Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-6/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, 05 mart 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qətnaməsindən (hakim A.Pənahov) iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat, bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat və iş üzrə ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 143100 (bir yüz qırx üç min bir yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 222/R saylı müqavilə əsasında X1 olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə cəmi borcu 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat təşkil edir. Bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasındakı izahatında və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində Cavabdeh 11 aprel 2013-cü il tarixli 182 saylı kredit müqaviləsinə və 11 aprel 2013-cü il tarixli 182/1 saylı İpoteka müqaviləsinə istinad etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ilə "xxxx" MTK ilə aralarında 10 aprel 2013-cü il tarixli, 222/R saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzilin bir kv.metrini 900 manata razılaşaraq almışdır. Qeyd edilən mənizilin dəyərini 2015-ci il tarixdə tam ödədikdən sonra MTK tərəfindən Cavabdeh maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə ******* reyestr nömrəli mülkiyyəti təsdiq edən çıxarış təqdim edilmişdir. 2013-cü ildən bu günə qədər ailəsi ilə birlikdə mülkiyyətində olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzildə yaşayır. İddiaçının iş materiallarına əlavə etdiyi 11 aprel 2013-cü il tarixli kredit və ipoteka müqavilələrindən göründüyü kimi müqavilələr iddiaçı tərəfindən imzalnmış Cavabdeh tərəfindən isə hər iki müqavilə imzalanmamışdır. Bu isə onu təsdiq edir ki, iddiaçının təqdim etdiyi və istinad etdiyi müavilələr tam təsdiqlənməmiş, təsdiqlənmədiyi isə cavabdeh tərəfindən iddiaçıdan hər-hansı bir təminat verilməklə pul məbləği götürülməmişdir. Əgər həqiətən də müqavilə bağlanmışdırsa, bəs nə üçün kreditin təminatı olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzilin yüklü edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş iddia tam əsassızdır və heç bir sübutla təsdiq edilmir. Ona görə də, iddia tamamı ilə rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli qərarına əsasən, Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsi Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda qeyd edir ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarında olan sübutlar əsasında məhkəmə yekun məhkəmə aktı qəbul edə bilər. İşin məhkəmə baxışının yekunlaşması mümkündür. Odur ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavadeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətmanə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunu təsdiq edən sənədlərdən biri olan cavabdehə aid olan və xx.xx.2013-xx.xx.2016-cı il tarixli ödənişləri əhatə edin **********209 nömrəli hesabdan çıxarış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2013-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ssuda və faizin ödənilməsi üçün), xx.xx.2013-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ipoteka krediti üçün aylıq annuitet ödənişi), xx.xx.2014-cü il tarixdə 10.000 manat (ödənişin təyinatı: ssuda və faizin ödənilməsi üçün), xx.xx.2014-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ipoteka krediti üçün aylıq annuitet ödənişi) məbləğlərdə ödəniş qəbzlərindən də göründüyü kimi **********209 nömrəli hesab vasitəsilə həyata keçirilmişdir və Cavabdeh bankdan aldı kredit üzrə əsas və fazi borcları üzrə silinmişdir. Cavabdeh bank tərəfindən xx.xx.2013-cü il tarixdə 143 100 manat məbləğində kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd edildiyi kimi 2013-cü il tarixindən cavabdeh tərəfindən kredit üzrə həyata keçirilmişdir. Əgər cavabdeh tərəfindən kredit götürülməmişdirsə, kreditin götürülməsi əks olunmuş tarixin göstərildiyi hesabdan çıxarışda ödənişlər 2013-cü il tarixdən başlamazdı. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq – aşkar qeyd olnmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi **********2090000 nömrəli hesabdan cavabdeh tərəfindən 201 981 manat məbləğində məxaric edilmişdir. Sözsüz ki, cavabdeh 201.981 manat məbləğində vəsaitin onun tərəfindən bankdan götürüldüyünü inkar etmir. Məhkəməyə kassa məxaric orderi və mədaxil qəbzlərinin əsli təqdim edilmişdir. Həmin mədaxil qəbzləri və kassa məxaricdə göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Cavabdehin bankdan almadığı kredit üzrə niyə ödəniş etdiyi sualını Lənkəran Rayon Məhkəməsi öz qətnaməsində cavablandırmamışdır. Həmçinin məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilsəydi, ödəniş qəbzlərində göstərilən və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər müqavilə şərtlərinə uyğun hesablanmış olacaq və məbləğ maliyyə arayışında göstərilən məbləğlə eyni olacaqdı. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsaiti əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını nəzərə almamışdır. "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 74 saylı mənzilin Cavabdeh tərəfindən alınması məqsədilə 222/R nömrəli müqavilə imzalanmışdır. Nəticə olaraq "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 222/R il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2013-cü il tarixli 182 saylı kredit müqaviləsində kreditin təyinatı Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 74 saylı mənzilin alınması ilə bağlıdır. 182/1 saylı ipoteka müqaviləsində ipoteka predmeti yuxarıda qeyd olunan mənzildir. Bundan başqa cavabdeh yalnız onun ilə "xxxx" MTK arasında 222/R saylı müqavilənin imzalandığını inkar etmir, ancaq nə isə ödənişləri banka ödəyir, "xxxx" MTK-nın hesabına ödəniş qəbzlərini təqdim etməmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən həmin sənədə istinad edilərək iddia ərizəsinin təmin edilməməsi əsassızdır. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan və MB-ACCR.E-CBAR.AZ və Azərbaycan Kredit Bürosundan çıxarışlarda da ******************** nömrəli hesab üzrə görünür ki, xx.xx.2013cü il tarixdə 143.000 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, cavabdehlə həm kredit həm də bəhs edilən ipoteka müqaviləsi bağlanmışdır. Lakin kredit, həmçinin ipoteka müqavilələri banka tərəfindən imzalanıb möhürlənsə də həmin müqavilələr Cavabdeh tərəfindən imzalanmamışdır. Bunu şəksiz qəbul edirlər. Kredit müqaviləsi üzrə cavabdehə 143 100 manat pul vəsaiti verilmiş və cavabdeh tərəfindən elə təxminən 143 100 manat məbləğində də banka ödəniş edilmiş və bununla bağlı cavabdehə MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Bundan sonra cavabdeh müvafiq sənədləri DƏDRX-nə təqdim edərək mübahisəli mənzilə dair müvafiq çıxarış əldə etmişdir. Cavabdeh banka yalnız götürdüyü krediti ödəmişdir. Həmin kreditə görə faiz və sairə ödənişləri ödəməmişdir. Bildirmişdir ki, 143100 manat kreditin cavabdehə verilməsi ilə bağlı kassa məxaric orderi yoxdur. 201 000 manat pula görə ödənişlərin 143100 manat kreditə heç bir aidiyyəti yoxdur. Banka edilən ödənişlərin kim tərəfindən ödənilməsini bilmirik. Cavabdeh kollegiyanın iclası zamanı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, bankdan hər hansı məbləğdə kredit götürməmişdir. Sadəcə "xxxx" MTK-dan payçı kimi ev götürmüş və həmin evə görə 2 il ərzində 143 100 manat ödəniş etmişdir. "xxxx" MTK-nın təsisçisi eyni zamanda İddiaçı ASC sədri olmuş və tikinti işləri də onun tərəfindən həyata keçirilmişdir. Evi bankdan deyil, MTK-dan almış, payçı olaraq evə görə 143 100 manat məbləğində ödənişlər etmiş və bununla bağlı MTK tərəfindən ona borcunun olmaması ilə əlaqədar maliyyə arayışı verilmiş, bundan sonra sənədləri DƏDRX-nə təqdim edərək mənzilə dair çıxarış əldə etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 da eyni məzmunlu izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehin bankdan kredit götürülməsi ilə bağlı iddiaçı tərəfdə hər hansı sübut yoxdur. Məhkəməyə təqdim edilən kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmayıb. Həmçinin işdə yazılı və cavabdeh tərəfindən imzalanan ipoteka müqaviləsi də mövcud deyil və ipoteka müqaviləsi qanunvericiliyin tənzimlədiyi kimi dövlət reyestrində qeydiyyatdan keçməyib. Belə olan halda anlaya bilmir ki, hazırda Cavabdeh hansı səbəbdən bu iş üzrə cavabdeh olan şəxsdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli maliyyə arayışından qeyd edilmişdir ki, Cavabdeh ******************** saylı 11 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə cəmi borcu 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat təşkil edir. Bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat faiz borcu təşkil edir. Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixdə 20.000 manat, xx.xx.2013-cü il tarixdə 20.000 manat, xx.xx.2014cü il tarixdə 10.000 manat, xx.xx.2014-cü il tarixdə 20.000 manat ödəniş edilmişdir. Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə 201.981 manat ödəniş edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh oöluna ünvanlanmış Bildirişdən görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 38.245,52 manat borcunu 3 gün müddətində ödəməsi ondan tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 148,8 kv.m. olan daşınmaz əmlak (mənzil) Cavabdeh xüsusi mülkiyyətindədir. "xxxx" MTK tərəfindən təqdim edilmiş MTK-nın üzvlərinin ümumi iclasının 1 №-li Protokolundan xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətari rayonu, 1130-cu məhəllə, Babək prospektində yerləşən 10 “a” saylı evin 74 saylı mənzilininpayçısı olması təsdiq edilərək, sənədlər payçıya çıxarış verilməsi üçün DƏDRX-nə göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə tərəflər arasında təsdiqlənmiş xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsi və həmin kredit müqaviləsinə əsasən, Cavabdeh kredit vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) təqdim edilməmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsində yalnız İddiaçı ASC-nin İdarə heyətinin sədri Z.B.Quliyevin imzası və bankın möhürü olmaqla, Cavabdeh imzası mövcud deyildir. Göründüyü kimi, iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş hesabdan çıxarışlara, ödəniş qəbzlərinə və kassa məxaric orderinə lazımi hüquqi qiymət verilməmiş, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi faktı nəzərə alınmamışdır. Apellyator hesab etmişdir ki, cavabdeh tərəfindən 2013–2014-cü illərdə həyata keçirilmiş ödənişlər onun bankdan kredit vəsaiti götürdüyünü təsdiq edir və bu hal məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyindən iddia tələbi əsassız olaraq rədd edilmişdir. Həmçinin apellyator göstərir ki, kredit müqaviləsinin mövcudluğu və kredit vəsaitinin verilməsi hesabdan çıxarışlar və digər maliyyə sənədləri ilə təsdiq olunur, lakin məhkəmə həmin sübutları lazımi qaydada araşdırmamış və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehdən kredit borcunun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmiş, tələbinin əsası kimi xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə və həmin tarixli ipoteka müqaviləsinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdırarkən əsaslı olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən istinad edilən kredit və ipoteka müqavilələri cavabdeh tərəfindən imzalanmamış və həmin müqavilələrin bağlanmasını, eləcə də kredit vəsaitinin verilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, ipoteka hüququnun yaranması üçün daşınmaz əmlak üzərində ipoteka hüququnun dövlət qeydiyyatına alınması zəruridir. İş materiallarında isə mübahisə predmeti olan mənzil üzərində iddiaçı bankın xeyrinə ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sənəd və ya mötəbər sübut mövcud deyildir. Bu hal isə ipoteka hüququnun yaranmadığını və nəticə etibarilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin hüquqi əsasının olmadığını göstərir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə iddia tələbinin əsasını təşkil edən hüquqi faktları, yəni kredit müqaviləsinin bağlanmasını, kredit vəsaitinin cavabdehə verilməsini və ipoteka hüququnun yaranmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu səbəbdən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iddiaçı tərəfindən cavabdehin bank hesabına müəyyən ödənişlərin həyata keçirilməsi, hesabdan çıxarışlar və kassa sənədləri göstərilərək kredit münasibətlərinin mövcud olduğu iddia edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, həmin sənədlər kredit müqaviləsinin bağlanmasını və cavabdehin konkret olaraq iddiaçı ilə öz aralarında kredit öhdəliyi götürməsini və yaranmasını birmənalı şəkildə təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmin ödənişlərin hansı hüquqi münasibətlər çərçivəsində həyata keçirildiyi, eləcə də onların məhz iddiaçı tərəfindən göstərilən kredit müqaviləsi ilə bağlı olub-olmaması iş materialları ilə tam sübuta yetirilməmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etirazlarda göstərilmişdir ki, o, yalnız mənzilin alınması ilə bağlı tikinti kooperativi ilə müqavilə bağlamış, lakin iddiaçı bankla kredit və ipoteka müqavilələrini imzalamamışdır. Birinci instansiya məhkəməsi bu halı iş materialları ilə müqayisəli şəkildə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələr cavabdehin imzasını daşımadığından həmin sənədlər kredit öhdəliyinin mövcudluğunu təsdiq edən etibarlı sübut kimi qəbul edilə bilməz. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi də həmçinin göstərmişdir ki, cavabdehlə həm kredit həm də bəhs edilən ipoteka müqaviləsi bağlanmışdır. Lakin kredit, həmçinin ipoteka müqavilələri bank tərəfindən imzalanıb möhürlənsə də həmin müqavilələr Cavabdeh tərəfindən imzalanmamışdır. Bunu qəbul edirlər. Kredit müqaviləsi üzrə cavabdehə 143 100 manat pul vəsaiti verilmiş və cavabdeh tərəfindən elə təxminən 143 100 manat məbləğində də banka ödəniş etmişdir. Cavabdeh banka yalnız götürdüyü krediti ödəmişdir. Həmin kreditə görə faiz və sairə ödənişləri ödəməmişdir. Bildirmişdir ki, 143100 manat kreditin cavabdehə verilməsi ilə bağlı kassa məxaric orderi yoxdur. 201 000 manat pula görə ödənişlərin 143100 manat kreditə heç bir aidiyyəti yoxdur. Banka edilən ödənişlərin kim tərəfindən ödənilməsini bilmirlər. Şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2(049)-38/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-6/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-6/2026
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver