Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-340/2026 14.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, Isazadə Salman Raqif oğlunun katibliyi ilə, X2 Cavabdeh Nazim oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh Nazim oğlu izahatında bildirmişdir ki, təxminən bir il bundan əvvəl Beyləqan rayon sakini olan X2 zəng etmiş və ona pula ehtiyacı olduğunu bildirmişdir. Məxmər də onu evinə dəvət etmiş və pulu verəcəyini bildirmişdir. Məxmər də, ona 1400 manat borca pul verəcəyini və ona hər ay 140 manat pul verməsini ona bildirmişdir. O da Məxmərlə razılaşmış və ondan 1400 manat pulu əlbəəl almışdır. Bundan sonra o, 8 ay ona hər ay 140 manat olmaqla 1120 manat və 4 dəfə də ayda 50 manat olmaqla 200 manat da vermişdir. Sonralar onun maddi imkanı zəif olduğundan o, artıq ona pul verə bilməmişdir. IDDIA TƏLƏBI VƏ ONUN ƏSASLANDIRILMASI: X2 Cavabdeh Nazim oğlundan 1400 manat və dövlət rüsumu kimi ödədiyi 34 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh Nazim oğlu ilə qonşudur. Murad ilə münasibətləri əvvəllər normal olmuşdur. 2023-cü ilin sonlarında Cavabdeh Nazim oğlu ona pula ehtiyacı olduğunu bildirmiş və borc olaraq 1400 manat pul almışdır. Cavabdeh həmin pulu yaxın vaxtda qaytaracağına söz vermişdir. Cavabdeh Nazim oğlu həmin pulu qaytaracağına vəd versə də, pulu geri qaytarmamışdır. Bundan sonra o, Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Cavabdeh Nazim oğlu izahatında ondan pul aldığını etiraf etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Səbuhi Səfərov) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında iştirak etmiş iddiaçı cavabdehə borc kimi vermiş olduğu 1400 manat məbləğində pulun qaytarılmadığını qeyd etsə də, bu faktı təsdiq edə bilən mötəbər və təkzibolunmaz dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, X2 iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. APELLYASIYA ŞIKAYƏTI VƏ DƏLILLƏR: X2 nümayəndəsi vəkil Quliyev Vəkil Yelmar oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh Nazim oğlu tərəfindən alınmış 1400 manat pulun qaytarılması barədə məhkəməyə hər hansı bir sübutun təqdim edilməməsinə məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Cavabdeh pulu ondan maşın almaq üçün almışdır. Nəticədə özünə maşın almış və “Bakı-Beyləqan” marşrurtu üzrə taksi fəaliyyəti ilə məşğuldur. Cavabdeh Nazim oğluna vermiş olduğu 1400 manat pulun alınması üçün cavabdehin ata evinə dəfələrlə getmişdir. Pulunun tələb edilməsini cavabdehin atası, anası və arvadı da bilir. Hətta cavabdehin atası onlardan xəbərsiz pulu niyə verdiyini bildirsə də, polis şöbəsinə şikayət etdiyi vaxt ona hər ayın 15-də pensiya alınması zamanı hər ay 200 manat olmaq şərti ilə ödəcəyini vəd etsə, sonra pulunu verməkdən imtina etmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.1400 manat pulun iddiaçı tərəfindən verildiyinin və Cavabdeh Nazim oğlu tərəfindən alındığının etiraf edilməsinə baxmayaraq, iddiaçının 1400 manat pulun qaytarılmadığını bildirməsi, cavabdehin isə 12 ay ərzində 1400 manat pulu yox, özünün dediyinə görə guya 1320 manat pulu qaytarması kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin maddənin tələbinə görə məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olubolmamasını sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən dəlil isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 1400 manat pulun Cavabdeh Nazim oğlu tərəfindən qaytarılması faktı barədə işin materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Iddiaçının tələb etdiyi 1400 manat pulun qaytarılmadığından Beyləqan rayon polis şöbəsinə şikayət etməsi və məhkəmədə iddia qaldırması, Cavabdeh Nazim oğlunun isə 8 ay ərzində 140 manat olmaqla borcunu qaytarması, bir neçə ayda isə 50 manat pul verməklə borcunun tam ödənilməsini bildirməsi, cavabdehin maddi imkanının olmamasına görə iddiaçıya artıq pul verə bilməməsi kimi hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, X2 isə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən işdə olan Cinayət işinin rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarda Cavabdeh Nazim oğlunun izahatında əksini tapmış hallar hərtərəfli araşdırılmamış və lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, adıçəkilən araşdırma zamanı Cavabdeh Nazim oğlu X2 1400 manat məbləğdə borc pul aldığını təsdiq etmişdir. Buna baxmayaraq, Cavabdeh Nazim oğlu hazırkı vaxtadək X2 olan həmin borcunun qaytarılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ancaq birinci instansiya məhkəməsi sübutetmə yükünü tərəflərə aid edərkən onların vəzifəsini düzgün bölüşdürməmişdir. Beləliklə, məhkəmə tərkibi iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Cavabdeh Nazim oğlundan X2 xeyrinə 1400 manat məbləğində borcun tutulması əsaslıdır. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə tərkibi iş üzrə sübutlara, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilərək Cavabdeh Nazim oğlundan 1400 manat məbləğdə pul vəsaiti tutularaq X2 ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34 (otuz dörd) manat və apellyasiya şikayətinin verilməsi zamanı ödənilmiş 17 (on yeddi) manat, ümumi olaraq 51 (əlli bir) manat məbləğdə pul vəsaiti Cavabdeh Nazim oğlundan alınaraq X2 verilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia təmin edilsin. Cavabdeh Nazim oğlundan 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilsin. Iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34 (otuz dörd) manat və apellyasiya şikayətinin verilməsi zamanı ödənilmiş 17 (on yeddi) manat, ümumi olaraq 51 (əlli bir) manat məbləğdə pul vəsaiti Cavabdeh Nazim oğlundan alınaraq X2 verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-340/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-340/2026
14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver