Məhkəmə qərarları › İş №2(3-9)-336/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-336/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-336/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının, cavabdehin nümayəndəsi və vəkil Vəkil iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı İsrəfil qızının cavabdeh Cavabdeh qarşı əsassız varlanmaya görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsrəfil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 25.000 (iyirmi beş min) manat verdiyi pulun, 5000 (beş min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh Cavabdeh ilə Beyləqan rayonunda * nömrəli orta məktəbi bir sinifdə oxumuşlar. 2024cü ilin yanvar ayında Cavabdehla bir yas yerinədə söhbət zamanı Elnur ondan nə işlə məşğul olduğunu soruşduqda o, hazırda heç bir işlə məşğul olmadığını, ipoteka yolu ilə ev aldığını və həmin evin kreditini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Bu zaman, Elnur ona maşın alveri ilə məşğul olduğunu və yaxşı qazanc əldə etdiyini söyləmişdir. Cavabdeh söhbət əsnasında bildirmişdir ki, bir neçə nəfərdən, o cümlədən sinif yoldaşı Zəminə Paşayevadan 30.000 manat pul götürüb və hər ay ona 1000 manat qazanc verir. Cavabdeh ona təklif etmişdir ki, o, 20.000 manat məbləğində pul versin. Bunun müqabilində o, biznesini genişləndirib, hər ay ona 700-800 manat qazanc verəcəkdir. Onun evi ipotekada olduğundan və hər ay 500 manat ödədiyi üçün ona 500 manat kifayət edər deyə, ona bildirmişdir. O, Cavabdeh inanıb ##.##.2024-cü il tarixdə “Elmlər” metrostansiyasının yaxınlığında ona 20.000 manat məbləğində pul vermişdir. Daha sonra, yəni 2024-cü ilin may ayının 15-də əlavə olaraq Cavabdeh kart hesabına 5000 manat məbləğində pul göndərmişdir. Cavabdeh 5000 manat məbləğində pulu 15 günə qaytaracağına söz vermişdir. Lakin 15 gün tamam olsa da Cavabdeh 5000 manat məbləğində pulu qaytarmamışır. Daha sonra, yəni iyun ayından etibarən o, Cavabdeh verdiyi 25.000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək ona verdiyi pulları geri qaytarmaqdan yayınmışdır. Sonra məlum oldu ki, Cavabdeh Xırdalan qəsəbəsində ipoteka yolu ilə həyat yoldaşının adına mənzil almışdır. Şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal RPİ-yə müraciət etmiş, Yasamal RPİ-nin müstəntiqi müəyyən araşdırmalar apardıqdan sonra, toplanmış materialı ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-yə göndərmişdir. Nizami RPİ-nin İŞ-nin müstəntiqi İmanov Fərmail İlqar oğlu tərəfindən cinayət işinin başlamasının rədd edilməsi haqqında ## ####### 2025-ci il tarixdə qərar qəbul edilmiş, mübahisə ilə əlaqədar müəyyən edilmiş qaydada mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Məlumat verilməsinə baxmayaraq birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim Xatın Cabbarlı) ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı İsrəfil qızının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, təmin edilmiş iddia məbləğinin 16800 manat qədər azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O, iş məhkəməyə daxil olmamasından xeyli əvvəl iddiaçının adına qeyd etdiklərindən daha çox ödənişlər etmişdir. Əslində onun bu gün iddiaçıya olan borcu 23.000 manat deyil. Birinci instansiya məhkəməsi qətnaməsinin qəbul edildiyi vaxtı Samirin adının hallandırılması, 5000 manat pulun Samir üçün verilməsinin qeyd edilməsinə baxmayaraq bu hal məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Belə ki, məhkəmə prosesində onun iştirakı təmin olunmadığından o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, o iddiaçıdan 20.000 manat pulu almışdır. Həmin pullardan 2000 manatını qaytardıqdan sonra, o iddiaçı İddiaçı İsrəfil qızının 416973......**** nömrəli kartına 1200 manat pulu ## ###### 2024-cü il tarixində göndərmişdir. Həmin 1200 manat pul iddiaçı tərəfindən şəxsən alınmışdır. İddiaçı tələb etdiyi 5.000 manat pulu Samir adlı şəxsə göndərdiyi, ümumilikdə isə 3200 manat pulun geri qaytarıldığı halda, ondan 25.000 manat pulu tələb etməsi halına məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. İzahatlar Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin dəyişdirilməsini, iddianın qismən - 16800 manat həddində təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh tələb edilən pulun bir hissəsini iddiaçıya qaytarmışdır. Belə ki, 1200 manat iddiaçının kartına ## ###### 2024-cü ildə, 2000 manat isə digər vasitə ilə qaytarmışdır. Ümumilikdə 3200 manat qaytarmış, cavabdehin iddiaçıya 16800 manat borcu qalmışdır. Əlavə 5000 manatı iddiaçı Elnura yox, Elnurun vasitəsi ilə Samir adlı şəxsə vermişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, tələb etdiyi pulu sinif yoldaşı Cavabdeh 2024-cü ilin yanvar ayının 28də vermişdir. Elnur həmin vaxt ona maşın alveri etdiyini bildirmiş və ona 20000 manat pul verməyinin əvəzində, isə hər ay qazandan 700 manat verəcəyinə söz vermişdir. O, cavabdehə hazırda ipoteka ilə ev götürdüyünü, ödənişi etmək üçün ona hər ay 500 manat lazım olacağını bildirmişdir. Razılaşdılar. 2024-cü ilin may ayında əlavə cavabdeh ondan 15 günlük 7000 manat pul istəyib. O da bacısı müəllim işlədiyi üçün onun adına kredit götürüb Cavabdeh verdi. Bir ay keçdi. Elnurla əlaqə saxladı, lakin onun telefonuna zəng çatmadı və bir müddətdən sonra nömrəni əngələdi. Təxminən 3 ay ərzində 500 manat ödəmişdir. Bacısının kreditindən 1200 manat ödəmişdir. Sonradan ona məlum oldu ki, cavabdeh Zəminə adlı başqa bir sinif yoldaşından da 30000 manat pul alıb və onu da aldadıb. Əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh qətnamənin iddianın təmin olunmasına dair hissəsini mübahisələndirmişdir. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində- iddianın təmin olunmasına dair hissədə yoxlanılmışdır. İddiaçının bildirdiyinə görə, şifahi razılaşmaya uyğun olaraq (iddiaçının kredit borcunu ayda ödəmək məqsədilə, yaxud qazanc vermək məqsədilə), iddiaçı cavabdehə ##.##.2024-cü il tarixdə 20.000 manat vermiş, 2024-cü ilin may ayının 15-də əlavə olaraq cavabdehin kart hesabına 5000 manat məbləğində pul göndərmişdir. Ona aylıq pul vermədiyinə görə, cavabdehdən verdiyi pul geri tələb etdikdə cavabdeh pulu qaytarmamışır. Birinci instansiya məhkəməsi iddianı qismən 23000 manat hissədə təmin etmişdir. Cavabdeh iddiaçıdan özü üçün 20000 manat, dostu Samir üçün 5000 manat aldığını etiraf etmiş, iddiaçıya 3200 manat qaytardığını, 16800 manat borcunun qaldığını bildirmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının şikayəti əsasında polisdə araşdırma aparılmışdır. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İŞ-nin materiallarından görünür ki, ## ####### 2025-ci tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, *** nömrəli bağ evində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan İddiaçı İsrəfil qızı ##.##.2025-ci il tarixdə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək, ##.##.2024-cü il tarixdə Cavabdeh adlı tanışının bizneslə məşğul olacaqları və bununla da gəlir əldə edəcəklərinə dair yalan vəd verərək 20000 manat pulunun ələ keçirilməsi ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Qərarda qeyd edilən Cavabdeh ##.##.2023-cü il tarixdə verdiyi izahatla müəyyən edilmişdir ki, İddiaçı İsrafil qızı onun sinif yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında onlar bir yas mərasimində görüşmüş və görüş zamanı Elnur Mətanətə maşın alveri ilə məşğul olduğunu bildirmiş, Mətanət 20000 manat qarşılığında nə qədər gəlir əldə edə biləcəyini soruşmuş, o isə hər ay 500-700 manat civarında qazanc əldə edə biləcəyini demişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində onlar görüşüb bir kafedə bu işlə bağlı danışmışlar və Mətanət bankda 20000 manat pulu olduğunu və pulu çıxarıb ona verməsini və qarşılığında hər ay 500-700 manat arası ona pul verməyi təklif etmişdir. O bu təkliflə razılaşmış və səhəri gün həmin yerdə görüşmüşlər və Mətanət 20000 manat pulu ona vermişdir. O Mətanətin də tanıdığı, özünün isə dostu (şəriki) olan Şirinov Samir adlı şəxsə bu məbləği təqdim etmişdir. Samir də onun markasını bilmədiyi bir maşın almışdır. Fevral ayında Samir ona 500 manat pul vermiş, o da həmin pulu Mətanətə çatdırmışdır. Daha sonra Samir ona pul verməmişdir. O, öz qazancından Mətanətə 3 ay ardıcıl olaraq hər ay 500 manat olmaqla, ümumilikdə 1500 manat pul vermişdir. Samir adlı şəxs bundan sonra ona heç bir ödəniş qaytarmamışdır. Aprel ayında Samir Mətanətdən üzərində 500-600 manat qazanc qaytarılmaq şərtilə əlavə 5000 manat almağı ondan istəmişdir. O zəng edib Mətanətdən bu məbləği istəmiş Mətanət də razılaşmış və onun kart hesabına 5000 manat göndərmişdir. O da həmin pulu Samirə vermişdir. Həmin gündən etibarən Samir ona heç bir ödəniş etməmiş və bu səbəbdən o da Mətanətin pullarını geri qaytara bilməmişdir. O özünün də zərərçəkən olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78-ci maddəsinə əsasən: 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus 25000 manat pulu əldə etməklə əsassız varlanmışdır. Kollegiya tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddləri təşkil edir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, həmçinin o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, əvvəl razılaşma olsa belə, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki halda, hüquqi əsas olmadan iddiaçının hesabına cavabdehin əmlak əldə etməsi iş üzrə materiallar və izahatlarla müəyyən edilir. Hər iki tərəfin izahatlarından bəlli olur ki, iddiaçı cavabdehə bizneslə məşğul olub gəlir əldə etmək məqsədilə 20000 manat, sonra əlavə olaraq 5000 manat pul məbləği vermiş, cavabdehdə iddiaçıya hər ay 500 manat gəlir verəcəyini bildirmiş, lakin cavabdeh iddiaçıya vəd etdiyi gəliri vermədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, 20.000 manatı özü üçün, qalan 5.000 manatı isə dostu Samir üçün almışdır. 5000 manatın Samir adlı şəxsə verdiyini iddiaçı etiraf etməmişdir. Faktiki olaraq mübahisəli 5000 manatın cavabdehin kartına köçürüldüyü hər iki tərəfin izahatlarından, o cümlədən polisdəki izahatlardan müəyyən edilir. Ona görə də tələb edilən 5000 manatın cavabdehə aid olmaması barədə cavabdehin etirazını Kollegiya qəbul etmir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya cəmi 3200 manat qaytardığını bildirmiş, bununla bağlı yazılı sübut qismində qaytarılan pul məbləğinin bir hissəsinin 1200 manat hissəsinin iddiaçının kart hesabına köçürməsinə dair qəbzi apellyasiya şikayətinə əlavə etmişdir. Kollegiya cavabdehin təqdim etdiyi qəbzi sübut olaraq qəbul etmir. Belə ki, cavabdehin imkanı olduğu halda həmin sübutu birinci instansiya məhkəməsində deyil, apellyasiya baxışında təqdim etmişdir. Halbuki, Qanunun tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM maddə 372.2). İddiaçı tərəf cavabdehin ona cəmi 3200 manat qaytardığını etiraf etməmişdir. İddiaçı 3 ay ərzində ona 500 manat ödənildiyini, cavabdehin bacısının kreditindən 1200 manat ödənildiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya cəmi 3200 manat pulun qaytarıldığını sübuta yetirmək (sübutetmə yükü) cavabdehin üzərindədir, cavabdeh isə bunu sübuta yetirə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, məhkəmə prosesində onun iştirakı təmin olunmadığından o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya cavabdehin bu dəlilini də qəbul etmir. Belə ki, iş materialarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə bildirişləri elektron qaydada göndərilmişdir. Bu barədə müvafiq sübut iş materiallarında vardır. Bunlardan başqa, cavabdehin adına olan kağız formada bildirişin qəbul edilməsi barədə imzalanmış qəbzlər də iş materiallarına əlavə edilmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir; apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar