Məhkəmə qərarları › İş №2(3-9)-67/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-67/2026

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-67/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “verilmiş tikinti materiallarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(018)-1614/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarına əlavə edilmiş fotoşəkillərdə ağaclar əkildiyi və üzərinin armaturlarla bərkidildiyi öz əksini tapır. İş materiallarına əlavə edilmiş 18 may 2022-ci il tarixli Qaimə fakturadan görünür ki, İddiaçı 2114 manat dəyərində Kərim Məcidovdan tikinti matariallarını almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X4 qarşı “verilmiş tikinti materiallarının və ya onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 20 ədəd limon ağaclarının, qiyməti 2000 (iki min) manat olan tikinti materiallarının və ya onların dəyərinin alınıb ona verilməsi, həmçinin ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 onun keçmiş qudası olmuşdur. Cavabdeh X6 öz həyətində oğlu Ruslana sitrus ağaclarının əkməsi və oradan bəhər götürməsi üçün torpaq sahəsi ayırmışdır. Oğlu da buna razılıq vermişdir. Bundan sonra o, limon ağaclarını almış, oğlu Ruslan isə cavabdehin oğluna ayırdığı torpaq sahəsinin üzərində həmin ağacları əkmişdir. Bundan başqa əkilmiş ağacları şaxtadan qorumaq üçün o ümumilikdə 2000 (iki min) manat məbləğində (armatur, sement və sair) tikinti materialları alaraq cavabdehin həyətində 3 ədəd limon şalaşı düzəltmişlər. Lakin oğlu Ruslanla gəlini Ülkər arasında ər-arvad münasibətləri pisləşdiyi üçün aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən də cavadehlə bütün münasibətlər pozulmuşdur. Ona görə də o, cavabdeh X2 həyətində aldığı və əkdiyi limon ağaclarını və tikinti materiallarını geri tələb edir. Cavabdeh X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, övladı X8 iddiaçının oğlu X9 ilə nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirməklə evlənmişlər. Onlar ər-arvad olaraq xx.xx.2025-ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Zarina və xx.xx.2015-ci il tarixdə Kənan adlı uşaqları anadan olmuşdur. Onlar birgə yaşayış dövründə qaynanasının ailə işlərinə qarışması səbəbindən və əri tərəfindən mütəmadi döyülüb işэəncələrə məruz qaldığından qızı ilə iddiaçının oğlu Ruslan ailə münasibətləri pozulduğundan ayrılmışlar. X14 ailə münasibətlərini bərpa etmək mümkün olmadığından nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment, şəxsi əmlak və birgə yaşayış müddətində aldıqları xarici markalı avtomobildən payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-985/2025 saylı qətnaməsi ilə "nikahın pozulması, uşaqların ananın yanımda saxlanılması və aliment tələbinə dair iddiasına baxılmış və iddialar təmin olunmuşdur. Digər ərizələr məhkəmənin icraatındadır və baxılmaq ərəfəsindədir. Qeyd etdiklərinə əsasən iş üzrə İddiaçı onlardan qərəzli olduğundan əsaсsız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edir ki, guya həyətində onun oğluna torpaq sahəsi vermişdir. Həmin ərazidə 20 ədəd limon ağacı əkmiş və ağacları şaxtadan qorumaq üçün ərazidə 3 ədəd limon şalaşı düzəltmişdir. Bunun üçün guya 2000 manata qədər pul xərcləmişdir. Hesab edir ki, tələb ağlabatan deyildir. Maraqlıdır oğlu onun üçün ağac əkib, salaş düzəldir, niyə məhz onun həyətində, bu əsassız və qərəzli tələbdir. Həyətində limon şalası vardır. Bunu o, öz xərci ilə düzəltmişdir. Bunun İddiaçı aidiyyəti yoxdur. Sadaca aralarında olan mübahisəyə görə haqsız tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən ona qarşı verilmiş iddianı qəbul etmir və tələb əsassız və qanunsuz olduğundan iddianın rədd edilməsini xahiş etmişdir Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli, 2(018)-1614/2025 saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 159, 164.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 220.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsaslandırmış, qeyd etmişdir ki, hazırda mübahisəli ağacların və tikinti materillarının yerləşdiyi torpaq sahəsinin qanuni sahibi cavabdehdir. Birinci dispozitiv şərtin ödənilməsi üçün iddiaçı ilk öncə cavabdehin mülkiyyətində yerləşən iddia etdiyi həmin ağacların və tikinti obyektlərinin ona məxsus olmasını sübut etməlidir ki, işin araşdırılan halları ilə bu hal iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilən şəkillər limon ağaclarının və limon salaşının var olduğunu təsdiq etsə də, onların iddiaçıya məxsus olmasını təsdiq etməmişdir. İddiaçı tərəfindən tikinti materiallarının alınmasına dair təqdim edilmiş qaimə faktura isə İddiaçılə satıcı Kərim Məcidov arasında tikinti materillarının alqı-satqısını təsdiq etmiş, lakin iddiaçı tərəfindən iddia edilən limon salaşının tikilməsində istifadə edilən tikinti materilları olduğunu təsdiq etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında qohumluq əlaqələri olmuş, iddiaçının oğlu cavabdehin qızının əri olmuşdur ki, fotoşəkillərdən göründüyü kimi iddiaçının oğlunun cavabdehə məxsus həyətdə ağacların əkilməsində iştirak etməsi, videogörüntülərdə limon ağaclarının, meyvələrinin görüntüsünün qeydə alınması və.s. onların həmin dövrdə etibarlı ailə bağlarından irəli gəmiş, heç bir halda iddiaçıya məxsus olmasını təsdiq etmir. Həmçinin məhkəmə bu qənaətə gələrkən iddiaçı ilə cavabdehin qohumluq münasibətinin pozulduğunu, övladları arasında məhkəmə çəkişmələrinin olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, iddia edilən əmlakın iddiaçıya məxsus olmasına dair birinci şərt ödənmədiyindən əmlakın cavabdehin sahibliyində olması və sahibliyin qanunsuz olmasına dair ikinci və üçüncü şərt də ödənməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, cavabdeh X5 onun keçmiş qudası olmuşdur. Cavabdeh X5 öz həyətində oğlu Ruslana sitrus ağaclarının əkməsi və oradan bəhər götürməsi üçün torpaq sahəsi ayırmışdır. Oğlu da buna razılıq vermişdir. Bundan sonra o, limon ağaclarını almış, oğlu Ruslan isə cavabdehin oğluna ayırdığı torpaq sahəsinin üzərində həmin ağacları əkmişdir. Bundan başqa əkilmiş ağacları şaxtadan qorumaq üçün ümumilikdə 2000 (iki min) manat məbləğində (armatur, sement və sair) tikinti materialları alaraq cavabdehin həyətində 3 ədəd limon şalaşı düzəltmişlər. Lakin oğlu Ruslanla gəlini Ülkər arasında ərarvad münasibətləri pisləşdiyi üçün aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən də cavadehlə bütün münasibətlər pozulmuşdur. Ona görə də o, cavabdeh X3 həyətində aldığı və əkmiş olduğu ağacların və tikinti materiallarını geri tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda onun hüququ pozulmuşdur. Cavabdeh tərəfindən pozulmuş hüququm məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Lakin buna baxmayaraq Astara rayon Məhkəməsi hərtərəfli işi araşdırmadan iddianı təmin etməmişdir. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almayıb. İddia ərizəsində qeyd edilən halların cavabdehin təqsirindən baş verməsini təsdiq edən sübutlar əlavə edilmişdir. Belə ki, cavabdeh Fərzəli Hadiyev ona məxsus olan əmlaklarını qaytarmaqdan imtina edir. Astara rayon Məhkəməsinin 26 noyabr 2025-ci il, 2(018)-1614/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəf apellyasiya qarşı etiraz təqdim edərək, etirazında göstərmişdir ki, apellyasiya şikayəti ilə tanış olmuş, şikayətdə qeyd edilənlərlə razı deyildir və etiraz edir. Belə ki, İddiaçı 2 azyaşlı uşaqı ilə birlikdə qızı X7 evdən qovub küçələrə salmış, bununla kifayətlənmiyib maddi imkanlarından istifadə edərək onda pul almaq istəyir. Onuda məhkəməyə bildirir ki, əgər o, yeznəsinə torpaq sahəsi versəydi yəqin ki notariat orqanı vasitəsi ilə verərdi və münasibətlərin normal olduğu vaxt iddiaçı tərəfdən tələb edərdi. Qeyd edilənlərə əsasən iddianın cavabdehə qarşı qərəzli verildiyini nəzərə alaraq apellyasiya şikayətinin təmin etmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının özünün torpaq sahəsi var. İddiaçı cavabdehə məxsus torpaq sahəsində limon ağacı əkməmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində İddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1614/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, hazırkı mübahisədə əsas məsələ münasibətin hüquqi xarakterindən əvvəl faktın özünün sübuta yetirilib-yetirilməməsidir. Çünki mülki prosesdə hüquqi kvalifikasiya yalnız sübuta yetirilmiş faktlar əsasında aparılır. Fakt sübuta yetirilməmişdirsə, onun üzərində hüquqi konstruksiya qurmaq mümkün deyil. Mülki prosessual qanunvericiliyin fundamental prinsiplərindən biri ondan ibarətdir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə müraciət etməklə aşağıdakı hallar üzrə sübut yükünü öz üzərinə götürmüşdür:

1. limon ağaclarının məhz onun tərəfindən və onun vəsaiti hesabına alınması,

2. həmin ağacların konkret olaraq cavabdehin həyətində əkilməsi,

3. tikintisində istifadə edilən materialların məhz onun tərəfindən alınması,

4. həmin materialların məhz mübahisəli obyektə sərf olunması və sonuncu olaraq bu əmlak üzərində mülkiyyət və ya tələb hüququnun saxlanılması. İş materiallarının sistemli və obyektiv təhlili göstərir ki, iddiaçı istinad etdiyi halları sübutetmə yükünə uyğun səviyyədə, yəni inandırıcı, birbaşa və şübhə doğurmayan formada təsdiq edə bilməmişdir. Mülki prosesdə iddianın təmin olunması üçün ehtimal kifayət etmir, hüquqi nəticə yalnız sübuta yetirilmiş faktlardan yarana bilər. Hazırkı işdə isə əsas faktların heç biri lazımi sübut standartı ilə müəyyən edilməmişdir. Təqdim olunmuş fotoşəkillər yalnız müəyyən limon ağaclarının və armatur konstruksiyalarının mövcudluğunu göstərir. Lakin həmin fotoşəkillərdən ağacların kim tərəfindən və hansı vəsait hesabına alındığı, onların hansı hüquqi əsasla əkildiyi, materialların kim tərəfindən təmin edildiyi və xərclərin konkret olaraq hansı şəxs tərəfindən çəkildiyi müəyyən edilmir. Foto təsvir obyektin faktiki mövcudluğunu əks etdirə bilər, lakin bu, həmin obyekt üzərində mülkiyyət hüququnun mənsubiyyətini və ya maliyyə öhdəliyinin subyektini təsdiq etmir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia edilən faktı açıq şəkildə inkar edir. Cavabdehə məxsus torpaq sahəsində limon ağaclarının iddiaçının vəsaiti hesabına əkilməsi faktı etiraf olunmur. Mübahisəli fakt inkar edildiyi halda, həmin faktın sübut edilməsi daha yüksək sübut intensivliyi tələb edir. Lakin iddiaçı tərəfindən təqdim edilən sübutlar bu intensivliyi təmin etmir. İş materiallarında olan 18 may 2022-ci il tarixli qaimə-faktura da iddiaçının iddiasının əsaslılığını sübut etmir. Həmin sənəd yalnız müəyyən məbləğdə tikinti materialının alındığını göstərir. Lakin bu materialların məhz mübahisəli limon ağaclarının əkilməsi və ya onunla bağlı olan tikinti konstruksiyası üçün istifadə edildiyi, başqa məqsədlə sərf olunmadığı, alınan materialın həcmi ilə mövcud konstruksiyanın uyğun gəldiyi və ya ümumiyyətlə həmin materialın konkret obyektlə əlaqəli olduğu sübuta yetirilməmişdir. Qaimə-faktura ilə mübahisəli əmlak arasında səbəb-nəticə əlaqəsi qurulmamışdır. Sadəcə material almaq faktını təsbit edir, həmin materialın konkret obyektə sərf edilməsini sübut etmir. Əks yanaşma ehtimala əsaslanan mühakimə demək olardı ki, bu da mülki prosesin sübut prinsipləri ilə uzlaşmır. Məhkəmə fərziyyə, ehtimal və məntiqi təxminlər əsasında deyil, sübuta yetirilmiş faktlar əsasında qərar qəbul etməlidir. Bundan əlavə, Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hətta hazırki işdə iddiaçının vəsaiti hesabına əmlakın əldə olunması faktı sübuta yetirilmiş olsaydı belə, bu hal avtomatik olaraq geri tələb hüququ yaratmırdı. Çünki mübahisənin həlli üçün yalnız əmlakın kim tərəfindən maliyyələşdirildiyi deyil, həmin əmlakın hansı hüquqi əsasla verildiyi də müəyyən edilməlidir. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bu prezumpsiya hüquqi dövriyyənin sabitliyini və münasibətlərin müəyyənliyini təmin etmək məqsədi daşıyır. Əks yanaşma qəbul edilsəydi, könüllü verilmiş hər bir əmlak sonradan subyektiv münasibətlərin dəyişməsi əsasında mübahisələndirilə bilərdi ki, bu da mülki dövriyyənin təhlükəsizliyini ciddi şəkildə zədələyərdi. Beləliklə, əgər iddiaçı verilmiş əmlakın bağışlama olmadığını iddia edirsə, bu halın sübut yükü də məhz onun üzərinə düşür. Hazırkı işdə isə ümumiyyətlə belə bir hüquqi əsas sübuta yetirilməmişdir. Hətta məsələ bağışlama müstəvisinə keçməzdən əvvəl qeyd olunmalıdır ki, cavabdeh tərəf limon ağaclarının iddiaçının vəsaiti hesabına cavabdehə məxsus torpaq sahəsində əkilməsi faktını inkar edir. İddiaçı isə həmin əsas faktı – yəni məhz onun tərəfindən alınmış ağacların cavabdehin torpaq sahəsində əkildiyini və bunun onun xərcləri hesabına baş verdiyini – sübut edə bilməmişdir. Belə olan halda, ilkin faktiki baza formalaşmamışdır. Əgər iddiaçı ağacların və tikinti konstruksiyasının onun tərəfindən əldə olunaraq cavabdehin torpaq sahəsində yerləşdirildiyini sübuta yetirə bilmirsə, artıq həmin əmlakın hansı hüquqi əsasla verildiyi məsələsinin müzakirəsi də hüquqi baxımdan mənasızlaşır. Başqa sözlə, burada əvvəlcə “limon ağaclarının verilmə” faktının özü sübut olunmalıdır. Bu faktı sübuta yetirilmədikdə isə bağışlama prezumpsiyasının tətbiqi məsələsi də aktuallaşmır. Bağışlama haqqında danışmaq üçün əvvəlcə əmlakın həqiqətən iddiaçı tərəfindən cavabdehə verildiyi müəyyən edilməlidir. Bu isə hazırkı işdə sübut olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1614/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1614/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar