Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-51/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İbiş oğluna qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh İbiş oğluna qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İbiş oğlundan 4354 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 64 manat pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona məxsus olan **-KC-*** qeydiyyat nişanlı, “VAZ 2107” markalı maşını ilə Salyan rayonu, Dayıkənd kəndində hərəkətdə olarkən Cavabdeh İbiş oğlu özünə məxsus heyvanı asfalt yola ötürdüyünə görə avtoqəza baş vermişdir. Belə ki, onun heyvanı (bir baş iribuynuzlu inəyi) gecə yolda özbaşına hərəkət edərkən anidən qarşısına çıxmış, bununla da qəza hadisəsi baş vermişdir. Ümumilikdə mülkiyyətində olan **-KC-*** qeydiyyat nişanlı, “VAZ 2107” markalı maşınına tələb etdiyi 4354 manat ziyan dəymişdir. “İnam 93” müəssisəsi tərəfindən təqdim olunmuş ziyan aktına əsasən ona məxsus avtomobilə dəymiş ziyanın 4354 manat məbləğində olması təsdiq olunur. Həmçinin cavabdehin və onun vermiş olduqları izahatlarda və yol-nəqliyyat hadisəsinin sxeminin surətindən də, cavabdehin səhvi ucbatından avtomobilinə ziyan dəyməsi öz təsdiqini tapır. Cavabdehə dəfələrlə ona dəymiş ziyanı qaytarması barəsində müraciəti olsa da cavabdeh onun müraciətlərinə biganə qalmışdır. Buna görə də, ona dəymiş ziyan təkcə məhkəmə tərəfindən cavabdehdən alınıb ona verilə bilər. Yol Patrul Xidməti inspektroru R X3 tərtib etdiyi ##.##.2025-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehə inzibati tənbeh tətbiq olunmuşdur. Bunları nəzərə alaraq cavabdeh Cavabdeh İbiş oğlundan onun avtomobilinə dəymiş 4354 manat ziyan alınaraq ona qaytarılmalıdır. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim Rüstəm Alıyev) ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh İbiş oğlundan 4354 (dörd min üç yüz əlli dörd) manat və 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4418 (dörd min dörd yüz on səkkiz) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İbiş oğlu ## #### 2025-ci il tarixdə, saat 23:24 radələrində Salyan rayonu, Dayıkənd kəndi ərazisində at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollara ötürərək İXM-nin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. ##.##.2025-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Salyan rayonu, Dayıkənd kəndi ərazisində Cavabdeh İbiş oğlunun heyvanı asfalt yola çıxdığından İddiaçı **-KC-*** qeydiyyat nişanlı, “VAZ 2107” markalı maşını ilə toqquşmuş və avtoqəza baş vermişdir. Qəza nəticəsində Cavabdeh İbiş oğluna məxsus bir baş iribuynuzlu inək tələf olmuş, İddiaçı məxsus avtomobilin ön hissəsi əzilmişdir. “İnam-93” Avtoservis tərəfindən verilmiş aktdan görünür ki, baş vermiş avtoqəza nəticəsində İddiaçı məxsus 90-KC 647 qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə ümumilikdə 4354 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh İbiş oğlundan 4354 (dörd min üç yüz əlli dörd) manat və 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4418 (dörd min dörd yüz on səkkiz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1, 284-1, 284-5.3, 107, 119.1, 222.2, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh İbiş oğlu apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci qrup əlildir və üzrlü səbəbdən səhhətinə görə məhkəmədə iştirak edə bilməmiş və icraatın sadələşdirilmiş icraat olması ona izah edildikdən sonra bilmişdir ki, buna etiraz yazaraq iclasda iştirak etməlidir. Buna görədə o, etiraz təqdim edə bilməmiş, məhkəmə təkcə bu 2 hala görə sadələşdirilmiş icraat qaydasında işə baxmalı deyildi. Çünki “İnam 93” müəssisəsinin əsassiz və şişirdilmiş aktı ziyan kimi hesablana bilməz. O, akta imza etməmiş və razılaşmamışdır. Bundan əlavə “İnam 93” müəssisəsinin aktı ekspert rəyi deyildir ki, dəymiş ziyan kimi hesablansın. Qeyd etdiyi kimi 41 adda avtomobilin detalının qeyd edilməsi əsassız və şişirdilmiş aktda heç nə ilə əsaslandırılmamışdır. Maşına yüngül zədə dəydiyi halda şişirdilmiş məbləğ tərtib edilmişdir. Onu aldadaraq inzibati məsuliyyətə cəlb edən polis əməkdaşı əsassız olaraq onun inzibati xəta törətməyini müəyyən etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, rəylə razıdır. Ona dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmindəiddianın təmin edilmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, mübahisə cavabdehə məxsus iribuynuzlu heyvanın asfalt yola nəzarətsiz çıxması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilinə 4354 manat məbləğində ziyan dəydiyini, bu ziyanın “İnam-93” Avtoservis tərəfindən tərtib edilmiş aktla müəyyən edildiyini, həmçinin cavabdehin həmin hadisəyə görə inzibati məsuliyyətə cəlb olunduğunu göstərərək, dəymiş zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır və hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması nəticəsində etirazlarını və sübutlarını təqdim etmək imkanından məhrum olmuşdur. O, "İnam- 93" Avtoservis tərəfindən tərtib edilmiş ziyan aktının ekspert rəyi olmadığını, həmin aktda göstərilən zərər məbləğinin şişirdildiyini və onunla razılaşdırılmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının təqdim etdiyi ziyan aktını sübut qismində qəbul edərək iddianı tam təmin etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, dəymiş ziyanın məbləğinin mötəbər və kifayət edən sübutlar əsasında düzgün müəyyən edilmədiyi qənaətinə gəlir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh Cavabdeh İbiş oğlunun apellyasiya şikayətində irəli sürdüyü dəlillərin hərtərəfli və müfəssəl araşdırılmasının zəruriliyini, habelə tərəflərin məhkəmə iclasında iştirakının işin düzgün və obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iş sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2000-ci il tarixli Qərarında Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi yolu ilə onun pozulmuş əmlak hüququnun müdafiəsinin təmin edilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərkibi yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş materialları ilə müəyyən olunur ki, cavabdehin nəzarətində olan iribuynuzlu heyvanın asfalt yola çıxması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə maddi ziyan dəymiş, həmin hadisəyə görə cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş, inzibati akt tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə tərkibi cavabdehin inzibati tənbeh vermə haqqında qərarın əsassız olması ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarın qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi və ya ləğv edilməsi iş materialları ilə müəyyən olunmur. Buna görə də, sözügedən inzibati akt hazırkı iş üzrə mötəbər sübut qismində çıxış edir. Cavabdehin yalnız polis əməkdaşlarının onun xəstəliyindən istifadə edərək inzibati məsuliyyətə cəlb etmələri barədə ümumi xarakterli iddiası isə tərəfin subyektiv fikri olmaqla kifayətlənir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən tələb edilən ziyanın məbləğini mübahisələndirərək, "İnam-93" Avtoservis tərəfindən tərtib edilmiş aktda göstərilən məbləğin şişirdildiyini bildirmişdir. Həmin dəlilin yoxlanılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı məxsus **-KC-*** dövlət qeydiyyat nişanlı, "VAZ 2107" markalı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələrinin dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. "X2" tərəfindən tərtib edilərək ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim olunmuş ekspert rəyindən görünür ki, avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələrinin bərpası üçün tələb olunan ehtiyat hissələrinin dəyəri, təmir və dəyişdirmə işlərinin dəyəri, habelə hissələrin köhnəlmə faizi nəzərə alınmaqla hesablanmış ümumi maddi zərərin məbləği 3844 manat təşkil etmişdir. Məhkəmə tərkibi həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, onun düzgünlüyünü və obyektivliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər tərəfindən ekspert rəyinin əsaslandırılmamış və ya qeyri-obyektiv olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin rəyin natamam və ya ziddiyyətli olması da müəyyən edilməmişdir. Belə ki, ekspert rəyi məhkəmənin qərardadı əsasında müstəqil qiymətləndirici tərəfindən hazırlanmış, avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədələr yerində araşdırılmaqla, ehtiyat hissələrinin dəyəri, təmir işlərinin dəyəri və hissələrin köhnəlmə faizi nəzərə alınmaqla ümumi zərər məbləği hesablanmışdır. Bu səbəbdən məhkəmə tərkibi ziyanın məbləğinin müəyyən edilməsində həmin ekspert rəyini əsas götürür. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh İbiş oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə avtomobilə dəymiş zərərin əvəzi qismində 3844 (üç min səkkiz yüz qırx dörd) manat məbləğində pul tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq 58,44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 300 manatın-150 manatı cavabdeh Cavabdeh İbiş oğlundan, 150 manatı İddiaçı tutularaq “X2” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ63AIIB400600G9442140848229, Bank: Kapital Bank ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 2201412; SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh İbiş oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh Cavabdeh İbiş oğlundan 3844 manat və 58,44 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3902,44 manat pul iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 300 manatın-150 manatı cavabdeh Cavabdeh İbiş oğlundan, 150 manatı İddiaçı tutularaq “X2” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ63AIIB400600G9442140848229, Bank: Kapital Bank ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 2201412; SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-51/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-51/2026
25.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver