Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-58/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, faizlərin və cərimələrin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2(073)-1963/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İşdə olan İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşmasından görünür ki, bank tərəfindən X4 120 ay müddətinə illik 30 %-dən çox olmamaq şərtilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2023- cü il tarixli razılaşmadan görünür ki, bank tərəfindən X4 24 ay müddətinə illik 20 % olmaqla şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023- cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2022- ci il tarixli 22033-1-1331697-1 №-li ipoteka müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilədən görünür ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 21000 (iyirmi bir min) manat məbləğində müəyyənləşdirilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, iddiaçı Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Alar kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 məxsus ünvan 1i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m-lik fərdi yaşayış evində ailə üzvləri anası Cavabdeh1, həyat yoldaşı Cavabdeh3 X6 və oğlu X7 yaşayırlar. İşdə olan iddiaçı Bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı Bank tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ƏMDX DƏDKR X12 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydiyyata alınmışdır. İşdə olan borcun hesablanması haqqında arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka olan borcunun məbbği: 16460,13 manat əsas borc, 3073,07 manat faiz borcu və 221,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat təşkil edir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı kreditin, faizlərin və cərimələrin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "Bank Respublika xeyrinə 16460,13 manat əsas borc, 3073,07 manat faiz borcu və 221,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat məbləğin və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 149.26 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövtəl rüsumu kimi ödənilmiş 15 manat, xidmət haqqı kimi ödənilmiş 36 manat olmaqla, cəmi 19754,96 manat və 200.26 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə olunan 19754,96 manat və 200.26 manat pulun "Bank Respublika” ASC-yə ödənilməsi, evin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, İddiaçı ASC ilə bağlanılan xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsinə əsasən X8 luna 120 ay müddətinə illik 30 %-dən çox olmamaq şərtilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli 33120***-*******0İL saylı kredit müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli razılaşma imzalanaraq X4 24 ay müddətinə illik 20 % haqq ödəmək şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2022-ci il tarixli 22033-1-1331697-1 №-li ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan ünvan 1i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ xx.xx.2022-ci ildə AR ƏMDK yanında DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsi bağlanmış və o kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra edilməmişdir. X1 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. (Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 425 saylı akt qeydinə əsasən ölümün qeydiyyatı aparılmışdır). Cəlilabad rayon İH-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, mərhum X2 anası Cavabdeh1, arvadı Cavabdeh3 və yetkinlik yaşına çatmayan övladları X6 ilə X7 onunla birgə yaşayan ailə üzvləridir. X2 xx.xx.2025-ci il tarixə Banka olan borcunun məbləği: 16460,13 manat əsas borc. 3073,07 manat faiz borcu və 22 1,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat təşkil edir. Bank tərəfindən cavabdehlərə yazılı şəkildə bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən bildirişə münasibət bildirilməmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1963/2025 saylı qətnaməsi ilə (hakim Osman Vəliyev) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 445.2.1, 1243.2, 1243.3, 1306.1, 1306.5, 472.1, 472.2, 462.1, 317.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023- cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun müddəti göstərilməmiş, zaminliyin müddəti əsas öhdəliyin icrası müddəti ilə şərtləndirilmişdir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, İddiaçı ASC-in kredit müqaviləsi üzrə 221.76 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh2 məhkəmənin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bankla onun arasında xx.xx.2023-cü il tarixli, FİZAM119486201 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kredit limiti üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə və ödəniş cədvəlinə uyğun olaraq üzərinə düşən öhdəlikləri hər ay davamlı şəkildə yerinə yetirmiş, kreditora olan borcun ödənilməsi istiqamətində mütəmadi ödənişlər etmişdir. Lakin digər X1nun vəfat etməsi səbəbindən kredit üzrə ödənişlər müəyyən müddət dayandırılmışdır. Daha sonra zaminlər bankla razılığa gələrək krediti hissə-hissə ödəmək barədə razılaşmış və bu razılaşmaya uyğun şəkildə ödənişləri davam etdirmişlər. Buna baxmayaraq, bank kreditin ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödənilmədiyini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, məhkəmə qətnaməsi əsassızdır. Bank tərəfindən faiz borcu artıq hesablanmış, əsas borc isə şişirdilmişdir. Onun tərəfindən ödənilmiş məbləğlər ödəniş qrafikinə uyğun qaydada bölüşdürülməmiş, ödənişlərin hamısı faiz borcuna silinmiş, buna baxmayaraq faiz borcu yenə də artıq məbləğdə hesablanmışdır. Bank əsas və faiz borcunu hesablayarkən düzgün olmayan yanaşmaya yol vermiş və nəticədə həm əsas, həm də faiz borcu artıq müəyyən edilmişdir. Bu səbəbdən həmin hissədə əmtəəşünaslıq ekspertizasının təyin edilməli olduğunu və əsas və faiz borcuna düzgün hüquqi qiymət verilməsinin zəruri olduğunu bildirmişdir. 18 aprel 2024-cü il tarixli qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-(073)-1963/2025 saylı qətnaməsinin dəyişdirilərək, iddianın əsas və faiz borcu hissəsində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəf apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında göstərmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şikayətçi apelyasiya şikayətində qətnamənin maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərmiş və qətnamənin əsas və faiz borcuna münasibətdə dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən əsas və faiz borcunun azaldılması və qətnamənin dəyişdirilməsi üçün əsas olan halları təsdiq edən sübutlar barədə apellyasiya şikayətində heç bir əsaslandırma və bunları təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, işə baxan İ instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin təmin olunması nəticəsinə gələrkən qətnamədə bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları yəni iddianın əsaslı olmasını təsdiq edən hüquqi sənədlər iş materiallarında mövcud olmaqla heç bir ziddiyyətli fakta rast gəlinməmiş və iş materiallarına və iddiaçı tərəfindən təqdim edilən sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət vermişdir. Şikayətçi Cavabdeh2 tərəfindən verilən apelyasiya şikayəti məhkəmə işinin lüzumsuz yubadılmasına və məhkəmə qətnaməsinin gələcəkdə tez bir zamanda icra olunmasını məqsədyönlü uzadılmasına hesablanmış şikayətdir. Yekun məhkəmə aktından sonra yəni Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən sonra cavabdeh tərəfindən 2025-ci ilin oktyabr ayından cari ilin yanvar ayına qədər hər ay hissə-hissə 400 manat olmaqla cəmi 1600 (bir min altı yüz) manat ödəniş edilmişdir. Bu ödənişlərin məhkəmə qətnaməsindən sonra ödənilməsi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas və səbəb ola bilməz. Borclu qətnamədən sonra ödənişləri özü könüllü olaraq banka ödəmişdir. Bu hal da, cavabdehlər tərəfindən borcun etiraf edilməsi üçün əsaslı bir faktordur. Göründüyü kimi, əsas məsələ borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasını təstiq edilən sənədlər əsasında təsdiq olunması bir daha sübuta yetirilir. Cavabdeh müəyyən ödənişlərdən sonra məqsədyönlü şəkildə ödəniş etməklə ödənişin düzgün hesablanmaması ilə əlaəqdar şikayət vermiş və mühasibatlıq ekspertizanısının keçirilməsini də tələb etmişdir. Lakin mühasibatlıq ekspertizanın keçirilməsi üçün əsas olan halları apelyasiya şikayətində sadalmamamış eyni zamanda bu tələbə dair sübutları da məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində də bu xüsusatı məhkəmənin diqqətinə çatdırmamış buna dair müvafiq vəsatət verməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabadeh Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində aradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu halı üzrlü hesab edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh Əzimov X3 Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-(073)-1963/2025 saylı qətnaməsinin dəyişdirilərək, iddianın əsas və faiz borcu hissəsində azaldılmasını xahiş etdiyindən, qətnamə Cavabdeh2 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2.-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1963/2025 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbinin Cavabdeh2 münasibətdə qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği cavabdeh X4 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini kreditora ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsinə əsasən kreditora 16460,13 manat əsas borc, 3073,07 manat faiz borcu və 221,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat borcu yaranmışdır. Digər Cavabdeh2 isə bank ilə bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Hazırki iş üzrə X5 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh – Cavabdeh2 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh bankla bağlanmış zaminlik müqaviləsinə əsasən kredit öhdəliyinin icrasına görə kreditor qarşısında məsuliyyət götürmüşdür. Zaminlik öhdəliyi əsas öhdəliyin taleyindən asılı olmaqla yanaşı, kreditor qarşısında müstəqil məsuliyyət yaradır. Cavabdeh faiz və əsas borcun artıq hesablandığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı alternativ hesablamalar, mühasibat sənədləri və ya əsaslandırılmış rəy təqdim etməmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsi, ödəniş qrafiki, hesabdan çıxarışlar və bank tərəfindən təqdim edilmiş borc hesablamasına əsasən borcun məbləğini müəyyən etmişdir. Həmin hesablamalar müqavilə şərtlərinə uyğun aparılmış, ödənişlərin silinmə ardıcıllığı müqavilə və bank praktikasında qəbul olunmuş qaydada tətbiq edilmişdir. Cavabdeh tərəfindən bu ardıcıllığın pozulmasını sübut edən mötəbər dəlil təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh apellyasiya instansiyasında mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində belə bir vəsatət qaldırmaq imkanı olmuş, lakin həmin hüquqdan istifadə edilməmişdir. Prosessual hüquqların vaxtında həyata keçirilməməsi (hazırki iş üzrə ekspertizanın təyin olunması barədə Cavabdeh2 tərəfindən vəsatətin birinci instansiya məhkəməsinə təqdim olunmaması) apellyasiya mərhələsində qeyd olunan halın yenidən araşdırılması üçün əsas sayıla bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, ekspertiza yalnız həqiqətən xüsusi bilik tələb edən və mövcud sübutlarla aydınlaşdırılması mümkün olmayan hallar olduqda təyin edilir. Hazırkı iş üzrə borcun hesablanması müqavilə şərtləri, ödəniş qrafiki və bank sənədləri əsasında aparılmış, məhkəmə tərəfindən həmin sənədlər məcmu halında qiymətləndirilmişdir. Hesablamaların mürəkkəb və ya xüsusi iqtisadi təhlil tələb etdiyi müəyyən edilməmişdir. Bu səbəbdən ekspertiza təyin edilməsinə zərurət müəyyən edilmir. Apellyasiya şikayətində irəli sürülən, əsas və faiz borcunun şişirdilmiş olması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2(073)-1963/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 apellyasşya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1963/2025 saylı qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-58/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-58/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver