Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-333/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan ## ###### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə ərizə ilə Imişli rayon polis şöbəsinə müraciət edərək, təxminən 6 ay bundan əvvəl Imişli rayonu, Boşçalılar kənd sakini Zaur adlı şəxsin işlədiyi “Fəridə” adlı aptekə oğlu Vüsal Ibişovu işə düzəltmək adı altında onun 36500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi bildirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Cavabdeh Imişli RPŞ-nin Istintaq Bölməsinə izahatında bildirmişdir ki, Imişli şəhər sakini İddiaçı Bayandır qızının onun barəmdə ##.##.2025-ci il tarixdə Imişli rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsinin məzmunu ilə tanışdır. O, İddiaçı təxminən 2017-ci il tarixdən tanıyır. Son bir ilə qədər əvvəllər aralarında normal münasibət olmuşdur. O, 2017-ci il tarixdə Imişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “Zəfəran” adlı aptekdə əczaçı kimi işləmişdir. İddiaçı həmin vaxtlar onun işlədiyi aptekdən bir neçə dəfə dərman almışdı. O, həmin vaxtlar İddiaçı faizə, yəni sələmə pul verdiyini eşitmişdir. Yenə bir dəfə İddiaçı aptekdə olan zaman o, ondan sələmə 5000 (beş min) manat pul istəmişdir. Südabə də həmin vaxt ona demişdir ki, “gələrsən evə, danışarıq”. Həmin günün sabahısı o, Südabənin yaşadığı evə getmişdir. Orada o, Südabədən sələmə 5000 (beş min) manat pul götürmüşdür. Qarşılığında hər ay Südabəyə 700 (yeddi yüz) manat pul verməli olmuşdur. O, bundan sonra hər ay Südabəyə 700 (yeddi yüz) manat pul vermişdir. O, Südabənin hər ay pulunu ödədiyi üçün nə vaxt pul lazım olsa Südabədən sələmə pul götürmüşdür. Bundan sonra o, bir neçə dəfə Südabədən sələmə pul götürmüşdür. Hər ay da götürmüş olduğu pulun faizini Südabəyə ödəmişəm. Bu minvalla onun 2023-cü il tarixdə Südabəyə 14000 (on dörd min) manat pul borcu olmuşdur. Daha sonra o, Südabəyə hər ay verdiyim pulları hesablamış və ümumilikdə Südabədən götürdüyü puldan daha çoxunu faizi ilə birlikdə Südabəyə qaytardığını görmüşdür. Bundan sonra o, Südabənin evinə gedib artıq ona pul verə bilməyəcəyini deyib faizi dayandırmasını istəmişdir. Südabə də həmin vaxt hələ ona 8000 (səkkiz min) manat verəcəyi olduğunu dedi. O, bundan sonra Südabəyə həmin puldan 2000 (iki min) manat pul qaytarmışdır. Daha sonra o, Südabəyə pul verməmişdir. Bundan sonra onların arasında münasibət pozuldu. Südabə də ondan guya ki, onun oğlu Vüsalı “Fəridə” aptekdə işə düzəldəcəyi barədə ondan 36500 (otuz altı min beş yüz) manat pul aldığını bildirmişdir. Qeyd edir ki, o, 2020-ci il tarixdən 2024-cü il tarixə kimi Imişli şəhərində yerləşən “Fəridə” adlı aptekdə işləmişdir. Südabə də onun həmin aptekdə işlədiyini bilirdi. Buna görə də vermiş olduğu şikayət ərizəsində olan məlumatı sübut etmək üçün oğlu Vüsalı “Fəridə” aptekdə işə düzəldəcəyini demişdir. Əsl həqiqətdə o Südabədən oğlu Vüsalı “Fəridə” aptekdə işə düzəltmək adı ilə hər hansı məbləğdə pul almamışdır. Südabə onun barəsində şər və böhtan xarakterli məlumat verir. 28 iyul tarixli qəbzin kserosurətindən görünür ki, “X1 Zaur 36000 AZN 500 götürdüm”. ##.##.2023-cü il tarixli əlyazma qəbzdə qeyd olunur “bu gün xaladan” 36.000 AZN (şücaət) manat pul apardım. ##.##.2026-cı il tarixli aktın məzmunundan görünür ki, P.S.Fərziyeva, İ.Q.Savalanova, A.Ə.Qasımovanın iştirakı ilə akt tərtib olunub ona görə ki, İddiaçı yaxın qohumları, qonşular adı Südabə olsa da, «Sücayət» kimi tanınır, «Sücayət» kimi müraciət edirlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 36500 manat pulun və ödənilmiş 200 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin axırları Imişli şəhərində fəaliyyət göstərən “Fəridə” aptekdə işləyən cavabdeh Cavabdeh ilə tanış olmuşdur. Söhbətləri zamanı cavabdeh bildirmişdir ki, apteki idarə edir. Həmin söhbətlərindən bir neçə gün sonra o, cavabdehlə yenidən görüşəndə ona demişdir ki, oğluna iş axtarır, bəlkə burda iş ola, o, da demişdir ki, narahat olma oğlunu “Fəridə” aptekə işə düzəldə bilər və əlavə olaraq ona demişdir ki, oğlunu işə düzəltmək üçün 36500 manat pul verilməlidir. O da onunla razılaşmışdır. Bundan sonra həmin pulu düzəltmək üçün ailəsinin mülkiyyətində olan Imişli rayonu, Qızılkənd kəndində yerləşən torpaq sahəsini Qızılkənd sakini X5 20000 manata satmış və üzərini düzəldib 36500 manat pulu öz yaşadığı evdə cavabdehə vermişdir. Həmin vaxt cavabdeh ondan 36500 manat pul alması barədə qəbzə qol çəkmişdir. Bundan sonra cavabdeh nə oğlunu işə düzəltmiş, nə də pulunu geri qaytarmışdır. O, məcbur qalıb cavabdehdən Imişli rayon polis şöbəsinə şikayət etmişdir. Cavabdeh Imişli rayon polis şöbəsində verdiyi öz izahatında ona 36500 manat yox, 14000 manat borclu olduğunu etiraf etmişdir. Polis şöbəsində işin mülki xarakterli olması əsas gətirilərək ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan onun oğlunu işə düzəltmək adı ilə pul almamışdır. Iddiaçı sələmə pul verir. Ondan 14000 manat pul almış, faizi ilə birlikdə 22000 manat qaytarmışdır. Onun iddiaçıya borcu yoxdur. Iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin (hakim Lətafət Ağakişiyeva) *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iş materialları ilə iddiaçının cavabdehə 36500 manat pul verməsi təsdiqi tapmır. Iddiaçı pulu qəbz vasitəsilə cavabdehə verdiyini bildirmiş, iddia ərizəsinə qəbzin surətini əlavə etmişdir. Həmin halın araşdırılması, qəbzdəki imzanın cavabdeh tərəfindən icra edilibedilməməsinin müəyyənləşdirilməsi, zərurət olarsa iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi üçün qəbzin əslinin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, iddiaçı qəbzin əslinin olmadığını bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Bildirirəm ki, mən cavabdeh Cavabdeh Seybəddin oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdim ki, cavabdehdən 36500 manat pulun və ödədiyim 200 manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə qəbul etsin. Işə baxan Imişli rayon məhkəməsi mənim iddia ərizəmi təmin etməmişdir. Mən sözügedən qətnamə ilə razı deyiləm. Məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Mahiyyəti üzrə bildirirəm ki, 2023-cü ilin axırları Imişli şəhərində fəaliyyət göstərən Fəridə aptekdə işləyən cavabdeh Cavabdeh ilə tanış oldum. Söhbətimiz zamanı cavabdeh bildirdi ki, bu apteki mən idarə edirəm burda nə varsa mənlikdir. Həmin söhbətimizdən bir neçə gün sonra mən cavabdehlə yenidən görüşəndə ona dedim ki, oğluma iş axtarıram bəlkə burda iş ola o da mənə dedi ki, narahat olma oğlunu Fəridə aptekə işə düzəldə bilərəm və əlavə olaraq mənə dedi ki, oğlunu işə düzəltmək üçün 36500 manat pul verməlisən. Məndə onunla razılaşdım. Bundan sonra mən həmin pulu düzəltmək üçün ailəmin mülkiyətində olan Imişli rayonu, qızılkənd kəndində yerləşən torpaq sahəsini Qızılkənd sakini X4 20000 manat satdım və üzərində düzəldib 36500 manat pulu öz yaşadığım evdə cavabdehə verdim. Həmin vaxtı cavabdeh məndən 36500 manat pul alması barədə qəbzə qol çəkdi. Bundan sonra cavabdeh nə oğlumu işə düzəltdi nə də pulumu geri qaytarmadı. Mən məcbur qalıb cavabdehdən Imişli Rayon Polis Şöbəsinə şikayət etdim. Cavabdeh Imişli Rayon Polis Şöbəsində verdiyi öz izahatında mənə 36500 manat yox, 14000 manat borclu olduğunu etiraf etmişdir. Hazırda məhkəmə işi düzgün araşdırmamış yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri obyektiv qətnamə qəbul etmişdir. Qeyd edirəm ki, cavabdeh məndən pul götürərkən qəbz imzalamışdı. Həmin qəbzin əslini tapa bilmədiyim üçün birinci instansiya məhkəməsinə təqdim edə bilmədim. Hazırda mən həmin qəbzin əslini tapmışam və ona görə də həmin qəbzin əslini apellyasiya məhkəməsinə təqdim edirəm”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz (ərizə) daxil olmuş, göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsinə baxılarkən ondan 2017-ci ilin may ayında sələmə hissə-hissə götürdüyü 14 000 manat pula görə aylar üzrə 700 manat pulu ödəsə də, əsas götürdüyü 14 000 manatı ödəyə bilməmişdir. 2023-cü ilin yay aylarında Südabəyə olan əsas borcunu bağlamaq istədi. Buna görə atasına bildirdi ki, Imişli şəhərində yaşayan Südabə xanımdan sələmə 14.000 manat pul götürmüşdük, 8 000 manat faizi vermiş, ancaq əsas borcu qaytara bilmir, ona köməklik göstərməsini xahiş etdi. Atası öz adına X3 filialından 13 500 manat kreditə pul götürüb, üstünü də düzəldərək ona 14 000 verdi. Onun atasından götürdüyü 14 000 manatı İddiaçı verib ondan sələmə götürdüyü həmin pulu tam bağladı. Lakin İddiaçı yalandan ona guya oğluna iş düzəltmək adı ilə 36 500 manat pul verdiyini iddia edir. Bunlar tamamilə əsassızdır. Onun kimisə işə düzəltmək barədə hər hansı bir səlahiyyəti də olmayıbdır. Özü ortaixtisas təhsillidir, ancaq apteklərdə satıcı kimi işə düzələ bilmişdi. Heç vaxt da dərman alveri ilə məşğul olmamışdır. İddiaçı oğlu Vüsalı işə düzəltmək adı ondan pul almamışdır. Vüsalın özünü şəxsən tanımır. İddiaçı deməsinə görə oğlu Vüsal uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Necə ola bilər o, tanımadığı və üzünü görmədiyi Vüsalı "Fəridə" aptekdə işə düzəldə bilərdi. Bu baxımdan da İddiaçı oğlunu işə düzəltmək adı ilə ondan 36 500 manat pul almağı ona sələmə verdiyi 14 000 manat pulu ört-asdır etməkdən ötrüdür. Hətta Südabə öz yalanını düzəltməkdən ötrü qonşularını da cəlb etməklə el arasında ona Sücayət deyilməsi barədə də əsassız akt tərtib etdirmişdir. Çünki İddiaçı özünün kiməsə tərtib etdirdiyi ərizədə guya onun 36 500 manat pul götürməyi barədə saxta ərizə yazdırıb adının qarşısına oxşatma yolu ilə imza edibdir. Heç vaxt İddiaçı pul götürməyi barədə ərizə yazmamış, nə də həmin ərizəyə imza etməmişdir. Həmin ərizə üzrə ekpertiza təyin olunmasını və qeyd edilən ərizədə onun imzasının olub-olmasını ekspertlər vasitəsi ilə araşdırılmasını istəyir. Çünki, İddiaçı ondan əlavə pul almaqdan ötrü məhkəmədə əsası olmayan ərizə təqdim etmişdir. Bunlar ondan ötrüdür ki, əlavə olaraq pul ələ keçirsin. Mən həqiqəti olduğu kimi həm Imişli Rayon Polis şöbəsində, həm də Imişli Rayon Məhkəməsində bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2 iddia ərizəsinə, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsnin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Imişli rayon Məhkəməsinin ##.##.2025-ci il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. . Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sübutetmə yükünün bölgüsünə dair prosessual qaydaların məqsədi mübahisə predmeti olan halların obyektiv şəkildə müəyyən edilməsini təmin etməkdən ibarətdir. Bu baxımdan tərəfin istinad etdiyi hər hansı hal sübuta yetirildikdən sonra həmin halın hüquqi nəticələrini aradan qaldıran, dəyişdirən və ya ona xitam verən faktlara istinad edən digər tərəf həmin faktların mövcudluğunu sübut etməlidir. Belə faktların mövcudluğu ehtimallarla deyil, mötəbər və yol verilən sübutlarla təsdiq olunmalıdır. Mülki məhkəmə icraatında sübut edilmiş faktın təkzibi yalnız müvafiq sübut vasitələri ilə mümkündür. Tərəfin öz xeyrinə verdiyi izahat, başqa sübutlarla təsdiqlənmədiyi halda, bir qayda olaraq həmin halın mövcudluğunu təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Buna görə də müəyyən edilmiş hüquqi faktın əksini iddia edən tərəf həmin mövqeyini prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə sübuta yetirməlidir. Kollegiya ilk növbədə tərəflər arasında yaranmış hüquqi münasibətin xarakterinin müəyyən edilməsini zəruri hesab edir. Çünki mübahisənin düzgün həlli üçün əvvəlcə pul vəsaitinin hansı hüquqi əsasla verildiyi, həmin münasibətin işə düzəltmə müqabilində ödəniş, borc münasibəti, yoxsa başqa bir əqd xarakteri daşıyıb-daşımadığı aydınlaşdırılmalıdır. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı İddiaçı Imişli rayon polis şöbəsinə müraciət edərək, cavabdeh Cavabdeh Şəbdəddin oğlunun onun oğlunu işə düzəltmək adı ilə 36.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Lakin toplanmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar işin mülki-hüquqi xarakter daşıdığını istisna etmir, əksinə tərəflər arasındakı mübahisənin pul münasibətləri və onların hüquqi təbiəti ilə bağlı olduğunu göstərir. Iş materiallarında olan cavabdeh Cavabdeh Şəbdəddin oğlunun Imişli Rayon Polis X8 verdiyi izahatdan görünür ki, o, iddiaçını təxminən 2017-ci il tarixdən tanıdığını, əvvəllər aralarında münasibətlərin normal olduğunu, sonradan isə iddiaçıdan sələmə pul götürdüyünü etiraf etmişdir. Cavabdeh həmin izahatında əvvəlcə 5.000 manat pul aldığını, daha sonra bir neçə dəfə əlavə pul götürdüyünü, nəticədə 2023-cü il tarixə iddiaçıya 14.000 manat borcunun yarandığını açıq şəkildə bildirmişdir. Həmin izahatdan həm də görünür ki, cavabdeh iddiaçıdan oğlunu işə düzəltmək adı ilə pul almasını inkar etmiş, əksinə münasibətin sələmə-borc münasibəti olduğunu göstərmişdir. Cavabdeh həm Imişli Rayon Polis X8 verdiyi izahatında, həm də birinci instansiya məhkəməsindəki izahatında iddiaçıdan 14.000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. O, həmin pul vəsaitini sonradan faizlə birlikdə qaytardığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, bu halın sübut edilməsi üzrə prosessual vəzifə məhz cavabdehin üzərinə düşmüşdür. Belə ki, MPM-in sübutetmə yükünün bölgüsünü müəyyən edən müddəalarına görə tərəf istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh pul vəsaitini aldığını etiraf etmiş, lakin həmin vəsaitin sonradan qaytarıldığını bildirməklə iddia tələbinə etiraz etmişdir. Buna görə də pul vəsaitinin qaytarılması faktını təsdiq edən sübutların təqdim edilməsi vəzifəsi məhz cavabdehin üzərinə düşmüşdür. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən 14.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı yazılı sübut, ödəniş sənədi, qəbz və ya digər mötəbər sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin pul vəsaitini qaytarması barədə dəlili sübuta yetirilmiş hesab edilə bilməz. Beləliklə, iş üzrə mübahisəli qalan məsələ pul vəsaitinin verilib-verilməməsi deyil, həmin pulun hansı hüquqi əsasla verilməsi məsələsidir. Cavabdehin öz etirafı ilə iddiaçıdan pul vəsaiti aldığı müəyyən olunduğundan, kollegiya ilk növbədə tərəflər arasında yaranmış hüquqi münasibətin xarakterini müəyyən etməyi zəruri hesab edir. Belə ki, iddiaçı pul vəsaitinin oğlunun işə düzəldilməsi məqsədilə verildiyini bildirsə də, iş üzrə toplanmış sübutlar həmin məqsədin mövcudluğunu təsdiq etmir. Iddiaçı tərəfindən təqdim olunmuş sübutlar pul vəsaitinin məhz işə düzəltmə müqabilində verildiyi barədə qəti nəticəyə gəlməyə imkan vermir. Digər tərəfdən, cavabdeh həm hüquq-mühafizə orqanına, həm də məhkəməyə verdiyi izahatlarında iddiaçıdan pul vəsaiti aldığını etiraf etmiş, həmin pulun borc münasibəti çərçivəsində verildiyini bildirmişdir. Hazırkı iş üzrə pul vəsaitinin cavabdehə verilməsi faktının sübuta yetirilməsi bilavasitə cavabdehin etirafına əsaslandığından, tərəflər arasında yaranmış hüquqi münasibətin xarakteri də ilk növbədə həmin etirafın məzmunu nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə sübuta yetirilmiş yeganə hüquqi əsas pul vəsaitinin borc münasibəti çərçivəsində verilməsidir. Cavabdehin pul vəsaitini borc kimi aldığını etiraf etməsi, iddiaçının isə həmin vəsaitin işə düzəltmə məqsədilə verildiyini mötəbər sübutlarla təsdiq edə bilməməsi nəzərə alınaraq, tərəflər arasında mövcud olmuş münasibət borc münasibəti kimi qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi həmin faktın ayrıca sübut edilməsini zəruri etmir. Hazırkı işdə cavabdehin iddiaçıdan 14.000 manat məbləğində pul vəsaiti aldığı faktı məhz onun öz etirafı ilə müəyyən olunduğundan, həmin hal məhkəmə tərəfindən sübuta yetirilmiş fakt kimi qəbul edilməlidir. Belə ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından mülki iş üzrə preyudisial əhəmiyyət daşımasa da, həmin icraatlar çərçivəsində əldə edilən məlumatlar sübut kimi qiymətləndirilə bilər. Iddiaçının tələbinin 36.500 manat məbləğində olması isə iş üzrə mövcud sübutlarla tam təsdiq edilmir. Iddiaçı pulu qəbz vasitəsilə cavabdehə verdiyini bildirmiş, iddia ərizəsinə qəbzin surətini əlavə etmiş, sonradan isə qəbzin əslini apellyasiya instansiyasına təqdim etdiyini bildirmişdir. Bununla belə, 28 iyul tarixli qəbzin kserosurətindən “X1 Zaur 36000 AZN 500 götürdüm” məzmununda qeydin göründüyü göstərilsə də, həmin sənəd yalnız kserosurət şəklində təqdim olunduğundan məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sənədin əsli təqdim edilmədiyindən onun həqiqiliyi, məzmununun dəyişdirilib-dəyişdirilmədiyi, imzanın aidiyyəti və sənədin hansı hüquqi münasibəti ifadə etdiyi müəyyən edilməmiş qalır. Belə hallarda yalnız surətə istinad etməklə iddiaçının bütün məbləği cavabdehə verdiyi nəticəsinə gəlmək hüquqi baxımdan əsaslı deyildir. Eyni zamanda iş materiallarında olan ##.##.2023-cü il tarixli əlyazma qəbzdə “bu gün xaladan 36.000 AZN (şücaət) manat pul apardım” məzmununda qeyd vardır. ##.##.2026-cı il tarixli aktın məzmunundan isə görünür ki, P.S.Fərziyeva, İ.Q.Savalanova və A.Ə.Qasımovanın iştirakı ilə tərtib edilmiş həmin aktda İddiaçı yaxın qohumları və qonşuları tərəfindən “Südabə” adı ilə yanaşı, “Sücayət” kimi də tanındığı, bu adla müraciət olunduğu qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, şəxsin ictimai və ya məişət müstəvisində hansı adla çağırılması, həmin əlyazmada göstərilən şəxsin məhz iddiaçı olduğuna dair qəti və şübhəsiz nəticə vermir. Şəxsin kimliyinin bu qaydada müəyyən edilməsi yalnız üçüncü şəxslərin təəssüratına əsaslana bilməz, bunun üçün iş üzrə daha mötəbər və bir-birini tamamlayan sübutlar olmalıdır. Hazırkı halda isə həmin əlyazmada göstərilən “Şücaət” ifadəsinin və məbləğin məhz iddiaçıya aid olması tam və birmənalı sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası MPM-in 372.2-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin maddəyə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Hazırkı işdə iddiaçı ##.##.2023-cü il tarixli qəbzin kserosurətini apellyasiya mərhələsində təqdim etsə də, həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini ondan asılı olmayan hallar ilə əsaslandırmamışdır. Iddiaçının yalnız sonradan qəbzin əslini tapdığını bildirməsi kifayət etmir, bu, yeni sübutun apellyasiya mərhələsində qəbul olunması üçün qanunla tələb edilən əsaslandırmanı əvəz etmir. Bütün bunlarla yanaşı, iddiaçının sübut qismində istinad etdiyi 28 iyul tarixli və ##.##.2023-cü il tarixli əlyazmalar fərqli məzmunlu, fərqli tarixli olmaqla, biri digərinin əsli deyildir. Buna görə də həmin sənəd (##.##.2023-cü il tarixli əlyazma) yeni sübut kimi qəbul oluna bilməz və işin nəticəsinin dəyişdirilməsi üçün həlledici rol oynaya bilməz. Kollegiya eyni zamanda münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsini nəzərə alır. Həmin normaya əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı işdə cavabdehin etiraf etdiyi məbləğ 14.000 manatdır. Lakin bu məbləğə dair tərəflər arasında qanunun tələb etdiyi yazılı formada bağlanmış borc müqaviləsi iş materiallarında müəyyən edilməmişdir. Buna görə də tərəflər arasındakı münasibətlərin hüquqi nəticələri məbləğ baxımından parçalı qaydada qiymətləndirilməlidir: 3.000 manatadək olan hissə yazılı forma tələbi olmadan etibarlı hesab olunur, 3.000 manatdan yuxarı olan hissə isə yazılı forma tələbinə əməl edilmədiyindən etibarsızlıq nəticəsi doğurur. Məhkəmə kollegiyası hesab edir ki, məhz burada Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi zərurəti yaranır. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Hazırkı işdə cavabdeh iddiaçıdan 14.000 manat pul aldığını etiraf etdiyindən, bu məbləğin qaytarılması barədə hüquqi nəticə həmin normadan irəli gəlir. Beləliklə, tərəflər arasında yaranmış münasibətin 3.000 manat hissəsi borc münasibəti kimi etibarlı sayılmalı, 11.000 manat hissə isə yazılı forma tələbinə əməl olunmadığından etibarsız əqd kimi qiymətləndirilməli və MM-in 337.5-ci maddəsinin nəticələri tətbiq edilməlidir. Bu yanaşma işin hüquqi mahiyyətinə, etirafa və sübutların məcmusuna uyğundur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara formal yanaşaraq iddiaçının 36.500 manat məbləğinin bütövlükdə cavabdehə verilməsini təsdiq edən sübutların olmamasını əsas götürmüş, lakin cavabdehin 14.000 manat məbləğdə pul aldığına dair etirafının hüquqi nəticəsini lazımi qaydada qiymətləndirməmişdir. Halbuki cavabdehin etirafı, polis orqanında verdiyi izahatı, məhkəmədəki izahatı və iş üzrə digər hallar bu məbləğin mövcudluğunu birmənalı şəkildə təsdiq edir. Iddiaçının tələbi bütünlükdə 36.500 manat həcmində sübuta yetirilməsə də, etiraf edilmiş 14.000 manat hissədə tam əsaslıdır. Məhz bu hissə üzrə iddianın təmin edilməsi qanuni və ədalətli nəticədir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mövcud sübutların məcmusu cavabdehin iddiaçıdan 14.000 manat pul vəsaiti aldığını, tərəflər arasındakı münasibətin borc münasibəti xarakteri daşıdığını və həmin məbləğin qaytarılması üçün hüquqi əsasların mövcud olduğunu təsdiq edir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya hesab edir ki, iddiaçı ödənilmiş 200 manat dövlət rüsumunun əvəzini tələb etdiyindən iddianın qismən təmin olunmasına mütənasib olaraq 76 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə rədd olunsun. Ödənilmiş 200 manat dövlət rüsumunun 76 (yetmiş altı) manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun, qalan hissə iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-333/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-333/2026
10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver