Məhkəmə qərarları › İş №2(3-9)-255/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-255/2026

16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-255/2026 16.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh X4, onun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 mart 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X5 qarşı “qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi istifadədə olan yolda qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi, ona vurulmuş maddi ziyan qismində 3000 (üç min) manat pulun və 50,4 manat dövlət rüsumunun cavabdeh X2 alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda, yəni Astara rayonunun Vaqo kəndindəki evində yaşayır. Cavabdeh X8 isə onunla qonşuluqda yaşayır. Həyətyanı sahələri arasında təxminən 6-7 metr enində ümumi istifadədə olan yol mövcuddur. Yolun şərq tərəfi Pensər kəndi, qərb tərəfi isə Vaqo kəndinə daxildir. Mülkiyyətində olan 0.06 ha heyətyanı torpaq sahəsində iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 202.4 m² olan yaşayış evi vardır. O torpaq sahəsini 1990-cı ildə əldə edəndan sonra həmin torpaq sahəsinin şərq tərəfində təxminən 2.2 metr hündürlüyündə çay daşından və kərpicdən daş hasar inşa etdirmişdir. Həmin daş hasara isə paralel olaraq 4 metr hündürlüyündə daş hasar inşa etdirmişdir. Daş hasarı 4 metr hündürlüyündə inşa etdirməyinin səbəbi isa onunla bağlı idi ki, sözügedən hasardan talvar kimi istifadə etmək istəyirdi. Məhz elə bu səbəbdən həmin 4 metr hündürlüyündə olan daş hasarın əks tərəfində o özünə gələcəkdə şərait yaratmaqla kənd təsərrüfatı məhsullarını və ev avadanlıqlarını saxlamaq üçün nəzərdə tutmuşdur. Qeyd etdiyi 4 metr hündürlüyündə olan daş hasar hazırki mübahisənin predmeti deyil. Lakin, həmin 4 metr hündürlüyündə olan daş hasardan şərq tərəfdə, 1990-cı illərdə inşa etdirdiyi təxminən 2,2 metr hündürlüyündə və 30 metr uzunluğunda olan daş hasar isə hazırki mübahisənin predmetidir. İzah edir ki, mülkiyyətində olan torpaq sahəsi tərəfindən istifadə olunduğu təxminən 35 il ərzində cavabdeh X8 qonşu olandan sonra, təxminən 1996-cı ildən başlayaraq dəfələrlə onunla və digər ailə üzvləri ilə əsassız mübahisələr yaratmaqla qanun pozuntularına yol vermiş və qonşuluqda birgəyaşayış qaydalarını pozmuşdur. Yəni o, müxtəlif vaxtlarda və dəfələrlə törətdiyi inzibati xətaya və cinayət işinə görə cəzalanmışdır. Nəhayət sonuncu dəfə, 31 yanvar 2025-ci ildə Cavabdeh heç bir əsas və səbəb olmadan ümumi istifadədə olan yola paralel olaraq inşa etdirdiyi daş hasarı sökmüşdür. Eyni zamanda qeyd edir ki, o həmin 2,2 metr hündürlüyündə olan daş hasarın üzərində 10 ədəd dəmir şiferi, qarşısındakı 4 metr hündürlüyündə olan daş hasara bərkitmişdir. Səbəb isə o idi ki, həmin divar nəm götürməsin. Təkrarən qeyd edir ki, Cavabdeh heç bir əsas və səbəb olmadan, yəni hüquqları pozulmadığı halda, tərəfindən inşa edilmiş daş hasarı və Finlandiyada istehsal olunmuş "Ruki" markalı (bir ədədinin qiyməti 65 manat olmuşdur) 10 ədəd dəmir şiferi sökməklə ona maddi ziyan vurmuşdur. İddia ərizəsinə əlavə etdiyi 1 və 2 saylı fotoşəkillərdən (şəkillərin arxa tərəfində sayı qeyd olunub) görünür ki, ümumi yolun sol tərəfində 4 metr hündurlüyündə mövcud olan daş hasar bütövlükdə tərəfindən inşa edilmişdir. Yuxarıda qeyd etdiyi kimi o 4 metr hündürlüyündə olan daş hasarın inşasını başa çatdırarkən həmin hasardan təxminən 10-15 sm şərq tərəfdə çay daşlarından və qırmızı kərpicdən təxminən 30 metr uzunluğunda və 2,2 metr hündürlüyündə inşa edilmiş daş hasar artıq mövcud idi. Sökülən hissə də məhz 2,2 metr hündürlüyündə olan daş hasara aiddir. Eyni zamanda qeyd edir ki, həmin 4 metr hündürlüyündə olan divarın üzərində kanalizasiya borusu aşkar görünür. Həm 01, həm 02 və həm də 03 saylı fotoşəkillərdə həmin kanalizasiya borusuna bərkidilmiş hissənin ayrılmış olduğu da aşkar görünür. 31 yanvar 2025-ci il tarixədək həyətyanı torpaq sahəsindən çirkab suları həmin boru vasitəsilə axıdılmaqla yaxın məsafədə olan və çirkab suları üçün nəzərdə tutulmuş quyuya axıdılırdı. Tərəfindən inşa edilmiş həmin quyunun üst hissəsində təhlükəsizlik tam təmin olunmuşdur. Cavabdeh həmin kanalizasiya borusunun bir hissəsini söküb ayırmış və çirkab sularının təyin olunduğu yerə axıdılmasına mane olmaqla hüquqlarını pozmaqda davam edir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh və onun mülkiyyətində olan torpaq sahələri arasında ümumi istifadədə olan yol mövcuddur və həmin yol iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aydın görünür. Yəni 01 və 02 saylı fotoşəkillərdən görünür ki, ümumi istifadədə olan yolun şimal hissəsində dəmir qapı quraşdırılmışdır. Məlumat üçün bildirir ki, həmin dəmir qapı da məhz Cavabdeh tərəfindən quraşdırılmışdır. Cavabdeh həmin dəmir qapıya kilid qoydurmuşdur və açarı da özündə saxlamaqla onun gediş-gəlişinə mane olur. Başa düşmək olmur və həm də başa düşmək mümkün deyil ki, cavabdeh tərəfindən həmin dəmir qapı niyə quraşdırılmışdır və nəyə görə bağlı saxlanılmalıdır? Həmin dəmir qapı kilidlənmiş vəziyyətdə olanda nəyə görə qonşular və o cümlədən o, onun razılığını almaqla həmin ümumi yoldan istifadə etməlidir? Yəni dəmir qapının cavabdeh tərəfindən qanunsuz quraşdırılmasına heç bir şübhə yeri yoxdur. Ona görə də hesab edir ki, həmin dəmir qapı ümumi yolun istifadəçilərinin və o cümlədən onun hüquqlarının pozulmasına səbəb olduğundan sökülməlidir. Məlumat üçün bildirir ki, yaxın keçmişdə o Cavabdeh qeyd olunan hərəkətləri ilə bağlı Astara rayon Polis şöbəsinə şikayət etsə də, heç bir tədbir görülməmiş və ona cavab verilməmişdir. Hazırki tələbi ilə bağlı məhkəmə iclasında araşdırma aparılarkən Astara RPŞ-də olan müvafiq materialların da alınıb işə əlavə edilməsini xahiş edir. Tərəfindən irəli sürülən tələb aşkar şəkildə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olduğundan həm sökülmüş daş hasarın və 10 ədəd dəmir şiferin, həm kanalizasiya borusunun bərpası və eləcə də dəmir qapının sökülməsi cavabdehin öz vəsaiti hesabına təmin edilməlidir. Lakin iddianın predmetindən göründüyü kimi, o həmin işlərin görülməsi ilə əlaqədar çəkiləcək xərclərin pulunu tələb edir. Çünki başa düşür ki, məhkəmə tərəfindən verilən iddianı təmin edəcəyi halda, Cavabdeh tərəfindən həmin işlərin görüləcəyi ya ləngiyəcək, ya lazımi səviyyədə icra olunmayacaq, ya da ümumiyyətlə icra olunmayacaq. Daha sonra hesab edir ki, işin məhkəmə iclasında Cavabdehla dəymiş ziyanın məbləği ilə əlaqədar aralarında razılaşma əldə olunmayacağı halda, kompleks qaydada məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməsi zəruridir. Ekspert qarşısında 1. Ümumi istifadədə olan yola parelel olaraq tərəfindən 2,2 metr hündürlüyündə və təxminən 30 metr uzunluğunda inşa edilmiş daş hasarla bağlı istifadə olunan çay daşlarının, qızrmızı kərpiclərin sayı, sementin miqdarı, işləyən usta və fəhlələrin bir həftə ərzində gördükləri işin dəyərinin müəyyən edilməsi, istifadə etdiyi 10 ədəd dəmir şiferin dəyərinin müəyyən edilməsi, kanalzasiya borusunun sökülmüş hissəsinin (3 metr) dəyəri və quraşdırılması ilə bağlı xərclərin müəyyən edilməsi kimi sualların qoyulmasını təklif edir. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Lakin, cavabdeh qonşu kimi ona hörmət bəsləməyərək mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə paralel olan ümumi yolda dəmir qapı quraşdırmış, həmin ümumi yola paralel olaraq inşa etdirdiyi daş hasarın bir hissəsini sökmüş və kanalizasiya borusunu da yarasız vəziyyətə salmışdır. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X8 məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının məhkəmədə verdiyi iddiaya görə heç bir sübutu yoxdur. Beləki, iddiaçının öz evinə başqa yerdən yolu vardır və o iddia etdiyi yoldan heç vaxt istifadə etməmişdir. Həmin yoldan bir daha qeyd edir ki, o və qardaşı istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında Azərbaycan Respublikasında Yol məhfumuna aydınlıq gətirilmiş, bir məntəqənin digər məntəqəyə getmək üçün istifadə olunan vasitə olmaqla, təsnifatı müəyyən olunmuş və yolların mülkiyyətçiləti bələdiyyə və dövlət müəyyənləşmişdir. İddiaçı hansı yolu iddia edir ki, həmin yol onun evindən başlayır qardaşının evində qurtarır. Belə bir yol olmur və dövlət idarəsinin verdiyi rəydədə dedikləri öz əksini tapır. Belə ki, rəydə açıq aydın iddiaçının iddia etdiyi yolun mövcud olmaması müəyyən olunmuş, elektron kadastr uçotu informasiya sistemində faktiki onun və qardaşının istifadə etdiyi yol öz əksini tapsada, yol kimi koordinatları mövcud olmamışdır. Bir daha iddiaçının dəymiş ziyanla əlaqədar tələbinə qarşı bildirir ki, o iddiaçının daş hasarını sökməmiş, iddiaçı məhkəməyə şəkil təqdim etmişsə həmin şəkildə çox güman ki, onun mişar daşından tikdiyi çəpər açıq aydın görsənir, iddiaçının iddia etdiyi çay daşından tikilmiş tikili isə sovet dövləti tərəfindən 1980-cı illərdə tikilmiş bulaq kompleksinin divarları olmuşdur və hazırda yararsız haldadır. Buna bütün kənd şahiddir. Sual olunur, həmin daş hasar yararlı idisə nə üçün iddiaçı hasar ola-ola özünə təzədən hasar tikmişdir. İddiaçının ərizəsində açıq-aydın görsənir ki, iddiaçı ona şər və böhtan atmaqla ona qarşı iddiaçı kimi ona aid olmayan iddianı verməklə onun konstisyon hüquqlarını pozaraq onun istirahət, gəzmək və bir çox hüquqlarını məhdudlaşdırır. Məhz bu səbəbdən iddaçının qardaşı olan nümayəndəsi barəsində o başda Prezidentimiz olmaqla bütün təşkilatlara müraciət edərək onun və ona havadarlıq edən barəsində tədbir görülməsini tələb edəcəkdir. Odur ki, verilən iddianı qəbul etmir. İddiaçının ona aid olmayan yolun üzərində qoyulmuş qapının və ona aid olmayan tikilinin sökülməsi üçün pul istəməsinə dair iddiasının rədd olunması və iddiaçının barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Qiyas Quliyev bildirmişdir ki, tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müvafiq mütəxəssis rəyi tərtib edilərək məhkəməyə göndərilmişdir. Vermiş olduğu rəyi müdafiə etdiyini, rəydə də qeyd etdiyi kimi İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üstüstə düşməməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsi (Hakim: Şəfiqə Meybullayeva) ilə, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdeh X4 faktiki istifadəsində olan torpaq sahəsinin arasında yerləşən gediş-gəliş yolunda cavabdeh X8 tərəfindən quraşdırılmış dəmir qapının sökülməsi, cavabdeh X8 tərəfindən daş hasarın sökülməsi nəticəsində İddiaçı dəymiş 2627.5 (iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində zərər və kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı 30 (otuz) manat xərc olmaqla, ümumilikdə 2657.50 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi cavabdeh X2 İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində xərcin cavabdeh X2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh X8 və onun nümayəndəsi X10 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən mübahisəli yolun mövcudluğu öz əksini tapdığından və həmin yolun nə iddiaçının, nə cavabdehin, nə də bələdiyyənin mülkiyyətində olmadığı müəyyən edildiyindən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaqlar isə dövlət mülkiyyəti olduğundan həmin yolun cavabdeh tərəfindən zəbt edilməsi və yoldan istifadəyə iddiaçıya və ya digər şəxslərə maneələr yaradılması qanunsuz və əsassızıdr. İddia tələbi həmin hissədə təmin edilməklə mübahisəli yolda qanunsuz quraşdırılmış dəmir qapı cavabdehin öz hesabına sökülməlidir. İddiaçıya məxsus hasarın sökülməsi iş materiallarında olan fotoşəkillər və mütəxəssis rəyi ilə öz əksini tapmış və daş hasarın sökülməsi nəticəsində İddiaçı dəymiş zərərin bazar qiyməti 2627.5 (iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) manat, kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı xərclər 30 (otuz) manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, maddi və prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)- 786/202 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHBnin Siaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 fevral 2025-ci il tarixli, 254 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonun Vaqo kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Astara rayonu, Lələkəpeştə kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Pensər Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 74 saylı Arayışından görünür ki, X4 öz evinə gediş-gəliş kimi istifadə etdiyi yol bələdiyyə balansında deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 2489/2025 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gedişgəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, X1 Təşkilatının 06 oktyabr 2025-ci il tarixli, CVN/0 13-377/25 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Astara rayonu Vaqo kəndində yerləşən tədqiqat predmetinə baxış keçirilmişdir. Təqdim edilmiş fototəsvirlər və mövcud vəziyyətə əsasən yola paralel olaraq tikilmiş daş hasarın sökülməsi nəticəsində İddiaçı dəymiş zərərin bazar qiyməti 2627.5 (iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) manat, kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı xərclər 30 (otuz) manat təşkil edir. Dəmir şiferlərin mövcudluğu ilə bağlı sübutedici fototəsvirlər olmadığından dəymiş zərərin müəyyən edilməsi zamanı hesablanmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya iş materiallarını təhlil edərək müəyyən edir ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: İ Ümumi istifadədə olan yoldan istifadəyə yönələn maneələrin aradan qaldırılması; İİ İddiaçıya məxsus hasarın sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi. İddiaçı tələbinin 1-ci hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh X8 isə onunla qonşuluqda yaşayır. Həyətyanı sahələri arasında təxminən 6-7 metr enində ümumi istifadədə olan yol mövcuddur. Yolun şərq tərəfi Pensər kəndi, qərb tərəfi isə Vaqo kəndinə daxildir. Mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 202.4 m² olan yaşayış evi vardır. Cavabdeh və onun mülkiyyətində olan torpaq sahələri arasında ümumi istifadədə olan yol mövcuddur və həmin yol iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aydın görünür. Yəni 01 və 02 saylı fotoşəkillərdən görünür ki, ümumi istifadədə olan yolun şimal hissəsində dəmir qapı quraşdırılmışdır. Məlumat üçün bildirir ki, həmin dəmir qapı da məhz Cavabdeh tərəfindən quraşdırılmışdır. Cavabdeh həmin dəmir qapıya kilid qoydurmuşdur və açarı da özündə saxlamaqla onun gediş-gəlişinə mane olur. Başa düşmək olmur və həm də başa düşmək mümkün deyil ki, cavabdeh tərəfindən həmin dəmir qapı niyə quraşdırılmışdır və nəyə görə bağlı saxlanılmalıdır? Həmin dəmir qapı kilidlənmiş vəziyyətdə olanda nəyə görə qonşular və o cümlədən o, onun razılığını almaqla həmin ümumi yoldan istifadə etməlidir? Yəni dəmir qapının cavabdeh tərəfindən qanunsuz quraşdırılmasına heç bir şübhə yeri yoxdur. Ona görə də hesab edir ki, həmin dəmir qapı ümumi yolun istifadəçilərinin və o cümlədən onun hüquqlarının pozulmasına səbəb olduğundan sökülməlidir Cavabdeh isə etirazında iddiaçının öz evinə başqa yerdən yolunun olduğunu və iddia etdiyi yoldan heç vaxt istifadə etmədiyini bildirmişdir. Həmin yoldan o və qardaşı istifadə edir. İddiaçı hansı yolu iddia edir ki, həmin yol onun evindən başlayır qardaşının evində qurtarır. Belə bir yol olmur və dövlət idarəsinin verdiyi rəydə də dedikləri öz əksini tapır. Belə ki, rəydə açıq aydın iddiaçının iddia etdiyi yolun mövcud olmaması müəyyən olunmuş, elektron kadastr uçotu informasiya sistemində faktiki onun və qardaşının istifadə etdiyi yol öz əksini tapsa da, yol kimi koordinatları mövcud olmamışdır. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən qeyd etmişdir ki, mübahisəli yol bələdiyyənin mülkiyyətində deyil. Həmin yolun cavabdehin mülkiyyətində olmasına dair hər hansı sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş üzrə alınmış mütəxəssis rəyi ilə isə müəyyən edilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunsa da, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmiş və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən mübahisəli yolun mövcudluğu öz əksini tapdığından və həmin yolun nə iddiaçının, nə cavabdehin, nə də bələdiyyənin mülkiyyətində olmadığı müəyyən edildiyindən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaqlar isə dövlət mülkiyyəti olduğundan həmin yolun cavabdeh tərəfindən zəbt edilməsi və yoldan istifadəyə iddiaçıya və ya digər şəxslərə maneələr yaradılması qanunsuz və əsassızdır. Kollegiya əvvəla qeyd edir ki, Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya icraatı zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsi tərəfindən verilmiş 13 mart 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mütəxəssislərimiz tərəfindən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Bundan əlavə, araşdırma zamanı İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə qərb, Astara-Ələt avtomobil yolu istiqamətindən (mübahisəli ərazidən kənar) faktiki vəziyyətdə gediş-gəliş yolunun mövcud olması və həmin yoldan iddiaçının gediş-gəliş üçün istifadəsinə hər hansı maneənin olmaması müəyyən olunmuşdur. Qeyd olunan gediş-gəliş üçün avtomobil yolu Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Mütəxəssis rəyinin məzmunundan da açıq-aydın görünür ki, iddiaçın gediş gəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolu mövcud olmamış, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanından sonra elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. İşin faktiki hallarına münasibətdə isə birinci instansiya məhkəməsi iddiaçının izahatı əsasında həmin sahənin gediş-gəliş yolu olmasını və həmin yolun cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə edildiyini müəyyən etmişdir. Lakin məhkəmə cavabdehin iddiaya etirazında qeyd etdiyi halları, yəni həqiqətən də həmin ərazinin əvvəllər yol kimi nəzərdə tutulmadığını, sadəcə cavabdehin həmin ərazidən istifadə edərək yol kimi evinə gedibgəldiyini, giriş qapısı qoyduğunu, 2016-cı il 7 mart tarixli Fərmandan sonra elektron kadastr uçotu informasiya sistemində həmin ərazinin yol kimi göstərildiyini nəzərə almamışdır. Yəni həmin ərazi əvvəllər yol kimi nəzərdə tutulmamış, yalnız cavabdeh həmin ərazidən yol kimi istifadə etdiyinə görə baza məlumatlarında həmin ərazi yol kimi göstərilmişdir. Digər tərəfdən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə qərb, Astara-Ələt avtomobil yolu istiqamətindən (mübahisəli ərazidən kənar) faktiki vəziyyətdə gediş-gəliş yolunun mövcud olması və həmin yoldan iddiaçının gediş-gəliş üçün istifadəsinə hər hansı maneənin olmaması müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının bu hissədə tələbi əsassız olmaqla onun torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur və həmin yol cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçı İİ tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfində təxminən 2.2 metr hündürlüyündə çay daşından və kərpicdən daş hasar inşa etdirmişdir. Həmin daş hasara isə paralel olaraq 4 metr hündürlüyündə daş hasar inşa etdirmişdir. Qeyd etdiyi 4 metr hündürlüyündə olan daş hasar hazırki mübahisənin predmeti deyil. Lakin, həmin 4 metr hündürlüyündə olan daş hasardan şərq tərəfdə, 1990-cı illərdə inşa etdirdiyi təxminən 2,2 metr hündürlüyündə və 30 metr uzunluğunda olan daş hasar isə hazırki mübahisənin predmetidir. Eyni zamanda qeyd edir ki, o həmin 2,2 metr hündürlüyündə olan daş hasarın üzərində 10 ədəd dəmir şiferi, qarşısındakı 4 metr hündürlüyündə olan daş hasara bərkitmişdir. Səbəb isə o idi ki, həmin divar nəm götürməsin. Təkrarən qeyd edir ki, Cavabdeh heç bir əsas və səbəb olmadan, yəni hüquqları pozulmadığı halda, tərəfindən inşa edilmiş daş hasarı və Finlandiyada istehsal olunmuş "Ruki" markalı (bir ədədinin qiyməti 65 manat olmuşdur) 10 ədəd dəmir şiferi sökməklə ona maddi ziyan vurmuşdur. İddia ərizəsinə əlavə etdiyi 1 və 2 saylı fotoşəkillərdən (şəkillərin arxa tərəfində sayı qeyd olunub) görünür ki, ümumi yolun sol tərəfində 4 metr hündurlüyündə mövcud olan daş hasar bütövlükdə tərəfindən inşa edilmişdir. Yuxarıda qeyd etdiyi kimi o 4 metr hündürlüyündə olan daş hasarın inşasını başa çatdırarkən həmin hasardan təxminən 10-15 sm şərq tərəfdə çay daşlarından və qırmızı kərpicdən təxminən 30 metr uzunluğunda və 2,2 metr hündürlüyündə inşa edilmiş daş hasar artıq mövcud idi. Sökülən hissə də məhz 2,2 metr hündürlüyündə olan daş hasara aiddir. Eyni zamanda qeyd edir ki, həmin 4 metr hündürlüyündə olan divarın üzərində kanalizasiya borusu aşkar görünür. Həm 01, həm 02 və həm də 03 saylı fotoşəkillərdə həmin kanalizasiya borusuna bərkidilmiş hissənin ayrılmış olduğu da aşkar görünür. 31 yanvar 2025-ci il tarixədək həyətyanı torpaq sahəsindən çirkab suları həmin boru vasitəsilə axıdılmaqla yaxın məsafədə olan və çirkab suları üçün nəzərdə tutulmuş quyuya axıdılırdı. Tərəfindən inşa edilmiş həmin quyunun üst hissəsində təhlükəsizlik tam təmin olunmuşdur. Cavabdeh həmin kanalizasiya borusunun bir hissəsini söküb ayırmış və çirkab sularının təyin olunduğu yerə axıdılmasına mane olmaqla hüquqlarını pozmaqda davam edir. Cavabdeh isə iddianın həmin hissəsinə etirazında qeyd etmişdir ki, o iddiaçının daş hasarını sökməmiş, iddiaçı məhkəməyə şəkil təqdim etmişsə həmin şəkildə çox güman ki, onun mişar daşından tikdiyi çəpər açıq aydın görsənir, iddiaçının iddia etdiyi çay daşından tikilmiş tikili isə sovet dövləti tərəfindən 1980-cı illərdə tikilmiş bulaq kompleksinin divarları olmuşdur və hazırda yararsız haldadır. Buna bütün kənd şahiddir. Sual olunur, həmin daş hasar yararlı idisə nə üçün iddiaçı hasar ola-ola özünə təzədən hasar tikmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi kimi belə bir divarın əvvəllər mövcud olmasını, onun sökülməsini, həmin sökülmə nəticəsində vurulan zərərin həcmini müəyyən etsə də, məhkəmə həmin sökülmüş divarın hansı ərazidə yerləşməsini, iddiaçının həmin divarın sökülməsi nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını, həmin divarın ümumiyyətlə cavabdeh tərəfindən sökülüb-sökülməməsini araşdırmamış, əskində iddiaçının izahatı əsasında mübahisəli divarın cavabdeh tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Halbuki cavabdeh iddiaya etirazında da həmin divarın sökülməsindən xəbəri olmadığını bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın bu hissəsində də işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə qəbul etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh X5 qarşı “qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində xərc İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(018)-786/202 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X5 qarşı “qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində xərc İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar