Məhkəmə qərarları › İş №2(3-9)-13/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-13/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-13/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Feyzullayeva İlhamə Arif qızına, İbrahimov Niyazi Xəlil oğluna və X3 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İş materiallarına əlavə olunmuş ##.##.2014-cü il tarixli kredit və zaminlik müqavilələrindən, həmçinin kassa məxaric orderindən görünür ki, «xxxx» ASC ilə cavabdehlər Feyzullayeva İlhamə Arif qızı, İbrahimov Niyazi Xəlil oğlu və X3 arasında bağlanmış müqavilələrə əsasən cavabdeh Feyzullayeva İlhamə Arif qızına illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7700 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər İbrahimov Niyazi Xəlil oğlu və X3 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmış və kreditin müddəti isə ##.##.2018-ci il tarixədək uzadılmışıdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 11025,17 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən ##.##.2025-ci il tarixinə əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 2891,11 manat, 4421,68 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12374,07 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, ##.##.2025-ci il tarixə kimi cəmi 12374,07 manat məbləğində borcun üç gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı cavabdehlərə bildirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın ##.##.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətinizə cavab olaraq bildiririk ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Feyzullayeva İlhamə Arif qızı (FİN: *******) ilə ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi birinci və ikinci devalvasiyadan sonra, yəni ##.##.2017-ci il tarixdə bağlandığından Fərmanın təsir dairəsinə düşməmiş və bu kredit üzrə şəxsə heç bir kompensasiya ödənişi həyata keçirilməmişdir. Müraciətdə göstərilənlərlə bağlı o da qeyd edilir ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi günə – ##.##.2019-cu il tarixinə cavabdehin ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə 4.425,05 manat əsas kredit borcu (faiz və cərimə məbləğləri nəzərə alınmamaqla) mövcud olmuşdur. Məlumat bazalarına istinadən qeyd edirik ki, Feyzullayeva İlhamə Arif qızı ilə “xxxx” ASC arasında ##.##.2014-cü il tarixli kredit müqaviləsi də mövcud olmuş, həmin kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüş və bu müqavilə üzrə cavabdehə cəmi 5.419,09 manat kompensasiya məbləği hesablanmış, bankın bu kredit üzrə vətəndaşa 2.554,69 manat güzəşt etməsini nəzərə almaqla yekunda 2.864,40 manat Feyzullayeva İlhamə Arif qızının sərəncamına verilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Feyzullayeva İlhamə Arif qızına, İbrahimov Niyazi Xəlil oğluna və X3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə cavabdeh Feyzullayeva İlhamə Arif qızı arasında bağlanmış ********* nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Feyzullayeva İlhamə Arif qızına kredit verilərkən X3 və İbrahimov Niyazi Xəlil oğlu ilə bank arasında ZM-********* nömrəli, ##.##.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1USD=1.40AZN) 11025,17 (on bir min iyirmi beş manat, 17 qəpik) manat hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh Feyzullayeva İlhamə Arif qızının kredit üzrə cəmi borcu 12.374,07 manat təşkil edir. Bundan 4.425,05 manat əsas, 2.891,11 manat faiz, 4.421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu təşkil edir. Odur ki, cavabdehlər Feyzullayeva İlhamə Arif qızından, İbrahimov Niyazi Xəlil oğlundan və X3 müştərək qaydada kredit müqaviləsi üzrə 4425,05 manat əsas, 2891,11 manat faiz, 4421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu və iş üzrə ödənilmiş 127.12 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim: Cavad İbrahimov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Feyzullayeva İlhamə Arif qızından əsas borc üzrə 4425,05 manat, faiz borcu üzrə 2488,61 manat, cərimə borcu üzrə 400 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 636,23 manat məbləğinə faiz borcu, cəmi 7949,89 (yeddi min doqquz yüz qırx doqquz manat səksən doqquz qəpik) manat məbləğində borc pul və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 27,12 (iyirmi yeddi manat on iki qəpik) manatı iddiaçının hesabına aid edilməsi, iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd olunması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 427.3, 442, 445.1, 445.7, 447.1, 448.1, 449.1, 21.2, 21.2, 462.1, 465.2, 467, 477.0.1, 477.0.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2012-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, cavabdehin ümumi kredit borcu tam şəkildə silinməmiş və bankın təqdim etdiyi maliyyə hesabatlarında göstərildiyi kimi borc qalığı aktual olaraq mövcuddur. Nəticə olaraq qeyd olunur ki, Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC qarşısında kredit müqaviləsi və əlavə saziş üzrə hüquqi və maliyyə öhdəlikləri müəyyən edilmişdir və bu borc halhazırda qüvvədədir. Göstərilənlərə əsasən də məhkəmə qiymətləndirmə rəyinin Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC qarşısında kredit müqaviləsi və əlavə sazişlər üzrə hüquqi və maliyyə öhdəliklərinin müəyyən edilməsi hissəsi, həmçinin Feyzullayeva İlhamə Arif qızına ##.##.2022-ci il tarixinə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcu üzrə 2488,61 manat, eyni zamanda ##.##.2025-ci il tarixinə isə əsas borc üzrə 4 425,05 manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış əlavə faiz olan 636,23 manat borcu ilə razılaşır və iddianı qiymətləndirmə rəyinin həmin hissələrinə uyğun olaraq təmin edilməli olduğunu qanuni və əsaslı hesab edir, lakin cərimə borcu ilə isə razılaşmır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, o, Laçın Rayon Məhkəməsinin (hakim Cavad İbrahimov)## ###### 2025-ci il tarixli, 2 (047)- ***/**** nömrəli qətnaməsindən narazıdır. Belə ki, o, “ xxxx “ Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialından ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “ şəxsi istehlak “ məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 (yeddi min yeddi yüz ) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bankla kredit müqaviləsi bağlayanda dollar 78 qəpik olmuşdur. 2-ci devalivasiyaya qədər, yəni dollar 1,7 manat olan dövrə qədər ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Hətta dollar 1,7 manat olan dövrdə belə 2-3 ay ödənişlər etmişdir. Daha sonra o, “ xxxx “ ASC-yə müraciət edərək ödənişin dayandırılmasını xahiş etmişdir. Lakin ona heç bir güzəşt edilməmişdir. Ona görə də ödənişi dayandırmışdır. ##.##.2017-ci ildə müqaviləyə 3-cü dəfə dəyişiklik edilmişdir. Dolların məzənnəsinə 1 manat 40 qəpik gözəşt edilməklə ödəniş müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanına əsasən 10.000 ABŞ dollarına qədər olan problemli kreditlərin kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Mərkəzi Bankın kompensasiya ilə bağlı internet portalına yerləşdirdiyi məlumatlara əsasən 3663,82 manat kompensasiya hesablanmış,bu kompensasiyanın 2864,40 manatı vətəndaşa, yəni ona, qalan hissəsi isə “xxxx “ ASC-yə olan borcunun ödənilməsinə yönəldilmişdir. Həmin Fərmana əsasən kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanana qədər ödənişi davam etdirmişdir. Hətda ödəniş öhdəliyim aylıq 156 ( bir yüz əlli altı ) manat olduğu halda ##.##.2017-ci il tarixdə 433 ( dörd yüz otuz üç) manat, ##.##.2017-ci il tarixində 200 ( iki yüz) manat, ##.##.2017-ci il tarixdə 215 ( iki yüz on beş ) manat, ##.##.2017-ci il tarixdə isə 1836 ( bir min səkkiz yüz otuz altı) manat birdəfəlik ödəmişdir. Bütün bu ödəniş qəbzlərini məhkəməyə təqdim etsə də, məhkəmə bunu nəzərə almamışdır. Cənab Prezidentin imzalamış olduğu ##.##.2015-ci il tarixli Fərmanın 2-ci bəndində göstərilmişdir ki, kompensasiya məbləği ilk növbədə banklara olan borcların bağlanmasına yönəldilsin. Borc bağlandıqdan sonra qalan məbləğ vətəndaşın sərəncamına verilsin. Azərpoçtun ona vermiş olduğu kart vasitəsi ilə ona düşən 2864,40 (iki min səkkiz yüz altmış dörd manat qırx qəpik) manat kompensasiyanı nağdlaşdırmışdır. Göründüyü kimi, əgər onun “xxxx” ASC-yə borcu olsa idi, ona kompensasiya ödənilməzdi. O, məhkəməyə bununla bağlı Milli Banka sorğu verilməsini tələb etsə də, məhkəmə heç bir əsaslı səbəb göstərmədən sorğu göndərməkdən imtina etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş ödəmə çeklərini araşdırmadı və nəticədə qeyri obyektiv qətnamə qəbul etmişdir. Bundan başqa o, “xxxx” ASC ilə ##.##.2014-cü il tarixli kredit müqaviləsi bağladığı halda, məhkəmə qətnaməsində nədənsə bu müqavilənin tarixi ##.##.2015-ci il kimi göstərilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəf apellyasiya qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və digər proses iştirakçılarının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya icraatı yalnız mübahisələndirilən və iddianın təmin olunmuş hissəsi üzrə və cavabdeh Feyzullayeva İlhamə Arif qızına münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qərnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün (##.##.2017-##.##.2022-ci il) faiz borcu üzrə 2488,61 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Feyzullayeva İlhamə Arif qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab edir; iddiaçının tələb etdiyi borc məbləğinin (##.##.2017-ci il tarixli əlavə saziş üzrə) tam ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətində istinad edilən devalvasiya hallarının kredit öhdəliyinin icrasına təsiri hüquqi baxımdan borcun mövcudluğunu və ya həcmini aradan qaldıran əsas kimi qiymətləndirilə bilməz. Kredit münasibətləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq icra edilməli öhdəliklərdən ibarət olub, valyuta məzənnəsində baş verən dəyişikliklər müqavilə öhdəliklərinin icrasını istisna etmir və borcun ləğvinə əsas vermir. Apellyasiya şikayətində göstərilən ödənişlərin vaxtında həyata keçirilməsi ilə bağlı dəlillər isə iş materiallarında olan maliyyə arayışı və hesablamalarla təkzib olunur. Müəyyən edilmişdir ki, cavabdehin kredit üzrə öhdəlikləri müəyyən dövr ərzində icra edilsə də, sonradan ödəniş intizamının pozulması nəticəsində əsas borc, faizlər və müqavilə üzrə nəzərdə tutulan digər ödənişlər üzrə gecikmə yaranmışdır. Bu baxımdan, təqdim edilən ayrı-ayrı ödəniş qəbzləri ümumi borcun mövcudluğunu istisna etmir. “Problemli kreditlər” və kompensasiya mexanizmi ilə bağlı istinadlar da iddia tələbinin hüquqi əsasını dəyişdirmir. Belə ki, müvafiq dövlət proqramları və kompensasiya ödənişləri borcun tam bağlanmasını avtomatik təmin etmir, yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən hissələrin qarşılanmasına xidmət edir. İş materiallarında olan Mərkəzi Bank məlumatları da göstərir ki, mübahisə predmeti olan kredit üzrə əsas borc qalığı müəyyən edilmiş tarixə mövcud olmuşdur. Apellyasiya şikayətində məhkəmənin sübutların araşdırılması ilə bağlı irəli sürülən dəlilləri də əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş maliyyə sənədlərini, kredit və əlavə sazişləri, habelə tərəflərin izahatlarını hüquqi baxımdan qiymətləndirərək nəticəyə gəlmişdir. Məhkəmənin sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərini pozduğu müəyyən edilmir. Kredit müqaviləsinin tarixinin düzgün göstərilməməsi ilə bağlı irəli sürülən dəlil isə işin mahiyyətinə təsir edən hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən hal texniki xarakterli uyğunsuzluq olmaqla, müqavilə münasibətlərinin mövcudluğunu, tərəflərin hüquq və vəzifələrini və borcun yaranma əsasını aradan qaldırmır. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026-cı il tarixli rəsmi məktubuna hüquqi qiymət verərək qeyd edir ki, həmin məktubda əks olunan məlumatlar mübahisənin predmeti olan kredit öhdəliyinin mövcudluğunu və həcmini inkar etmir, əksinə cavabdehin ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixinə əsas borc qalığının 4.425,05 manat təşkil etdiyini təsdiqləyir. Bu hal, apellyasiya şikayətində irəli sürülən borcun kompensasiya mexanizmi və dövlət proqramı çərçivəsində tam ödənilməsi barədə dəlillərin hüquqi və faktiki əsasdan məhrum olduğunu göstərir. Eyni zamanda, məktubdan görünən kompensasiya məbləğinin hesablanması və onun bir hissəsinin kredit öhdəliyinin qarşılanmasına yönəlməsi faktı belə, kredit müqaviləsi üzrə qalan borcun tam bağlanmasını təsdiq etmir və borcun icrasını avtomatik olaraq aradan qaldıran hüquqi nəticə yaratmır. Kompensasiya mexanizmi öz mahiyyətinə görə yalnız müəyyən hissənin qarşılanmasına yönəlmiş sosial-iqtisadi tədbir olmaqla, mülki-hüquqi öhdəliyin ləğv edilməsi kimi şərh edilə bilməz. Bundan əlavə, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinin məzmununa əsasən, dövlət kompensasiyası yalnız bank tərəfindən qarşılanmayan hissə üzrə tətbiq edilir və kredit təşkilatının qarşılamış olduğu məbləğ həcmində dövlət öhdəliyi mütənasib olaraq azalır. Bu isə onu göstərir ki, kompensasiya mexanizmi borcun tam silinməsinə deyil, yalnız bölüşdürülmüş ödəniş modelinə xidmət edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Laçın Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Feyzullayeva İlhamə Arif qızının apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi cavabdeh Feyzullayeva İlhamə Arif qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar