Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-415/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində avtomobilə dəymiş ziyanın geri tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ###### 2025-ci il tarixli **** saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. ## ### 2025-ci il tarixli “Avtoservis 907” tərəfindən verilmiş Aktdan görünür ki, İddiaçı məxsus “Vaz 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə usta xərcləri ilə birlikdə ümumilikdə 995 manat ziyan dəymişdir. İnzibati xəta haqqında ##.##.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 338.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli Astara Rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barsində 100 manat məbləğdə inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-***/** nömrəli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, araşdırma və təhlillərə əsasən “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq ehtiyat hissələri üzrə 375 manat və nəqliyyat vasitəsinin təmiri üçün 450 manat olmaqla, ümumillikdə 825 manat təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 995 manat ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ### 2025-ci il tarixində idarə etdiyi “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu Kolatan kənd yolunda hərəkətdə olarkən Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzarətsiz buraxılmış 1 baş iribuynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə Yol Patrul xidmətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və Cavabdeh İXM-in 338.7-ci maddəsi ilə protokol tərtib olunaraq toplanmış sənədlər aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. Lənkəran Avtomotoserviz və ticarət müəssisəsinin tabeliyində olan Astara rayonu * saylı TXB-nin ustası X2 tərəfindən tərtib olunmuş aktda “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 995 manat məbləğdə maddi ziyan müəyyən edilmişdir. Cavabdeh avtomobilə dəymiş ziyanın ödənilməsi barədə dəfələrlə müraciət etsə də, cavabdeh ziyanın ödənilməsindən boyun qaçırmış və iddiaçının müraciətlərinə məhəl qoymamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia qismən təmin edilərək 825 manat məbləğdə dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğdə xidmət haqqının 82 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus bir baş iribuynuzlu heyvan iddiaçının idarə etdiyi “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Cavabdehin təqsirli olması Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarıyla təsdiq edilmiş və o, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuş, bununla da cavabdehin təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur. Belə ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlərin görülməsinə dair hər hansı sübut tətbiq edilmədiyindən cavabdeh ona məxsus heyvanının iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. Lakin, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ- 21214” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği ümumilikdə 825 manat müəyyən edilmişdir. Mütəxəssis rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, eləcə də cavabdeh məhkəmə iclasında mütəxəssis rəyi ilə razı olmadığını bildirsə də, o, mütəxəssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə mütəxəssis rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə hesab edir ki, avtomobilin təmir-bərpa xərci olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş 825 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci, 21.2-ci, 386.1-ci, 1096.1-ci, 1110-cu maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirli olmadığı halda məhkəmə tərəfindən cərimə ediməklə təqsirli hesab edilmişdir. Həmin qərarda təqsirliyini təsdiq edən sübutlar təkcə İddiaçı izahatı hesab edilmişdir. İnzibati xətaya dair işə Astara Rayon Məhkəməsində baxılarkən iştirakı təmin edilməmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi iştirakını təmin etmədən Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı qüvvədə saxlamışdır. Məhkəmə İddiaçı izahatındakı dəlilləri, Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarını əsas hesab etmişdir. İnzibati xəta protokolu tərtib edən Astara rayon polis şöbəsinin dövlət yol polisi əməkdaşı həmin vaxt yolda olmuş şəxslərin izahatını almamışdır. Həmin şəxslərin izahatlarının alınması təmin edilsəydi, İddiaçı maşınına inəyinin dəymədiyi təsdiq olunardı. Əgər yolda həmin vaxt heç kim olmamışdırsa, İddiaçı maşına dəyən inəyin onun inəyi olduğunu necə müəyyən etmişdir. İnəyin fotoşəkilinin çəkilməsi mümkün olmuş və sübut üçün fotoşəkil çəkilməmişdir. Belə bir sübut təqdim edilsəydi, mübahisəyə əsas olmazdı. Bunlar araşdırılmadığından Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarını mötəbər sübut hesab edilməsi əsaslı deyil. İddiaçı polis orqanında işlədiyindən ətraflı araşdırma nə dövlət yol polisi tərəfindən, nə də məhkəmə tərəfindən aparılmışdır. İddiaçı avtomobili yüksək sürətlə idarə etmiş, yolda qarşısına çıxan heyvanlardan yayındıra bilmədiyindən nəticədə maşınına ziyan dəymişdir. Bunlar araşdırma aparmış polis əməkdaşına məlum olmuş və İddiaçı polis orqanında işləməsinə görə obyektiv araşdırma aparılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, hadisə gündüz vaxtı saat 14:45də baş vermişdir. Hadisə zamanı çəkilən videogörüntülərdə qarşı tərəfin etirafı mövcuddur ki, həqiqətən avtomobilinə inək dəymiş və ona ziyan vurmuşdur. Daha sonra həmin şəxs inkar edərək günahının olmadığını bildirmişdir. Hadisə zamanı daha yüksək sürətlə hərəkət etsəydi, avtomobilinin ön hissəsi zədələnərdi. Lakin mal-qara avtomobilinə dəymiş və nəticədə sol tərəf – yəni sürücü tərəfi hissəsi, ön və arxa qapılar daxil olmaqla zədələnmişdir. Hadisədən 2-3 gün sonra avtomobili düzəltdirmişdir. Hadisə kəndarası asfalt yolda baş vermişdir. Yol üzrə hərəkət üçün nəzərdə tutulmuş sürət 60 km/saat idi. O isə 15–20 km/saat sürətlə hərəkət edirdi. Mal-qaranı gördüyü zaman avtomobilini sağa çəkib sürəti azaltmağa çalışsa da, inək qaçaraq avtomobilə dəymişdir. Hadisənin qarşısını almaq mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2ci maddəsinə əsasən işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı şikayətin təmin edilməsi baxımından cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi iş üzrə mübahisəsiz müəyyən olunmuş hallar kimi qeyd edir ki, İddiaçı ## ### 2025-ci il tarixdə idarə etdiyi “VAZ-21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Kolatan kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən Cavabdeh məxsus yolun hərəkət hissəsinə nəzarətsiz buraxılmış 1 (bir) baş iribuynuzlu heyvan özünü avtomobilə vurmuş, nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Göstərilən hal iş materiallarında olan sübutlarla tam təsdiq edilmiş və işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, cavabdehin hərəkətsizliyi ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “VAZ- 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üzrə mülki-hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də, cavabdeh dəymiş zərərin müəyyən edilmiş məbləğini ödəməyə borcludur. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş, eləcə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırkı qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-415/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-415/2026
09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver