Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-314/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 7.315,51 (yeddi min üç yüz on beş dollar, 51 sent) ABŞ dolları-bundan 2.767,05 (iki min yeddi yüz altmış yeddi dollar, 05 sent) ABŞ dolları əsas, 857,44 (səkkiz yüz əlli yeddi dollar, 44 sent) ABŞ dolları faiz, 3.291,26 (üç min iki yüz doxsan bir dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015ci il tarixli Plenum qərarına hesablanmış 399,76 (üç yüz doxsan doqquz dollar, 76 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 127,31 (yüz iyirmi yeddi manat, 31 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 33% dərəcəsi ilə 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında ZM-********* nömrəli, ##.##.2014cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, **/** saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 5159,76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2017-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6994,79 (altı min doqquz yüz doxsan dörd dollar, 79 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. ##.##.2025-ci il tarixə cavabdeh cavabdeh1 kredit üzrə cəmi borcu 7315,51 (yeddi min üç yüz on beş dollar, 51 sent) ABŞ dolları təşkil edir. Bundan 2767,05 (iki min yeddi yüz altmış yeddi dollar, 05 sent) ABŞ dolları əsas, 857,44 (səkkiz yüz əlli yeddi dollar, 44 sent) ABŞ dolları faiz, 3291,26 (üç min iki yüz doxsan bir dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 399,76 (üç yüz doxsan doqquz dollar, 76 sent) ABŞ dolları faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(041)-1435/2025 saylı qətnaməsi ilə (hakim Rahid Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 2767.05 ABŞ dolları əsas, 857.44 ABŞ dolları faiz, 140 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 399.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4164.25 (dörd min yüz altmış dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 127.31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində pulun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2014cü il tarixli, ********* saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 33% ödəmək şərtilə 6300 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2 bank qarşısında cavabdeh1 ilə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, ********* saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə cavabdeh1 arasında Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, **/** saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 5159,76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2017-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6994,79 (altı min doqquz yüz doxsan dörd dollar, 79 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, **-*/*-B-**-****/**** saylı maliyyə arayışına əsasən, cavabdeh cavabdeh1 ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixədək 2767.05 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 857.44 ABŞ dolları mələğində faiz borcu, 3291.26 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün 399.76 ABŞ dolları faiz borc, cəmi isə 7315.51 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 399.76 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 140 ABŞ dolları məbləğində cərimə borcu müəyyən edilməlidir. Cavabdehlərin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh1 münasibətdə hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, kredit müqaviləsi ##.##.2014-cü il tarixdə bağlansa da İddiaçı ASC ilə cavabdeh1 arasında Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, **/** saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 5159,76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2017-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6994,79 (altı min doqquz yüz doxsan dörd dollar, 79 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı isə məhkəməyə iddia tələbi ilə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh2 arasında ##.##.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, ##.##.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti ##.##.2017-ci il tarixədək, ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı ##.##.2022-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd etmişdir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 127.31 manat cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh1 2767.05 ABŞ dolları əsas, 857.44 ABŞ dolları faiz, 140 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 399.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4164.25 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 127.31 manat məbləğində pul tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 445.7, 467, 477.0.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sübutlar iddiaçının əsassız varlanmasına bir növ əsas yaradaraq verilən məbləğlərin hansı qaydada hesablanaraq cavabdehdən tələb etməsi ümumiyyətlə ağlabatan deyildir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanında aşağıda göstərilən bəndlərdə : 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin #.#.2015-ci ilin ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə -1ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları ) kimi; #.#.2015-ci il ######ın ##-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə -1 ABŞ dollarına 0,6 manat (0.35 dolları) kimi; #.#.2015-ci ilin ######ın ##-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsaskredit borclarına münasibətdə-bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin,qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Maraqlıdır ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən iddia tələbinin nə dərəcədə əsaslı olmasına birbaşa ##.##.2019-cu il tarixli, 551№li Fərmanda göstərilən hallarla üst-üstə düşməsinə toxunmamışdır. Belə ki, məhkəmə iclasında cavabdeh cavabdeh1 tərəfindən götürülmüş kreditə görə ödədiyi ödənişlərdən artıq ödənilmiş (restrukturizasiya olunmuş kredit) 5077,02 manat məbləğində pul “Azərpoçt” vasitəsilə cavabdeh1 hesabına (9031 2200 0042 8068) köçürülmüşdür. 551 №li Fərmanın 2-ci bəndində göstərilən hala diqqət etsələr görərlər ki, “ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin” qərara alınmışdır. Deməli burdan belə nəticəyə gəlmək olar ki, cavabdeh1 qaytarılan məbləğ 5077.02 manat pul vəsaiti, Fərmana əsasən borcu bağlandıqdan sonra qalan məbləğdir. Təəsüf ki, məhkəmə iclaslarında iddiaçı iştirak etmədiyindən bu hissəyə aydınlıq nə öz iddia ərizəsində, nə də digər hallarda münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi də *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli Qətnaməsində bununla bağlı heç bir münasibət bildirməmişdir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi qismən də olsa təmin edilmiş olsa da belə əsasssızdır və bu səbəbdən də cavabdeh cavabdeh1 münasibətdə təmin olunmuş hissədə də ləğv olunmalıdır. *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli Qətnamə digər cavabdeh zamin cavabdeh2 münasibətdə mübahisələndirilmir. Birinci instansiya məhkəməsi iddiaçının 7 315,51 (yeddi min üç yüz on beş dollar,51 sent) ABŞ dollar pulun cavabdeh cavabdeh1 hansı ödəmə və hansı əsasla tələb etməsi iddia tələbinin qismən təmin olunmasını hansı formada və hansı mötəbər sübutla əsaslandırması anlaşılan deyildi. Birinci instansiya məhkəməsi cavabdeh1lə bağlı hissədə iddianın təmin olunması barədə qətnamə çıxarmaqla absurd bir qətnamə ilə cavabdeh cavabdeh1 hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Halhazırda apellyator birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-cavabdeh cavabdeh1 münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 7.315,51 (yeddi min üç yüz on beş dollar, 51 sent) ABŞ dolları-bundan 2.767,05 (iki min yeddi yüz altmış yeddi dollar, 05 sent) ABŞ dolları əsas, 857,44 (səkkiz yüz əlli yeddi dollar, 44 sent) ABŞ dolları faiz, 3.291,26 (üç min iki yüz doxsan bir dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015ci il tarixli Plenum qərarına hesablanmış 399,76 (üç yüz doxsan doqquz dollar, 76 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 127,31 (yüz iyirmi yeddi manat, 31 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 399.76 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 140 ABŞ dolları məbləğində cərimə borcu müəyyən edilməlidir. Hazırkı mülki işdən görünür ki, tərəflər arasında yaranmış olan mübahisə kredit müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı tərəf bu Müqavilə və ya qüvvədə olan Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Bank Kredit alana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı müqavilə üzrə məhkəməyə müraciət etmək hüququnu reallaşdırmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olması barədə qənaətə gəlmək üçün əsas vermir. Belə ki, cavabdeh tərəfindən istinad edilən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanın müddəaları konkret mübahisə predmeti olan kredit öhdəliyinin tam həcmdə xitamına səbəb olan hüquqi əsas kimi çıxış etmir və həmin Fərman yalnız müəyyən hallarda məzənnə fərqinin kompensasiyası məqsədini daşıyır. Cavabdeh tərəfindən qeyd edilən 5077,02 manat məbləğin qaytarılması faktının kredit öhdəliyinin tam icra olunmasını təsdiq etməsi barədə hər hansı mötəbər sübut, o cümlədən ödənişlərin hansı borc elementinə yönəldiyini göstərən maliyyə sənədləri iş materiallarına təqdim edilməmişdir. Eyni zamanda, iş üzrə mövcud olan maliyyə arayışı ilə borcun məbləği və strukturu müəyyən edilmiş, cavabdeh isə həmin hesablamalara qarşı alternativ və əsaslandırılmış hesab təqdim etməmişdir. Həmçinin tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə öhdəliklərindən irəli gəldiyindən, cavabdehin əsassız varlanmaya dair dəlilləri tətbiq oluna bilməz. Bundan əlavə cavabdehə münasibətdə restrukturizasiya ayrıca yeni kredit təklifi kimi təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, cərimə məbləği tənasüblülük prinsipi nəzərə alınmaqla azaldılmış, iddia müddəti düzgün müəyyən edilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bununla belə məhkəmə tərkibi diqqətə çatdırır ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən kredit ödənişin ödənilmə üsulu ilə bağlı lazımi aydınlıq gətirilməmişdir. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. O da qeyd edilməlidir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Ancaq müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. İş materiallarından və tərəflər arasında bağlanmış Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişin məzmunundan aydın görünür ki, tərəflər ödənişlərin manatla 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsasında qəbul edilməsini açıq və birmənalı şəkildə razılaşdırmışlar. Həmin şərt tərəflərin iradə azadlığının birbaşa ifadəsi olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 390-cı maddələrinin tələblərinə tam uyğundur və qüvvədə olan qanunvericiliyə zidd deyildir. Məhkəmə tərkibi cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor - kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, pul öhdəliyi manatla ifadə edilməli olduğundan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti ##.##.2014-cü il tarixli, ********* saylı Kredit Müqaviləsinə Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişin şərtləri əsasında 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməsi ilə bağlı razılaşma olduğundan ödənişlər 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməlidir. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını da qətnamədə qeyd edilməlidir. Məhkəmə tərkibi həmçinin apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və yuxarıda qeyd edilən və araşdırılan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını düzgün müəyyən etməmişdir. Ona görə də cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, cavabdeh cavabdeh1 2767.05 ABŞ dolları əsas, 857.44 ABŞ dolları faiz, 140 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 399.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4164.25 (dörd min yüz altmış dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddiaçı tərəfindən mübahisələndiriləcək hissənin qiyməti beş min manatdan az olduğundan hazırkı halda qətnamədən iddiaçının kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh cavabdeh1 2767.05 ABŞ dolları əsas, 857.44 ABŞ dolları faiz, 140 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 399.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4164.25 (dörd min yüz altmış dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-314/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-314/2026
23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver