Məhkəmə qərarları › İş №2(3-9)-416/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-416/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-416/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsindən (hakim Səbuhi Səfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 2416 manat və dövlət rüsumu kimi ödədiyim 44.16 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh 2023-cü ilin əvvəlində anasının xəstə olduğnu bildirib onun müalicəsi üçün ondan kömək istəmiş və o cavabdehə 1600 manat borc pul vermişdir. Bir müddət sonra sonuncu müalicəyə pullarının çatmadığını deyib, əlavə olaraq ondan 1400 manat da borc pul almışdır. Əvəzində Cavabdeh həm bu barədə qəbz yazmış, həmdə anasının təqaüd kartını ona verib, hər ay karta köçürülən 327 manat pulu götürməsini demişdir. Razılaşmaya görə o, 9 ay ərzində həmin təqaüd kartından pul götürməklə həm öz borcunu almalı, həmdə əlavə olaraq 50 manat əldə etməli idi. Lakin, sonradan karta təqaüd köçürülən zaman cəmi 146 manat köçürülməsi müəyyən edilmişdir. Cavabdeh isə bunun bankla bağlı məsələ olmasını desə də, pul artmamış və o, 4 ay ərzində hər ay 146 manat kartdan pul götürməklə, ümumilikdə borcundan 584 manat qaytara bilmişdir. Buna baxmayaraq, Cavabdeh sonradan kartı bağlatdırmış və o, qalan borcunu ala bilməmişdir. Dəfələrlə pulunu istəsə də, qaytarmamış, cavabdehin bacısı isə şikayət etməməsini və hər ay 200 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Lakin, sonradan nə cavabdeh, nədə bacısı onun borcunu qaytarmamış və hətta borclarının olmadığını bildirmişlər. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 iddiaya qarşı yazılı etiraz təqdim edərək məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 2018-19-cu ildə faizə pul götürmüş, həmin vaxt kartı onda olmuşdur. Həmin kartdan pulunu artıqlaması ilə çıxarıb. Məhkəməyə təqdim etdiyi qəbz cavabdeh tərəfimdən yazılmayıb, sadəcə əvvələr məhkəməyə müraciət edərkən cavabdehə məhkəmə bildirişi adı ilə məhkəmədə qəbzə qol çəkdiriblər. Cavabdeh iddiaçıdan heç vaxt pul alarkən qəbzə qol çəkməmiş, həmişə pulu ona verəndə telefonla çəkib, həmin çəklişləri təqdim etsə yalanları üzə çıxar. 2023-cü il tarixdə borc almamış, sadəcə əvvələr aldığı puların faizi qaldığı üçün həmin pulu almaq istəyir. Məhkəmə hazırlıq iclasında iştirak edə bilmir, hazırlıq iclasını keçirməklə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edirəm. Qəbzin mətnində olan yazının cavabdeh tərəfindən icra olunub-olunmamasının məyyən edilməsi, eyni zamanda mətndə olan 2023 yazısı üzərində düzəliş aparılıb-aparılmamasının, aparılıbsa hansı rəqəmin əvvəl yazılmasının, hansı rəqəmin sonra düzəliş edilməsinin müəyyən edilməsini ekspert qarşısında sual kimi qoyulmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. ##.##.2024-cü il tarixdə keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddiaçı İddiaçı tələbini müdafiə edilb, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, pulu cavabdehə keçən ilin qış aylarında vermişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzi özü yazmış, Cavabdeh imzalamışdır. Qəbzdə hər hansı bir düzəliş yoxdur, o vaxt necə olubsa, elədə təqdim etmişdir. ##.##.2024-cü il tarixdə keçirilən məhkəmə baxışına hazırlıq iclasında cavabdehin vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı etiraf edir ki, qəbzi özü yazıb. Cavabdehin həmin qəbzdən xəbəri olmayıb. Cavabdeh 2019-2020-ci illərdə iddiaçıdan pul alıb və həmin pulu iddiaçı təm şəkildə onun kartından çıxarıb. Cavabdehin yanında belə qəbz yazılmayıb. Məhkəməyə təqdim olunan qəbzdəki imza cavabdehə məxsus deyil. ## #### 2023-cü il tarixli qəbzdəki 2023 rəqəminin ikinci hərfi üzərində düzəliş edilib. Ona görədə iş üzrə müvafiq ekspertizanın təyin olunmasını xahiş edir. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2, 448.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinqadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin hazırda ona borcunun olması barədə hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim olunmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə 1600 manat borc pul verməsini, cavabdehin bir müddət sonra anasının müalicəsinə pullarının çatmadığını deyib, əlavə olaraq cavabdehin ondan 1400 manat da borc pul almasını, əvəzində Cavabdeh bu barədə qəbz yazmasını, həm də anasının təqaüd kartını iddiaçıya verməsini qeyd edərək, qeyd olunan halların təsdiqi kimi cavabdeh tərəfindən yazılan və imza edilən borc almasını təsdiq edən yazılı qəbzi və cavabdehin özünə və anasına məxsus təqaüd kartlarını məhkəməyə təqdim etmişdir. Qeyd olunan qəbzdən göründüyü kimi Cavabdeh iddiaçının iddia ərizəsində qeyd olunan halları ona verdiyi qəbzdə qeyd etmiş və iddiaçının borc məbləğini hər ay kart vasisəti ilə özünün çıxara bilməsi üçün anasına məxsus təqaüd kartnın şifrəsini, özünün və anasının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini qəbzdə yazmışdır. Qeyd olunan qəbzin məhz cavabdeh tərəfindən yazılması anasına məxsus kart şifrəsinin düzgün qeyd olunması ilə təsdiq olunur. Əksi olmuş olsa idi iddiaçının qeyd etdiyi kimi qeyd olunan bank kartından müəyyən məbləği çıxarması mümkünsüz olardı. Bütün bu gösətərilən hallar onu deməyə əsas verir ki, iddiaçı iddasının əsaslılığını kifayət qədər sübut etmişdir. Habelə cavabdeh də, borc almasını inkar etməmiş, məhkəmə iclasındakı izahatında iddiaçıya heç bir məbləğdə borcunun qalmadığını deyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu hal da onu təsdiq edir ki, cavabdeh həqiqətən iddiaçıdan borc almış və iddiaçıya kart vasitəsi ilə borcu qaytaracağını vəd vermişdır. Lakin, cavabdehin bildirdiyi kimi iddiaçıya borcu qalmamışdırsa, yəni borcunu tam ödəmişdirsə qeyd olunan halı sübut etmək yükünün cavabdehə düşməsinə baxmayaraq, cavahdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə əsassız olaraq iddiaçı tərəfindən cavabdehin hazırda ona borcunun olması barədə hər hansı bir mötəbər dəlil təqdim olunmamasını qeyd edərək, iddianı rədd etmiş, yuxarıda qeyd olunan sübutlara qiymət verməmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar kifayət qədər iddianın əsaslılığını təsdiq etmiş, buna baxmayaraq məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ilkin olaraq ekspert tədqiqatına materialar təqdim olunmadığı üçün ekspert qəbzdəki imzanın kimə məxsus olması barədə suala cavab verməmiş, yenidən ekspert vəsatətinə əsasən sənədlər təqdim olunsa da, kifayət qədər sərbəst imza nümunələri təqdim olunmadığından "19" iyun 2025-ci tarixli ekspert rəyində qəbzdə olan imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir. Beləliklə, göründüyü kimi iddanın əsaslı olması barədə iddiaçı tərəfindən kifayət qədər sübut təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, mövcud sübutlara qiymət verilməmiş, yalnız borc götürməsini inkar etməyib, qaytarmasını bildirməsinə baxmayaraq, bu barədə sübut təqdim etməyən cavabdehin izahatını əsas götürərək iddianı rədd etməklə əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə hazırki iş üzrə maddi və posessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən ləğv edilməli, iddia ərizəsi təmin olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar və gəlmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddiasının təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur. Cavabdeh adından ## #### 2023-cü ildə verilən yazılı qəbzdə qeyd edilir: Mən Cavabdeh anam xəstə olduğu üçün müalicəyə pul ehtiyacım oldu. Tanışım İddiaçı pul istədim. O mənə faizsiz (1600) manatverdi. Müalicəyə pul çatmadığına görə yenidən (1400) manat əlavə götürdüm, ona da, faiz istəmədi. Ona pulu qaytarmaqdan ötəri anamın pensiya kartını qoydum. Kartdha hər ay 327 manat olur. Kartı 9 ay, 50 manat. Mart ayı kartı verirəm və noyabr ayının axırında 50 manat verib kartı geri götürəcəm. Kart kodu 1111 X2 AZE13784371. X5 AZE 13803219. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən “Mən Cavabdeh” sözü ilə başlayıb “Cavabdehq” sözü ilə bitən qəbzin 18-ci sətrində olan “2023” rəqəmlərindəki “0” rəqəminin yerində “22 rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə əsasən, Ekspertizaya təqdim edilmiş, mülki işin 9-cu vərəqində olan ## #### 2023-cü il tarixli qəbzdə “Хəлилова Ф.Г” adının qarşısındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarına əsasən iddiaçı tələbində cavabdehə 2023-cü ildə iki dəfəyə üymumilikdə 3000 manat məbləğində borca pul verdiyini bildirmiş, sübut kimi birinci instansiya məhkəməsinə ## #### 2023-cü il tarixli qəbzi təqdim etmişdir. İddiaçı qəbzin məzmununun özü tərəfindən yazıldığını, qəbzin cavabdeh tərəfindən imzalandığını bildirir. Cavabdeh isə iddiaçıdan 2023-cü ildə deyil, 2019-2020-ci illərdə borca pul götürdüyünü və həmin borcu onun kartından iddiaçı tərəfindən artıqlaması ilə çıxarıldığını, iddiaçıya borcunun olmadığını, təqdim olunan qəzin onun tərəfindən yazılmadığını, qəbzdəki imzanın ona məxsus olmadığını bildirir. İş üzrə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə qəbzdəki imzanın cavabdehə məxsus olmasını müəyyən etmək mümkün olmamış, qəbzdəki “2023” rəqəmlərindəki “0” rəqəminin yerində “22 rəqəminin olduğu, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzin tarixi dəyişdirilmişdir. Həmçinin qəbzdəki imzanın cavabdeh tərəfindən icra edilməsi müəyyən olunmamışdır. İddiaçı cavabdehlə aralarında borc münasibətlərinin 2023-cü ildə yarandığını bildirib, həmin ili cavabdehə verdiyi borcun qaytarılmayan hissəsini tələb etsə də, 2023-cü ildə cavabdehə borca pul verməsinə dair tarixi dəyişdirilmiş qəbzdən savayı sübut verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 2416 manat təşkil edirki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar