Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-538/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İbişov Vüqar Nurbala oğlundan ## #### 2023-cü il tarixli kredit müqavilə üzrə 4500 manat borc və ödənilmiş 65 manat dövlət rüsumunun əvəzinin İddiaçı İsa qızının xeyrinə tutulması qət edilmişdir. İbişov X2 Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan İbişov Vüqar Nurbala oğlu şikayət verərək onun ləğv edilməsini və işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İbişov Vüqar Nurbala oğlu yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək Masallı Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən şikayət vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2025-ci ilin dekabr ayının 17-də Masallı rayon İcra və probasiya şöbəsindən istifadəsində olan mobil telefona mesaj gəlmiş, dekabr ayının 19da həmin şöbədə olarkən barəsində borc pula dair qətnamə olması onda bildirilmişdir. Məhkəmədən maraqlanarkən qətnamənin qeydiyyatda olduğu ünvan 1nə göndərilməsi və adından imza edilməklə qəbul edilməsi bildirilmişdir. Halbuki, ünvan 1ndə qeydiyyatda olsa da, bir neçə ildir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsində yaşayırlar. Bu səbəbdən də, qətnaməni nə onun, nə də ailə üzvlərinin alması mümkün deyildir. Poçt göndərişinə adından kimin imza etməsinin aydınlaşdırılması üçün Masallı rayon prokurorluğuna müraciət etmiş və araşdırma aparılır. Yalnız dekabr ayının 26-da Masallı Rayon Məhkəməsinin inzibati binasında qətnamənin surəti ona verilmişdir. Cari ilin yanvar ayının 16-da apellyasiya şikayəti versə də, prosessual müddətin ötürülməsi əsası ilə şikayəti qaytarılmış, həmin qərardaddan verdiyi şikayət də, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə təmin edilməmişdir. Hər iki qərardadda müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bir daha qeyd etmək istəyir ki, qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət etməməyi qətnamənin onda olmaması ilə bağlı olmuşdur. Ərizəsi əsasında prokurorluqda araşdırma zamanı poçt işçisi də izahatında qətnaməni ona vermədiyini bildirmişdir. Bu səbəblərdən də vaxtında şikayət edə bilməmiş, prosessual müddəti üzrlü səbəblərdən ötürmüşdür. Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qərardadı ilə İbişov Vüqar Nurbala oğlunun Masallı Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə ilk növbədə İbişov Vüqar Nurbala oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmamalı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Görünür ki, məhkəmə sənədi cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq digər qaydada çatdırılmış hesab edilmişdir. Əgər prosessual qanunvericilik məhkəmə sənədlərinin yalnız ünvan sahibinə şəxsən təqdim edilməsini imperativ şərt kimi müəyyən etsəydi, bu halda məhkəmə icraatının operativliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə zəifləyərdi. Belə yanaşma praktik müstəvidə işlərin baxılmasının süni surətdə uzadılmasına, məhkəmə prosesinin iştirakçılar tərəfindən formal bəhanələrlə ləngidilməsinə və nəticə etibarilə məhkəmələrin əsassız iş yükü ilə yüklənməsinə səbəb olardı. Qanunverici məhz bu riskləri nəzərə alaraq MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin yalnız şəxsən deyil, müəyyən hallarda ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvünə, habelə müvafiq orqanlara təqdim edilməsini də hüquqi cəhətdən etibarlı çatdırılma üsulu kimi tanımışdır. Bu normativ yanaşmanın məqsədi prosessual hüquqların formal deyil, real təminatı ilə yanaşı, məhkəmə icraatının ağlabatan müddətdə başa çatdırılması prinsipinin qorunmasıdır. Əks yanaşma, yəni hər bir halda yalnız şəxsi təqdim etmənin tələb olunması ünvan üzrə olmaması və ya bildirişləri qəbul etməkdən yayınması kimi hallarda ədalət mühakiməsinin həyata keçirilməsini faktiki olaraq iflic vəziyyətinə sala bilərdi. Bu isə həm hüquqi müəyyənlik prinsipinə, həm də məhkəməyə çıxış hüququnun effektiv həyata keçirilməsi məqsədinə zidd nəticələr doğurardı. Həmçinin qeyd edilməlidir ki, məhkəmə sənədlərinin çatdırılması zamanı əsas götürülən meyar şəxsin rəsmi qeydiyyatda olduğu ünvan hesab olunur. İş materiallarından görünür ki, cavabdeh rəsmi olaraq ünvan 1 ünvanında qeydiyyatdadır və Masallı Rayon Məhkəməsinin 0# ###### 2025-ci il tarixli qətnaməsi həmin ünvana göndərilmişdir. Cavabdeh ərizəsində və məhkəmədə verdiyi izahatında faktiki olaraq Bakı şəhərində yaşadığını, məhkəmə qətnaməsinin şəxsən ona, ailə üzvlərinə və qardaşına çatdırılmadığını, qətnamənin kim tərəfindən təhvil alındığını bilmədiyini qeyd etmişdir. Bildirir ki, qətnamənin surəti dekabr ayının 26-da Masallı Rayon Məhkəməsinin inzibati binasında ona verilmişdir. Qardaşına ## ####### 2025-ci il tarixdə yalnız məhkəmə bildirişi verilmişdir. Ancaq işin faktiki halı ondan ibarətdir ki, məhkəmə bildirişi ## ####### 2025- ci il tarixdə, məhkəmə qətnaməsi isə ## ###### 2025-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi cavabdehin qeyd olunan dəlili həqiqəti əks etdirmir və o, konstitusion hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edərək qətnamədən vaxtında apellyasiya şikayəti verməmişdir. Cavabdehin faktiki olaraq başqa ünvanda yaşaması isə sənədlərin rəsmi qaydada təqdim edilməsi faktını təkzib edən hal kimi qiymətləndirilə bilməz. Qərardaddan İbişov Vüqar Nurbala oğlu şikayət verərək onun ləğv edilməsini və müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İŞDƏ OLAN: “xxxx” MMC-nin Göndərişlərin izlənməsi xidmətindən görünür ki, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli məhkəmə bildirişi SS932143155AZ izləmə kodu ilə ## ####### 2025-ci il tarixdə İbişov Vüqar Nurbala oğlunun qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və ## ####### 2025-ci il tarixdə çatdırılmışdır. Xəbərnamədən görünür ki, Masallı Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnamə İbişov Vüqar Nurbala oğlunun qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. “xxxx” MMC-nin Göndərişlərin izlənməsi xidmətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 0# ###### 2025-ci il tarixli qətnaməsi “SXO49516276AZ” izləmə kodu ilə # ###### 2025-ci il tarixdə İbişov Vüqar Nurbala oğlunun qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və ## ###### 2025-ci il tarixdə çatdırılmışdır. İbişov Vüqar Nurbala oğlunun ## ###### 2025-ci il tarixli ərizəsindən görünür ki, qətnamənin surətinin ona verilməsini xahiş etmiş və məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 11 manat dövlət rüsumu ödəmiş, qətnaməni təkrar olaraq ## ###### 2025ci il tarixdə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materialları ilə müəyyən olunur ki, İbişov X2 Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsini ## ###### 2025-ci il tarixdə şəxsən əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinin tələblərinə əsasən prosessual müddətin hesablanması sənədin təqdim olunduğu gündən sonrakı gündən başlanılır və həmin normanın tələbləri baxımından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş qanuni müddət ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. İş materiallarında olan poçt sənədləri və elektron izləmə məlumatları ilə də təsdiq olunur ki, məhkəmə tərəfindən göndərilmiş bütün bildirişlər və məhkəmə aktları cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmiş, həmin göndərişlər aidiyyəti şəxs tərəfindən qəbul edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh həm məhkəmə icraatının gedişindən, həm də qəbul edilmiş qətnamədən məlumatlı olmuşdur. Eyni zamanda, məhkəmə tərkibi qeyd edir ki, prosessual müddətin bərpası yalnız həmin müddətin üzrlü səbəbdən ötürüldüyü hallar sübuta yetirildikdə mümkün hesab edilə bilər. Lakin İbişov Vüqar Nurbala oğlu tərəfindən hər hansı obyektiv və üzrlü səbəblərə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə mövcud sənədlər onun məhkəmə bildirişlərini və qətnaməni vaxtında əldə etdiyini, lakin buna baxmayaraq qanunvericiliyin müəyyən etdiyi müddətə riayət etmədiyini təsdiq edir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, prosessual müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Masallı Rayon Məhkəməsinin 1 aprel 2026cı il tarixli *(***)-****/**** saylı qərardadından İbişov Vüqar Nurbala oğlu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-538/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-538/2026
18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver