Məhkəmə qərarları › İş №2(3-9)-12/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-12/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-12/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Mehtiyev Alim Şakir oğluna qarşı “öhdəliyin icra edilməməsinə görə illik 5 faizlə hesablanmış 1043,7 manat məbləğin və 2087 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İş materiallarında olan ##.##.2022-ci il tarixli İcra qeydinin surətindən görünür ki, Mehtiyev Alim Şakir oğlundan 10000 (on min) manat məbləğində pulun alınaraq X3 verilməsinə dair icra qeydi verilmişdir İş materiallarına əlavə olunmuş ##.##.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “xxxx” ASC vasitəsilə N.....B.....M......oğlunun kartına 1500,00 manat pul köçürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu Mehtiyev Alim Şakir oğlunun barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Ağcabədi rayon Polis şöbəsinin ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, borclunun axtarılması haqqında qərar borclu Mehtiyev Alim Şakir oğlu halhazırda həbsdə olduğuna görə, həmin qərar əsasında axtarış işi açılmadan geri qaytarılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X3 cavabdeh Mehtiyev Alim Şakir oğluna qarşı “öhdəliyin icra edilməməsinə görə illik 5 faizlə hesablanmış 1043,7 manat məbləğin və 2087 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Mehtiyev Alim Şakir oğlu arasında Bakı şəhəri ** saylı Notariat ofisində təsdiqlənmiş ##.##.2021-ci il tarixli kredit müqaviləsi əsasında Alim Mehtiyevə ##.##.2022-ci il tarixədək qaytarılması şərti ilə 10000 (on min) manat borc pul verilmişdir. Göstərilən məbləğ cavabdehin hesabına notariusun bankda açılan depozit hesabı vasitəsi ilə köçürülmüşdür. Cavabdeh Alim Mehtiyev həmin borc pul vəsaitini ona ##.##.2022-ci il tarixədək qaytarmalı olduğu halda bunu etməmişdir. Bundan sonra onun müraciəti əsasında Bakı şəhəri, ** saylı Notariat Ofisi tərəfindən 10000 manat pulun X1 tutulub ona ödənilməsi barədə ##.##.2022-ci il tarixli 8İ ***** nömrəli icra qeydi çıxarılmışdır. Həmin icra qeydi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və cavabdeh 1 dəfə - 1500,0 manat və 1 dəfə də 150,0 manat olmaqla, cəmi 1650,0 manat pul ödəmişdir. Qalan 8350,0 manat borc məbləği cavabdeh Alim Mehtiyev tərəfindən indiyə kimi ödənilməmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ona bildirilmişdir ki, borclu Alim Mehtiyevin faktiki qaldığı ünvan onlara bəlli olmadığına görə onun axtarışı ilə bağlı ##.##.2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinə məktub göndərilmiş və axtarış işi Ağcabədi rayon Polis şöbəsinin icraatındadır. Polis bölməsi ilə əlaqə saxlanılmış, məlum olmuşdur ki, Alim Mehtiyevin axtarışı ilə bağlı heç bir nəticə əldə olunmayıb. Alim Mehtiyev və onun atası Şakir Mehtiyevlə dəfələrlə əlaqə saxlanılmış, onlar borcun ödənilməsinə vəd versələr də, bu vəd yalnız yalanlardan ibarət olmuşdur. Onda olan məlumatlara əsasən Alim Mehtiyev Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, malheyvan ətinin satışı ilə məşğuldur. Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı tərəfindən ona deyilmişdir ki, Alim Mehtiyev tutulub saxlandığı halda Ağcabədi rayon İcra və Probasiya şöbəsinə gətirilməsi mümkündür. Göründüyü kimi cavabdeh onun borcunu ödəməkdən qəsdən yayınmaqla öz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. ##.##.2009-cu il təvəllüdlü qızı Nağızadə Sevda talassemiyalı xəstədir və onun müalicəsi çoxlu xərc aparır. 2024-cü ildə həm qızı və həm də donor kimi isə özü əməliyyat olunub. Əgər icra sənədində göstərilən 10000 (on min) manat vəsait vaxtında ona qaytarılsa idi, borca girib yüksək faizlə başqa şəxslərdən borc pullar götürməzdi. Həmin vəsaiti ən azı 2 il 6 ay ərzində banka illik 10%-lə əmanət kimi yerləşdirsəydi, ən azı bu puldan 2087,0 manat gəlir əldə edə bilərdi. Lakin qızının müalicəsi üçün borc pullar götürməklə xeyli ziyana düşüb. Bu barədə dəfələrlə cavabdehə bildirib, lakin bunun elə bir nəticəsi olmadı. Cavabdeh pulunu əsassız olaraq özündə saxlamaqla, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh ondan borc şəklində götürdüyü 10000 manat borc vəsaitinin 8350,0 manatını özündə saxlayıb vaxtında qaytarmaması, ##.##.2022-ci ildən başlayaraq müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində həmin məbləğə illik 5%-lə faiz hesablanmaqla hazırkı tarixədək 1043,7 manat, həmçinin həmin dövr üçün cavabdeh 8350,0 manatı qanunsuz olaraq özündə saxlamaqla 2087,0 (iki min səksən yeddi manat (8350,0 x illik 10 % = 835,0 manat (1 illik faiz) 2 il 6 ay üçün =2087,0 manat məbləğində ona ziyan vurmuşdur. Ona görə də cavabdeh Mehtiyev Alim Şakir oğlundan müqavilə öhdəliyininin icrasının gecikdirilməsi ilə bağlı illik 5 faiz hesablanmaqla 1043,70 manat pul vəsaitinin, habelə öhdəliyin icra edilməməsi nəticəsində 2087,0 (iki min səksən yeddi manat dəymiş ziyan məbləğinin, cəmi 3130,7 (üç min yüz otuz manat yetmiş qəpik) məbləğin və ödənilmiş 51,30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mehtiyev Alim Şakir oğlunun nümayəndəsi X4 iddianı qəbul etməmiş və göstərmişdir ki, Alim Mehtiyev onun oğludur. İddiaçı X3 ilə cavabdeh Mehtiyev Alim Şakir oğlu bir-birlərini tanımış, yaxın yoldaşlıqları olmuşdur. Mehtiyev X5 Bahadin Mürvət oğlundan aldığı pulun ödənişindən boyun qaçırmamış, əksinə həmin puldan bir neçə dəfə ödənişlər etmişdir. Barəsində olan başqa bir işlə əlaqədar olaraq hazırda həbs olunmuşdur. Ona görə də yaranmış borcundan qalan məbləğdən sonrakı vaxtlarda heç bir ödəniş edə bilməmişdir. Onun pulu qəpiyinə kimi ödəniləcəkdir. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Etibar Quliyev) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 21.1, 21.2, 385.1, 425.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, ##.##.2022-ci il tarixli İcra qeydinə əsasən Mehtiyev Alim Şakir oğlundan 10000 (on min) manat məbləğində pulun alınaraq X3 verilməsinə dair icra qeydi verilmişdir. Həmin puldan “xxxx” ASC vasitəsilə N.....B.....M......oğlunun kartına 1500,00 manat pul köçürülmüş, sonradan isə 150 manat ödəniş edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” ##.##.2023-cü il tarixli qərarına əsasən borclu Mehtiyev Alim Şakir oğlunun barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Mehtiyev Alim Şakir oğlunun axtarılması haqqında qərar öyrənilərkən müəyyən olunmuşdur ki, borclu Mehtiyev Alim Şakir oğlu hal-hazırda həbsdə olduğuna görə həmin qərar əsasında axtarış işi açılmadan geri qaytarılmışdır. Borclu Mehtiyev Alim Şakir oğlu İcra qeydi əsasında ödənilməsi nəzərdə tutulan pulun ödənilməsindən boyun qaçırmamış, hal-hazırda həbsdədir, başqa sözlə qətnamənin icra olunmasında cavabdeh Mehtiyev Alim Şakir oğlunun heç bir təqsirli hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Mehtiyev Alim Şakir oğluna qarşı hazırkı tələb üzrə iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı X3 apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Məhkəməsi mülki işə baxaraq iddiaçı X3 tərəfindın verilmiş iddia tələbini əsassız hesab edərək həmin iddianı təmin etməmişdir. Məhkəmə cavabdeh Mehtiyev Alim Şakir oğlutərəfindən ##.##.2022- ci il tarixli İcra qeydində nəzərdə tutulmuş 10.000 manat məbləğdən 2 dəfəyə 1650 manat ödəniş edildiyini, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin “borclunun axtarılması haqqında” ##.##.2023- cü il tarixli qərarına əsasən borclu Mehtiyev Alim Şakir oğlunun barəsində axtarış elan edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərildiyini, onun axtarışı haqqında qərar öyrənilərkən borclu Mehtiyev Alim Şakir oğlunun həbsdə olduğuna görə, həmin qərar əsasında axtarış işi açılmadan geri qaytarıldığını, Alim Mehtiyevin icra qeydi əsasında nəzərdə tutulan məbləğin ödənilməsindən boyun qaçırmadığını, qətnamənin icra olunmamasında heç bir təqsirli hərəkətin olmadığını əsas gətirərək iddianı rədd etmişdir. Göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin uzun müddət ərzində Ağcabədi rayon İcra və Probasiya şöbəsinə gəlməməsi, onun barəsində sözügedən İcra və Probasiya şöbəsi tərəfindənaxtarış elan edilərək həmin qərarın icra olunması üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilməsi, Polis şöbəsinin uzun müddət ərzində onun yerini müəyyən edə bilməməsi, iddiaçının telefon zənglərinə cavab verməməsi həmin zənglərdən yayınması, bunlar bir daha borclunun icra qeydinin icrasından könüllü yayınmasına və öhdəliyin icrasından yayınmasına dəlalət edir. İddia ərizəsində də qeyd edildiyi kimi borclu ailələidir, ailəsi ilə Bakı şəhərində yaşamış, Bakıda mal-heyvan satışı sahəsində fəaliyyət göstərmiş, işləyərək arvadını və iki uşağını saxlamışdır. Borcu könüllü ödəmək istəyən şəxs icra sənədinin icrasından niyə yayınmalı və axtarışda olmalı idi ki? Hesab edir ki, cavabdeh məndən borc şəklində götürdüyü 10.000 manat borc vəsaitinin 8350,0 manatını özündə saxlayıb vaxtında ona qaytarmaması, ##.##.2022- ci ildən başlayaraq müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində həmin məbləğə illik 5%-lə faiz hesablanmaqla hazırkı tarixədək 1043,7 manat, həmçinin həmin dövr üçün cavabdeh 8350,0 manatı qanunsuz olaraq özündə saxlamaqla 2087,0(iki min səksən yeddi manat ( 8350,0 X illik 10 % = 835,0 manat(1 illik faiz ) 2 il 6 ay üçün =2087,0 manat məbləğində ona ziyan vurmuşdur. Ona görə də cavabdeh Mehtiyev Alim Şakir oğlu tərəfindən müqavilə öhdəliyininin icrasını gecikdirilməsi ilə bağlı 8350,0 manat borcun qaytarılmasına görə illik 5 faiz hesablanmaqla 1043,70 manat pul vəsaitinin, habelə öhdəliyin icra edilməməsi nəticəsində 2087,0 (iki min səksən yeddi manat dəymiş ziyan məbləği olmaqla, cəmi 3130,7 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ağcabədi rayon Məhkəməsinin 21 noyabr2025- ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını, iddiaçı NağıyevBahadin Mürvət oğlunun iddiasının təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Mehtiyev Alim Şakir oğluna qanunvericiliklə nəzərdə tutulmuş qaydada, qeydiyyat ünvanı üzrə, habelə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına bildiriş və ona əlavə edilmiş apellyasiya şikayəti göndərilmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətinə münasibətini və ya iradə ifadəsini əks etdirən hər hansı yazılı izahat və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, qeyd olunan bildiriş və ona əlavə edilmiş apellyasiya şikayəti cavabdehin saxlanıldığı müvafiq təcridxanaya çatdırılmışdır. Bu hal cavabdehin iş üzrə məlumatlandırıldığını təsdiq edir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı Nağıyev Bahadin Mürvət oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya icraatı qaydasında kollegiya tərəfindən bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçı tərəfin izahatını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas yaratmır. İlk növbədə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qanunilik dedikdə məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməsi, əsaslılıq dedikdə isə iş üzrə müəyyən edilmiş halların sübutlarla təsdiq olunması və həmin hallardan düzgün hüquqi nəticənin çıxarılması başa düşülür. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılarkən kollegiya tərəfindən həm maddi hüquq normalarının tətbiqi, həm də sübutların qiymətləndirilməsi məsələləri kompleks şəkildə təhlil edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında borc münasibətləri mövcud olmuş, həmin münasibətlər ##.##.2022-ci il tarixli icra qeydi ilə rəsmiləşdirilmiş və cavabdeh Mehtiyev Alim Şakir oğlunun iddiaçı X3 10.000 manat məbləğində pul ödəmək öhdəliyi müəyyən edilmişdir. Bununla belə, eyni zamanda sübutlarla müəyyən olunur ki, cavabdeh həmin öhdəliyin icrasından tam imtina etməmiş, müəyyən hissədə ödəniş etmişdir. Bu hal borclunun davranışının hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və onun öhdəliyin icrasından qəsdən yayınması barədə iddiaları zəiflədir. Apellyasiya şikayətində iddiaçı cavabdehin uzun müddət ərzində öhdəliyin icrasından yayınmasını, axtarışda olmasını və əlaqədən yayınmasını onun təqsirli davranışı kimi təqdim etməyə çalışsa da, kollegiya hesab edir ki, bu arqumentlər iş materiallarında olan obyektiv sübutlarla təsdiq olunmur. Əksinə, iş materiallarında olan Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin qərarı və Ağcabədi Rayon Polis şöbəsinin məktubu ilə müəyyən edilir ki, cavabdeh barəsində axtarış elan edilsə də, sonradan onun həbsdə olması faktı aşkar edilmiş və bu səbəbdən axtarış işi açılmadan geri qaytarılmışdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, cavabdehin hazırki vəziyyəti onun iradəsindən asılı olmayan hüquqi və faktiki vəziyyət yaradır. Bu vəziyyət borclunun öhdəliyin icrasını faktiki olaraq çətinləşdirən, hətta bəzi hallarda mümkünsüz edən obyektiv hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu hal icranın gecikdirilməsi kimi qiymətləndirilmir. Kollegiya hesab edir ki, hazırkı işdə məhz belə bir vəziyyət mövcuddur. Bununla yanaşı, Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinin məzmunundan irəli gəlir ki, borclunun məsuliyyətə cəlb olunması üçün onun öhdəliyi pozmasında təqsirli olması zəruri şərtdir. Təqsir dedikdə isə borclunun qərəzli və ya ehtiyatsız davranışı nəticəsində öhdəliyin pozulmasına yol verməsi başa düşülür. Hazırkı iş üzrə isə cavabdehin öhdəliyi icra etməməsinin onun təqsirli davranışı ilə bağlı olması sübuta yetirilməmiş, əksinə, bu halın onun həbsdə olması ilə əlaqədar yarandığı müəyyən edilmişdir. Apellyasiya şikayətində irəli sürülən əsas arqumentlərdən biri də cavabdehin guya könüllü şəkildə öhdəliyin icrasından yayınması ilə bağlıdır. Kollegiya qeyd edir ki, borclunun bir müddət icra orqanına müraciət etməməsi və ya əlaqədən yayınması özü-özlüyündə onun təqsirli şəkildə öhdəliyi icra etməməsi qənaətinə gəlmək üçün kifayət etmir. Bu kimi halların hüquqi nəticə doğurması üçün onların konkret sübutlarla təsdiqlənməsi tələb olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən isə cavabdehin qəsdən yayınması ilə bağlı iddialar mülahizə xarakterli olub, obyektiv sübutlarla təsdiq olunmamışdır. Kollegiya həmçinin apellyasiya şikayətində irəli sürülmüş faiz tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul öhdəliyinin icrasını gecikdirdikdə kreditor gecikdirilmiş məbləğə görə illik beş faiz tələb edə bilər. Lakin bu normanın tətbiqi üçün ilkin şərt borclunun icranı gecikdirməsi halının mövcud olmasıdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə icranın gecikdirilməsi borclunun təqsiri ilə bağlı olmadığından, həmin maddənin tətbiqi üçün hüquqi əsas yaranmır. Eyni hüquqi yanaşma iddiaçı tərəfindən tələb edilən 2.087 (iki min səksən yeddi) manat məbləğində əldən çıxmış gəlir tələbinə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, mülki hüquqda zərərin (o cümlədən əldən çıxmış gəlirin) ödənilməsi üçün yalnız subyektiv iddia kifayət etmir, həmin tələbin qanunvericilikdə müəyyən edilmiş şərtləri mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi üçün üç əsas elementin məcmu şəkildə mövcudluğu sübuta yetirilməlidir: birincisi, zərərin faktiki olaraq mövcud olması; ikincisi, zərərin real və müəyyən edilə bilən həcmdə olması; üçüncüsü isə həmin zərərin borclunun hərəkətləri ilə birbaşa səbəbli əlaqədə olması. Bu elementlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın həmin hissəsinin təmin olunmaması üçün hüquqi əsas yaradır. Hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən əldən çıxmış gəlir məbləği ümumi və ehtimal xarakterli hesablamalara əsaslanmış, lakin həmin hesablamaların real iqtisadi dövriyyəyə, konkret müqavilə münasibətlərinə və ya əldə edilməsi gözlənilən gəliri təsdiq edən digər maliyyə sənədlərinə istinad olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən dəlillər əsas etibarilə hipotetik xarakter daşımaqla, gəlirin əldə olunacağı ehtimalına əsaslanır və bu ehtimalın reallığını təsdiq edən obyektiv sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mülki hüquq münasibətlərində “əldən çıxmış gəlir” anlayışı gəlirin sadəcə gözlənilməsi və ya potensial olaraq əldə edilə bilməsi ilə eyni məna daşımır. Əksinə, bu kateqoriya yalnız o halda hüquqi müdafiəyə layiq hesab olunur ki, həmin gəlirin əldə edilməsi normal iqtisadi gedişat çərçivəsində real və əsaslı şəkildə gözlənilən olsun və bu gözlənti konkret faktlarla, bağlanmış müqavilələrlə, icra mexanizmi olan öhdəliklərlə və ya digər etibarlı maliyyə göstəriciləri ilə təsdiq edilsin. Hazırkı iş materiallarında isə iddiaçı tərəfindən nə belə bir müqavilə münasibətləri, nə konkret satış və ya xidmət əməliyyatları, nə də gəlirin faktiki olaraq əldə olunmasına dair ilkin hüquqi və ya iqtisadi əsaslar təqdim olunmamışdır. Tələb edilən məbləğ yalnız ümumi təxminlər və ehtimal edilən qazanc fərziyyələri əsasında müəyyən edilmişdir ki, bu da Mülki Məcəllənin 21-ci maddələrinin tələb etdiyi sübutetmə standartına uyğun deyildir. Bundan əlavə, kollegiya qeyd edir ki, zərər ilə borclunun hərəkəti arasında birbaşa səbəbli əlaqənin mövcudluğu da iş materialları ilə təsdiq olunmamışdır. Yəni iddiaçı tərəfindən nəinki zərərin real həcmi sübuta yetirilməmiş, eyni zamanda həmin zərərin bilavasitə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində yarandığı da konkret və inandırıcı sübutlarla əsaslandırılmamışdır. Səbəbli əlaqənin bu cür ümumi və mücərrəd şəkildə irəli sürülməsi hüquqi baxımdan kifayət hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının tələbləri üzrə qeyd edir ki, mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz və hərtərəfli qiymət vermiş, heç bir sübuta əvvəlcədən müəyyən edilmiş qüvvə verməmiş və nəticə etibarilə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir, həmin qətnamənin qanunsuz və ya əsassız olmasını göstərmir və onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Məhkəmənin daxili inamı” anlayışı sübutların formal qiymətləndirilməsi deyil, onların qarşılıqlı əlaqədə və məntiqi ardıcıllıqla təhlili nəticəsində formalaşan hüquqi qənaəti ifadə edir. Bu prinsip məhkəməyə iş üzrə bütün sübutları və faktiki halları kompleks şəkildə qiymətləndirmək imkanı verir. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə sübutların məcmusundan irəli gələn məntiqi və hüquqi nəticədir və məhkəmənin daxili inamı işin faktiki halları ilə uyğunluq təşkil edir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar