Məhkəmə qərarları › İş №2(3-9)-285/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-285/2026

06.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-285/2026 06.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh Əbilov Sübhi Üzeyir oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X3 cavabdeh Əbilov Sübhi Üzeyir oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əbilov Sübhi Üzeyir oğlu tərəfindən ona vurulmuş 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın, habelə çəkilmiş mənəvi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 2018-ci ildə Gəncə şəhəri, Atatürk prospektində, 236 və 238-ci binaların aralıq hissəsində yerləşən boş torpaq sahəsində icra hakimiyyəti tərəfindən qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 2019-cu ildə cavabdeh Əbilov Sübhi Üzeyir oğlu ilə təsadüfən tanış olmuşdur. Cavabdeh özünü Gəncə şəhərində tikinti işləri ilə məşğul olan prorab və iş icraçısı kimi təqdim etmiş, guya tikdiyi bir neçə fərdi yaşayış evinin şəkillərini və yerləşdiyi ünvanları ona göstərmişdir. Bundan əlavə, cavabdeh Gəncə şəhərində evli olduğunu, orada yaşadığını, şəhərin müxtəlif yerlərində ona məxsus qadın salonu və “Zoo” mağazasının fəaliyyət göstərdiyini bildirmiş, həmin obyektlərin ünvanlarını da, ona göstərmişdir. Cavabdehin bu məlumatları nəticəsində ona tam etibar etmiş və həyat yoldaşına ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasını cavabdehə həvalə etmişdir. Tikinti işlərinin aparılması üçün həyat yoldaşı ilə birlikdə cavabdehə 20000 (iyirmi min) manat pul vəsaiti vermişdir. Tikinti işlərinə başlandıqdan bir müddət sonra cavabdehin onu aldatdığını, tikinti işlərinin keyfiyyətsiz aparıldığını, verilmiş pul vəsaitinin müqabilində faktiki olaraq iş görülmədiyini müəyyən etmişdir. Bu səbəbdən cavabdehə iradını bildirmiş, tikinti işlərinin dayandırılmasını tapşırmış, yol verilmiş nöqsanların aradan qaldırılmasını və ya verilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən imtina etmiş və gizlənmişdir. Daha sonra cavabdehin dələduzluq əməlləri törətdiyini, bir çox şəxsləri aldadaraq pul vəsaitlərini mənimsədiyini öyrənmişdir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində cavabdehin cinayət əməli sübuta yetirilmiş və iş məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə Əbilov Sübhi Üzeyir oğlu 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hal-hazırda cəzasını çəkərək azadlığa buraxılsa da, ona vurulmuş maddi və mənəvi ziyan bu günədək ödənilməmişdir. İddiaçı X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ## ###### 2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işinin çoxluğu və yolun uzaqlığını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh Əbilov Sübhi Üzeyir oğlunun nümayəndəsi Əbilov Üzeyir Hənnan oğlu iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, X3 işlərin görülməsi üçün oğlu Sübhi Əbilova 18000 manat pul vermiş və həmin puldan əslində 5700 manat borc qalmışdır. Oğlu bir ilə yaxındır ki, həbsdən çıxmışdır və hökm üzrə müəyyən olunmuş 12186 manat məbləğində puldan heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilərək 5700 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Elşən Hüseynov), iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Əbilov Sübhi Üzeyir oğlundan 12186 (on iki min yüz səksən altı) manat məbləğində pul və 126,56 (bir yüz iyirmi altı manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, məhkəmə xərclərinin 23,44 (iyirmi üç manat qırx dörd qəpik) manat dövlət rüsumunun iddiaçı X3 aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun ## ###### 2025-ci il tarixli 20 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun 5.9.Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. 5.11.Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. 6.1.Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.). 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. 6.3.Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. 6.4.Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.2.Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 7.4.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. 7.5.Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən edərək, iddia tələbinin maddi zərərin təmin edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, mənəvi zərərin təmin edilməməsi ilə bağlı səhv nəticəyə gəlmişdir ki, bununla da qətnamənin mənəvi zərərlə bağlı hissədə apellyasiya qaydasında mübahisələndirilərək qismən ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alınmaqla iddia tələbinin mənəvi zərər hissəsində gəlinən nəticənin yenidən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2021-ci il tarixli hökmündən görünür ki, Əbilov Sübhi Üzeyir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir İş materiallarında olan ## ####### 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, 2019-cu ildə cavabdeh Əbilov Sübhi Üzeyir oğlu ilə tanış olmuşdur. Cavabdeh özünü Gəncə şəhərində tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmiş, tikdiyi bir neçə fərdi yaşayış evinin şəkillərini və yerləşdiyi ünvanları iddiaçıya göstərmişdir. Bundan əlavə, cavabdeh Gəncə şəhərində evli olduğunu və Gəncədə yaşadığını, şəhərin müxtəlif yerlərində ona məxsus qadın salonu və “Zoo” mağazasının fəaliyyət göstərdiyini bildirmiş, həmin obyektlərin ünvanlarını da iddiaçıya göstərmişdir. Cavabdehin bu məlumatlarının nəticəsində ona tam etibar etmiş və həyat yoldaşına ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasını cavabdehə həvalə etmişdir. Tikinti işlərinin aparılması üçün cavabdehə 20.000 (iyirmi min) manat pul vəsaiti vermişdir. Tikinti işlərinə başlandıqdan bir müddət sonra cavabdehin onu aldatdığını, verilmiş pul vəsaitinin müqabilində faktiki olaraq iş görülmədiyini müəyyən etmişdir. Bu səbəbdən cavabdehə iradını bildirmiş, tikinti işlərinin dayandırılmasını tapşıraraq, yol verilmiş nöqsanları aradan qaldırılmasını və ya verdiyi pul vəsaitini geri qaytarmağını tələb etmişdir. Lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən imtina etmiş və gizlənmişdir. Daha sonra cavabdehin dələduzluq əməlləri törətdiyini, bir çox şəxsləri aldadaraq pul vəsaitini mənimsədiyini öyrənmişdir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İş materiallarından da müəyyən edilir ki, Əbilov Sübhi Üzeyir oğlu aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs X3 ümumilikdə 12186 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2021-ci il tarixli hökmünə əsasən Əbilov Sübhi Üzeyir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək ona CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hal-hazırda cavabdeh Əbilov Sübhi Üzeyir oğlu cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Göründüyü kimi, cavabdeh törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 20000 manat və mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tələb edir. İş materiallarında olan ## ######## 2021-ci il tarixli hökmdən görünür ki, X3 arvadı X1 məxsus Gəncə şəhəri, Atatürk prospekti 236 və 238 ünvanları arasında yerləşən 100 kv.m torpaq sahəsində iki mərtəbəli obyekt tikdirəcəyi, habelə həmin tikinti üçün layihə və bələdiyyə sənədlərini düzəldəcəyi barədə bilərəkdən yalan vədlər verməklə inandırmış, etibardan sui-istifadə və aldatma yolu ilə 2019-cu ilin iyul ayının sonlarından 2019-cu ilin oktyabr ayının sonlarınadək Gəncə şəhəri ərazisində müxtəlif tarixlərdə hissə-hissə 10786 manat, sonuncu dəfə isə Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti *** saylı ünvanın yaxınlığında 1400 manat olmaqla, ümumilikdə vahid niyyətlə 12186 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş və Əbilov Sübhi Üzeyir oğluna 12186 (on iki min bir yüz səksən altı) manat həcmində ittiham irəli sürülmüşdür. Eyni zamanda, iş üzrə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının ## #### 2021-ci il tarixli, **/**** saylı rəyinə əsasən cavabdeh tərəfindən zərərçəkmiş şəxsin arvadına məxsus torpaq sahəsində aparılmış tikinti işlərinin 2019-cu ilin orta bazar qiymətləri ilə ümumi dəyərinin təqribən 7814 manat olduğu müəyyən edilmişdir. Məhkəmə həmin ekspertiza rəyini iş üzrə daha mötəbər sübut kimi qiymətləndirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş ümumi 20000 manat məbləğindən tikinti işlərinə faktiki olaraq sərf edilmiş 7814 manat çıxıldıqda, cavabdeh tərəfindən iddiaçıya vurulmuş real maddi zərərin məbləği 12186 (on iki min bir yüz səksən altı) manat təşkil edir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı maddi zərərlə bağlı hissədə 12186 manat təmin etmişdir. İddiaçı maddi zərərlə bağlı hissədə apellyasiya şikayətinin dəlillərində Əbilov Sübhi Üzeyir oğlunun tikintiyə çəkdiyi xərcin ümumi dəyərinin 6500 (altı min beş yüz) manat olmasını, lakin çəkilən bu xərcə baxmayaraq tikinti quraşdırma işlərinin tamamilə tikinti standartalarının tələblərinə cavab vermədiyini, əgər binanın bundan sonraki tikintisinin hal-hazırki bünövrə üzərində davam edərsə, binada gələcəkdə qəza təhlükəsi olacağını, ona görə də cavabdeh Sübhi Əbilovun tikdiyi bünovrəni tamamilə söküb yenidən tikdirdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tikilən tikilinin dəyərinin az olmasını və keyfiyyətsiz olmasını bildirsə də, bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, ümumilikdə cavabdehə ödədiyi 20000 manatı tələb etmişdir. Lakin hazırkı vəziyyətdə görülən işlərə sərf edilmiş məbləğ 7814 manat məbləğində müəyyən edildiyindən kollegiya hesab edir ki, dəymiş maddi zərərin məbləği çəkilən xərclər çıxılmaqla müəyyən edilməsi qanuni və ədalətlidir. Lakin kollegiya mənəvi zərərin təmin edilməməsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, kollegiya qeyd edir ki, mənəvi zərər – şəxsin psixoloji vəziyyətinə, emosional sabitliyinə və həyat keyfiyyətinə vurulan zərərdir. Mənzil məsələsində bu, xüsusilə həssas sahə sayılır, çünki mənzil insanın əsas ehtiyaclarından biridir. Mənzil adətən ailə qurmaq, köçmək və ya sabit həyat qurmaq üçün əsasdır. Onun əldə olunmaması bu planların gecikməsinə və ya tam pozulmasına səbəb olur. Şəxs illərlə yığdığı vəsaiti itirdikdə və mənzil ala bilmədikdə ciddi psixoloji zərbə alır. Bu, stress, təşviş, yuxusuzluq və depressiya ilə müşayiət oluna bilər. Mənzilsiz qalmaq kirayədə qalmağa davam etmək, tez-tez köçmək və sabitlikdən məhrum olmaq deməkdir. Bu da insanın psixoloji durumuna mənfi təsir edir. Qeyd edilən hallar iddiaçının mənəvi sarsıntıya məruz qalmasına səbəb olduğundan mənəvi zərərə münasibətdə iddianın təmin olunmaması, iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi ədalətli hesab edilə bilinməz. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin olunaraq mənəvi zərərin 1000 (min) manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə, müəyyən edilən məbləğ iddiaçının yenidən normal həyat şəraitinə qayıtmasının qismən qarşılığı kimi dəyərləndirilməlidir. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun ## ###### 2025-ci il tarixli 20 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. (Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun ## ###### 2025-ci il tarixli 20 N-li qərarının 5.1,5.2,5.3,5.5,5.9-cu bəndləri) Plenum həmçinin izah etmişdir ki, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın mənəvi ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi qənaətinə gələrkən yuxarıda qeyd olunan məddi hüquq normalarını işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün təvsir etməmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız omuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh Əbilov Sübhi Üzeyir oğlu Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2021-ci il tarixli hökmü ilə iddiaçı və digər şəxslərə qarşı dələduzluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İddiaçı X3 cavabdehin cinayət əməli nəticəsində uzun müddət fəal ictimai həyat tərzindən məhrum qalmış, səhhətində yaranan problemlər iddiaçının mənəvi sarsıntıya məruz qalmasına səbəb olmuş, psixi iztirab və mənəvi sarsıntı keçirmişdir. Məhz bu səbəbdə də, o, iddiaçının cinayətkar hərəkətləri nəticəsində məruz qaldığı mənəvi ziyanın qarşılığında iddiaçıdan kompensasiya tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının mənəzi ziyanın əvəzi olaraq tələb etdiyi 20000 manat məbləğində pul tələbi qismən təmin edilməli, cavabdeh Əbilov Sübhi Üzeyir oğlundan mənəvi ziyanın əvəzi olaraq tutulmalı məbləğ 1000 manat həddində müəyyən edilməidir. Çünki mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Buna baxmayaraq kollegiya hesab edir ki, cavabdeh Əbilov Sübhi Üzeyir oğlundan mənəvi ziyanın əvəzi olaraq bu məbləğdə pulun tutulması iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qəbul edilməklə, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun qiymətləndirilməklə iddiaçının yenidən normal həyat şəraitinə qayıtmasının qismən qarşılığı kimi dəyərləndirilə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçı X3 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, yəni mənəvi zərərlə bağlı hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Əbilov Sübhi Üzeyir oğlundan mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat tutularaq iddiaçı X3 verilməli, iddia mənəvi zərərlə bağlı qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 372, 384.0.3, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, yəni mənəvi zərərin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh Əbilov Sübhi Üzeyir oğlundan mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat tutularaq iddiaçı X3 verilsin. İddia mənəvi zərərlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar