Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-556/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən (hakim. V.Qasımov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 4900 manat pulun və ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Kommisiyasının qərarına əsasən cavabdeh Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə 7.6448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və ##.##.2024-cü il tarixdə cavabdeh Cavabdeh həmin torpağı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 908013058341 nömrə ilə qeydə aldırmış və bu barədə ona çıxarış verilmişdir. Təxminən 2008-ci ildə cavabdeh Cavabdeh ailə üzvləri ilə razılaşaraq birgə mülkiyyətlərinə verilmiş 7.6448 hekatar torpaq sahələrini 11000 ABŞ dollarına ona satmışdır. Həmin torpaq sahəsindən 2024-cü ilin noyabr ayına qədər öz mülkiyyəti kimi istifadə etmişdir. Belə ki, 2024cü ilin sentyabr ayında Cavabdeh ona qarşı 7.6448 hekatar torpaq sahəsindən qanunsuz istifadənin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. O, da Cavabdeh qarşı həmin torpağa görə verdiyi pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh məhkəmədə iddia qaldırmamışdan əvvəl bu barədə Saatlı RPŞ-nə şikayət etmiş, bu barədə RPŞ-nə izahat vermiş və izahatında qeyd etmişdir ki, 7.6448 hekatar torpaq sahəsini 4900 manata ona satmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh bildirmişdir ki, əgər torpaq sahəsindən çıxarsa 4900 manatı ona verəcəkdir. Vasib Latipoviçin dediklərinə inanaraq mübahisəli ərazidən çıxmış və məhkəmədə mülki iş baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh onu aldadaraq ona heç bir pul ödəməmişdir. Ona görə də hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərini təsdiq edəcək sənədlər Saatlı rayon məhkəməsində baxılmamış saxlanılan *(***)-****/**** saylı mülki işin materiallarına əlavə edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxışı zamanı cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 4900 manat pulu iddiaçıya geri qaytarmışdır. Onun iddiaçı ilə münasibəti olmadığı üçün pulu, bələdiyyə sədri Dursuna vermiş, sonuncu da pulu iddiaçıya maşında verdiyini ona bildirmişdir. Həmin pulun iddiaçıya verilməsini o, görməmişdir. Lakin Dursun ona bildirmişdir ki, pulu Miləzə vermişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, tərəflərin arasında problem olduğu üçün o, vasitəçi olmuşdur. Vasib onun evinə gələrək ona 4900 manat pul vermişdir. Onlar da, torpaq sahəsinə gedərək həmin 4900 manat pulu sayıb Miləzə vermişdir. Miləzlə 10 gün olar 4-5 nəfərin içində söhbət eləyəndə Miləz ona bildirmişdir ki, “bəli səndən pulu almışam, amma sən məhkəməyə getsən pulu aldığımı deməyəcəm”. Bunu təsdiq edəcək kamera çəkilişi də vardır. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 4900 manat məbləğində pul və ödənilmiş 69 manat dövlət rüsumu, cəmi 4969 (dörd min doqquz yüz altımış doqquz) manat alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini tam ləğv edərək, iddiaçı İddiaçı ona qarşı olan 4900 manat pul tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi 4900 manat məbləğində pul ona geri qaytarılmış, bu pul 2024-cü ildə Saatlı rayonu Sımadakənd kənd sakini X2 verilmiş, sonuncu da həmin məbləği cavabdehin iştirakı ilə iddiaçıya təqdim etmişdir. Həmçinin qeyd olunmuşdur ki, pulun iddiaçıya verilməsi zamanı Saatlı rayonu Fətəlikənd kənd sakini X3 və Saatlı rayonu Sımadakənd kənd sakini X5 da iştirak etmişlər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçıya 1000 manat məbləğində başqa borcu da olmuş, həmin məbləğ də X2 vasitəsilə ödənilmişdir, lakin həmin ödəniş zamanı özü iştirak etmədiyindən məhkəmə baxışı zamanı bu halın düzgün qiymətləndirilməsində anlaşılmazlıq yaranmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, vaxtı ilə torpağa görə iddiaçıdan 4900 manat pul almış, sonradan iddiaçını torpaq sahəsindən çıxarmış və aralarında razılaşma olmuş və həmin razılaşmaya əsasən iddiaçıdan almış olduğu 4900 manat pulu Dursunla birlikdə sahəyə gedərək iddiaçıya qaytarmışdır. Pulu qaytararkən iddiaçıdan hər hansı sənəd almamışdır. İddiaçı İddiaçı qeyd etmişdir ki, cavabdehin danışdığının hamısı yalandır. Nə cavabdeh nə də Dursun ona hər hansı pul verməmişdir. Vermişlərsə qoy sübutunu versinlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini tam ləğv edərək, iddiaçı İddiaçı ona qarşı olan 4900 manat pul tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin araşdırılan halları və iddiaçının və cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsini istifadə etmişdir. Tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuşdur. Həmin məhkəmə prosesində razılaşmışlar ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsindən çıxacaq, əvəzində iddiaçının cavabdehə ödədiyi 4900 manat pulu cavabdeh iddiaçıya qaytaracaqdır. Bu işin mübahisəsiz halıdır. Çünki cavabdeh də, bu halı təsdiq etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cabadehlə razılaşdıqları kimi cavabdehə məxsus torpaq sahəsində çıxsa da, cavabdeh ona söz verdiyi 4900 manat pulu ona qaytarmamışdır. Cavabdeh isə öz növbəsində həmin 4900 manat pulu iddiaçıya qaytardığını bildirmişdir. Lakin məhkəmə araşdırması dövründə cavabdeh, pulun iddiaçıya qaytarılmasını təsdiq edəcək hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Məhkəmə şahid qismində dindirilmiş X2 ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, şahidin ifadəsində göstərdiyi faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, şahid ifadəsində iddiaçıya pulu torpaq sahəsinin yanında verdiyi bildirsə də, cavabdeh şahidin pulu iddiaçıya avtomobildə verdiyini bildirmişdir. Bundan başqa, şahid marketin qarşısında iddiaçının ona pulu aldığını etiraf etdiyi və bununla bağlı marketin kamera çəkilişi də olduğunu bildirmişdir. Cavabdehə qeyd edilən videoçəkilin məhkəmə təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh həmin videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin bütün hallarını tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmiş, təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin dinlənilmək hüququnu pozmuşdur. Şikayətdə göstərilmişdir ki, məhkəmə iddiaçının əsassız varlanmaq istəyinə hüquqi qiymət verməmiş, tərəflər arasındakı münasibətlərin bütün hallarını, o cümlədən sonrakı davranışlarını və təqdim edilmiş sübutları nəzərə almamışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına gəlir əldə etmək istəyir, lakin məhkəmə bu mübahisəli hallara diqqət yetirməmişdir. Bununla yanaşı, cavabdeh bildirmişdir ki, onun təqdim etdiyi şahidlər, X2, X3 və X5 məhkəmə tərəfindən dindirilməmiş, nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam aydınlaşdırılmamışdır. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmiş, tərəflərin bərabərliyi prinsipini pozmuş, iş üçün əhəmiyyətli olan halları sübuta yetirilməmiş hesab etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında mübahisə torpaq sahəsinin istifadəsi ilə bağlı yaranmış, sonradan həmin münasibətlər çərçivəsində cavabdehin iddiaçıya 4900 manat məbləğində pul qaytarmalı olması barədə razılıq əldə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus 7,6448 hektar torpaq sahəsindən istifadə etmiş, daha sonra tərəflər arasında aparılmış əvvəlki məhkəmə mübahisəsi zamanı razılığa gəlinmişlər ki, iddiaçı torpaq sahəsini tərk edəcək, cavabdeh isə əvəzində iddiaçıya 4900 manat məbləğində pul qaytaracaqdır. Bu halın mövcudluğu iş üzrə mübahisələndirilən hal deyildir. Əksinə, cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatda həmin 4900 manat məbləğində pulun qaytarılmalı olduğunu etiraf etmiş, yalnız həmin pulu sonradan ödədiyini bildirmişdir. Buna görə də iş üzrə əsas mübahisə pul öhdəliyinin mövcudluğu deyil, həmin öhdəliyin icra olunub-olunmaması məsələsidir. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, 4900 manat məbləğində pul iddiaçıya qaytarılmış, həmin pul X2 verilmiş və o da pulu iddiaçıya təqdim etmişdir. Lakin kollegiya hesab edir ki, bu dəlil birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh pulun ödənildiyini iddia etdiyindən həmin faktın sübut edilməsi də onun üzərinə düşürdü. Bununla belə, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı 4900 manatın iddiaçıya faktiki qaydada verilməsini təsdiq edən hər hansı yazılı sübut, qəbz, ödəniş sənədi və ya digər mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, cavabdeh pulun qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin əsasını təşkil edən şahid ifadələri də qətnamənin ləğvi üçün əsas vermir. Şikayətdə göstərilmişdir ki, X2, X3 və X5 hadisənin şahidləri olmuşlar. Lakin iş materiallarından görünür ki, X2 birinci instansiya məhkəməsində dindirilmiş və onun ifadəsinə qiymət verilmişdir. Şahid bildirmişdir ki, 4900 manat pulu iddiaçıya vermişdir, eyni zamanda iddiaçının sonradan ona pulu aldığını etiraf etdiyini və bununla bağlı videoçəkilişin olduğunu göstərmişdir. Lakin həmin videoçəkiliş məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, şahidin ifadəsi ilə cavabdehin izahatı arasında mühüm ziddiyyət mövcud olmuşdur. Şahid pulun torpaq sahəsinin yanında verildiyini bildirdiyi halda, cavabdeh pulun avtomobildə verildiyini göstərmişdir. Apellyasiya şikayətində məhkəmənin şahidləri dindirməməsi və işin hallarını tam araşdırmaması barədə dəlillər də öz təsdiqini tapmır. Çünki iş üzrə əsas mübahisə pulun qaytarılıb-qaytarılmaması ilə bağlı olmuş, bu faktın sübut edilməsi üçün isə ən etibarlı sübut vasitəsi ödənişi təsdiq edən sənədlər və ya digər obyektiv məlumatlar olmalı idi. Cavabdeh tərəfindən isə belə sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh özü də məhkəmə iclasında pulu birbaşa iddiaçıya vermədiyini, pulu Dursuna verdiyini və sonradan Dursunun ona pulu çatdırdığını bildirdiyini göstərmişdir. Yəni, cavabdehin öz izahatından da görünür ki, o, pulun iddiaçıya verilməsi faktını şəxsən müşahidə etməmiş, yalnız üçüncü şəxsin sözlərinə əsaslanmışdır. Apellyasiya şikayətində Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 14.2.7, 404.2 və 1091.1-ci maddələrinə, habelə MPM-in 8.1, 14.2 və 88-ci maddələrinə istinad olunaraq məhkəmənin qanunu düzgün tətbiq etmədiyi göstərilmişdir. Kollegiya hesab edir ki, həmin istinadlar formal xarakter daşıyır və konkret prosessual və ya maddi hüquq pozuntusunu təsdiq etmir. Birinci instansiya məhkəməsində həm iddiaçı, həm də cavabdeh iştirak etmiş, hər iki tərəfin izahatları dinlənilmiş, şahid dindirilmiş və təqdim olunmuş sübutlar araşdırılmışdır. Qətnamənin məzmunundan da görünür ki, məhkəmə tərəflərin bütün dəlillərini təhlil etmiş, sübutetmə yükünü düzgün bölüşdürmüş və nəticəyə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında gəlmişdir. Buna görə də cavabdehin dinlənilmək hüququnun, tərəflərin bərabərliyi prinsipinin və ya sübutların qiymətləndirilməsi qaydalarının pozulması barədə dəlilləri iş materialları ilə təsdiq olunmur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-556/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-556/2026
11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver