Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-618/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “3000 manat borc və 50 manat dövlət rüsumu” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Işdə olan ## ######## 2025-ci il tarixli Cəlilabad rayon X2 Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 verdikləri izahatında iddiaçı İddiaçı 3000 manat pul almalarını etiraf etmişlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, ## ###### 1976-cı il tarixində Cəlilabad şəhərində doğulmuşdur. Hazırda fərdi əməklə məşğul olur. Bundan başqa, ailə üzvləri ilə birlikdə qapı-pəncə təmiri ilə məşğul olur. Cavabdehlər cavabdeh2 və cavabdeh1 Cəlilabad rayon sakini kimi tanımış və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin qış aylarında cavabdehlər ona müraciət edərək, kartof almaq üçün pula ehtiyaclarının olduqlarını bildirmiş və ondan xahiş etdilər ki, 3000 manat borc versin. O da cavabdehlərə etibar etdiyi üçün ehtiyacları olan 3000 manal pulu borc olaraq vermişdir. Cavabdehlər ondan aldığı pulu iki ay müddətində qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər 3000 manat puldan 300 manatını geri qaytarmışlar və 2700 manat borclu qalmışlar. Lakin, cavabdehlər söz verdiyi həmin vaxtda pulu qaytarmamışlar və bu günə kimi də onun pulu qanunsuz olaraq cavabdehlərdə qalır. Dəfələrlə cavabdehlərə 2700 manat pulu tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina etmiş və onu söyüb təhqir etmişlər. O da məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ona borclu olmaları barədə məhkəməyə müraciət etməzdən əvvəl Cəlilabad rayon X2 polis bölməsinə ərizə ilə müraciət etmiş və cavabdehlər tərəfindən hədələndiyimi bildirmişdir. Onun ərizəsi əsasında Cəlilabad rayon X2 polis bölməsində araşdırma aparılmış, aparılmış araşdırma zamanı onların izahatları alınmış və cavabdehlər verdiyi izahatında 3000 manat pul almasını etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlər 3000 manat puldan 300 manatını geri qaytarmışlar və 2700 manat borclu qalmışlar. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o və digər cavabdeh cavabdeh1 ilə birlikdə kartof məhsullarının alqı-satqısı ilə məşğul olurlar. O, iddiaçı İddiaçı Cəlilabad rayon sakini kimi tanımış və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. O və cavabdeh1 2023-cü ilin qış aylarında iddiaçı İddiaçı 3000 manat borc pul almışlar. Aralarında həmin 3000 manat pulu aylıq əlavə 15 faiz ödəməklə razılaşmışlar. Aldıqları 3000 manat pulu iddiaçıya tam olaraq geri qaytarmışlar. Bundan sonra kartof məhsulunun alqı-satqısı istənilən kimi baş tutmamış və maddi imkanları zəifləmişdir. Ona görə də iddiaçıya söz verdikləri əlavə faiz məbləğlərini verə bilməmişlər. Hazırda iddiaçıya borcları yoxdur. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o və digər cavabdeh cavabdeh2 ilə birlikdə kartof məhsullarının alqı-satqısı ilə məşğul olurlar. O, iddiaçı İddiaçı Cəlilabad rayon sakini kimi tanımışdır və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. O, cavabdeh2la birlikdə 2023-cü ilin qış aylarında iddiaçı İddiaçı 3000 manat pul almışlar. Iddiaçı 3000 manat pulu onun istifadəsində olan bank kartına göndərmişdir. Onlar iddiaçıdan pulu faizə götürmüşlər. Hazırda iddiaçıya olan borclarını tam olaraq ödəmişlər. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 2700 (iki min yeddi yüz) manat borcun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.7, 324.1, 329.2, 390.1, 385.1, 739.1, 740.1, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 76.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya borcları yaranmışdır. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 3000 manat pul tələbində qismən haqlıdır. Belə ki, məhkəmə iclasında iddiaçı İddiaçı cavabdehlərin ona 3000 manat borcdan 300 manat qaytarmasını bildirmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Bizim iddiaçıya heç bir borcumuz qalmamışdır. Nəzərə alınmalıdır ki, mən cavabdeh olaraq birinci instansiyası məhkəməsində izahatımda bildirmişəm ki, mən və digər cavabdeh cavabdeh1 ilə birlikdə kartof məhsullarının alqı-satqısı ilə məşğul olmuşuq. Iddiaçı İddiaçı rayon sakini kimi tanımışıq. Belə ki, iddiaçı faizə pul verməklə məşğuldur. Mən və Yalçın iddiaçıdan 2023-cü ilin qış aylarında 3000 manat məbləğində faizə pul götürdük. Aramızda olan razılaşmaya əsasən iddiaçıdan aldığımız faizə pulu hər ay əlavə 15 faiz olmaqla ödəmək barədə razılığa gəldik. Iddiaçıdan aldığımız faizə pulun 3000 manatını tamamilə qaytardıq. Lakin kartofun satışında ziyan etdiyimiz üçün iddiaçı ilə razılaşdığımız əlavə faizi ödəyə bilmədik. Bizim iddiaçıya heç bir borcumuz yoxdur. Iddiaçıdan aldığımız 3000 manat pul iddiaçıya tam olaraq ödənilmişdir. Iddiaçının bizdən tələb etdiyi pul onun hesabladığı faiz məbləğləridir. Məhkəmənin nəzərinə çatdırıram ki, birinci instansiya məhkəməsi Cəlilabad rayon X1 Polis Bölməsinin ## ######## 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına istinad etsə də, lakin nəticə etibarı ilə düzgün qətnamə qət etməmişdir. Halbuki, həmin qərardan da görünür ki, mən iddiaçıdan 3000 manat pulu aldığımı və həmin pulun geri qaytarılmasını bildirmişəm”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, tərəflər arasında barışıq əldə olunmamışdır. Cavabdehlərə 10 gün müddətinə qaytarmaq şərti ilə 3.000 manat məbləğində borc vermiş, 10 gün üçün 100–200 manat məbləğində faiz ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdehlərin hər ikisi birlikdə ondan 3.000 manat məbləğində borc almışdır. Hazıradək cavabdehlər tərəfindən ona yalnız 300 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsində, cavabdeh cavabdeh2 münasibətdə və apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş üzrə tərəflər arasında borc hüquq münasibətinin yaranması və iddiaçı İddiaçı tərəfindən cavabdehlərə 3.000 manat məbləğində pul vəsaitinin verilməsi mübahisəli hal deyildir. Cavabdeh cavabdeh2 həm birinci instansiya məhkəməsində, həm apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı digər cavabdeh cavabdeh1 ilə birlikdə iddiaçı İddiaçı 3.000 manat məbləğində pul aldıqlarını inkar etməmişdir. Digər cavabdeh cavabdeh1 da birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh2la birlikdə iddiaçıdan 3.000 manat pul aldıqlarını bildirmişdir. Bundan başqa, iş materiallarında olan Cəlilabad Rayon X2 Polis Bölməsinin ## ######## 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, cavabdehlər verdikləri izahatlarda iddiaçı İddiaçı 3.000 manat pul aldıqlarını etiraf etmişlər. Beləliklə, iddiaçı tərəfindən cavabdehlərə 3.000 manat məbləğində pul vəsaitinin verilməsi və bunun nəticəsində tərəflər arasında borc öhdəliyinin yaranması iş üzrə mübahisəsiz haldır. Tərəflər arasındakı mübahisə borcun yaranması ilə deyil, həmin borcun sonradan hansı həcmdə qaytarılması ilə bağlıdır. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda birinci instansiya məhkəməsi bunun əksinə nəticəyə gəlmişdir. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan sübutetmə yükünün bölgüsü tərəflərin mübahisə üzrə hansı hüquqi əhəmiyyətli fakta istinad etməsindən asılı olaraq müəyyən edilir. Hazırkı işdə iddiaçının üzərinə düşən ilkin sübutetmə yükü cavabdehlərə 3.000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi və bununla tərəflər arasında borc öhdəliyinin yaranması faktına aiddir. Lakin həmin hal cavabdeh tərəfindən nəinki mübahisələndirilmir, əksinə, onların öz izahatları ilə təsdiq edilir. Cavabdeh cavabdeh2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində iddiaçıdan 3.000 manat məbləğində pul aldıqlarını etiraf etmişdir. Belə olan halda iddiaçının borcun yaranmasına dair üzərinə düşən sübutetmə yükü yerinə yetirilmiş hesab olunur və mübahisənin sonrakı mərhələsində sübutetmə yükü cavabdehin öz etirazının əsası kimi istinad etdiyi fakta, borcun sonradan tam və ya qismən qaytarılması faktına münasibətdə onun üzərinə keçir. Çünki borcun qaytarılması öhdəliyin icrasını və nəticə etibarilə müvafiq həcmdə xitamını şərtləndirən hüquqi faktdır. Həmin hüquqi nəticədən öz xeyrinə istifadə etmək istəyən cavabdeh də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq borcun icra edildiyini sübut etməlidir. Başqa sözlə, borcun alınması faktı artıq mübahisəsiz olduğu halda iddiaçıdan eyni faktın əlavə sübutlarla yenidən təsdiq edilməsi tələb oluna bilməz. Bu mərhələdə müəyyən edilməli olan əsas məsələ cavabdehin aldığı borcu qaytarıbqaytarmamasıdır və borcun tam və ya qismən qaytarıldığını iddia edən cavabdeh həmin ödənişlərin həyata keçirildiyini mötəbər sübutlarla təsdiq etməlidir. Lakin cavabdeh cavabdeh2 borcun qaytarılmasına dair işə baxılmasının müxtəlif mərhələlərində verdiyi izahatlar nəinki mötəbər sübutlarla təsdiq olunmur, həm də öz aralarında ardıcıl deyildir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaçıdan aldıqları 3.000 manat məbləğində əsas borcu tam şəkildə geri qaytardıqlarını bildirmiş, apellyasiya şikayətində də həmin mövqeyi təkrar edərək iddiaçıya heç bir borclarının qalmadığını göstərmişdir. Apellyasiya baxışlarının birində cavabdeh cavabdeh2 3.000 manat məbləğində əsas borcu hissə-hissə tam şəkildə ödədiklərini, ödənişin 300 manatlıq hissəsinin bank kartı vasitəsilə, qalan hissəsinin isə nağd qaydada həyata keçirildiyini bildirmişdir. Lakin sonuncu apellyasiya baxışı zamanı cavabdeh əvvəlki izahatlarından fərqli olaraq iddiaçıya 300 manat və 200 manat olmaqla cəmi 500 manat ödəniş etdiklərini bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehin eyni hüquqi əhəmiyyətli faktı-borcun hansı həcmdə icra olunması barədə işə baxılmasının müxtəlif mərhələlərində bir-birini təkzib edən izahatlar verməsi onun 3.000 manat məbləğində əsas borcun tam şəkildə qaytarılması barədə dəlilinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Belə ki, cavabdehin əvvəl 3.000 manatın tam qaytarıldığını, sonradan isə cəmi 500 manat ödəniş edildiyini bildirməsi mahiyyət etibarilə bir-birini istisna edən faktiki mövqelərdir. Cavabdeh izahatları arasındakı həmin ziddiyyətin səbəbini aradan qaldıran və ya 3.000 manat məbləğində borcun tam icra edildiyini obyektiv şəkildə təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin mənasına görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan cavabdehin yalnız öz izahatına əsaslanan və həmin izahatın özünün də işin müxtəlif mərhələlərində dəyişdiyi bir şəraitdə borcun tam qaytarıldığı barədə nəticəyə gəlmək üçün kifayət qədər mötəbər sübut mövcud deyildir. Digər tərəfdən, iddiaçı İddiaçı cavabdehlərin 3.000 manat məbləğində borcdan 300 manatını qaytardıqlarını əvvəldən etiraf etmişdir. Birinci instansiya məhkəməsi də məhz iddiaçının həmin etirafını nəzərə alaraq tələb edilən 3.000 manat məbləğindən 300 manatı çıxmış və qalan 2.700 manatın cavabdehlərdən tutulması nəticəsinə gəlmişdir. Bu səbəbdən 300 manat məbləğində ödənişin həyata keçirilməsi tərəflər arasında faktiki olaraq mübahisəli deyildir və həmin ödəniş artıq birinci instansiya məhkəməsinin qətnaməsində nəzərə alınmışdır. Cavabdeh cavabdeh2 sonuncu apellyasiya baxışı zamanı bundan əlavə 200 manat da ödənildiyini bildirməsi isə fərqli hüquqi qiymətləndirmə üçün əsas vermir. Belə ki, iddiaçı əlavə 200 manat məbləğində ödənişin həyata keçirildiyini qəbul etmədiyindən həmin fakt artıq mübahisəli haldır və onun sübut edilməsi bu hala öz etirazının əsası kimi istinad edən cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin əlavə 200 manatın iddiaçıya ödənilməsini təsdiq edən bank çıxarışı, ödəniş qəbzi, yazılı təsdiq və ya bu faktı obyektiv şəkildə müəyyən etməyə imkan verən digər mötəbər sübut təqdim etməmişdir. Buna görə də cavabdehin yalnız sonuncu məhkəmə iclasında əlavə 200 manat ödəniş barədə verdiyi izahat həmin məbləğin faktiki olaraq ödənildiyinin sübutu kimi qəbul edilə bilməz. Əksinə, cavabdehin sonuncu izahatında cəmi 500 manat ödəniş etdiyini bildirməsi onun əvvəlki mərhələlərdə irəli sürdüyü 3.000 manat borcun tam qaytarılması barədə mövqeyi ilə açıq ziddiyyət təşkil edir və borcun tam icrası barədə etirazının ardıcıl faktiki əsasa malik olmadığını göstərir. Kollegiya apellyasiya şikayətində Cəlilabad Rayon X2 Polis Bölməsinin ## ######## 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edilməsini də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən hal kimi qiymətləndirmir. Belə ki, həmin qərarda cavabdehin iddiaçıdan 3.000 manat pul aldığını və sonradan həmin məbləği qaytardığını bildirməsi əks olunsa da, sözügedən qərarın bu hissəsi yalnız cavabdehin araşdırma zamanı verdiyi izahatın məzmununu əks etdirir. Cavabdehin özünün borcu qaytardığını bildirməsi, bunu təsdiq edən başqa mötəbər sübutlar olmadıqda, borcun həqiqətən də tam şəkildə qaytarıldığını təsdiq edən müstəqil sübut hesab edilə bilməz. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu özü-özlüyündə cavabdehlərin iddiaçı qarşısında mülki-hüquqi öhdəliyinin icra edildiyini təsdiq etmir. Həmin araşdırmanın predmeti cinayət əməlinin olub-olmaması məsələsi olduğu halda, hazırkı mübahisənin predmeti borc müqaviləsindən irəli gələn pul öhdəliyinin icra olunub-olunmamasıdır. Buna görə də cinayət işinin başlanmasının rədd edilməsi cavabdehin mülki-hüquqi öhdəliyinin mövcudluğunu və ya onun icra olunmadığını istisna edən hal kimi qiymətləndirilə bilməz. Kollegiya cavabdehin iddiaçı tərəfindən tələb olunan məbləğin əsas borc deyil, hesablanmış faiz məbləği olması barədə dəlilini də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, hazırkı iddia üzrə tələb cavabdehlərə verilmiş 3.000 manat məbləğində əsas borcun qaytarılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi hər hansı faiz məbləğinin tutulması barədə nəticəyə gəlməmiş, əksinə, iddiaçının qəbul etdiyi 300 manat ödənişi nəzərə almaqla qalan 2.700 manat məbləğində əsas borcun tutulmasını qət etmişdir. Tərəflər arasında borcdan istifadəyə görə faiz ödənilməsi barədə hər hansı razılaşmanın olub-olmaması cavabdehin aldığı 3.000 manat məbləğində əsas borcu qaytarması öhdəliyini aradan qaldırmır. Eyni zamanda cavabdehin iddiaçının tələb etdiyi məbləğin faizdən ibarət olması barədə dəlili iş üzrə müəyyən edilmiş hallarla təsdiq edilmir. Cavabdehin kartof məhsullarının alqı-satqısından zərər etmələri, maddi imkanlarının zəifləməsi və bu səbəbdən borcu vaxtında qaytara bilməmələri barədə izahatları da borc öhdəliyini aradan qaldıran hüquqi hal deyildir. Mülki Məcəllənin 385.1 və 739.1-ci maddələrinin məzmununa görə borclu üzərinə götürdüyü pul öhdəliyini yerinə yetirməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Borclunun maddi vəziyyətinin pisləşməsi və ya həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən zərər etməsi onun üzərinə götürdüyü pul öhdəliyinin xitamına səbəb olmur. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və sübutların məcmusu ilə cavabdehlərin iddiaçıdan 3.000 manat məbləğində borc aldıqları təsdiq olunur və bu hal cavabdehlərin özləri tərəfindən də etiraf edilir. Iddiaçı həmin məbləğdən 300 manatın qaytarıldığını qəbul etmiş və birinci instansiya məhkəməsi də həmin ödənişi nəzərə almışdır. Bununla yanaşı, qalan 2.700 manat məbləğində borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdeh cavabdeh2 borcun ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsində, apellyasiya şikayətində və ayrı-ayrı apellyasiya baxışlarında fərqli və bir-birini istisna edən izahatlar verməsi də onun borcun tam icra olunması barədə etirazının mötəbər və ardıcıl faktiki əsasa söykənmədiyini göstərir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən faktiki halları düzgün müəyyən etmiş, tərəflərin izahatlarına və iş üzrə digər sübutlara onların qarşılıqlı əlaqəsində qiymət vermiş, sübutetmə yükünü düzgün bölüşdürmüş və iddiaçı tərəfindən etiraf edilən 300 manat ödənişi nəzərə almaqla qalan 2.700 manat borcun tutulması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mahiyyət etibarilə cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü etirazların təkrarından ibarət olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yanlışlığını təsdiq edən mötəbər sübutlara əsaslanmır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara uyğun olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-618/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-618/2026
12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver