Məhkəmə qərarları › İş №2(3-9)-268/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-268/2026

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-268/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək Hacıqabul rayonu Kolanı kənd sakini Cavabdeh dövlətə dəymiş zərərin əvəzi 409.2 (dör yüz doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutulub 3 saylı X1 Mərkəzinin Sabirabad rayon filialında olan (AZ49CTRE********************, VÖEN **********, səviyyə kodu Fond 1, təsnifat 142324 saylı) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadı ilə (hakim Orxan Bayramov) işin icraatına xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzi həmin qərardaddan şikayət verərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şəxsin meşə fonduna ziyan vurması mülki hüquq pozuntusudur (deliktdir). Maddə 1096.2-yə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki məsuliyyət tədbiri olan zərərin məcburi tutulması yalnız mülki mühakimə qaydasında məhkəmə tərəfindən tətbiq edilə bilər. Zərərçəkən (iddiaçı) ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçıya inzibati sərəncam verməyi tövsiyə etməklə, mülki qanunvericiliklə müəyyən edilmiş bu tələb hüququnun həyata keçirilməsinə mane olmuşdur. Meşə təsərrüfatına dəyən zərərin ödənilməsi qaydasına dair bu bənddə birbaşa göstərilir ki, şəxs aktla razılaşmadıqda aidiyyəti məhkəməyə müraciət edilir. Bu, məhkəmə müdafiəsini mümkün və zəruri edir. Məhkəmə işə mülki qaydada baxılmalı olmadığını hesab etmişdir. Lakin 409.2 AZN məbləğində pul tələbi xalis mülki iddiadır və iddiaçının inzibati orqan olması bu prosessual mahiyyəti dəyişmir. Şəxsin əmlakına yönələn məcburi icra tədbirləri üçün məhkəmənin icra vərəqəsi mütləqdir. İddiaçının daxili sərəncamı icra sənədi olmadığı üçün məhkəmənin xitam qərardadı dövlətə dəymiş zərərin faktiki tutulmasını mümkünsüz edir. Şəxsin əmlakına yönələn məcburi icra tədbirləri üçün məhkəmənin icra vərəqəsi mütləqdir. İddiaçının daxili sərəncamı icra sənədi olmadığı üçün məhkəmənin xitam qərardadı dövlətə dəymiş zərərin faktiki tutulmasını mümkünsüz edir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsində meşə qırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə, həmin Məcəllənin 253-cü maddəsində meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası"nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 17.1.2-ci bəndinə əsasən Meşələrin İnkişafı Xidməti inzibati orqandır. Meşələrin İnkişafı Xidmətinin fəaliyyət istiqamətlərinə meşələrdə qanunsuz ağac tədarükü ve digər meşəqırmalarının qarşısının alınması da daxildir. Məhkəmə tərkibi qeyd edir ki, meşə qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı məsələlərin araşdırılması və həmin hüquqpozmalar nəticəsində yaranan hüquqi nəticələrin müəyyən edilməsi sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu sahədə əsas səlahiyyətli dövlət orqanlarından biri Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi hesab olunur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən meşə fondunun mühafizəsi, qorunması, səmərəli istifadəsi və meşə qanunvericiliyinin icrasına nəzarətin təmin edilməsi həmin nazirliyin fəaliyyət istiqamətlərinə daxildir. Nazirliyin səlahiyyətlərinə, eyni zamanda, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati xətalar haqqında işlərə baxılması, həmin hüquqpozmaların nəticələrinin qiymətləndirilməsi və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi daxildir. Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlardan biri olan Meşələrin İnkişafı Xidməti də meşələrin mühafizəsi, qorunması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən inzibati orqanlardan biridir. Həmin xidmətin əsas fəaliyyət istiqamətlərinə meşələrdə qanunsuz ağac kəsilməsi, qanunsuz ağac tədarükü və digər qanunsuz meşəqırma hallarının qarşısının alınması, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi, eləcə də meşə qanunvericiliyinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlərin görülməsi daxildir. Bu baxımdan, qüvvədə olan qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi tərəfindən inzibati xətalar haqqında işlərə baxılması ilə yanaşı, onun tabeliyində olan qurumların, o cümlədən inzibati orqan qismində çıxış edən Meşələrin İnkişafı Xidmətinin də meşə qanunvericiliyinin pozulması nəticəsində meşə təsərrüfatına dəymiş zərəri və itkiləri müəyyən edilmiş nırx dərəcələri və tətbiq olunan cərimələr üzrə hesablayaraq həmin məbləğin ödənilməsi barədə sərəncam vermək səlahiyyəti mövcuddur. Beləliklə, qeyd olunan hüquqi tənzimləmələr göstərir ki, meşə qanunvericiliyinin pozulması nəticəsində meşə təsərrüfatına dəymiş zərərin müəyyən edilməsi, hesablanması və ödənilməsinin tələb olunması səlahiyyəti müvafiq inzibati orqanlara, o cümlədən Ekologiya X2 Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlara həvalə edilmişdir və bu səlahiyyətlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş prosedurlar və verilmiş qərardad qanunvericiliyin tələblərinə uyğun olub, meşə qanunvericiliyinin pozulması nəticəsində yaranmış hüquqi münasibətlərin düzgün qiymətləndirilməsini təmin etmişdir, buna görə də şikayətin təmin olunmasına əsas yoxdur. Odur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzi tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1228/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar