Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-196/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), hakimlər X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan ##.##.2022-ci il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 7000 manat borc pul almışdır. Iş materiallarında olan ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 10000 manat borc pul almışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, */**** nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü vərəqində olan 1 ədəd dama-dama dəftər vərəqi üzərində yazılmış "Qəbz Cavabdeh #.##.2022 ci il tarixində İddiaçı rafiq qızından 7000 manat pul borc almışam Qısa müddət ərzində qaytaracağıma söz verirəm Imza Cavabdeh 2.11.22" yazıları və "Cavabdeh" yazılarının qarşısındakı imza; mülki işin 5-ci vərəqində olan 1 ədəd dama-dama dəftər vərəqi üzərində yazılmış "Qəbiz Cavabdeh ##.##.2023. tarixində. İddiaçı rafiq qızından 10000. manat pul borc almışam Dükan işlətdiyimçün qışa müddət ərzində qaytaracağıma söz verirəm. Qəbzi imzamla təsdiq edirəm Imza Cavabdeh ##.##.2023" yazıları və "Cavabdeh" yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir. Iş materiallarında olan ##.##.2026-ci il tarixli, */*** nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü vərəqəsindəki qəbzin üzərində olan “Qəbiz Cavabdeh #.##.2022 ci il tarixində İddiaçı 7000 manat pul borc almışam Qısa müddət ərzində qaytaracağıma söz verirəm Imza Cavabdeh 2.11.22” yazıları və “Cavabdeh” yazıları önündəki imza, mülki işin 5-ci vərəqindəki qəbzin üzərində olan “Qəbiz Cavabdeh ##.##.2023. tarixində. İddiaçı 10000. manat pul borc almışam Dükan işlətdiyim çün qışa müddət ərzində, qaytaracağıma söz verirəm. Qəbzi imzamla təsdiq edirəm Imza Cavabdeh ##.##.2023” yazıları və “Cavabdeh” yazıları önündəki imza- Cavabdeh tərəfindən icra edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2022-ci il tarixli borc müqaviləsinə görə 7000 (yeddi min) manat və ## ###### 2023-cü il tarixli borc müqaviləsinə görə 10000 (on min) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 142 (yüz qırx iki) manat dövlət rüsumu olmaqla ümumillikdə 17142 (on yeddi min yüz qırx iki) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə 2022-ci ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ondan digər mağaza açması üçün borc pul verməsini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq ## ###### 2022-ci il tarixdə 7000 (yeddi min) manat məbləğində və ## ###### 2023-cü il tarixində 10000 (on min) manat məbləğində borc pul vermişdir. Borc verdiyi məbləğ barədə cavabdehlə borc müqaviləsi bağlamışdır (həmin müqavilə iddia ərizəsinə əlavə olunmuşdur). Cavabdeh almış olduğu pulu qısa müddət ərzində qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Məhkəmədə cavabdeh Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıdan borc pul almayıb. O, hər hansı bir pulun alınması ilə əlaqədar qəbz yazmayıb, yazılarından heç birinin onun xətti olmadığını bildirdi. Ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Astara Rayon Məhkəməsinin (Hakim: Ilqar Məmmədov) *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsində də bildirdiyim kimi iddianı qəbul etmirəm. Mən iddiaçıdan pul almamışam. Onunla hər hansı bir müqavilə bağlamamışam. Məhkəmə aramızda müqavilə bağladığını qeyd etsə də, aramızda nə notarial, nə də ki başqa qaydada müqavilə bağlanmamışdır. Iddiaçı tərəfindən iki qəbz şəklində yazı məhkəməyə təqdim edilmiş və həmin yazılar əsasında məndən əsassız olaraq cəmi 17000 (on yeddi) min manat borcun tutulması tələb olunur. Qeyd edim ki, qanunvericilikdə borc məbləğinin predmeti üç min manatdan çoxdursa, həmin müqavilə tərəflər arasında notarial qaydada bağlanmalıdır. Qeyd edim ki, iddiaçı İddiaçı şəriki X1 oxşar əsaslarla Məhkəməyə müraciət etmiş və məndən pul tələb etmişdir. Astara RM onun iddiasını təmin etsə də, lakin Şirvan Apelyasiya Məhkəməsi Astara RM-nin qətnaməsini tamamilə ləğv edərək yeni qətnamə qəbul etmişdir. Bununla əlaqədar iddiaçı mənimlə düşmənçilik edir. Hesab edirik ki, hazırki iş üzrə də birinci instansiya məhkəməsi iş üzrə yekun məhkəmə aktı qəbul edərəkən, iş üzrə ətraflı və obyektiv araşdırma aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, iş üzrə səthi araşdırma aparmış, tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir. Iş materiallarında mövcud olan adı müqavilə qoyulmuş yazılı qəbzlər fərqli fərqli yazılardır. Mənim yazılarıma oxşadılmış və qəbz yazılmışdır. Məhkəmə ekspertizanın nəticələrinə əsasən iddianı təmin etmişdir. Ekspertin qənaətinə görə guya qəbzdəki imza və yazılar mənə məxsusdur. Mənim isə belə bir yazıdan xəbərim yoxdur. Bunun olması da mümkün deyildir. Lakin Astara rayon Məhkəməsi isə bütün diqqətini əsassız iddianın təmin edilməsinə yönəltmişdir. Hazırki mübahisə üzrə hesab edirəm ki, iddiaçı məhz mübahisə predmeti olan borc məbləği ilə bağlı tələbinin əsaslılığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırki iş üzrə sübutetmə predmetinə daxil olan hallar 1) iddia tələbində göstərilən müqavilənin faktiki mövcudluğu, 2) müqavilənin tərəflər arasında bağlanması və həqiqətən tələb edən şəxsə, yəni iddiaçıya həmin müqavilədə iştirakı və 3) həmin pul məbləğinə dair müqavilənin və onun mənə verilməsinə dair və müqavilələrin iddiaçı və cavabdehlə həqiqətən göstərilən tarixdə bağlanıb bağlanmasından ibarətdir. Bununla bağlı qeyd etmək istəyirəm ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iddiaçılar sübutetmə predmetinə daxil olan yuxarıda qeyd etdiyim 1-ci və 2-ci halı (iddia tələbində göstərilən müqavilənin faktiki mövcudluğu, müqavilənin tərəflər arasında bağlanması və həqiqətən tələb edən şəxsə, yəni iddiaçıya həmin müqavilədə iştirakı sübut edilmədi. Belə ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iddiaçı bildirdilər ki, iddia ərizəsində qeyd olunan pul məbləğinin, həqiqtən Cavabdeh tərəfindən alınmış lakin buna dair iki əlyazma qəbz adlandırılan kağız parçasından başqa məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Hesab edirəm ki, məhkəmə tərəfindən hazırda baxılan iş üzrə sübutetmə predmetinə daxil olan və yuxarıda qeyd etdiyim 3-cü hal ətraflı və obyektiv araşdırılmalıdır. Yəni sözügedən bu hal (iddia tələbində qeyd olunan, həmin pul məbləğinə dair müqavilənin və onun mənə verilməsinə dair və müqavilələrin iddiaçı və cavabdehlə həqiqətən göstərilən tarixdə bağlanıb bağlanması) müəyyənləşdirilməlidir. Astara rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv olunması, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilsin”. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Iddiaçını tanımır. 11 ildir alqısatqı edir, ticarətlə fəaliyyətlə məşğul olur. Iddiaçı ola bilər ki, onu tanıyır. Iddiaçı ilə heç bir şəxsi, qohumluq, dostluq və s. münasibəti yoxdur. Iddiaçıdan heç vaxt pul almamışdır. Ekspert rəyi ilə razı deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Birinci Iki qəbzdə olan xəttlər arasında belə fərqlilik var. Ekspert rəyi ilə razı deyildirlər. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdeh ondan borc alıb. Cavabdehlə münasibətləri yaxşı olub, dəfələrlə onun evinə qonaq gəlib. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdiyindən, məhkəmə kollegiyası həmin qətnamənin qanuniliyini və əsaslılığını bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsi (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarına əsasən « Sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. O da nəzərə alınmalıdır ki, borc müqaviləsinin etibarlılığının yazılı forma tələbinə riayət olunması ilə şərtləndirmə halında faktiki olaraq verilmiş borc müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma üzrə geri istənilə bilinir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, iş üzrə təqdim edilmiş yazılı sübutları, birinci instansiya və apellyasiya icraatları zamanı alınmış ekspert rəylərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş və iddianın təmin edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh iki ayrı tarixdə borc pul verdiyini, həmin pul vəsaitlərinin alınmasının cavabdeh tərəfindən tərtib və imza edilmiş qəbzlərlə rəsmiləşdirildiyini bildirmişdir. Belə ki, iş materiallarında olan ## ###### 2022-ci il tarixli qəbzdə cavabdeh Cavabdeh iddiaçıdan 7.000 manat məbləğində borc pul aldığı və həmin məbləği qısa müddət ərzində qaytaracağı göstərilmiş, qəbz cavabdehin adından imzalanmışdır. Eyni qaydada, ## ###### 2023-cü il tarixli digər qəbzdə cavabdehin iddiaçıdan 10.000 manat məbləğində borc pul aldığı, həmin pul vəsaitini dükan fəaliyyəti ilə əlaqədar götürdüyü və qısa müddət ərzində qaytaracağı qeyd edilmiş, qəbz imza ilə təsdiq olunmuşdur. Beləliklə, hər iki qəbzin məzmununda tərəflər, verilmiş pul vəsaitinin məbləği, pulun borc olaraq verilməsi faktı və borcalanın onu geri qaytarmaq öhdəliyi müəyyən edilə bilən şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanun həmin halda borc müqaviləsinin notariat qaydasında təsdiq edilməsini deyil, yazılı formada bağlanmasını tələb etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətində borc məbləğinin üç min manatdan çox olması səbəbindən müqavilənin mütləq notarial qaydada bağlanmalı olması barədə irəli sürdüyü dəlil maddi hüquq normasının məzmununa uyğun deyildir. Hazırkı işdə isə borc münasibətlərinin yazılı formada mövcudluğunu təsdiq edən ## ###### 2022-ci il və ## ###### 2023-cü il tarixli iki qəbz iş materiallarına təqdim edilmişdir. Həmin sənədlərin məzmunundan pul vəsaitlərinin borc kimi alındığı və geri qaytarılacağı aydın şəkildə müəyyən olunur. Cavabdehin əsas etirazı isə qeyd olunan qəbzlərdəki yazıların və imzaların ona məxsus olmaması, həmin sənədləri tərtib etməməsi və iddiaçıdan ümumiyyətlə pul almaması barədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qəbzlərdə olan əlyazma mətnlərin və imzaların cavabdeh tərəfindən icra edilib-edilməməsi xüsusi bilik tələb edən məsələ olduğundan, həmin hal birinci instansiya məhkəməsində məhkəmə-xəttşünaslıq ekspertizasının predmetinə çevrilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş ## ###### 2022-ci il tarixli 7.000 manat məbləğində borca dair qəbzdə olan əlyazma mətn və imza, eləcə də ## ###### 2023-cü il tarixli 10.000 manat məbləğində borca dair qəbzdə olan əlyazma mətn və imza Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın nəticəsi cavabdehin qəbzləri yazmadığı və imzalamadığı barədə etirazını təsdiq etməmiş, əksinə, mübahisəli sənədlərdəki həm yazıların, həm də imzaların məhz cavabdeh tərəfindən icra olunduğunu müəyyən etmişdir. Cavabdeh və onun nümayəndəsi ## ##### 2026-cı il tarixli apellyasiya baxışında birinci instansiya məhkəməsində alınmış həmin ekspert rəyi ilə razı olmadıqlarını bildirmiş, qəbzlərdəki yazılar arasında fərqlərin olduğunu iddia etmişlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan etirazlarını nəzərə almış və yalnız birinci instansiya məhkəməsində əldə olunmuş ekspert rəyinə istinad etməklə kifayətlənməmişdir. Əksinə, cavabdeh tərəfin ekspert rəyinə dair etirazlarının yoxlanılması, işin faktiki hallarının obyektiv, tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə apellyasiya icraatı zamanı yenidən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticəsində də mübahisəli ## ###### 2022-ci il və ## ###### 2023-cü il tarixli qəbzlərdə olan əlyazma mətnlərin və imzaların Cavabdeh tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Bu baxımdan xüsusi əhəmiyyət daşıyan hal ondan ibarətdir ki, cavabdehin qəbzlərin ona məxsus olmaması barədə etirazı işə baxılmasının yalnız bir mərhələsində deyil, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində xüsusi biliklərə malik ekspertlər tərəfindən yoxlanılmış və hər iki ekspertiza eyni nəticəyə gəlmişdir. Başqa sözlə, birinci ekspertizanın nəticəsindən narazı qalan cavabdeh tərəfin etirazının yoxlanılması məqsədilə apellyasiya instansiyasında keçirilmiş ekspertiza da əvvəlki rəydə müəyyən edilmiş halı təsdiq etmişdir. Bununla da cavabdehin mübahisəli qəbzlərin onun tərəfindən yazılmadığı və imzalanmadığı barədə dəlili iş üzrə aparılmış iki ayrı ekspert araşdırmasının nəticələri ilə təkzib edilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinin mənasına görə, ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəyə malik deyil və məhkəmə tərəfindən iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilir. Bu isə o deməkdir ki, ekspert rəyi öz-özlüyündə mübahisənin həllini müəyyən edən yeganə sübut kimi deyil, iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Hazırkı halda da məhkəmə kollegiyası ekspert rəylərini ayrılıqda deyil, mübahisəli qəbzlərin özləri və onların məzmunu ilə birlikdə qiymətləndirir. Qəbzlərdə cavabdehin iddiaçıdan konkret məbləğdə pul vəsaitlərini borc kimi aldığı və onları geri qaytaracağı göstərilmiş, iki ayrı məhkəmə-xəttşünaslıq ekspertizası isə həmin qəbzlərdəki yazı və imzaların cavabdeh tərəfindən icra edildiyini müəyyən etmişdir. Cavabdeh tərəf isə ekspert rəylərinin elmi-metodiki əsaslarını, tədqiqatın aparılma qaydasını və ya ekspertlərin gəldiyi nəticələrin düzgünlüyünü şübhə altına ala biləcək hər hansı konkret və mötəbər sübut təqdim etməmişdir. Ekspert rəyinin nəticəsinin cavabdehin mövqeyi ilə uyğun gəlməməsi və ya cavabdehin həmin nəticə ilə razılaşmaması özlüyündə ekspert rəyinin mötəbərliyini aradan qaldıran hal hesab edilə bilməz. Cavabdehin nümayəndəsinin iki qəbzdə olan yazıların vizual baxımdan bir-birindən fərqlənməsi barədə dəlili də ekspert rəylərinin nəticəsini şübhə altına almaq üçün kifayət deyil. Əlyazmanın konkret şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələdir və məhz bu səbəbdən həmin məsələ üzrə ekspertiza keçirilmişdir. Hər iki ekspertiza nəticəsində də mübahisəli yazıların və imzaların cavabdeh tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini, ilk növbədə, cavabdehin adından tərtib edilmiş qəbzləri təqdim etməklə yerinə yetirmiş, həmin sənədlərin cavabdeh tərəfindən icra edilməsi isə məhkəmə ekspertizaları ilə təsdiq edilmişdir. Cavabdeh isə qəbzlərin ona aid olmadığı barədə etirazını təsdiq edən və ekspertizaların nəticəsini aradan qaldıran hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlar onların aidiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla, ayrı-ayrılıqda və məcmu halında qiymətləndirilməlidir. Hazırkı işdə qəbzlərin məzmunu ilə hər iki ekspertiza rəyinin nəticələri bir-birini tamamlayır və eyni faktiki halı, cavabdehin iddiaçıdan ümumilikdə 17.000 manat məbləğində borc pul almasını təsdiq edir. Məhkəmə kollegiyası cavabdehin iddiaçını tanımaması, onunla yaxın, qohumluq və ya dostluq münasibətlərinin olmaması barədə izahatını da iddianın rədd olunması üçün yetərli hesab etmir. Borc münasibətinin yaranması üçün tərəflər arasında qohumluq, dostluq və ya digər xüsusi şəxsi münasibətin mövcudluğu qanunla şərt kimi müəyyən edilməmişdir. Tərəflər arasında borc münasibətinin olub-olmaması onların şəxsi münasibətlərinin xarakteri ilə deyil, iş üzrə təqdim edilmiş sübutların məcmusu əsasında müəyyən edilməlidir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində iddiaçının şəriki olduğu bildirilən X1 cavabdehə qarşı başqa mülki iş üzrə irəli sürdüyü tələbin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməməsinə istinad etməsi də hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Həmin mülki iş başqa şəxslər arasında yaranmış hüquq münasibətlərinə və həmin iş üzrə təqdim edilmiş konkret sübutlara əsasən həll edilmişdir. Başqa iş üzrə qəbul edilmiş məhkəmə aktının nəticəsi hazırkı işdə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında borc münasibətlərinin mövcud olub-olmamasını özlüyündə müəyyən etmir. Hazırkı mübahisə məhz bu iş üzrə təqdim olunmuş və araşdırılmış sübutlar əsasında həll edilməlidir. Eyni zamanda, həmin başqa mülki işin nəticəsinə əsaslanaraq iddiaçının cavabdehlə düşmənçilik münasibətində olması və bu səbəbdən hazırkı iddianı irəli sürməsi barədə apellyasiya şikayətinin dəlili də hər hansı obyektiv sübutla təsdiq olunmur. Belə bir fərziyyə mübahisəli qəbzlərin mövcudluğunu və onların cavabdeh tərəfindən tərtib edilməsinin iki ekspertiza ilə təsdiq olunması faktını aradan qaldırmır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki qəbzdə cavabdehin aldığı pul məbləğini geri qaytarmaq öhdəliyi açıq şəkildə ifadə edilmişdir. Bununla belə, iş materiallarında həmin 17.000 manat məbləğində borcun iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Öhdəliyin icra edilməməsi, o cümlədən onun ümumiyyətlə və ya lazımınca yerinə yetirilməməsi mülki qanunvericiliyə görə öhdəliyin pozulması kimi qiymətləndirilir. Hazırkı halda cavabdehin aldığı pul vəsaitlərini geri qaytarması barədə sübut olmadığına görə onun qəbzlərdə üzərinə götürdüyü qaytarma öhdəliyinin icra edildiyi müəyyən olunmur. Beləliklə, iş üzrə müəyyən edilmiş halların və sübutların məcmusundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş ## ###### 2022-ci il və ## ###### 2023-cü il tarixli qəbzlər cavabdehin iddiaçıdan müvafiq olaraq 7.000 manat və 10.000 manat, ümumilikdə 17.000 manat borc pul aldığını təsdiq edir. Həmin qəbzlərin cavabdeh tərəfindən tərtib və imza olunması isə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizalarının nəticələri ilə təsdiqlənmişdir. Cavabdehin qəbzlərdəki yazı və imzaların ona məxsus olmaması barədə dəlili aparılmış ekspert araşdırmaları nəticəsində öz təsdiqini tapmamış, borc müqaviləsinin notarial qaydada bağlanmalı olması barədə dəlili qanunvericiliyin tələblərinə uyğun olmamış, başqa mülki iş üzrə qəbul edilmiş məhkəmə aktına və iddiaçı ilə düşmənçilik münasibətlərinin olmasına dair istinadları isə hazırkı mübahisənin faktiki hallarını təkzib edən sübutlarla təsdiqlənməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını şübhə altına alan və onun ləğv edilməsini şərtləndirən hallar kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, tərəflərin təqdim etdikləri sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş, tərəflər arasında borc hüquq münasibətlərinin yarandığını və cavabdehin üzərinə götürdüyü qaytarma öhdəliyini yerinə yetirmədiyini əsaslı şəkildə müəyyən etmişdir. Buna görə də Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayətində göstərilən əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmış, müəyyən edilmiş hallara düzgün hüquqi qiymət vermişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Apellyasiya şikayəti təmin edilmədiyindən, iş üzrə ##.##.2026-cı il tarixli */*** nömrəli məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 240 (iki yüz qırx) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Iş üzrə ##.##.2026-cı il tarixli */*** nömrəli məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 240 (iki yüz qırx) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE00000000000002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XIIS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK-CTREAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-196/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-196/2026
05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver