Məhkəmə qərarları › İş №2(3-9)-378/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-378/2026

27.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-378/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh vurulmuş zərərin 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ### 2025-ci il tarixində saat 18:00-da ona məxsus olan bir baş iri buynuzlu heyvanı yaşadığı kənd ərazisindən keçən yolda öz həyətinə keçən zaman cavabdeh Cavabdeh idarə etdiyi Rusiya Federasiyasına aid qeydiyyat nömrəli “VAZ-2106” markalı avtomobillə yüksək sürətlə gələrək bir baş iri buynuzlu heyvanını vurub hadisə yerindən uzaqlaşmışdır. O, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, icra nümayəndəliyinin əməkdaşlarının, baytar həkimin iştirakı ilə akt tərtib olunmuşdur. Baytar həkimin rəyinə əsasən hadisə nəticəsində heyvan baş nahiyəsinin sol hissəsindən ağır dərəcəli xəsarətlər almışdır. ## ### 2025-ci il tarixində heyvan aldığı xəsarətlərdən tələf olmuşdu. Ona məxsus heyvan cins heyvan idi və təxminən diri çəkisi 500 kq olmaqla bazar dəyəri 3000 manat idi. Cəlilabad Rayon Polis X1 Polis Bölməsi tərəfindən cavabdehə yol nəqliyyat hadisəsi törədib hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə protokol tərtib olunmaqla 100 manat cərimə edilmişdir. Cavabdeh Cavabdeh dəfələrlə dəymiş ziyanı ödəməsi tələb olunsa da, cavabdeh dəymiş ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı bildirmişdir ki, ##.##.2025-ci il tarixində ona məxsus olan bir baş iribuynuzlu heyvan öz həyətinə keçən zaman “VAZ-2106” markalı avtomobil yüksək sürətlə gələrək heyvanı vurub hadisə yerindən qaçmışdır. ##.##.2025-ci il tarixində heyvan gecə saatlarında ölmüşdür. Sürücünü üç gün sonra taparkən demişdir ki, “heyvanı vurmuşam, yaxşı eləmişəm, get əlindən gələni et”. Cavabdehə dəfələrlə müraciət olunsa da, vurduğu maddi zərəri ödəməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, kəndin ərazisində otlaq sahəsində bir neçə mal qara nəzarətsiz halda dayanmışdır. Həmin iri buynuzlu mal qaradan biri qəflətən yola qaçmışdır. Avtomobilin sürəti aşağı olduğuna görə həmin heyvana vurmamışdan öncə əyləcdən istifadə etmiş, sola manevr etsə də hadisə qaçılmaz olmuş və iribuynuzlu heyvan idarə etdiyi avtomobilin qabaq şüşəsinin sağ hissəsinə dəyərək xəsarət almışdır. O, hadisə zamanı avtomobildən enmiş, heyvanın sahibini axtarmış, kəndlilərdən heyvanın sahibini soruşmuş, bir müddət keçdikdən sonra sahibini tapmadığına görə hadisə yerindən uzaqlaşmışdır. Hadisə iddiaçı tərəfindən heyvan nəzarətsiz qaldığına görə baş vermişdir. Sizdən iddianın təmin olunmamasını xahiş edirəm. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Ləman Mehrəliyeva), iddianın təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 3000 (üç min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, qiymətləndirmə rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat məbləğində xidmət haqqının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək, iddianın qismən təmin edilməsi barədə, yəni ziyanın 1500 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tərəflərin izahatı və iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləği ilə razı olmadığını, qətnamənin dəyişdirilərək, iddia tələbinin 1500 manat həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı qərarın surətlərindən görünür ki, Cavabdeh AR İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsinin tələblərini pozmuş və nəticədə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Heyvan Sağlamlığı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, bir baş iribuynuzlu heyvanın sol boyun nahiyəsində və çənəsində dərin yaralar və çənə sümüyündə sınıq aşkarlanmışdır. Bununla yanaşı, heyvanın burun nahiyəsindən qan axıntısı gəlirdi, heyvan praktik cəhətdən kəskin zədə almışdır. İş materiallarında olan mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, diri çəkisi təxminən 500 kq olan doğmamış, üç yaşında səkkiz aylıq boğaz Cins dügənin orta bazar qiyməti 3000 manat dəyərində qiymətləndirilir. “xxxx” MMC-nin UNİ/S **-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, boz-ala dönmə və ya Simental cinsli bir dügənin (dişi mal) 3 yaş 8 aylıq yaşda 500 kq çəkiyə sahib olması tamamilə realdır və bioloji cəhətdən uyğundur. Simental cinsi (Boz-ala tipli) iri cüssəli yaxşı ət-verimi olan bir heyvandır. Dişi heyvanların (dügələrin) canlı çəkisi: 2 yaşında: 400-500 kq arası, 3 yaşında: 500-650 kq arası (yemləmə və genetikaya görə dəyişir), Yetkin inək kimi (4 yaşdan sonra): 550-750+ kq olur. Kəndlərdə və ya regional heyvan bazarlarında, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarında 3 yaşlı Simental cinsli dügələrin çəkiləri 500 kq və daha artıq çəkidə satışa təqdim edilir. Göstərilən amilləri nəzərə alsaq 3 yaş 8 aylıq bir dügənin 500 kq çəkiyə çatması orta səviyyəli nəticədir. Əgər baxım, yemləmə və genetik potensial yaxşıdırsa, çəki daha artıq ola bilər. Cari ilin avqust sentyabr aylarında alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarında 3 yaşlı boğaz Simental cinsli heyvanlar 3500,0- 4500,0 manat aralığında satışa təqdim edilir. Diri çəkisi təxminən 500 kq olan doğmamış, üç yaşında səkkiz aylıq boğaz boz-ala dönmə dügənin 2025-ci il tarixə (aprel-may aylarına) orta bazar dəyəri 3500-3800 manat aralığında müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “VAZ-2106” markalı, B 349-YC-36 rus qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus iribuynuzlu heyvanı vurmuşdur, nəticədə iddiaçı İddiaçı məxsus diri çəkisi təxminən 500 kq doğmamış üç yaşında səkkiz aylıq boğaz Dügə cinsli iribuynuzlu heyvan tələf olmuşdur. Cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır. Bu hal iş materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-nin DYPB-nin ##.##.2025-ci il tarixli inzibati xəta haqqında İXP ******* №-li protokolu və ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə 100 manat məbləğində cərimələnmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərin, yəni 3000 manatın cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, dəymiş zərərin məbləği ilə razı deyil. Hesab edir ki, zərərin məbləği 1500 manat həddində müəyyən edilməlidir. İş materiallarında olan “xxxx” MMC-nin UNİ/S 09- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, diri çəkisi təxminən 500 kq olan doğmamış, üç yaşında səkkiz aylıq boğaz boz-ala dönmə dügənin 2025-ci il tarixə (aprel-may aylarına) orta bazar dəyəri 3500- 3800 manat aralığında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qiymətləndirmə rəyi ilə müəyyən edilən məbləği və iddia tələbinin həcmini nəzərə alaraq 3000 manat dəymiş zərərin əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir, müəyyən edilmiş zərərin məbləğini qanuni və ədalətli hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iddia tələbi qiymətləndirilən iddiadır və iddianın qiyməti 3000 manat, yəni beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar