Məhkəmə qərarları › İş №2(3-9)-14/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-14/2026

15.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-14/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh oğunun iştirakları ilə, Iddiaçı İddiaçı (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi Idarəsi iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh Cavabdeh qarşı “torpağın ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 nikahı ## ###### 2007-ci il tarixdə Masallı RIHB-nın Ərkivan ərazi nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Nəzərova” soyadını qəbul etmişdir. Masallı RIHB-nın İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq İ Səmidxan kəndində yaşayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli məktubdan görünür ki, ## #### 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Masallı rayonu, Səmidxanlı kəndində yerləşən torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin əldə edilməsi barədə edilmiş müraciətə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs baxılmışdır. Təqdim olunan sənədlərə əsasən qeydiyyata alınması istənilən torpaq sahəsinin üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivin 165-ci fondunda mühafizə olunan, Masallı Rayon Icra Hakimiyyəti Başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Şərəfə kənd XDS (ZDS) IK), 1991-1995-ci illlərə aid, ** saylı təsərrüfatbaşına kitabın, 1758-ci təsərrüfatından, 79-80-cı səhifələrindən ibarət arxiv çıxarışından görünür ki, X4 istifadəsində 1995-ci ildə 0.08 ha torpaq sahəsinin olması qeyd edilmişdir. ## ###### 1995-ci il tarixli aktın surətindən görünür ki, Səmidxan kənd sakini X6 ayrı təsərrüfat olmaqla hesabında torpaq sahəsi yoxdur. Ona görə də, Səmidxanlı kolxozunun üzvləri “Səmidxanlı” kolxozu tərəfindən 0.08 ha həyətyanı torpaq sahəsinin ölçülüb verilməsini məsləhət bilmişlər. Həmin torpaq sahəsi şimaldan ictimai torpaq sahəsi, cənubdan yol, şərqdən yol, qərbdən Aslanova Kifayətin torpağı ilə həmsərhəddir. Əhalin vergilərin qəbulu üçün olan ***** nömrəli qəbzin surətindən görünür ki, ödəyici X7 2000-2002-ci illər ödəniş dövrü üçün 89630 manat torpaq vergisi ödəmişdir. Tədiyə bildirişinin surətindən görünür ki, Masallı rayonu, İ Səmidxanlı kəndində yaşayan vergi ödəyicisi Cavabdeh 2025-ci il üçün 15,5 manat əmlak vergisi, 1,5 manat torpaq vergisi hesablanmışdır. ## ###### 2025-ci il tarixinədək 8,5 manat, ## ###### 2025-ci il tarixinədək – 8,5 manat, ötən dövrlər üzrə vergi borcu 34 manat, faiz məbləği 9.81 manat, ödəniləcək məbləğ 60,81 manat təşkil edir. Masallı RIHB-nın İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonunda qeydiyyatdadır. Masallı rayonu İ Səmidxan kəndində ona məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, İ Səmidxan kəndində yerləşməklə sovxoz tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsinin qeydiyyatından ötrü ölçü işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ilin əvvəllərində sovxoz tərəfindən ona həmin vaxt yaşadığı Masallı rayonu İ Səmidxan kəndində 0.08 hektar torpaq sahəsi ayrılmışdır. 1999-cu ildə Masallı rayonu Ərkivan qəsəbə sakini Iltizam Nəzərov ilə el adəti üzrə toy edərək ailə həyatı qurub onun ata evinə gəlin köçmüş və həmin vaxtdan etibarən Ərkivan qəsəbəsində yaşamışdır. Qızlıq soyadı Əkbərova olmuş, nikah qeydiyyatından sonra Nəzərova soyadını qəbul etmişdir. Son vaxtlar yuxarıda göstərilən torpaq sahəsinə dair hüquqlarını qeydiyyata almaq istədikdə məlum olmuşdur ki, təsərrüfatbaşına kitabda ona torpaq ayrılması barədə məlumatların mövcud olmasına və Masallı rayon Aqrar Islahat Komissiyasının müvafiq qərarı ilə torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda adının qeyd edilməsinə, habelə JN- 212 KOD ******** saylı Şəhadətnamənin göstərilməsinə baxmayaraq, həmin şəhadətnamə faktiki olaraq tərtib edilməmişdir. Bu torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, eləcə də, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciət etmişdir. Lakin həmin idarənin əməkdaşları tərəfindən ərazidə ölçü işləri aparılarkən cavabdeh tərəfindən maneçilik törədilmiş, ölçü işlərinin aparılmasına imkan verilməmişdir. Halbuki qeyd olunan torpaq sahəsinə dair hüquqların qeydiyyatı üçün mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılması və ərazinin koordinatlarının dəqiqləşdirilməsi zəruridir. Cavabdehin ərazidə aparılan ölçü işlərinə maneçilik törətməsi səbəbindən mütəxəssislər işlərini tamamlaya bilməmiş və nəticədə torpaq sahəsinə dair onun hüquqlarının dövlət qeydiyyatı mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Elşən Hüseynov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 152.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə, İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il il tarixli qərarına istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı İddiaçı adı torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda qeyd edilsə də, ona torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd yoxdur. Mübahisə predmeti olan, iddiaçının hazırda istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi Masallı rayonu İ Səmidxan kəndində yerləşən 0.08 hektar torpaq sahəsi ## ###### 1995-ci il tarixli akta əsasən cavabdehin qardaşı X6 ayrılmışdır. Odur ki, hazırki cavabdehin yararlanaraq həmin torpaqda yerləşən və onun tərəfindən inşa olunmuş evdə ailə üzvləri ilə birlikdə yaşadıqları halda, həmin torpaqda yerləşən evdə yaşayan mülkiyyətçinin həmin torpaq sahəsindən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı. Məhkəmə qeyd edir ki, əvvəla mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcud olmaqla cavabdehin sahiblik və istifadəsindədir. Bunu tərəflərin heç biri mübahisələndirmir. Torpaq sahəsində yerləşən ev isə özbaşına tikili olmaqla, cavabdeh tərəfindən inşa edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi cavabdehin qardaşına məxsus olsa da, faktiki cavabdeh tərəfindən idarə olunduğundan həmin torpaqda yeləşən mübahisəli tikiliyə cavabdeh gözlənilən hüququ vardır. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Iddiaçı İddiaçı Masallı rayon Aqrar Islahat Komissiyasının müvafiq qərarı ilə torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda adının qeyd edilməsi, habelə JN-212 KOD ******** saylı Şəhadətnamənin göstərilməsinə baxmayaraq həmin şəhadətnamənin faktiki olaraq tərtib edilməməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, adlı siyahıda iddiaçının adında 0.08 ha torpaq sahəsi qeyd olunsa da, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd, torpaq sahəsinin sərhədləri, yerləşmə yeri, ən əsası həmin torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş və hər hansı halı sübuta yetirməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Sənədlərə əsasən hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Cəlilabad Ərazi Idarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları ölçü işlərinin aparılması üçün gəldikdə cavabdeh tərəfindən maneəçilik törədilmiş və ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər kolxozun aktı və kommunal xətlərin bildirişləridir, cavabdehin mülkiyyəti təsdiq edən heç bir sənədi mövcud deyildir. Buna baxmayaraq məhkəmə qanunsuz olaraq cavabdehin sənədlərini mülkiyyət hüququna gözlənti kimi qəbul etmişdir. Bundan başqa, cavabdeh ona dəfələrlə həyətdən yer və pul təklif etmiş, lakin razı olmamış və torpağını tələb etmişdir. Həmin torpaq ona məxsusdur və cavabdehə heç bir aidiyyəti yoxdur. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ilk olaraq vurğulamaq istəyir ki, onun həmin torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarışda qeydiyyatı, kolxozun əmri və aqrar islahat komissiyasının qərarı və adlı siyahı mövcuddur. Cavabdehin isə heç bir hüquq müəyyənedən sənədi yoxdur. Bu vəziyyətdə sənədləri ilkin hüquqmüəyyənedici sənədlərdir və mülkiyyətin qeydə alınması üçün əsaslardır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna, Prezidentin və Baş Nazirin qeyd olunan qərarlarına əsasən Aqrar Islahat Komissiyasının qərarı ilə təsdiq edilmiş siyahılarda olan torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. Belə olan halda məhkəmənin subyektiv hüquqla bağlı mövqeyi yanlışdır. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüququm vardır, lakin həmin hüququ qeydiyyata aldırmaq üçün maneçlik törədir. Buna görə də hüquqlarını həyata keçirə bilmir. Azərbaycan RespublikasıPrezidentinin ##.##.2021-ci il tarixli Fərmanın 1.1-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan RespublikasınınQanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin. Qətnamədə göstərilir ki, həmin torpaq sahəsi cavabdehin istifadəsindədir və cavabdehin gözlənilən hüququ vardır. Cavabdeh bunu bildiyi halda onun torpağına qanunsuz daxil olaraq orada ev tikmişdir. Cavabdehin guya qardaşı Isfəndiyarın adına ##.##.1995-ci il tarixdə akt əsasında 0.08 ha torpaq ayrılmışdır. Ümumiyyətlə ayrılmışsa belə həmin sənəd qanuni deyildir və heç bir orqanda qeydiyyatdan keçməmişdir. Isfəndiyarın torpağının Baloğlana hər hansı aidiyyəti yoxdur, onlar ayrı-ayrı subyektdir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia müddəti yoxdur və istədiyi zaman torpağını tələb etmək hüqüuqu vardır. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh Bakı şəhərində qeydiyyatdadır, belə olan halda ona rayon ərazisində torpaq sahəsinin ayrılmasıda mümkün deyildir. Göründüyü kimi məhkəmə mülkiyyət hüququ ilə bağlı normaların tələbini kobud şəkildə pozmuş, cavabdehin qardaşının adına olan sənədi qəbul edərək sübut kimi qiymət vermiş, onun öz adına olan sənədinə isə qiymət verməmişdir”. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxıl olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. torpaq sahəsinin rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Onlar Çıxarışın verilməsi üçün ölçü işlərinin aparılmalı olduğunu ona bildirmişlər. Ölçü işlərinin aparılmasına cavabdeh maneələr yaradır. 1999-cu ilədək torpaq sahəsi onun istifadəsində olub. Həmin tarixdən köçmüşdür, o vaxtdan sonra torpaq sahəsindən məlumatı olmamışdır. Torpaq sahəsinin ona məxsus olmasına dair həmin ərazidə yaşayan vətəndaşlar, qonşular şahidlik edə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, ölçü işlərini aparmaq üçün gələn dövlət orqanları heç bir sənəd təqdim etmir, hansı əsasla ölçmə işi apardıqlarını bildirmirlər. Torpaq sahəsi 1995-ci ildə Kalxozdan verilmiş sənədə əsasında qardaşının mülkiyyətindədir. Qardaşı xaricdə yaşadığı üçün torpaq sahəsi onun istifadəsindədir. 1995-ci ildə torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişlər. Həmin tarixdən o, istifadə edir. Iddiaçı onun qonşusudur. Iddiaçının bildirdikləri ilə razı deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi Idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən sübutlar apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin predmeti və hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, təqdim olunmuş sübutlar isə onların həqiqi məzmununa və tətbiq edilməli olan hüquq normalarına uyğun qiymətləndirilməmişdir. Nəticədə məhkəmə iddiaçının hüquqi vəziyyətini tam və düzgün araşdırmadan, formal yanaşma ilə onun subyektiv hüququnun mövcud olmaması barədə nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas arqument kimi iddiaçının mübahisə predmeti üzrə subyektiv hüququnun mövcud olmamasını göstərmişdir. Lakin iş materiallarının məzmunu və tətbiq edilməli olan normativ baza bu nəticənin hüquqi və faktiki əsaslardan məhrum olduğunu göstərir. Iş üzrə təqdim olunmuş arxiv sənədindən – Azərbaycan Respublikası Dövlət Arxivinin 165ci fondundan götürülmüş, 1991–1995-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışdan açıq şəkildə görünür ki, iddiaçının (nikahdan əvvəlki soyadı ilə – X5) istifadəsində 1995-ci ildə 0.08 ha torpaq sahəsi olmuşdur. Iddiaçı ilə həmin şəxsiyyətin eyniliyi iş materialları ilə təsdiq edilir. Kollegiya qeyd edir ki, həmin sənəd hüquqi baxımdan sadəcə faktiki istifadəni deyil, həm də hüququn ilkin əsasını təsdiq edən sübut kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.3-cü bəndinə əsasən, 2001-ci il ######ın #-dək verilmiş təsərrüfatbaşına kitabdan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına daxildir. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun mövcudluğu normativ qaydada tanınan sənədlə təsdiq olunduğu halda, birinci instansiya məhkəməsinin “subyektiv hüququn olmaması” barədə nəticəsi açıq-aşkar yanlış hüquqi qiymətləndirmədir. Birinci instansiya məhkəməsi işin mahiyyətini yanlış müəyyən edərək mübahisəni sanki torpaq sahəsi üzərində mülkiyyət hüququnun kimə məxsus olması kimi qiymətləndirmişdir. Halbuki iddiaçının tələbi mülkiyyət hüququnun tanınması deyil, konkret olaraq torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasıdır. Iş materiallarından da görünür ki, iddiaçı müvafiq dövlət orqanına müraciət etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ərizənin icrasından imtinanın səbəbi kimi ölçmə işlərinin aparılmasına şərait yaradılmaması göstərilmişdir. Iş materiallarının məcmu qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, mübahisəli torpaq sahəsində ölçmə (çöl-kadastr) işlərinin aparılmasına real və birbaşa maneə məhz cavabdeh tərəfindən yaradılmışdır. Həmin maneə isə yalnız faktiki xarakter daşımır, eyni zamanda hüquqi nəticələr doğurur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosedurunun zəruri mərhələsi olan ölçmə və koordinatların müəyyən edilməsi mümkün olmadan qeydiyyat həyata keçirilə bilməz. Nəticə etibarilə, cavabdehin davranışı iddiaçının qanunla nəzərdə tutulmuş qaydada öz hüququnu rəsmiləşdirmək, onu hüquqi dövriyyəyə daxil etmək və dövlət tərəfindən tanınmasını təmin etmək imkanını faktiki olaraq məhdudlaşdırır. Mülki hüququn fundamental prinsiplərindən biri ondan ibarətdir ki, hər bir şəxs öz hüquqlarını sərbəst və maneəsiz həyata keçirmək imkanına malik olmalıdır və üçüncü şəxslər bu prosesə əsassız müdaxilə edə bilməzlər. Cavabdehin davranışı isə nə qanuna, nə də hər hansı legitim hüquqi marağa əsaslanmadığından, bu müdaxilə hüquqi cəhətdən qorunan sayılmır. Tam əksi olaraq, belə hərəkətlər hüququn həyata keçirilməsinə süni maneələr yaradılması kimi qiymətləndirilməli və məhkəmə tərəfindən aradan qaldırılmalı olan qanunsuz vəziyyət hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə öz daxilində məntiqi ardıcıllıqdan məhrumdur və ziddiyyətlidir. Belə ki, bir tərəfdən məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun olmadığını qeyd edir, digər tərəfdən isə cavabdehin həmin torpaq sahəsi ilə bağlı “gözlənilən hüququ”nun mövcudluğunu əsas götürərək onun faktiki istifadəsini müdafiə edir. Bu yanaşma isə inandırıcı görünmür. Çünki iddiaçı öz mövqeyini normativ qaydada tanınan sənədlərlə əsaslandırdığı halda, cavabdehin mövqeyi yalnız faktiki istifadə ilə izah olunur və hər hansı hüquqi sənədlə təsdiq edilmir. Daha da önəmlisi, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi ilkin olaraq ümumiyyətlə cavabdehə deyil, onun qardaşına ayrılmışdır. Buna baxmayaraq, məhkəmə bu faktı nəzərə almadan cavabdehin faktiki istifadəsini hüquqi əsas kimi qəbul etmişdir. Belə bir yanaşma hüquqi baxımdan balanslı deyil və nəticə etibarilə həm hüquqi müəyyənlik prinsipinə, həm də tərəflər arasında bərabərlik prinsipinə uyğun gəlmir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyini əsaslandırarkən onun faktiki istifadəsini və “gözlənilən hüquq” anlayışını ön plana çəkmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma ən yaxşı halda cavabdehin yalnız legitim hüquqi marağının mövcudluğu kimi qiymətləndirilə bilər. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququ normativ qaydada tanınan sənədlərlə, xüsusilə təsərrüfatbaşına kitabdan çıxarış və müvafiq normativ aktın tələbləri ilə əsaslandırılmışdır. Cavabdehin mövqeyi isə yalnız faktiki istifadə ilə məhdudlaşır və hər hansı hüquqtəsdiqedici sənədlə təsdiq olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hüquqi qiymətləndirmə aparılarkən nəzərə alınmalıdır ki, hüquqi iyerarxiyada normativ əsaslara söykənən subyektiv hüquq, sadəcə faktiki vəziyyətdən irəli gələn legitim maraqdan üstün tutulmalıdır. Nəticə olaraq, iş materialları açıq şəkildə göstərir ki, ölçmə işlərinin aparılmasına yaradılan maneə məhz cavabdehin davranışı ilə bağlı olmuş və bu səbəbdən iddiaçının torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatına almaq imkanı faktiki olaraq məhdudlaşdırılmışdır. Bu isə artıq sadəcə faktiki vəziyyət deyil, hüquqi nəticə doğuran bir müdaxilədir. Çünki hazırki işdə iddiaçı öz hüququnu qanuni qaydada rəsmiləşdirmək istəyərkən, cavabdehin ölçmə işlərinin aparılmasına maneə yaradılması kimi əsassız davranışı mülki hüquqların həyata keçirilməsinə yolverilməz müdaxilə kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, belə müdaxilə nə qanunla qorunur, nə də hər hansı legitim maraqla əsaslandırıla bilər. Bu səbəbdən cavabdehin bu cür hərəkətləri hüquqa zidd hesab edilməli və həmin maneələrin aradan qaldırılması məhkəmə qaydasında təmin olunmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının yanlış tətbiqi və təfsiri nəticəsində qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəfin özünə aid edilməlidir. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpağın ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunsun. Masallı rayonu, İ Səmidxan kəndində yerləşməklə sovxoz tərəfindən iddiaçı İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin qeydiyyata alınması üçün ölçü işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən olan maneələr aradan qaldırılsın. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar