Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-345/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh (MMC) nümayəndəsi vəkil2 iştirakı ilə, Cabbarzadə İxtiyar Təyyar oğlunun Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2025-ci il tarixli Malın satılması və alınan malın pulun ödənilməsi barədə qəbzlərdən görünür ki, Cavabdeh MMC-nin “Şassi” Mərkəz BMW filialından 380 manat dəyərində yağ nasosu, 2 ədəd salnikdən ibarət ehtiyat hissələri alıcıya 400 manata satılmış, 400 manat pul alıcı tərəfindən ödənilmiş, satış qəbzində alıcının adı hissəsində “İsmayıl usta” qeyd edilmişdir. “xxxx” MMC-nin ## ##### 2025-ci il tarixli ****** nömrəli mədaxil qəbzindən görünür ki, “Hyundai Elantra” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin daşınması üçün 90 manat ödəniş edilmişdir. ## ##### 2025 ci il tarixli qüsur aktından görünür ki, Cabbarzadə İxtiyar Təyyar oğluna məxsus “Hyundai Elantra” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil mühərrikin yağ nasosunda baş vermiş nasazlıq səbəbindən onun avtomobil təmiri ilə məşğul olduğu servisə gətirilmişdir. Avtomobilə servis kartı əsasında texniki baxış keçirilmiş və ustanın zəhmət haqqı 700 manat olmaqla, ehtiyat hissələrinin (kolsa standart 120 manat, şatun kladiş standart 72 manat, karinoy kladiş standart 60 manat, val standart 800 manat, yağ nasosu (orjinal) 300 manat, prakladka dəst 280 manat, germetika 10 manat, mühərrik yağı filtri 70 manat, antifiriz 24 manat, yağ datçiki 25 manat, valın ayparası 15 manat) dəyişdirilməsinin vacib olması qeyd edilmişdir. Xidmət haqqı 700 manat, ehtiyat hissələri 1776 manat, cəmi 2476 manat. Mobil tətbiq vasitəsilə ödənilmiş *********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə “İsmayıl Ç...” adlı səxsin bank kartına 200 manat pul göndərilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli QXM/***M saylı qiymətləndirmə hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya satılmış malın (yağ nasosu və ona bağlı ehtiyat hissələri) qüsurları nəticəsində “X1” markalı ** EP *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 700 manat xidmət haqqı, 1776 manat ehtiyat hissələrinin qiyməti olmaqla, cəmi 2476 manat müəyyən edilmişdir. Qiymətləndirmənin keçirilməsi ilə bağlı xidmət haqqı 354 manat təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: Cabbarzadə İxtiyar Təyyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən iddiaçıya satılmış malın (yağ nasosu və ona bağlı ehtiyat hissələri) qüsurları nəticəsində iddiaçıya dəymiş ümumilikdə 2766 manat zərərin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 48 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cabbarzadə İxtiyar Təyyar oğlu ## ##### 2025ci il tarixdə “Şassi” avtomobil ehtiyat hissələri mağazasından (hüquqi adı: Cavabdeh MMC) özünə məxsus “X1” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün yağ nasosu almışdır. ## ##### 2025-ci il tarixində həmin yağ nasosu avtomobilə quraşdırılmış, maşın servisdən təhvil alındıqdan sonra cəmi 15-20 dəqiqə hərəkətdə olarkən mühərrik qızdırmış, avtomobil iddiaçı tərəfindən dayandırılaraq mühərrik söndürülmüş və bundan bilavasitə sonra maşını (mühərriki) işə salmaq mümkün olmamışdır. İddiaçı tərəfindən evakuator çağırılaraq avtomobil avtoservisə aparılmış və orada texniki baxış keçirilərkən müəyyən olunmuşdur ki, yağ nasosunun qüsurlu olması səbəbindən mühərrikə yağ getməmiş və nəticədə nəqliyyat vasitəsinin mühərriki sazlığı tamamilə pozulmuşdur. Belə ki, nəqliyyat vasitəsinin işlək vəziyyətə gətirilməsi üçün ustanın zəhmət haqqı 700 manat, ehtiyat hissələrinin (kolsa standart 120 manat, şatun kladiş standart 72 manat, karinnoy kladiş standart 60 manat, val standart 800 manat, yağ nasosu (orjinal) 300 manat, prakladka dəst 280 manat, germetika 10 manat, mühərrik yağı filtri 70 manat, antifiriz 24 manat, yağ datçiki 25 manat, valın ayparası 15 manat) dəyişdirilməsi vacibdir. “Şassi” avtomobil ehtiyat hissələri mağazasından alınan yağ nasosundakı qüsur nəticəsində yaranmış problemin həll edilməsi üçün iddiaçıya 2476 manat maddi ziyan dəymişdir. Həmçinin qüsurlu yağ nasosunun avtomobilə quraşdırılması üçün usta zəhmət haqqı 200 manat, nasaz vəziyyətdə olan avtomobilin ustaya aparılması üçün evakuator xidmətinə isə 90 manat pul iddiaçı tərəfindən ödənmişdir. Göründüyü kimi cavabdeh tərəfindən satılmış malın qüsurları nəticəsində iddiaçıya ümumilikdə 2766 manat zərər dəymişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş 48 manat dövlət rüsumunun Cabbarzadə İxtiyar Təyyar oğluna aid edilməsi, qiymətləndirmənin dəyəri olan 354 manat pul məbləğinin Cabbarzadə İxtiyar Təyyar oğlundan tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış münasibətlər alğı-satqı münasibətləri olmuşdur. Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı bir qüsurlu mal satılmamışdır. Yaxud satılmış yağ nasosunda və digər ehtiyat hissələrində hər hansı bir qüsur olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən alıcı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etmişsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Cabbarzadə İxtiyar Təyyar oğlu özünə məxsus həmin nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə əlaqədar yaranmış münasibətlər nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsini tələb etmişdir. İddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, Cabbarzadə İxtiyar Təyyar oğlu öz nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi üçün Bakı şəhəri Mikayıl Əliyev küçəsində yerləşən Kazımov Elvin adlı şəxsin işlədiyi servisə aparmış və Kazımov Elvin tərəfindən akt tərtib olunmuşdur. Bakı şəhəri Mikayıl Əliyev küçəsində yerləşən servisdə işləyən Kazımov Elvin adlı şəxs tərəfindən nəqliyyat vasitəsinə xidmət göstərən şəxslər tərəfindən Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında” Əsasnamənin tələblərinə əməl edilməmişdir. Mülki iş materiallarına qeyd edilən avtomobilə texniki xidmət göstərilməsinə dair sənədlər əlavə edilməmişdir. Əgər nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsinə dair sənədlər əlavə olunmuş olsaydı texniki xidmət göstərmiş işçilərin təlimata uyğun peşəkarlıq səviyyəsi müəyyən edilərdi. Məhkəmə hesab edir ki, tətbiq olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1-ci, 567-ci, 1129.2-ci, Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında” Əsasnaməsinin 1-ci, 1.2-1.5-ci, 2.2-ci, 2.16.1-2.16.4-cü, 4.10- 4.16-cı maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cabbarzadə İxtiyar Təyyar oğlu oğlu qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş məktubdan aydın olur ki, ekspertiza keçirilməsindən imtina edilmişdir. İşin hərtərəfli, obyektiv və ədalətli araşdırılması, həmçinin həlli üçün Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara cavab verilməsi zəruridir. Ekspert qarşısında qoyulmuş suallara cavab verilməsi üçün bu işə mütəxəssis cəlb olunması barədə məhkəməyə vəsatət təqdim etsə də, məhkəmə tərəfindən onların özləri tərəfindən nəqliyyat vasitəsini təmir etmiş ustanı mütəxəssis qismində məhkəməyə gətirilməsi bildirilmişdir. Gələn məhkəmə iclasında həmin usta məhkəməyə gəlsə də, cavabdehin vəkil və nümayəndəsi tərəfindən həmin mütəxəssisə etiraz edilmiş və bildirilmişdir ki, “Hyundai” avtomobillərinin Azərbaycan Respublikasında rəsmi distribütoru həm satış, həm də servis xidməti göstərən “xxxx” şirkəti tərəfindən mütəxəssis cəlb edilməlidir. “xxxx” MMC-yə mütəxəssis rəyinin təqdim edilməsinin həvalə edilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə vəsatət versələr də, məhkəmə vəsatətə qiymət verməyərək iddiaçının hüquqlarını pozmuşdur. Hal-hazırkı durumda ekspert rəyi verilmədiyi üçün işin hərtərəfli, obyektiv və ədalətli araşdırılması, həmçinin həlli üçün mütəxəssis rəyinin alınması zəruridir. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh MMC-nin nümayəndəsi vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh MMC-dən alınmış ehtiyat hissələri Cabbarzadə İxtiyar tərəfindən deyil, təqdim edilmiş qaimədə alıcı kimi göstərilən "İsmayıl usta" adına alınmışdır. Qeyd olunan şəxsi servis və mağaza əməkdaşları tanınmır. Həmçinin İsmayıl ustanın peşə ixtisası, ustalıq dərəcəsi və bu sahədə fəaliyyət göstərməsini təsdiq edən hər hansı sənəd iş materiallarına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmış, ekspertiza keçirilmiş, təqdim edilmiş sənədlər tədqiq edilmiş və işin düzgün həlli üçün zəruri olan bütün prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə də məhz həmin sübutların məcmusuna hüquqi qiymət verərək qətnamə qəbul etmişdir. Mülki Məcəlləsinin 1129.2-ci maddəsinə əsasən işin görülməsi və ya xidmətin göstərilməsi zamanı yol verilmiş qüsurlar nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs ödəməlidir. Hazırkı halda avtomobil ixtisaslı mütəxəssisə təqdim edilsə və avtomobil üçün uyğun ehtiyat hissəsi sifariş edilərək quraşdırılsaydı, belə bir zərər və mübahisə yaranmazdı. Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi Qaydaları"nın 4.4-cü bəndinə əsasən texniki təmir müəssisəsi ilə sifarişçi arasında yaranan münasibətlər həmin Qaydalarla tənzimlənir və göstərilən xidmətin nəticələrinə görə məsuliyyəti xidməti icra edən şəxs daşıyır. Lakin iş materiallarında “İsmayıl usta” kimi göstərilən şəxsin harada fəaliyyət göstərdiyi, hansı müəssisədə işlədiyi, hansı ixtisasa malik olduğu və peşə hazırlığını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bundan başqa, Cabbarzadə İxtiyar, ehtiyat hissəsinin seçilməsi və dəyişdirilməsi işlərini həyata keçirmiş “İsmayıl usta” adlandırılan şəxsi də iş üzrə cavabdeh qismində cəlb etməli idi. Çünki iddia edilən zərərin yaranmasına səbəb kimi məhz avtomobilə uyğun olmayan ehtiyat hissəsinin quraşdırılması göstərilmişdir. Eyni zamanda, iş materiallarında təqdim edilmiş qüsur aktını tərtib edən şəxsin VÖEN-i belə yoxdur, onun bu sahədə ixtisasını və səlahiyyətini təsdiq edən hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin sənədin sübut kimi mötəbərliyi və hüquqi qüvvəsi əsaslı şübhələr doğurur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cabbarzadə İxtiyar Təyyar oğlu qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştiraklı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-cii bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə”nin 1.1-1.5-ci bəndlərinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir. İstehlakçı - nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini sifariş verən fiziki və yaxud hüquqi şəxsdir. İcraçı -mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq nəqliyyat vasitələrinin texniki xidməti üzrə fəaliyyət göstərən hüquqi şəxs, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. texniki xidmət - nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlığına yönəldilmiş kompleks tədbirlərdir.Ttexniki xidmət - göstərilmiş texniki xidmətin təyin edilmiş müddət ərzində təhlükəsiz nəticələrinə və çatışmazlıqların ödənişsiz aradan qaldırılmasına təminat verən icraçının maddi və hüquqi məsuliyyətini nəzərdə tutur. Əsasnamənin 2.3-cü bəndinə əsasən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texnikitəmir sahələrinin və işçilərinin peşəkarlıq yararlılığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır. Əsasnamənin 2.13-cü, 2.14-cü bəndlərinə görə göstərilən texniki xidmətlər haqqında müqavilənin bağlanmasını təsdiq edən sənədlər itdikdə, istehlakçı bu haqda icraçıya xəbər verməlidir. Bu halda nəqliyyat vasitəsi istehlakçıya onun ərizəsinə əsasən pasport və ya onun şəxsiyyətini təsdiq edən başqa sənəd təqdim edildikdə verilir. Nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi ehtiyat hissələri və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifikatlaşma haqqında sənəd olmalıdır. Əsasnamənin 3.10-3.11-ci bəndlərinə əsasən texniki xidmətlərin göstərilməsi üçün ehtiyat hissələri və materialları verən icraçı onların keyfiyyətinə təminat verməlidir. İstehlakçıdan qəbul edilən nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) itdikdə, korlandıqda, zədələndikdə icraçı istehlakçıya 1 aydan gec olmayaraq uyğun keyfiyyətli nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) və ya itirilmiş (zədələnmiş) nəqliyyat vasitəsinin (ehtiyat hissələrinin, materialların) dəyərini və dəymiş ziyanı ödəməlidir. Göstərilmiş texniki xidmətlərdə çatışmazlıqlar və ya onların səbəbləri barəsində istehlakçı ilə icraçı arasında fikir ayrılığı olduqda və ya mübahisə yarandıqda icraçının və yaxud istehlakçının təşəbbüsü ilə nəqliyyat vasitəsi ekspertizaya təqdim edilə bilər. Ekspertiza xərcləri müqavilə şərtlərinin icraçı tərəfindən pozulduğu müəyyən edildikdə icraçı tərəfindən, müqavilə şərtlərinin pozulmadığı müəyyən edildiyi halda isə istehlakçı tərəfindən ödənilməlidir. Əsasnamənin 5.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında müqavilənin öhdəliklərinin icra edilməsi və yaxud lazımi səviyyədə yerinə yetirilməməsi üçün icraçı qanunvericiliyə və müqavilə şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır. Əsasnamənin 5.2-ci bəndinə əsasən görülmüş işlərin qəbulu zamanı və ya nəqliyyat vasitəsinin istifadə edilməsi zamanı çatışmazlıqlar aşkar edildikdə, istehlakçının öz mülahizəsi ilə icraçıdan aşağıdakıları tələb etməyə hüququ vardır: çatışmazlıqların ödənişsiz aradan qaldırılmasını; iş üçün təyin edilmiş qiymətin müvafiq şəkildə azaldılmasını; işlərin yenidən ödənişsiz yerinə yetirilməsini, çatışmazlıqların aradan qaldırılması zamanı çəkilən xərclərin icraçının hesabına (tənasübsüz xərclər tələb edildiyi hallar istisna olmaqla) ödənilməsini. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, Cabbarzadə İxtiyar Təyyar oğlu tərəfindən irəli sürülmüş iddia tələbinin təmin edilməsi üçün ilk növbədə iddia edilən zərərin məhz Cavabdeh MMC-dən alınmış yağ nasosunun qüsurlu olması nəticəsində yarandığı, həmin qüsurun mövcudluğu, eləcə də qüsurla dəymiş zərər arasında birbaşa səbəbli əlaqənin olması iş üzrə mötəbər, yol verilən və kifayət edən sübutlarla təsdiq edilməli idi. Çünki mülki mühakimə icraatında hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur və iddia tələbinin təmin edilməsi yalnız ehtimallara deyil, məhz məhkəmədə araşdırılmış və qiymətləndirilmiş sübutların məcmusuna əsaslana bilər. Bu məqsədlə məhkəmə tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün iddiaçıya bütün zəruri prosessual imkanlar yaradılmışdır. Belə ki, iddiaçı dəfələrlə məhkəmə iclaslarına çağırılmış, ona əlavə sübutların təqdim edilməsi, iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı izahat verilməsi, zərurət yarandığı halda ekspertiza təyin olunması barədə vəsatət verməsi və bu barədə mövqeyini bildirməsi, eləcə də digər prosessual hüquqlarından istifadə etməsi üçün kifayət qədər imkan verilmişdir. Məhkəmə üzərinə düşən prosessual vəzifələri yerinə yetirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin təmin olunması istiqamətində bütün zəruri tədbirləri görmüşdür. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəmə tərəfindən yaradılmış həmin prosessual imkanlardan lazımi qaydada istifadə etməmiş, birinci instansiya məhkəməsinin iclaslarında, eləcə də apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəblərini təsdiq edən hər hansı əsaslı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər və yolverilən sübutları məhkəməyə təqdim etməmiş, avtomobilinə məhz cavabdehdən alınmış nağ nasosunun quraşdırılmasını, yağ nasosunda istehsal və ya digər texniki qüsurun mövcudluğunu, qüsurun mühərrikdə yaranmış nasazlığın səbəbi olmasını, eləcə də dəymiş zərərlə həmin qüsur arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu təsdiq edən heç bir mütəxəssis rəyi, texniki araşdırma materialı və ya digər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, yalnız iddiaçının subyektiv mülahizələri və ehtimalları iddia tələbinin təmin edilməsi üçün kifayət hesab oluna bilməz. Bundan əlavə, məhkəmə tərkibi nəzərə alır ki, prosessual qənaət prinsipi məhkəmə araşdırmasının əsassız surətdə uzadılmasının qarşısının alınmasını, işə ağlabatan müddətdə baxılmasını və prosessual vasitələrdən səmərəli istifadə edilməsini tələb edir. Bu prinsip məhkəmənin tərəflər əvəzinə sübut toplamasını və ya onların prosessual passivliyini kompensasiya etməsini nəzərdə tutmur. Əksinə, məhkəmə yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində tərəflərə öz mövqelərini əsaslandırmaq üçün bərabər imkan yaradır. Tərəfin öz prosessual hüquqlarından istifadə etməməsi, məhkəmə iclaslarında iştirak etməməsi və sübutetmə vəzifəsini yerinə yetirməməsi işə baxılmasının əsassız olaraq uzadılması üçün əsas ola bilməz. Belə olan halda, prosessual qənaət prinsipinin tələbləri baxımından məhkəmə işdə mövcud olan sübutlar əsasında mübahisəyə hüquqi qiymət verməli və qərar qəbul etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən iddia olunan zərərin cavabdehdən alınmış yağ nasosunun qüsurlu olması nəticəsində baş verdiyini və həmin qüsurla dəymiş zərər arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər, yol verilən və inandırıcı sübutlar təqdim edilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə təqdim edilmiş sübutlar Cabbarzadə İxtiyar Təyyar oğluna dəymiş zərərin məhz Cavabdeh MMC tərəfindən satılmış yağ nasosunun qüsurundan irəli gəldiyini və həmin qüsurla yaranmış zərər arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu etibarlı şəkildə təsdiq etmir. Belə olan halda, sübutetmə yükünü daşıyan iddiaçı tərəfindən bu halların qanunvericiliyin tələblərinə uyğun qaydada sübuta yetirilmədiyi nəzərə alınaraq, iddia tələbi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-345/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-345/2026
07.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver