Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-203/2026 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-144)-205/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-144)-205/2026 saylı qərardadına əsasən (hakim Elmir Murquzov) iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Sözügedən qərardaddan İddiaçı şikayət verərək Lənkəran Rayon Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli, 2(049)-205/2026 saylı qərardadının ləğv edərək işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun verdiyi iddia ərizəsi və iddia tələbi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu ilə bağlıdır. Əgər onun iddia tələbi Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu ilə bağlı olmasaydı, ölkə üzrə yaşayış minimumunun artırılması ilə bağlı olsaydı, onda o alimentin məbləğinin indeksasiyası ilə bağlı ərizə verərdi. Məhkəmə isə qeyd olunan halları araşdırmaq üçün onun iddia ərizəsini icraata götürərək məhkəmə iclasında baxmalıydı. Əgər məhkəmənin qəbul etdiyi qərardadında qeyd etdiyi hallar təsdiqini tapsaydı, onda məhkəmə həmin qərardadı qəbul etməkdə haqlı olardı. Hazırkı, haldaisə məhkəmənin onu məhkəməyə dəvət edərək dindirmədən belə bir mövqe ortaya qoymasını əsassız hesab edir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-144)-205/2026 sаylı qərаrdаdı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5- 144)-205/2026 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı uşaqların xərclərini tək ödəyə bilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edərkən gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-3-cü bəndinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna deyil, qətnamənin çıxarıldığı tarixdən 3 il müddət keçməsinə, qiymətlərdə dəfələrlə artımların olmasına və ölkə üzrə yaşayış minimumunun artırılmasına istinad edərək alimentin artırılması tələbini irəli sürür ki, bu da Ali Məhkəmənin yuxarıda adıçəkilən qərarında ifadə olunmuş mövqeyə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina üçün əsas kimi çıxış edir. Məhkəmə tərkibi qeyd edilənlərlə razılaşmayaraq qeyd edir ki, bu hal iddia ərizəsinin icraata qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Çünki işin faktiki halları nəzərə alındıqda görünür ki, Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(049)-170/2023 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 125 manat-cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və 0xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Lakin yuxarıda qeyd edilən həmin hüquqi mövqe o halda tətbiq edilə bilər ki, tərəfin istədiyi nəticəyə indeksasiya mexanizmi vasitəsilə nail olmaq mümkün olsun. Hazırkı işdə isə qeyd edilmiş hal işin faktiki halları ilə uyğun deyildir. Belə ki, 23 fevral 2023-cü il tarixli qətnamə ilə hər uşaq üçün 125 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, 23 fevral 2023-cü il tarixli qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 345 manat olmuşdur. Hər uşaq üçün müəyyən edilmiş 125 manat aliment məbləği minimum əmək haqqına nisbətdə təxminən 0,36 hissə təşkil edir (125:345≈0,36). Hətta bu nisbət üzrə indeksasiya tətbiq edilərək hazırkı minimum əmək haqqına uyğun yenidən hesablanma aparılsa belə, alınacaq məbləğ iddiaçının tələb etdiyi və uşaqların real saxlanma xərclərini təmin edən səviyyəyə çatmır. Bu isə göstərir ki, mübahisə texniki indeksasiya məsələsi olmamaqla əvvəl müəyyən edilmiş aliment məbləğinin uşaqların artan tələbatı fonunda yetərsiz qalması ilə bağlıdır. Buna görə də iddia tələbi mahiyyət etibarilə alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil tələb kimi qiymətləndirilməlir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı da məhz uşaqların saxlanma xərclərinin artdığını, əvvəl müəyyən edilmiş məbləğin onların normal təminatına kifayət etmədiyini bildirmişdir. Bu isə mahiyyət etibarilə maddi vəziyyətin və şəraitin dəyişməsi ilə bağlı mübahisədir və məhkəmə araşdırması tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-144)-205/2026 sаylı qərardadı ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-144)-205/2026 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-203/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-203/2026
19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver