstərdiyi mobil telefon nömrəsinə göndərilmişdir. Bu hal cavabdehin məhkəmə icraatının gedişi barədə lazımi qaydada məlumatlandırıldığını, onun prosesdə iştirak etmək, etiraz və vəsatətlərini təqdim etmək imkanının mövcud olduğunu göstərir. Belə olan təqdirdə, cavabdehin məhkəmə araşdırmasında iştirak etməməsi və ya müvafiq vəsatətləri vaxtında irəli sürməməsi öz prosessual davranışının nəticəsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi bu əsasla apellyasiya mərhələsində yeni prosessual tələblərin irəli sürülməsi üçün hüquqi zəminin mövcud olmadığı qənaətinə gəlir. Bundan əlavə, ekspertizanın təyin edilməsi və keçirilməsi mahiyyət etibarilə yeni sübutun əldə edilməsinə yönəlmiş prosessual hərəkət kimi çıxış edir. Hazırkı iş üzrə isə cavabdeh ekspertiza keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsində irəli sürməsinin onun iradəsindən asılı olmayan səbəblərlə mümkün olmadığını əsaslandıra bilməmiş, bu xüsusda hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə şəraitdə apellyasiya instansiyasında ekspertiza təyin olunması faktiki olaraq yeni sübutun toplanmasına xidmət edir ki, bu da mülki prosessual qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərlə uzlaşmır. Odur ki məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-566/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar