Məhkəmə qərarları › İş №2(3-9)-381/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-381/2026

30.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-381/2026 30.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə İdris oğlunun iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin (İB) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş # ######## 2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ## ### 2025ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacında olan qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç pozuntu aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## #### 2025-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirildiyi vaxt “sayğacın çıxış plastamas borusu fiziki təsir nəticəsində deşilib, yivli birləşmələrin deformasiyaya uğraması” müəyyən edilmişdir. ## #### 2025-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ## #### 2025-ci il tarixli G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmişdir. “Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib, yivli birləşmələrin deformasiyaya uğraması” müəyyən edilmişdir. 23320********** kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 1260.80 (min iki yüz altmış manat səksən qəpik) manat təşkil edir. EN-nin EMTA-nin Lənkəran filialının ## ###### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı yaşadığı Biləsuvar şəhəri M.İbrahimov küçəsindəki fərdi yaşayış evində qaz sayğacına müdaxilə etməklə qazın talanması nəticəsində 1260,8 manat məbləğində ziyan vurmuş, və o, İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1260,80 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında özünə məxsus mənzildə yaşayır. Evinə qanuna müvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2025-ci ilin may ayında qaz idarəsinin əməkdaşları gəlib qaz sayğacını dəyişdirmişlər. Bununla bağlı ******* saylı Akt tərtib etmişlər. Ona bildirmişlər ki, köhnə qaz sayğacını aparıb baxmışlar və müəyyən etmişlər ki, qaz sayğacının çıxış plastmas borusu deşilmişdir. Bu da qaz itkisi və müdaxilə hesab olunur və buna görə də, onu 1260,80 cərimə etmişlər. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Mədinə Rəsulova) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən abonent kodu 233208500004200 olan İddiaçı adına ## #### 2025-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1260,80 manat hesablanmış borcun silinməsi, Cavabdeh İB-dən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, ## #### 2025-ci il tarixdə qaz sayğacına ümumi baxış keçirildiyi vaxt “sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib, yivli birləşmələrin deformasiyaya uğraması” müəyyən edilmiş və akt tərtib edilərək abunəçiyə qaz itkisi ilə bağlı cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. İddiaçının sahibliyində olan evə aid sayğacda olan qüsura görə İddiaçı məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda, İddiaçı sayğacın yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz İddiaçı hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycana Respublikasının Qanununun 8-1-ci, 9-cu, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 5.4-cü maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” İB Lənkəran RQİİ-nin Biləsuvar xidmət sahəsinin əməkdaşları Biləsuvar şəhəri M.İbrahimov küçəsi ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açmışlar. Sayğac qaz xətti üzərindən açıldıqdan sonra sayğaca baxış keçirilmiş baxış zamanı sayğacın çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir. Bununla bağlı ##.##.2025-ci tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış “Elster-G4” markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş ##.##.2025-ci il tarixli 0971/2025/01 protokola əsasən sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib yivli birləşmə deformasiyaya uğrayıb rəyi verilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair ##.##.2025-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Lənkəran RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən abonent İddiaçı 23320********** nömrəli abonent koduna 4536 m – 1260,80 məbləğdə itirilmiş qazın dəyəri hesablanaraq daxil edilmişdir. Sayğaca müdaxilə etməsinə görə cavabdeh barəsində X2 Agentliyi Lənkəran filialı tərəfindən ##.##.2025-ci il tarixli MN******* nömrəli qərarı ilə inzibati xəta haqqında protokol tərtib edilmiş 100 manat məbləğdə cərimə hesablanmışdır. Bu da öz növbəsində İddiaçı sayğaca müdaxilə etməsi halını təsdiq edir. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi Nümayəndə İdris oğlu məhkəmə iclasında apellyasiya şikayətini qəbu etməyərək izahatında bildirdi ki, inzibati tənbeh vermə haqqında qərardan hazırkı vaxta qədər məhkəməyə şikayət verilməmiş, həmin qərar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi qətnamənin qanuniliyini apellyasiya şikayətinin dəlilləri həddində tam yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ## ######## 1995-ci il tarixli, **** saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Qanunun 14-cü maddəsinin 1-ci bəndinə görə bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Adıçəkilən qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11-ci maddəsinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi, qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Qaydaların 6.5-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5- 1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış qiymət verərək iddianı təmin etmişdir. Belə ki, iş materiallarında olan EN-nin EMTA-nin Lənkəran filialının ## ###### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı yaşadığı Biləsuvar şəhəri M.İbrahimov küçəsindəki fərdi yaşayış evində qaz sayğacına müdaxilə etməklə qazın talanmasına yol vermiş, nəticədə 1260,8 manat məbləğində ziyan vurmuşdur. Buna görə də, o, İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğdə cərimə edilmişdir. Göründüyü kimi, yuxarıda adıçəkilən inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə qazın talanmasına yol vermiş və nəticədə maddi ziyan vurmuşdur. Odur ki, hesablanmış ziyan - 4536 m3 qaz sərfiyyatı və ona hesablanmış borc yuxarıda adıçəkilən inzibati xətanın törədilməsinin hüquqi nəticəsidir. Həmin aktla hesablanmış borc məhz Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə uyğun olmuşdur. Eyni zamanda İddiaçı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh İB tərəfindən dövlət rüsumu qismində ödənilmiş 16 (on altı) manat 30 (otuz) qəpik məbləğdə pul vəsaiti İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh İB tərəfindən dövlət rüsumu qismində ödənilmiş 16 (on altı) manat 30 (otuz) qəpik məbləğdə pul vəsaiti İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar