Məhkəmə qərarları › İş №2(3-9)-636/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-636/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-636/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc alan Cavabdeh borc verən İddiaçı 83000 manat məbləğdə pul almış, müqavilənin 1.1-ci bəndinə əsasən borc verən 83000 manat məbləğində pul vəsaitini borc alana borc olaraq verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür. 2.2-ci bəndindən görünür ki, borc verən müqavilədə nəzərdə tutulan məbləği borc alana müqavilə üzrə müəyyənləşdirilmiş vaxtda nağd şəkildə verməyi öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən isə borc alan borc məbləğini 7 ay müddətinə, yəni müqavilənin bağlandığı tarixdən hər ay 1000 manat olmaqla 2025-ci ilin aprel ayının 25-dək borc verənə qaytarmağı öhdəsinə götürür və müqavilə onlar tərəfindən imzalanmışdır. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh onu aldadaraq 83000 min manat məbləğdə pul vəsaitini mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Cavabdeh qeydiyyatda olduğu ünvana gedilmiş və orda yaşamaması müəyyən edilmişdir, buna görə də, həmin şəxsin izahatının alınması mükün olmamışdır. Bununla bağlı İddiaçı tanışı Cavabdeh oxa olan pul borcunun alınması ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 83000 manat məbləğdə pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun, vəkil xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 83000 manat məbləğdə borc istəmiş, həmin borcu müqavilə üzrə şərtləndirilmiş vaxtda yəni, 7 ay müddətində hər ay 1000 manat olmaqla 2025-ci ilin aprel ayının 25-dək ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilənin 2.4-cü bəndinin şərtlərini pozaraq borcu vaxtında ödəmir. Dəfələrlə bununla bağlı özünə şəxsən və sonra hüquq mühafizə orqanlarına müraciət etsə də, borclu əvvəlcə pulu qaytaracağını vəd etsə də, borcu qaytarmaqdan yayınır. Odur ki, ##.##.2024-cü il tarixli müqavilənin 4.2-ci bəndini əsas tutaraq cavabdehin borclu olduğu pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia tələbinin həcmini azaldılması barədə ərizə verərək, Cavabdeh 82000 manat məbləğdə pulun, ödənilmiş dövlət rüsumunun və vəkil xidmət haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Şirvan Şəhər Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia təmin edilərək Cavabdeh 82000 manat məbləğdə pulun alınaraq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh hüquqi xidmətə görə 330 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 339 manat, ümumilikdə 669 manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında borc münasibətlərinin olması Cavabdeh tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli borc müqaviləsi ilə təsdiq olunur. ##.##.2024-cü il tarixli borc müqaviləsinin predmeti 83000 manatdır. Müqavilədə borcun faizlərlə verilməsi şərti qeyd olunmamışdır. Həmçinin cavabdeh hazırlıq iclasında verdiyi izahatında iddiaçıdan borc qismində 83000 manat məbləğində pulu almasını etiraf etmiş, iddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdeh tərəfindən 1000 manat pulun ona qaytarılmasını bildirmişdir. Cavabdeh həmçinin izahatında borclu olduğu puldan iddiaçının qardaşının arvadına verməsini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə cavabdehin istinad etdiyi bu halı nəzərə almamış və qəbul etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə aldığı 82000 manat məbləğdə pulu müəyyən edilmiş müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə İddiaçı tələbi olduğundan Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 82000 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 385.1-ci, 421.2-ci, 421.3-cü, 425.1-ci, 430.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 448.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən vəkili olmamışdır. Bu səbəbdən müdafiə hüququ pozulmuş, iş üzrə şahid cəlb etmək və sübut təqdim etmək imkanı olmamışdır. İşlə bağlı ödəniş qəbzləri də mövcuddur. Əlavə olaraq, bacısı – iddiaçının həyat yoldaşı iş üzrə şahid qismində cəlb edilməli idi. Lakin birinci instansiya məhkəməsində icraat zamanı bu sübutların təqdim edilməsi və işə şahidin cəlb edilməsi mümkün olmamışdır. Nəticə etibarilə, işə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Buna görə də, hazırda apellyasiya instansiyası məhkəməsində işə şahid qismində bacısı cəlb edilməli və yeni sübutlar təqdim edilməlidir. Yeni sübutların olması birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının araşdırılmamış hesab olunması deməkdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini və prosessual pozuntulara yol verildiyini göstərir. Bu halda apellyasiya instansiya tərəfindən məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci (əvvəlki redaksiya) maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in hazırda qüvvədə olan 739.1-739.2-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən vəkillə təmsil olunmadığını, habelə şahidlərin dindirilməsi və əlavə sübutların təqdim edilməsi üçün lazımi şəraitin yaradılmadığını göstərərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi yuxarıda göstərilən həmin dəlillərə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində tərəflərin prosessual hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun kifayət qədər zəruri şərait yaradılmışdır. Tərəflərə öz mövqelərini formalaşdırmaq, müdafiələrini hazırlamaq, etirazlarını bildirmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və digər prosessual hüquqlarından istifadə etmək imkanları təmin edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmışdır (iş vər.- 66, 70). Bu səbəbdən də, onun prosessual hüquqlarını həyata keçirmək imkanından məhrum edilməsi barədə hər hansı nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmamasına, habelə müdafiə hüququnun məhdudlaşdırılmasına dair irəli sürülmüş dəlillər iş materiallarında olan sübutlarla təsdiq olunmur və həmin dəlillər qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Mütləq olaraq nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən hazırkı məbləğ üzrə borc müqaviləsi yazılı formada bağlanılmalıdır ki, qanunun tələbinə görə mülki dövriyyənin sabitliyinin və hüquqi müəyyənliyin təmin edilməsi, risklərin bölüşdürülməsi və tərəflər arasında yarana biləcək mübahisələrin effektiv həlli baxımından tərəflərin iradəsini dəqiq və birmənalı əks etdirən yazılı müqavilələrin bağlanması məqsədəuyğun sayılır. Bu cür mübahisələrdə sübutetmə standartlarının daha yüksək olması zərurətindən adətən “yazılı sübutların prioritetliyi” prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur. Həmçinin Cavabdeh birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildə bacısından və onun həyat yoldaşından ümumilikdə 83000 manat məbləğdə pul vəsaiti aldığını, həmin vəsait hesabına avtomobil əldə etdiyini bildirmişdir. O, göstərmişdir ki, qeyd olunan məbləğin 39000 manatını bacısı, qalan hissəsini isə onun həyat yoldaşı, yəni iddiaçının qardaşı vermişdir. Eyni zamanda, 2020-ci ildən tərəflər arasında mübahisə predmeti olan müqavilənin bağlandığı tarixədək müxtəlif məbləğlərdə ödənişlər etdiyini də etiraf etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatları iş üzrə müəyyən edilmiş digər faktlarla məcmu halında qiymətləndirildikdə, mübahisəli borcun ödənilməsini təsdiq edən mötəbər və kifayət qədər sübutların mövcud olmadığı müəyyən olunur. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar