Məhkəmə qərarları › İş №2(3-9)-332/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-332/2026

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-332/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Allahverdiyev Qafar Mübariz oğlunun, cavabdeh Babayev Rüfət Qulu oğlunun iştirakları ilə, iddiaçı “Azərbaycan Dəmı r Yolları” Qapalı Səhmdar Cəmı yyətinin cavabdeh Babayev Rüfət Qulu oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(071)-144/2025 saylı qətnaməsindən (hakim Günel Əkbərli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Azərbaycan Dəmı r Yolları” Qapalı Səhmdar Cəmı yyəti cavabdeh Babayev Rüfət Qulu oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 2733,10 (iki min yeddi yüz otuz üç manat on qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2781,10 (iki min yeddi yüz səksən bir manat on qəpik) manat məbləğində pulun yetkinlik yaşına çatmayan Babayev Nicat Rüfət oğlunun qanuni nümayəndəsi Babayev Rüfət Qulu oğlundan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2024-cü il tarixində saat 20:34 radələrində 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli sürətli sərnişin qatarı Pirsaat-Atbulaq mənzilinin 118-ci km piket 3-də, hərəkətdə olarkən sözügedən qatarın hərəkət istiqamətinin sol tərəfindən 1-ci vaqonuna daş atılması nəticəsində qatarın şüşə hissəsi əhəmiyyətli dərəcədə zədələnmişdir. Hadisə nəticəsində ADY-yə 2733,10 (iki min yeddi yüz otuz üç manat 10 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Biləcəri Xətt Polis Şöbəsindən ADY-yə daxil olmuş 31.10.2024-cü il tarixli 3-13-15-1-1/2-1583/2024 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı 11.10.2024-cü il tarixində saat 20:30 radələrində DŞİ-001 nömrəli sürətli elektrik qatarı Pirsaat – Atbulaq istiqamətinin 118-ci km piket 3-də hərəkətdə olarkən 1-ci vaqonun yan şüşəsinə kənardan daş atılması nəticəsində yan şüşə hissəsinə zərər verən şəxsin 02.02.2014cü İl təvəllüdlü Babayev Nicat Rüfət oğlu olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun valideyni Babayev Rüfət Qulu oğlu bölməyə dəvət olunmuş və onun iştirakı ilə Babayev Nicat Rüfət oğlunun izahatı alınmışdır. Babayev Nicat Rüfət oğlu izahatında qatarın yan şüşəsinə daş atdığını etiraf etmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrimizdə həmçinin də, Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, o cümlədən sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh Babayev Rüfət Qulu oğlundan vurulmuş maddi ziyanın əvəzi olaraq 14466,49 manat pul vəsaiti və ödənilmiş 133,04 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14599,53 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Babayev Rüfət Qulu oğluna qarşı (Babayev Nicat Rüfət oğlunun qanuni nümayəndəsi, valideyni) vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair 08.01.2025-ci il tarixli iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 2733,10 (iki min yeddi yüz otuz üç manat 10 qəpik) manat pulun və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Məhkəmə prosesi getdiyi dövrdə Babayev Nicat Rüfət oğlunun barəsində Daxili işlər Nazirliyi NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. Xətt Polis Şöbəsinin istintaq və təhqiqat qrupunda toplanmış materiallar əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 30.10.2024-cü il tarixində saat 19:17 radələrində Bakı - Ağstafa istiqamətində hərəkət edən 734 saylı sürətli sərnişin qatarı Atbulaq-Pirsaat mənzilinin 111 km, pk 2-də hərəkətdə olarkən 02.02.2014-cü il təvəllüdlü Babayev Nicat Rüfət oğlu tərəfindən mişar daşlarının relsin üzərinə düzülməsi səbəbindən təcili tormozlanma edilsə də, az məsafə olduğu üçün qatarın baş vaqonunun alt ehtiyat hissələri əhəmiyyətli dərəcədə zədələnmiş və sözügedən qatara 11733,39 (on bir min yeddi yüz otuz üç manat 39 qəpik) manat məbləğində ziyan dəymişdir. Beləliklə Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin Biləcəri st. Xətt Polis Şöbəsinin istintaq və təhqiqat qrupunun ADY-yə daxil olmuş 17 yanvar 2025-ci il tarixli 3/6- 3-13-15-1-1/2-98/2025 saylı məktubundan və məktuba əlavə edilmiş cinayət işinin başlanıİmasının rədd edilməsi barədə qərarından məlum olur ki, baş vermiş hadisəyə yetkinlik yaşma çatmayan Babayev Nicat Rüfət oğlu səbəb olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi Allahverdiyev Qafar Mübariz oğlu iddianı müdafiə edib, iddia ərizəsinin və tələbin həcminin artırılmasına dair ərizənin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iş üzrə “Meyar Ekspertiza” MMC-nin mütəxəssis rəyini əsaslı hesab etmir. Belə ki, məhkəməyə sübut qismində təqdim etmiş olduğu və “Azərbaycan Dəmir Yolları” QSC-nin əlaqəli şəkildə fəaliyyət göstərdiyi istehsalçı “Stadler” adlı isveç şirkəti tərəfindən rəsmi qaydada təsdiq edilmiş hesabatda dəymiş maddi zərərin ümumi məbləği mütəxəssis rəyindən daha çoxdur. “Azərbaycan Dəmir Yolları” QSC qatarlara lazım olan ehtiyat hissələrinin təminatçısı kimi birbaşa “Stadler” adlı isveç şirkəti ilə əlaqədədir. Bu baxımdan sözügedən hesabatda qeyd edilən ehtiyat hissələrinin maddi dəyərini daha real hesab edir. Keçirilmiş əlavə ekspertizanın, yəni “Turan Ekspertiza Mərkəzi” MMC-nin rəyində qatarın zədələnmiş hissələrindən biri olan şüşəsinə münasibət bildirilməmiş, həmin hissənin dəyəri rəydə öz əksini tapmamışdır. Odur ki, sözügedən şüşənin dəyərinin “Stadler” adlı isveç şirkəti tərəfindən verilmiş qiymətləndirmə aktında göstərilmiş dəyərdə, yəni 1060 avro məbləğində müəyyən edilməsini və yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Bundan başqa “DŞİ-001” saylı sərnişin qatarı artıq təmir olunmuş və faktiki istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Belə ki, istismara yararsız vəziyyətə düşmüş detallar sökülmüş və Cəmiyyətin ehtiyatında olan digər qatarlardan lazımlı hissələr alınaraq əlavə edilmişdir. Vurulmuş maddi ziyanın hissə-hissə ödənilməsi məsələsində cavabdehlə cəmiyyət arasında danışıqlar aparılmamış, cavabdeh Babayev Rüfət Qulu oğlu “Azərbaycan Dəmir Yolları” QSC-yə rəsmi müraciət göndərməmiş, halbuki tərəfə cəmiyyətin rəhbərinin qəbuluna yazılması və iddia tələbinə münasibətdə razılıq əldə edilməsi təklif edilmişdir. Lakin, qarşı tərəfdən belə bir addım atılmadığından məsələyə münasibət bildirilməmişdir. Cavabdeh Babayev Rüfət Qulu oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, həm qiymətləndirmə barədə hesabatla, həmdə iddia ərizəsi ilə razı deyildir. Övladı qatar yoluna daş düzməmişdir. O, araşdırma zamanı izahat yazmış və imzalamışdır. İzahat yazarkən ona qarşı təzyiq olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(071)-144/2025 saylı qətnməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Babayev Rüfət Qulu oğlundan dəymiş maddi zərərin əvəzi olaraq 13320 (on üç min üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 129,96 (yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “Azərbaycan Dəmı r Yolları” Qapalı Səhmdar Cəmı yyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, müstəqil qiymətləndirici “Turan Ekspertiza Mərkəzi” MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin “Azərbaycan Dəmı r Yolları” Qapalı Səhmdar Cəmı yyətindən “Turan Ekspertiza Mərkəzi” MMCnin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etlmişdir. Apellyasiya şikayəti iddia ərizəsi və tələbinin həcminin artırılması barədə ərizə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişir ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Ekspert rəyində məbləğin 11733,39 (on bir min yeddi yüz otuz üç manat 39 qəpik) manat deyil, 11200 (on bir min iki yüz) manat kimi göstərilməsi ümumiyyətlə əsaslandırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza mərkəzi qatarın şüşə hissəsinə dəyən ziyanın məbləğini hesablamamış, məhkəmə özü iş materiallarına əlavə edilmiş müqaviləyə əsasən şüşənin qiymətini hesablayaraq qətnamədə göstərmişdir. Lakin məhkəmə tərəfindən hesablama aparılan zaman ADY-yə faktiki olaraq dəymiş ziyan 2733,10 (iki min yeddi yüz otuz üç manat 10 qəpik) manat olduğu halda yalnız 2120 (iki min yüz iyirmi) manat məbləği təmin edilmiş, təmin edilməmiş hissənin hansı səbəbdən təmin edilməməsi isə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Göründüyü kimi, hesablamaların həm ekspert, həm də məhkəmə tərəfindən yanlış aparılması nəticəsində birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Ölkə ərazisində bu xidmətləri göstərən alternativ bir qurum yoxdur. Bu xidmətlərin göstərilməsi üçün qatarlar və onların ehtiyat hissələri yalnız ADY tərəfindən xarici ölkələrdən sifariş olunaraq alınır. Beləliklə, qatarın və onun ehtiyat hissələrinin orta bazar dəyərini müəyyən etmək qeyri-mümkündür. Məhkəmə tərəfindən hesablama aparılan zaman ADY-yə faktiki olaraq dəymiş ziyan 2733,10 (iki min yeddi yüz otuz üç manat 10 qəpik) manat olduğu halda yalnız 2120 (iki min yüz iyirmi) manat məbləği təmin edilmiş, təmin edilməmiş hissənin hansı səbəbdən təmin edilməməsi isə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Göründüyü kimi, hesablamaların həm ekspert, həm də məhkəmə tərəfindən yanlış aparılması nəticəsində birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Allahverdiyev Qafar Mübariz oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarışa şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavadeh Babayev Rüfət Qulu oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni qismən, iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunmayan hissəsində yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağayev Rəşad Rəsul oğlu ifadəsində göstərmişdir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hərəkət vasitələrinin təmiri departamentində maliyyə şöbəsinin baş iqtisadçısı vəzifəsində işləyir. “Stadler” şirkəti öz saytında qatarın hansısa detalını satmır. “Meyar Ekspertiza” MMC-nin qiymətləndirmə barədə hesabatında informasiya mənbələri hissəsində qeyd edilən şirkət saytları hazırki işin halları ilə bağlı deyil və həmin detallar oradan alına bilməz. Zədələnən qatar 2023-cü il istehsalı olan qatardır. Həmin qatarın ehtiyyat hissələri ancaq “Stadler” şirkətinin özündən alınır. Qatarın hərəkətinin dayanmaması üçün digər ehtiyat qatardan detal çıxarılaraq zədələnən qatara qoyulmuşdur. Ehtiyat hissəsinin çıxarıldığı həmin qatarla bağlı isə “Stadler” şirkəti hələ onlara detal göndərməmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Qurbanov Nurəli İslah oğlunun HK-1/83 nömrəli təhqiqat materialı üzrə 31 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 11 oktyabr 2024-cü il tarixdə saat 20:34-də 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən DŞİ-001 saylı sürətli sərnişin qatarı Hacıqabul rayonu ərazisində olmaqla, Pirsaat-Atbulaq dəmir yolu mənzilinin 118-ci km-nin piket 3-də hərəkətdə olarkən qatarın 1-ci vaqonunun şüşəsinə hərəkət istiqamətində sol tərəfdən kənardan yetkinlik yaşına çatmayan 12.02.2014-cü il təvəllüdlü Babayev Nicat Rüfət oğlu tərəfindən kiçik ölçülü daş atılmış və nəticədə qatara 2733,10 manat məbləğində maddi ziyan dəymişdir. Materiala əlavə edilmiş, atası Babayev Rüfət Qulu oğlunun iştirakı ilə izahatı alınmış 02.02.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Babayev Nicat Rüfət oğlu bildirmişdir ki, yaşadığı evin qarşısından dəmir yolu xətti keçir. 11 oktyabr 2024-cü il tarixdə təxminən saat 20:30 radələrində o, yaşadığı evin qarşısından keçən dəmir yolu xəttinin kənarında oynayarkən ətrafda dəmir yolu xətinin yaxınlığında bir neçə baş xırdabuynuzlu heyvanların olduğunu görmüş və yerdən kiçik ölçülü daş parçaları götürüb həmin xırdabuynuzlu heyvanlara tərəf atmağa başlamışdır. Bu zaman Hacıqabul istiqamətindən üzü ona tərəf sürətli sərnişin elektrik qatarının gəldiyini görmüşdür. O, kiçik ölçülü daş parcalarını xırdabuynuzlu heyvanlara tərəf atarkən həmin daş parçalarından biri ehtiyatsızlıqdan hərəkətdə olan qatarın sol tərəfindən şüşəsinə dəymiş və qatar siqnal verməyə başlamışdır. O da bundan qorxaraq dərhal yaşadığı evə getmişdir. Etdiyi əməli səmimi etiraf etmiş, atdığı kiçik ölçülü daş parçası ehtiyatsızlıqdan hərəkətdə olan qatarın şüşəsinə dəymiş, məqsədi qatara daş atmaq olmamışdır. Əməlinə görə üzr istəmiş və gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz vermişdir. Hadisə zamanı onun yanında başqa heç kim olmamış, orada tək olmuş, xırdabuynuzlu heyvanlara tərəf daş atmasını heç kim görməmişdir. Hadisə zamanı onun dəmir yolu xəttinin yaxınlığında olan xırdabuynuzlu heyvanlara tərəf daş atmasının elə bir səbəbi olmamış, sadəcə olaraq maraq üçün həmin heyvanlara tərəf kiçik ölçülü daş atmışdır. O, xırdabuynuzlu heyvanlara tərəf daş atan zaman hərəkətdə olan qatarın gəldiyini görmüş, lakin atdığı daşın qatarın şüşəsinə dəyəcəyini düşünməmiş və bu səbəbdən də daş atmasını dayandırmamışdır. Hərəkətdə olan qatara daş atması nəticəsində həmin qatara nə kimi ziyan dəyməsi barədə məlumatı olmamış, eləcə də xəsarət alan şəxs olmamışdır. Materiala əlavə edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hərəkət vasitələrinin təmiri departamentinin maliyyə şöbəsinin rəisi tərəfindən 14 okyabr 2024-cü ildə təsdiq edilmiş DŞİ-001 qatarına dəymiş ziyanın aradan qaldırılması üçün xərc cədvəlindən görünür ki, hadisə nəticəsində qatara dəyən zərərin ümumi məbləği 2733,10 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru Mirxalid Kazımovun HK-1-88/2024 nömrəli araşdırma materialı üzrə 7 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat 19:17 radələrində 734 saylı Bakı-Ağstafa marşrutu ilə hərəkət edən və “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarı Hacıqabul rayonu Atbulaq qəsəbəsinin ərazisi olmaqla, Atbulaq-Pirsaat dəmir yolu mənzilinin 111-ci km-nin piket 2-də hərəkətdə olarkən, dəmir yolu relyslərinin üzərinə azyaşlı 02.02.2014-cü il təvəllüdlü Babayev Nicat Rüfət oğlu tərəfindən mişar daşları düzüldüyündən qatar təcili tormozlama etsə də, məsafə qısa olduğuna görə hadisənin qarşısını almaq mümkün olmamış və qatar hərəkətini saat 19:17-də dayandırmış, qatarın baş vaqonunun alt ehtiyat hissələri əhəmiyyətli dərəcədə zədələndiyi üçün saat 19:33-də qatar boş mənzilə göndərilmişdir. Hadisə nəticəsində sözügedən qatara 11733,39 manat məbləğində maddi ziyan dəymişdir. Materiala əlavə edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hərəkət vasitələrinin təmiri departamentinin maliyyə şöbəsinin rəisi tərəfindən dekabr 2024-cü ildə təsdiq edilmiş DŞİ-002 qatarına dəymiş ziyanın aradan qaldırılması üçün xərc cədvəlindən görünür ki, hadisə nəticəsində qatara dəyən zərərin ümumi məbləği 11733,39 manat müəyyən edilmişdir. Araşdırma zamanı atası Babayev Rüfət Qulu oğlunun iştirakı ilə izahatı alınmış 02.02.2014cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Babayev Nicat Rüfət oğlu bildirmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı evini qarşısından dəmir yolu xətti keçir. 30 oktyabr 2024-cü il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı evin qarşısından keçən dəmir yolu xəttinin kənarında oynayan vaxt maraq üçün yerdən təxminən 6-7 ədəd kiçik ölçülü daş parçalarını götürüb dəmir yolu relsinin üzərinə düzmüşdür ki, kənardan dayanıb qatarın həmin daşların üzərindən keçərkən nə baş verəcəyini izləsin. Bundan təxminən 2-3 dəqiqə sonra Bakı istiqamətindən qatarın gəldiyini görüb oradan qaçıb yaşadığı evə getmişdir. 15 noyabr 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Biləcəri st. Xətt Polis Şöbəsinin əməkdaşları oraya gələrək onu dəmir yolu relsinin üzərinə daş parçaları düzdüyünə görə atası Rüfət Babayevlə birlikdə izahatının alınması üçün Biləcəri st. XPŞ-yə dəvət etmişlər. Etdiyi əməli səmimi etiraf etmiş, əməlinə görə üzr istəmiş və gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz vermişdir. O, daş parçalarını relsin üzərinə düzən vaxt orada tək olmuş, həmin vaxt törətdiyi əməli kənardan başqa heç kim görməmişdir. Hadisə zamanı onun dəmir yolu xəttinin üzərinə daş parçalarını düzməsinin elə bir səbəbi olmamış, sadəcə olaraq maraq üçün həmin daş parçalarını relsinə üzərinə düzmüşdür. Hərəkətdə olan qatarın yoluna daş parçaları düzməsi nəticəsində həmin qatara nə kimi ziyan dəyməsi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin 11.03.2025-ci il tarixli qərardadı əsasında “Meyar- Ekspertiza” MMC-nin təqdim etdiyi 05.06.2025-ci il tarixli, 0181 saylı qiymətləndirmə hesabatına əsasən “Azərbaycan Dəmir Yolları” QSC-yə vurulmuş maddi zərərin məbləği 6300 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 30.09.2025-ci il tarixli qərardadı əsasında “Turan Ekspertiza Mərkəzi” MMC-nin təqdim etdiyi 18.12.2025-ci il tarixli, TEM/R-01-008/25 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində “Azərbaycan Dəmir Yolları” QSCnin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarına maddi ziyan dəymişdir. Zərər, əsasən qatarın anten sistemi və soplo mexanizmi ilə bağlı ehtiyat hissələrinin zədələnməsi nəticəsində yaranmışdır. Rəydə zədələnmiş hissələrin təmir edilməsi, yenisi ilə əvəz olunması və bərpası üçün tələb olunan xərclər ayrı-ayrılıqda hesablanmış, cədvəl şəklində göstərilmişdir. Həmin hissələrə anten qoruyucu lövhə (780 manat), lövhənin montaj künclükləri (430 manat), antenna (5100 manat), soplo (1800 manat), soplo kronşteyni (2230 manat), soplo qoruyucu lövhəsi (400 manat) və soplo qızdırıcı kabelinin tutacağı (460 manat) daxildir. Ekspert hesablamalarına əsasən, qeyd olunan ehtiyat hissələri üzrə ümumi maddi zərərin məbləği 11200 (on bir min iki yüz) manat təşkil edir. Bu məbləğin real bazar qiymətlərinə, texniki tələblərə uyğun hesablandığı, eyni zamanda “Stadler” isveç şirkəti tərəfindən təqdim edilmiş və rəsmi qaydada təsdiq edilmiş ehtiyat hissələrinin dəyəri ilə müqayisəli şəkildə ekspert rəyində əsaslandırılmışdır. Beləliklə, ekspert rəyindən “DŞİ-001” saylı sürətli sərnişin qatarına dəymiş ümumi maddi zərərin mövcudluğu və onun dəqiq pul ifadəsində həcmi müəyyən edilmişdir. 10.07.2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, bu müqavilə “Azərbaycan Dəmir Yolları” QSC (Alıcı) ilə İsveçrənin “Stadler Service AG” (Satıcı) şirkəti arasında 10 sentyabr 2019-cu il tarixində bağlanmışdır. Müqavilə, ümumi dəyəri 115820 avro (DAP Bakı şərti ilə) təşkil edən müxtəlif ehtiyat hissələrinin - 8600 avro dəyərində maşinist kabinasının ön şüşələrinin, 890 avro giriş qapısı şüşələrinin, 1099 avro yuxarı mərtəbə salon şüşələrinin, 1466 avro sərnişin salonunun yuxarı mərtəbəsinin təhlükəsizlik şüşələrinin, 1060 avro sərnişin salonunun aşağı mərtəbə şüşələrinin, 1299 avro sərnişin salonunun aşağı mərtəbəsinin təhlükəsizlik (təcili yardım) şüşələrinin, hər biri 986 avro dəyərində olmaqla sol və sağ üçbucaq izolyasiya şüşələrinin, hər biri 986 avo dəyərində olmaqla, sol və sağ yan pəncərə üçün izolyasiya şüşələrinin dəyəri müəyyənləşdirilmişdir. Müqavilə, 100% əvvəlcədən ödəniş əsasında satınalınmasını tənzimləyir. Sənədə əsasən, malların çatdırılması spesifikasiyada qeyd olunan 8 ilə 30 həftəlik müddətlər ərzində icra edilməli, Satıcı məhsullara 1 il zəmanət verməli və gecikmə halında hər həftə üçün 0.25% (maksimum 10%) məbləğində cərimə ödənməlidir. Eyni zamanda müqavilə İsveçrə qanunvericiliyinə tabedir və hər hansı ziddiyyət yarandıqda ingilis dili versiyasının üstünlüyü müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən am həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Üç ulduzla indeksləşdirilmiş 2(102)-669/2025 saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi belədir ki, mülki hüquqda faktlar dedikdə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və AR MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. İddiaçının iddia ərizəsində gətrdiyi əsaslandırma məhz cinayət təqibi orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında müəyyən etdiyi faktiki hallarla bağlıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Odur ki, istintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. İşdə olan mötəbər sübut yetkinlik yaşına çatmayanın atasının iştirakı ilə alınan etirafedici izahatları, hadisənin bilavasitə onun tərəfindən törədilməsinin müyəyyən olunması ilə bağlı təhqiqatın və istintaqın gəldiyi nəticələrin mübahisələndirilməməsidir. Hadisənin bilavasitə 02.02.2014-cü İl təvəllüdlü Babayev Nicat Rüfət oğlu oğlu tərəfindən törədilməsi iş materialları ilə tam təsdiqini tapır və hadisə baş verən tarixlərdə onun 12 yaşı tamam olmuşdur. Kollegiya yuxarıda sadalanan maddi hüquq normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianın ona cavab verməli olan şəxsə yönəlməsi və yetirilən zərər üçün məsuliyyət daşımasını müəyyən etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilir. Bu zaman iddiaçı qatar istehsalşçısı ilə arasında bağlanan müqavilənin şərtlərinə, tərəfindən zərərlə bağlı tərtib edilən xərclər cədvəlinə istinad edir, lakin məruz qaldığı real zərərin məbləğinə dair inandırıcı sübut vermir. Birinci instansiya məhkəməsində şahid qismində ifadəsi alınmış iddiaçının nümayəndəsi bildirmişdir ki, zədələnən qatar 2023-cü il istehsalı olan qatardır. Həmin qatarın ehtiyyat hissələri ancaq “Stadler” şirkətinin özündən alınır. Qatarın hərəkətinin dayanmaması üçün digər ehtiyat qatardan detal çıxarılaraq zədələnən qatara qoyulmuşdur. Ehtiyat hissəsinin çıxarıldığı həmin qatarla bağlı isə “Stadler” şirkəti hələ onlara detal göndərməmişdir. Birinci instansiya məhkəməsi alınan mütəxəsis rəylərinin müqayisəli təhlilini apararaq daha yüksək məbləğdə zərərin məbləğini müəyyən edən rəyi əsas götürmüş, bu zaman iddiaçının nümayəndəsinin həmin rəydə sınan şüşənin qiymətinin əks olunmamasına dair iradını və şüşənin qiymətinin təqdim olunan müqavilə üzrə 1060 avro müəyyən edilməsinə dair xahişini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti (14466.49-13320=1146) 1146 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(071)-144/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar