Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1182/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 60000 manat məbləğ vəsaitin alınıb ona verilməsini xahiş etmişdir.. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 31 manat dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdir ki, “AZEMİS”də X1 rəsmi qeydiyyatda olduğu ünvan aşkar olunmasa da, iddiaçının istinad etdiyi və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdehin sonuncu rəsmi qeydiyyatda olduğu ünvan Quba rayonu Zərdabi qəsəbəsidir. Fiziki şəxsin adi hallarda daimi və ya daha çox yaşadığı yer onun yaşayış yeri sayılır. Burada öz seçiminə və könüllülük prinsipinə əsasən şəxsin daimi və ya daha çox yaşadığı yer nəzərdə tutulur. Cəzaçəkmə müəssisəsi yaşayış yeri deyil, cəzanın çəkildiyi yerdir. Şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkməsi məcburi xarakter daşıdığından, cəzaçəkmə müəssisəsinin yerləşdiyi yer onun mülki hüquqi mənada sərbəst seçdiyi yaşayış yeri hesab olunmur. Buna görə də, iddia ərizəsinə Lənkəran Rayon Məhkəməsində deyil, cavabdehin sonuncu rəsmi qeydiyyatda olduğu Quba Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı qərardaddan şikayət verərək, iddia ərizənin icraata qəbul edilib mahiyyəti üzrə baxılması xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Mireyyub oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı hökmlə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və məhkum cəza çəkilməsi üçün Lənkəran rayonu Qurumba kəndi ərazisində yerləşən Lənkəran Penitensiar kompleksinə göndərilmişdir və həmin cəzaçəkmə müəssissində saxlanılır. Məhkumun saxlanıldığı müəssisə isə məhkumların cəzalarını çəkmək üçün saxlandıqları xüsusi dövlət qurumudur. Habelə tərəfindən dövlət rüsumu tam həcmdə, yəni 300 manat məbləğində ödənilmişdir. Həmin məbləğ iki dəfəyə ##.##.2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzi ilə 31 manat, ##.##.2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzi ilə 271 manat ödəmiş, lakin məhkəmə iddia sənədlərinin geri qaytarılması haqda qərardadda yalnız 31 manatın geri qaytarılması haqda məsələni həll etmişdir. Ödənilmiş 271 manat haqqında məsələni ona məlum olmayan səbəbdən həll etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxilması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. “AZEMİS EİS”dən Çıxarışdan görünür ki, X1 rəsmi qeydiyyatda olduğu ünvan aşkar olunmasa da, iddiaçının istinad etdiyi və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdehin sonuncu rəsmi qeydiyyatda olduğu ünvan Quba rayonu Zərdabi qəsəbəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi, ümumi qaydaya əsasən iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməlidir. Hazırkı iş üzrə cavabdeh azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən iddia ərizəsi cəzanın çəkildiyi penitensiar müəssisənin yerləşdiyi yer üzrə, yəni Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə tərkibi hesab edir ki, cavabdehin azadlıqdan məhrum etmə növündə cəza çəkməsi özlüyündə mübahisənin Lənkəran Rayon Məhkəməsinə ərazi aidiyyətini müəyyən etmir. Belə ki, MPM-in 36.4-cü maddəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddiaların iddiaçının yaşadığı yer üzrə verilə biləcəyi nəzərdə tutulmuşdur. Bununla da, qanunverici həmin kateqoriya şəxslərə qarşı yalnız bəlli mübahisələr üzrə iddiaçının seçiminə əsaslanan xüsusi ərazi aidiyyəti qaydası müəyyən etmişdir. Yəni, həmin qayda istənilən xarakterli iddialara şamil edilmir və yalnız qanunda birbaşa nəzərdə tutulmuş nikahın pozulması tələblərinə aiddir. Hazırkı iddia cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Bu səbəbdən MPM-in 364-cü maddəsində nəzərdə tutulmuş xüsusi ərazi aidiyyəti qaydasının verilmiş tələbə tətbiqi üçün qanuni əsas mövcud deyildir. Deməli, cavabdehin azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla iddianın penitensiar müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə verilməsi bu mübahisə üzrə ərazi aidiyyətini müəyyən edən müstəqil əsas hesab edilə bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, işdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 31 manat məbləğdə pul ödənilmişdir. Həmçinin işdə olan ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 270 manat məbləğdə pul ödənilmişdir. İddia ərizəsinin qaytarılması isə ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün qanunla nəzərdə tutulmuş əsaslardan biridir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 114.2-ci maddəsinə görə bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. MPM-in 114.1.3-cü maddəsinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2022-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqca və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikcə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, dövlət rüsumunun hazırkı vəziyyətdə geri qaytarılması birbaşa qanunla nəzərdə tutulmuşdur. Buna görə də, İddiaçı tərəfindən ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 270 manat dövlət rüsumu onun özünə geri qaytarılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı dəyişdirilməsin. İddiaçı tərəfindən ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 270 manat dövlət rüsumunun özünə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1182/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1182/2026
18.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver