Məhkəmə qərarları › İş №2(3-9)-417/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-417/2026

27.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-417/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir rayonun Carlı kəndində icarəsinə verilmiş 1.72 ha torpaq sahəsinde əkin-biçin işlərinin aparılmasına (texnikaların giriş-çıxışına, torpaqa sahəsindən istifadə edilməsinə) cavabdehlər cavabdeh2 və cavabdeh1 yaratdığı maneələrin aradan qaldırılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun, 400 manat vəkilə ödənilmiş pulun cavabdehlerdən müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh2 cavabdeh DƏDRX-nın PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsinə qarşı plan və cizgi məlumatlarının dövlət aktına uyğun ölçülərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə e-*-*(*-*)-***/**** nömrəli inzibati işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək və yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırki iş üzrə icraat dayandırılmışdır. Iddiaçı İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin ##.##.2026-cı tarixli *-(***)-****/**** nömrəli qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadı ilə iddiaçı cavabdeh2 cavabdeh DƏDRX-nın PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsinə qarşı plan və cizgi məlumatlarının dövlət aktına uyğun ölçülərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə e-2-1(4-9) ***/**** nömrəli inzibati işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək və yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırki iş üzrə icraat dayandırılmışdır. O, Kürdəmir Rayon Məhkəməsinin göstərilən iş üzrə qərardadını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Iddiaçının tələb etdiyi sahə sxemdə aydın göstərilsə də, cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir və və əsas kimi sonradan ona verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ilkin hüquqmüəyyənedici sənədlərə, o cümlədən dövlət aktına uyğun olmadığını göstərir. Verilmiş iddia da məhz cavabdehin əsas kimi irəli sürdüyü dəlillərin həqiqətə uyğun olubolmamasına aydınlıq gətirməklə yanaşı, hazırki mübahisənin obyektiv həllinə xidmət edəcəkdir. Ona görə də, Şirvan Inzibati Məhkəməsinin icraatında olan işə baxılıb müvafiq qərar qəbul edilənə kimi hazırki işə mahiyyəti üzrə baxılması və mübahisənin tam və hərtərəfli obyektiv həlli mümkün sayılmır. Bu səbəbdən, məhkəmə iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl hazırki iş üzrə cavabdeh olan şəxs cavabdeh2 cavabdeh Kürdəmir Rayon Icra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçıcavabdeh2 cavabdeh Kürdəmir Rayon Icra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasımümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin *-**-*-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Idarənin mühəndisi Asif Səfxanlı tərəfindən tərtib olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Idarənin elektron baza məlumatlarında təqdim olunan, 1999-cu ildə tərtib olunmuş Kürdəmir rayon Carlı kəndi Şəfəq kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh2, X3, X2, X4 mülkiyyətinə verilmiş iki hissədən ibarət 2,25 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq konfiqurasiya, bucaq və sürüşmə mövcud olduğu üçün 2,25 ha torpaq sahəsinin dəqiq koordinatlarının mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ##.##.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli (906013031030 reyestr №) çıxarışa əsasən cavabdeh2 Abduəli oğlunun mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 0,6131 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarə hüququ qeydə alınmış Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsi üst üstə düşmür Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ##.##.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli (906013031030 reyestr №) çıxarışa əsasən cavabdeh2 Abduəli oğlunun mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,6371 ha torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ##.##.2024- cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı icarə hüququ qeydə alınmış Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi Şirvan Inzibati Məhkəməsinin qərardadlarına əsasən iki dəfə mütəxəssis rəyi alınmış həmin mütəxəssis rəylərində torpaqların üst-üstə düşməməsi müəyyən olunmuşdur. Lakin hazirki iş üzrə cavabdehin vəsatəti əsasasında iş üzrə icraat dayandırılmışdır. Belə ki, cavabdeh vəsatətində cavabdeh DƏDRX-nın PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsinə qarşı plan və cizgi məlumatlarının dövlət aktına uyğun ölçülərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etdiyini göstərsə də, burada iddiaçı İddiaçı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Məhkəməyə təqdim etmiş olduğu iki mütəxəssis rəyindən də görünür ki, iddiaçı ilə cavabdehin torpaqları üst-üstə düşmür. Bildirirəm ki, iş üzrə icraatın dayandırılmasının əsaslarının siyahısı MPM-nin 254.1-ci maddəsində verilmişdir. Burada elə hallar sadalanır ki, həmin halların mövcud olmasımülki işə mahiyyəti üzrə baxılmasını, qanuni və əsaslı qətnamə çıxarılmasını qeyri-mümkün edir. Bu zaman işə baxılıb həll edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin lüzumsuz axımının qarşısını almaq məqsədi ilə qanunvericilik işi üzrə icraatın dayandırılmasının məcburliyini nəzərdə tutur. Göründüyü kimi, məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.4-cü, 256.0.3-cü maddələrinin tətbiqində səhvə yol vermiş və nəticədə birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qərardad qəbul edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ilk olaraq qeyd olunmalıdır ki, hazırkı mübahisə iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsi zamanı cavabdehlər tərəfindən maneələrin yaradıldığı iddiasına əsaslanır. Lakin iş materiallarından açıq şəkildə görünür ki, tərəflər arasında yalnız faktiki müdaxilə ilə bağlı deyil, daha fundamental xarakter daşıyan torpaq sahələrinin sərhədləri, yerləşməsi və hüquqi müəyyənliyi ilə bağlı mübahisə mövcuddur. Kollegiya qeyd edir ki, məhz bu xüsusat hazırkı mülki mübahisəni digər inzibati məhkəmənin icraatında olan işlə sıx hüquqi əlaqəyə gətirir. Belə ki, Şirvan Inzibati Məhkəməsində baxılan iş üzrə torpaq sahəsinin plan və cizgi məlumatlarının dövlət aktına uyğun ölçülməsi, yəni əslində daşınmaz əmlakın fərdiləşdirilməsi və hüquqi identifikasiyası məsələsi həll edilir. Hüquq nəzəriyyəsində qəbul olunmuş yanaşmaya görə, mülki hüquq münasibətlərində subyektiv hüquqların müdafiəsi yalnız həmin hüququn predmetinin hüquqi cəhətdən müəyyən və qiymətləndirilə bilən olması halında mümkündür. Əks halda, hüququn müdafiəsi formal xarakter daşıyır və məhkəmə qərarı icra qabiliyyətini itirir. Hazırkı işdə də torpaq sahəsinin dəqiq sərhədlərinin və koordinatlarının müəyyən edilməsi mübahisənin həllinin “ilkin hüquqi şərti” (preyudisial fakt) kimi çıxış edir. Belə ki, bir iş üzrə müəyyən ediləcək fakt və ya hüquqi vəziyyət digər iş üzrə qərarın qəbul edilməsinə həlledici təsir göstərirsə, bu halda işlər arasında “preyudisial asılılıq” mövcud olur və belə asılılıq şəraitində paralel icraatın davam etdirilməsi hüquqi ziddiyyətlərə səbəb ola bilər. Belə bir mövqe yalnız prosessual qənaət prinsipi baxımından deyil, eyni zamanda hüquqi müəyyənliyin qorunması və məhkəmə aktlarının sabitliyinin təmin edilməsi zərurətindən irəli gəlir. Kollegiya bir daha qeyd edir ki, hazırkı işdə də məhz belə asılılıq mövcuddur. Belə ki, iddia tələbinin mahiyyəti üzrə düzgün qiymətləndirmə aparılması üçün əvvəlcə aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir: əvvəla, iddiaçının icarə hüququnun konkret hansı sərhədlər daxilində həyata keçirildiyi, cavabdehin iddia etdiyi torpaq sahəsinin hüquqi və faktiki yerləşməsi, bu sahələr arasında kəsişmə və ya digər hüquqi ziddiyyətlərin olub-olmaması. Bu məsələlər isə birbaşa inzibati məhkəmənin baxdığı işin predmetini təşkil edir və həmin iş üzrə qəbul ediləcək məhkəmə aktı ilə müəyyən olunacaqdır. Şikayətçi tərəf mütəxəssis rəylərinə istinad edərək torpaq sahələrinin üst-üstə düşmədiyini və bu səbəbdən icraatın dayandırılmasının əsassız olduğunu bildirir. Kollegiya bu mövqeni hüquqi baxımdan əsaslı hesab etmir. Belə ki, təqdim olunmuş mütəxəssis rəyləri faktiki uyğunsuzluqları göstərsə də, həmin uyğunsuzluqların hüquqi qiymətləndirilməsi, eləcə də dövlət aktına uyğun koordinatların müəyyən edilməsi məsələsini həll etmir. Kollegiya onu da vurğulayır ki, “faktiki müəyyənlik” ilə “hüquqi müəyyənlik” eyni anlayışlar deyildir. Faktiki məlumatların mövcudluğu hələ həmin məlumatların hüquqi nəticələr doğurması üçün kifayət etmir. Bu mənada, mütəxəssis rəyləri yalnız köməkçi sübut vasitəsi olmaqla, mübahisənin yekun hüquqi həllini əvəz edə bilməz. Eyni zamanda, şikayətçinin əvvəlki inzibati iş üzrə iddianın mümkün sayılmamasına istinad etməsi də kollegiya tərəfindən əsaslı arqument kimi qəbul edilmir. Çünki hazırda icraatın dayandırılmasına əsas olan inzibati iş fərqli predmetə malikdir və həmin işdə torpaq sahəsinin plan və ölçü məlumatlarının hüquqi uyğunluğu məsələsi araşdırılır. Qeyd olunan səbəbdən, əvvəlki iş üzrə qəbul edilmiş qərardad hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1-ci maddəsinin məzmunundan da aydın olur ki, iş üzrə icraatın dayandırılması məhz o hallarda tətbiq edilir ki, digər iş üzrə müəyyən ediləcək hallar olmadan mübahisənin mahiyyəti üzrə düzgün və əsaslı həll mümkün olmasın. MPM-in 256.0.3-cü maddəsinin tətbiqi kontekstində də qeyd edilməlidir ki, icraatın dayandırılması yalnız formal prosedur deyil, həm də ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsinin zəruri variantlarından biri kimi çıxış edir. Çünki məhkəmə yalnız tam və obyektiv araşdırılmış hallara əsaslanaraq qərar qəbul etməlidir. Əks halda, qəbul edilən məhkəmə aktı həm icra olunmaz, həm də sonradan ləğv olunma riski daşıyar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il Qərarının: 1.-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.4.-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılması barədə qəbul edilmiş qərardad məhz bu prinsiplərə uyğun olaraq çıxarılmış, işin faktiki halları düzgün müəyyən edilmiş və tətbiq edilən hüquq normaları düzgün şərh olunmuşdur. Şikayətin dəlilləri isə mahiyyət etibarilə həmin hüquqi qiymətləndirmənin inkarına yönəlsə də, məhkəmənin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu göstərən konkret hüquqi arqumentlərlə əsaslandırılmamışdır. Bu səbəbdən həmin dəlillər Kollegiya tərəfindən əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla, dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar