Məhkəmə qərarları › İş №2(3-9)-307/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-307/2026

06.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-307/2026 06.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlunun iştirakı ilə, İddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlunun cavabdeh Fərəcov İsa Novruz oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)- 1916/2025 saylı qətnaməsindən iddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2026-cı il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Fərəcov İsa Novruz oğlundan 2450 manat borcun, 50 manat xidmət haqqının və ödədiyi 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlu iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Fərəcov İsa Novruz oğlu ilə təxminən iki il bundan əvvəl Saatlı bazarının qarşısında yerləşən “Muğan” parkında tanış olmuşlar. Həmin vaxt İsa Fərəcov mobil nömrəsini ona verərək bildirmişdir ki, onun əlillik pensiyasının bərpa olunmasına köməklik edəcəkdir. Bundan iki gün sonra İsa ona zəng edərək 500 manat pul gətirməyini bildirmişdir. O, da 500 manat evdən pul götürüb Saatlı bazarının qarşısında yerləşən avtobus dayanacağında İsaya vermişdir. Bundan başqa, 2012-ci ildə evlənməyinə baxmayaraq hal-hazıra kimi uşağı olmamışdır. Bunu bilən İsa Fərəcov ona demişdir ki, tanış həkimi var, onun yoldaşını müalicə etdirəcək və yoldaşı uşaq dünyaya gətirəcəkdir. Bununla əlaqədar İsa onu və həyat yoldaşını adını İbrahim dediyi həkimin yanına aparmışdır. O, və həyat yoldaşı İbrahim adlı şəxsin yanında olmuşlar. Dərmanların pulunun və həkimin zəhmət haqqının əvəzində İsa ondan iki dəfəyə 1950 manat pul verməli olduğunu bildirmişdir. O, da iki dəfəyə İsa Fərəcova 1950 manat pul vermişdir. Dərmanlar həyat yoldaşına kömək etmək əvəzinə onun səhhətini pisləşdirmişdir. Onun mədəsi bu günə kimi də ağırıyır. İsa Fərəcovun dediyi adamın müalicəsinin həyat yoldaşına heç bir xeyri olmamışdır. Bundan sonra o, İsa Fərəcova verdiyi ümumilikdə 2450 manatı geri tələb etməyə başlamışdır. İsa onu müxtəlif bəhanələrlə aldadaraq ondan aldığı pulları qaytarmamışdır. Bundan sonra o, İsa Fərəcov barəsində polisə şikayət etmişdir. Araşdırma zamanı onun İsa Fərəcova pul verməyi öz təsdiqini tapmışdır. Daha sonra 30 avqust 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və tələbiylə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Fərəcov İsa Novruz oğlu heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5- ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsi ilə (Hakim: Vüqar Qasımov), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Məhəbbət İbrəhimov apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)- 1916/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlunun apellyasiya şikayətinin dəlilləri həddində, Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, cavabdeh Fərəcov İsa Novruz oğlu ilə təxminən iki il bundan əvvəl Saatlı bazarının qarşısında yerləşən “Muğan” parkında tanış olmuşlar. Həmin vaxt İsa Fərəcov mobil nömrəsini ona verərək bildirmişdir ki, onun əlillik pensiyasının bərpa olunmasına köməklik edəcəkdir. Bundan iki gün sonra İsa ona zəng edərək 500 manat pul gətirməyini bildirmişdir. O da 500 manat evdən pul götürüb Saatlı bazarının qarşısında yerləşən avtobus dayanacağında İsaya vermişdir. Bundan başqa, 2012-ci ildə evlənməyinə baxmayaraq hal-hazıra kimi uşağı olmamışdır. Bunu bilən İsa Fərəcov ona demişdir ki, tanış həkimi var, onun yoldaşını müalicə etdirəcək və yoldaşı uşaq dünyaya gətirəcəkdir. Bununla əlaqədar İsa onu və həyat yoldaşını adını İbrahim dediyi həkimin yanına aparmışdır. O və həyat yoldaşı İbrahim adlı şəxsin yanında olmuşlar. Dərmanların pulunun və həkimin zəhmət haqqının əvəzində İsa ondan iki dəfəyə 1950 manat pul verməli olduğunu bildirmişdir. O, da iki dəfəyə İsa Fərəcova 1950 manat pul vermişdir. Dərmanlar həyat yoldaşına kömək etmək əvəzinə onun səhhətini pisləşdirmişdir. Onun mədəsi bu günə kimi də ağırıyır. İsa Fərəcovun dediyi adamın müalicəsinin həyat yoldaşına heç bir xeyri olmamışdır. Bundan sonra o, İsa Fərəcova verdiyi ümumilikdə 2450 manatı geri tələb etməyə başlamışdır. İsa onu müxtəlif bəhanələrlə aldadaraq ondan aldığı pulları qaytarmamışdır. Bundan sonra o, İsa Fərəcov barəsində polisə şikayət etmişdir. Araşdırma zamanı onun İsa Fərəcova pul verməyi öz təsdiqini tapmışdır. Daha sonra 30 avqust 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və tələbiylə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə ümumilikdə 2450 manat pul verdiyini göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh də iddianı etiraf etməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı İbrəhimov Məhəbbət Əlcabbar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 2(055)-1916/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar